“Muğam
musiqimizin əlifbasıdır”
Muğamlarımız musiqimizin beşiyi
hesab olunur. Bir
çox sənətkarlarımız var ki, muğam tariximizi, mədəniyyətimizi
inkişaf etdirib gələcək nəsillərə
çatdırılmasında əllərindən gələni
əsirgəmirlər. Hər dəfə
“Şənbə qonağı” kimi bir sənət adamı
müsahibim olur. Budəfəki qonağımız
muğamlarımızın çox gözəl səslərindən
olan, öz səsi ilə muğamlarımızı dünyaya
çatdıran, Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının və Fikrət
Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının solisti Almaz Orucovadır.
- Muğam sizin üçün nədir? Bir
cümlə ilə muğamın mənasını ifadə
etmək olarmı?
- Muğam mənim üçün hər şeydir. Muğamı heç vaxt bir cümlə ifadə etmək
olmaz. Muğamın mənaları çoxdur. Muğam
bizim tariximizdir, bu günümüzdür,
sabahımızdır. Məntiqi cəhətdən
götürsək muğamın mənaları çoxdur.
Muğam bizim ana laylamızdır.
- Muğam sənətkarının ilham mənbəyi nədir?
- Sənətkarın ilham
mənbəyi birinci onun istedadıdır, ruhudur,
zövqüdür. Sənətkarın ümümiyyətlə,
ilham mənbəyi çox şey ola bilər.
- Muğamın sirrini kimlər bilir?
- Muğamın həqiqi mənada tam sirrini açmaq
çətin olar. Hərə öz zövqü və biliyi qədər
bilə bilər. Yəni muğamın bütün sirrlərinə
bələd olmaq çox çətin bir şeydir.
Hacıbaba Hüseynov, Tələt Qasımov, Seyid
Şuşınski, Xan Şuşınski bizim muğam incilərimiz
olub. Amma, onlar da hərəsi öz bildikləri qədər,
ruhları qədər, öz elmləri, musiqi bilikləri qədər
muğamın sirrlərinə bələd idilər.
Sənətində pillələri
qalxmaq üçün sənətkara nə lazımdır?
- İstədiyin bir pillədə olmaq üçün əmək,
zəhmət və istedad olmalıdır.
- Səhnə adamında hansı kriteriyalar
olmalıdır?
- Səhnədə olan hər kəsdə istedad, əmək,
zəhmət və bunlarla yanaşı səhnə mədəniyyəti,
səhnə gözəlliyi olmalıdır. Səhnənin
öz tələbləri var.
- Muğamı nəyə görə musiqimizin məktəbi
adlandırırlar?
- Hərflər dilimizin əlifbası olduğu kimi
muğam da musiqimizin əlifbası hesab olunur. Muğam
musiqimizin tarixi köküdür.
- Səhnəyə gələnlərə nəzarət
edəsi olsaydız kimlər səhnədə olmazdı?
- (Gülür) Çoxları olmazdı. Ələnmiş
sənət adamları olardı. Faizlə desək, yüzdə
on faiz səhnədə adam qalardı.
- Rolun uğurlu alınmasında qarşı tərəfin
rolu nə qədərdir?
- Qarşı tərəfin rolu çox
böyükdür. Əlli əlliyə deyərdim. Mütləq
tərəf müqabilin səni ruhlandırmalıdır. Səni
söndürməli deyil, səni işıqlandırmalıdır.
- Muğamı sirli-sehirli aləm adlandırırlar. Sizcə
muğamı sirli-sehirli edən nədir?
- Muğamı sirli-sehirli edən elə onun sehridir,
möcüzəsidir. Muğam çox möcüzəlidir.
İnsanı çox sehrlərə salır, sirli aləmlərə
aparır.
- Bu sirli-sehirli aləmə bizləri kimlər apara bilir?
Bizləri Alim Qasımov,
Arif Babayev öz gözəl səsləri ilə apara bilir.
- Kimlər muğam sənətində asanlıqla
uğur əldə edə bilərlər?
- Muğam sənətində istədiyin zirvəyə
qalxmaq çox çətindir. Amma deyərdim ki, mahnı
janrını bir az asanlaşdırıblar. Bildiyimiz səbəblərdən
çox tez zirvəyə qalxırlar və ulduz olurlar.
Muğam isə zəhmət və istedad tələb edir.
- Niyə “Hər oxuyan Molla Pənah olmaz” deyirlər?
- Elə adından da göründüyü kimi hər
oxuyandan Molla Pənah olmaz. Ona görə Molla Pənah olmurlar
ki, onlar oxuduqlarını oxuyub başa çatdıra bilmirlər
(gülə-gülə).
- Qadın sənətçisinə nə etmək olmaz?
- Mən həmişə qadın
ifaçılarından ancaq qadın ifası gözləmişəm.
Kobudluq gözləməmişəm. Nə hərəkətlərində,
nə ifalarında. Qadın qadındır. İfasında və
mədəniyyətində çox zərif olmalıdır.
Sünilik heç kimə yaraşmır. Səhnədə
bir cür, həyatda başqa cür adamlar çoxdur bu
gün.
- Xanıma nə yaraşmır?
- Bayaq dediyim kimi kobudluq yaraşmır. Xanımın
gözəlliyi onun sadəliyidir.
- Zirvədə olanlarda həmin zirvə üçün
lazım olan bütün keyfiyyətlər var?
- Bunu yüz faiz olaraq qiymətləndirməzdim.
- Sənətdə istədiyini əldə etmək
üçün dayaq olmalıdırmı?
- Bəli mütləq olmalıdır.
- Sizə kim dəstək olub?
- Mənim ilk dəstək verənlərim sənət
müəllimlərim Şövkət Ələkbərova və
Səxavət Məmmədov olub. Mən heç vaxt
onların dəstəklərini unutmayacam.
- Sənət adamı nə zaman
tamaşaçının etimadını qazana, nə zaman
itirə bilər?
- Öz istedad və mədəniyyətini layiqli göstərəndə,
lazımınca və qədərində göstərəndə.
Nə isə artıq olanda artıq tamaşaçını
yorur. Heç nəyin ifratı ola bilməz.
- Hər bir işdə sevgi lazımdır-deyirlər
muğamda sevgi nə qədər önəmlidir?
- Bəli. Bu muğam üçün ən böyük
şərtdir. Ümumiyyətlə, incəsənətdə
olan insanın həm sənətə, həm musiqiyə,
ümumilikdə götürəndə hər bir şeyə
sevgisi olmalıdır ki, o sevgi ilə yaşayaraq o
mahnını, o sözləri, muğamı ifa etsin. Onda hər
şey gözəl və təbii olur.
- Sənətində kim daha yaxşıdır?
- Zövqlər müxtəlifdir. Hərənin bir
zövqü var axı.
- Muğam müsabiqələri muğamın
inkişafına nə qədər töhfə verir?
- Çox böyük köməyi olub. Bilirsiz bir vaxtlar
var idi ki, muğama diqqət azalmışdı. Əvvəllər
toylarda 5 dəqiqə muğam oxuyanda deyirdilər artıq bəsdir.
Amma indi həm dövlətimiz, həm də xalqımız tərəfindən
böyük diqqət var. Muğama tələbat artıb.
- Başqa millətdən olan bir insan bizim muğamı
bütün ürəyi ilə əsl azərbaycanlı kimi
ifa edə bilərmi?
- Yox, əsl azərbaycanlı kimi ifa etmək təbii ki
çox çətindir. Amma öz ürəyi və
bacarığı ilə əlindən gələni edə
bilər. Muğamın özünəməxsus
boğazları var.
- Xarici ölkələrdə muğamlarımızı
təbliğ edən bir ifaçı kimi xarici vətəndaşların
muğamla bağlı fikirlərini sizdən öyrənmək
daha yaxşı olardı...
- Mən özüm Fransada, İtaliyada, Almaniyada,
Türkiyədə, İranda olmuşam. Hər yerdə
muğamlarımıza, xalq mahnılarımıza çox böyük
diqqət var. Saatlarla oturub qulaq asırlar, ancaq yorulmurlar.
- Azərbaycanlıdan soruşsaq ki, muğamı niyə
sevirsən? Deyəcək ki,
canımız-qanımızdı, ona görə. Bəs
xaricilər muğamı hansı cəhətinə görə
sevirlər?
- Bilirsiz, muğamın öz incəlikləri var.
Ümumiyyətlə, qanında musiqi duyumu olan bir insan təbii
ki, muğamı qiymətləndirəcək. Musiqi duyumu
yoxdursa, heç qulaq da asmayacaq.
- Muğam ifaçısı ilə estrada müğənnisi
arasında ifadan başqa fərq daha çox nədədir?
- Əsas fərq odur ki, muğam
ifaçısının səsi zil olmalıdır. Bir də
ki, muğamın xırdalıqları var axı. Onu hər
ifaçı bacara bilmir.
- Estrada müğənnilərinin muğam
oxumağına necə baxırsız?
- Muğamı hər kəs öz bacardığı qədər
oxuya bilər. Onlar “Dəsgah” oxumurlar ki, muğamdan
parçalar ifa edirlər. Pis deyil. Yenə də o bizim
muğamımıza hörmətdir də.
- Bir çox estrada müğənniləri səhnəyə
gələndə karyera fikirləşirlər. Bəs
muğam ifaçıları səhnəyə gələndə
qarşılarındakı məqsəd nə olur?
- İfasının təkmilləşdirilməsi,
musiqinin təbliği, sənətini inkişaf etdirmək.
- Heç nə vaxtsa hiss etmisiz ki, hansısa bir muğam
sizdə digərlərindən daha yaxşı alınır?
- Hər bur ifaçının özünə, qəlbinə
yaxın olan muğamlar var. Mən çox sevirəm
“Bayatı-şiraz”ı, o mənim ruhumdur. Mən onu digər
muğamlardan daha çox qiymətləndirirəm. “Bayatı-şiraz”ı
ifa edəndə elə bil bütün ruhum, ifam dincəlir.
Özümdən asılı olmayaraq, elə bil başqa bir
aləmə gedirəm. Məncə, hər bir
ifaçının sevdiyi muğam var.
-Ailəniz kimlərdən ibarətdir?
- Ailəm hal-hazırda oğlum, bacım və məndən
ibarətdir.
- Sənətçinin ailəsi nə qədər
gündəmdə olmalıdır?
- Mən belə fikirləşirəm ki, heç bir sənətçinin
ailəsi gündəmdə olmamalıdır. Sənətçi
öz ifası və sənəti ilə gündəndə
olmalıdır. Şəxsi həyatı və ailəsi ilə
yox.
- Sənətçi ailəsini qoruyub saxlamaq
üçün nələri qurban verməlidir?
- Bilirsiz sənətçilərin həyatı
çox çətin olur. Sənətçi bəzən
günlərlə evdə olmur. O da ki, ailə
üçün çox çətin olur. Ailə
üçün lazım olan şərtlər var ki, o bir az sənətçiyə
çətin olur.
- Sonda bu il ölkəmizin ev sahibliyi “Eurovision-2012”
Mahnı Müsabiqəsi haqda fikirlərinizi bilmək istərdim.
- Müsabiqə ərəfəsində biz Türkiyədə
idik. Lakin izləyirdim. Çox gözəl keçirildi. Və
Azərbaycan üçün çox da lazım idi. Ölkəmizin
tanınması, sevilməsi, Azərbaycan irsinin dəyəri,
böyüklüyü idi “Eurovision”un keçirilməsi.
Çox işıqlı və gözəl keçirildi. Azərbaycan
musiqisinin kökü olan Alim Qasımovun
çıxışı həm klassik, həm də
müasirlik cəhətdən çox vacib idi. Çox
yaxşı alındı.
Aygün Asimqızı
Üç nöqtə.- 2012.- 2 iyun.- S.
13.