Ekologiya və insan sağlamlığı

 

(Əvvəli ötən sayımızda)

 

Ekoloji faktorların sağlamlığa təsiri insanları daim təbiəti öyrənməyə vadar edib

 

Təbii ekoloji faktorların insanın sağlamlığına təsiri qədim dövrdən insanları narahat edib. İbtidai insan bütün heyvanat aləmi kimi ekosistemin nizamlanma və özününizamlama faktorlarının təsirinə məruz qalıb. Qədim dövrdə insanların ömrü olduqca az olub və bunun da əsas səbəbi təbii səciyyəli patogen (xəstəliktörədən) təsirlər idi. Onlar arasında bir qayda olaraq təbii mənbəyə (ocağa) malik olan yoluxucu xəstəliklər xüsusi yer tuturdu. Bir çox yoluxucu xəstəliklərin mahiyyəti onların törədicilərinin təbiətdə insan və ev heyvanları ilə əlaqəsi olmadan müəyyən ərazilərdə (ocaqlarda) yayılmasıdır. Onlar vəhşi heyvanların orqanizmində parazitlik edirlər. Təbii mənbə (ocaq) xəstəlik törədiciləri vəhşi heyvanlar, xüsusən gəmiricilər, quşlar, həşərat və gənələr hesab olunur. Bütün heyvanlar ekosistemin biosenozunun tərkibinə daxil olub müəyyən biotopla əlaqədardır. Buna görə də, təbii mənbə (ocaq) xəstəlikləri müəyyən ərazi, bu və ya digər landşaft tipi, deməli, oranın iqlimi ilə sıx bağlı olub mövsümi xarakter daşıyır. Təbii mənbə xəstəlikləri XX əsrə qədər insanların ölümünün əsas səbəbi olub. Bu xəstəliklərdən ən dəhşətlisi taun xəstəliyi sayılır. Bu xəstəlikdən orta əsrlərdə və bir qədər sonrakı dövrlərdə arası kəsilməyən müharibələrdə olduqca çox insan ölüb. Taun insan və heyvanlarda kəskin yoluxucu xəstəlik olub karantin hesab olunur. Bu xəstəliyin törədicisi taun mikrobu sayılır. Taunun epidemiyası dünyanın bir sıra ölkələrində yayılıb. Eramızdan əvvəl VI əsrdə Şərqi Roma İmperiyasında 50 il ərzində bu xəstəlikdən 100 milyondan artıq adam dünyasını dəyişib. XIV əsrdən etibarən taun xəstəliyi dəfələrlə Rusiyada, o cümlədən Moskvada qeydə alınıb. XIX əsrdə bu xəstəlikdən Zabaykalye, Cənubi Qafqaz, Xəzəryanı ölkələrdə, XX əsrin əvvəlində Qara dənizin liman şəhərlərində, o cümlədən Odessada olduqca çoxlu insan tələfatı olub. XX əsrdə ən böyük taun epidemiyaları Hindistanda qeydə alınıb.

 

ƏTRAF MÜHİTLƏ BAĞLI OLAN XƏSTƏLİKLƏRƏ QARŞI DAİM MÜBARİZƏ APARILIR

 

İnsanı əhatə edən ətraf mühitlə bağlı olan xəstəliklərə qarşı daim mübarizə aparılsa da hazırda da baş verir. Onların baş verməsi qismən son dərəcə ekoloji təbii səbəblərlə, məsələn xəstəlik törədicilərin daşıyıcılarının və özlərinin rezistentliyi (müxtəlif təsir faktorlarının təsirinə qarşı davamlılığı) ilə aydınlaşdırılır. Bu proseslərə malyariya (qızdırma) ilə mübarizəni səciyyəvi misal göstərmək olar.

Malyariya plasmodeum cinsindən olan parazitlə yoluxur, bu xəstəliyə yoluxan ağcaqanadın dişləməsi ilə keçirilir. Bu xəstəlik ekoloji və sosial-iqtisadi problem sayılır. UNEP-in məlumatına görə (1979) 1955-ci ildə malyariya rayonlarında yaşayan 2,65 milyard adamdan 250 milyona qədər malyariya xəstəliyinə tutulan adamlardan ildə təxminən 2 milyonu ölüb. 1943-cü ildə ağcaqanada qarşı DDT-dən (dust) və digər pestisidlərdən daha intensiv istifadə olundu. Lakin artıq 1970-ci ilə yaxın DDT-yə qarşı davamlı olan ağcaqanad populyasiyalarının sayı artdı. Bu səbəbdən məsələn, yalnız Hindistanda malyariyaya yoluxan adamların sayı 6 milyona çatdı, halbuki, 1966-cı ildə bu rəqəm cəmi 40 min təşkil edirdi. 1976-cı ildə ağcaqanadın 43 növü müxtəlif intektisidlərə qarşı rezistentliyə malik oldu.

Malyariyaya qarşı ekoloji cəhətdən özünü doğrultmuş kompleks mübarizə metodlarından – «həyat mühitinin idarə edilməsi»ndən istifadə olunur. Bura bataqlıqların qurudulması, suyun duzluluğunun azaldılması və başqaları aiddir. Digər metod qrupu – bioloji metod olub ağcaqanadın təhlükəliyini azaltmaq üçün istifadə olunur; bu məqsədlə 40 ölkədə 250 növdən çox sürfə ilə qidalanan balıqlardan, həmçinin ağcaqanadda xəstəlik törədən və onu məhv edən mikrobdan istifadə olunur. Taun və digər infeksiya (yoluxucu) xəstəliklər (vəba, malyariya, qarayara, tülyaremiya, dizenteriya, (qanlı ishal), difterit-yoluxucu boğaz xəstəliyi, skarlatina və b.) müxtəlif yaşlı insanların ölümünə səbəb olub. Bu əhalinin sayının artmasını ləngidib, yer üzərində 1860-cı ildə əhalinin sayı 1 milyarda çatıb. Lakin XIX əsrin sonunda Paster və başqa alimlərin yeni kəşfləri XX əsrdə profilaktik tibbin inkişafına, çox ağır xəstəliklərin müayinəsinə, həyatın səhiyyə-gigiyena şəraitinin xeyli yaxşılaşmasına böyük təkan oldu, təbiimənbə xəstəlikləri kəskin azaldı, bəziləri isə praktiki olaraq ləğv olundu.

 

TƏBİİ SULARDA YODUN MİQDARI KİFAYƏT QƏDƏR DEYİLSƏ İNSANDA MADDƏLƏR MÜBADİLƏSİ POZULUR

 

Gənə ensefaliti mərkəzi sinir sistemini zədələyən xəstəlikdir. Bu xəstəliyin törədicisi virus olub daşıyıcısı  iksod gənəsidir. Gənələr əsasən Rusiyanın Avropa və Asiya hissəsində tayqa meşələrində yayılmışdır. Gənələr 140 «sahiblərinə» yazın  başlanğıcında qar örtüyü əridikdən sonra hücum etməyə başlayır. Gənə ensefaliti xəstəliyinə fəaliyyəti meşə ilə bağlı olan insanlar, meşə təsərrüfatı işçiləri, meşədə müxtəlif sahədə tədqiqat işləri aparanlar, ovçular, yol çəkənlər yoluxurlar.

Bəzi təbii-mənbə xəstəliklərinin yoluxdurulması sahib-heyvan hücumu və dişləməsi (quduzluq), su (sarılıqsız leptospizoz), qida (diyersenioz), hava-damcı (taun, ornitoz) vasitəsilə ötürülür. Quduzluq kəskin yoluxucu xəstəlik olub  dünyanın hər yerində müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 30 gündən 90 günə kimidir. Qeyri-yoluxucu endemik xəstəliklər də mövcuddur. Belə xəstəliklər həmin ərazidəki torpağın, suyun və havanın xüsusi tərkibi ilə əlaqədardır.

Biokimyəvi vəziyyət ilə əlaqədar ən geniş yayılan xəstəliklərdən yod çatışmazlığı ilə bağlı olan endemic zobu, flüorun izafiliyindən yaranan flüorozu, əksinə flüorun çatışmazlığından yaranan dişlərin kariyesini, dəmir çatışmazlığından baş verən anemiyanı göstərmək olar.

Yod insan orqanizmi üçün vacib olan mikroelement sayılır. Su və qida vasitəsilə daxil olan yodun insan orqanizmi üçün sutkalıq norması 0,05 mq-dir. Təbii sularda yodun miqdarı kifayət qədər deyilsə, bu ərazidə yetişdirilən kənd təsərrüfatı məhsullarında da onun miqdarı az olar. Bunun nəticəsində insanda maddələr mübadiləsi pozulur, inkişaf ləngiyir, psixika da pozulur.

Lakin böyük şəhərlərdə içməli suyun tərkibində yodun miqdarı kifayət qədər olmadıqda belə, adamlarda endemik zob xəstəliyi demək olar ki, müşahidə edilmir, belə ki, əhali müxtəlif rayonlardan gətirilən məhsullarla qidalanır. Kiçik yaşayış məntəqələrində içməli suda yod azlıq edərsə, profilaktika məqsədilə yodlaşdırılmış xörək duzundan istifadə etmək məsləhətdir. Təbii-mənbə xəstəliklərinin profilaktikasının əsas məqsədi yoluxmanın dövran etdiyi zəncirdə hər hansı bir halqanın qırılmasıdır. Bunun üçün landşaftın sağlamlaşdırılması, torpağın düzgün becərilməsi, məhsulun vaxtında yığılması, gəmiricilərin və başqa virus daşıyıcıların vaxtında məhv edilməsi tələb olunur. İnsan, onu xəstəliklərdən qoruyan bütün profilaktik tədbirləri həyata keçirməlidir.

Qeyd etmək lazımdır ki, ekosistemin nizamlanmasında təbii faktorların təsiri ilə mübarizə aparmaq məqsədilə insan təbii resurslardan, o cümlədən əvəzolunmaz resurslardan istifadə edərək özünün yaşaması üçün süni mühit yaratmaq məcburiyyətində qalır. Bu halda xəstəliklərin baş verməsində aşağıdakı faktorlar başlıca rol oynayır: hipodinamiya, həddindən artıq yemək, informasiyanın bolluğu, psixoemosional stres. Bununla əlaqədar «əsrin xəstəlikləri» sayılan ürək-damar, onkoloji, allergiya xəstəlikləri, psixi-pozğunluq və nəhayət SPİD-in daima artması müşahidə olunur.

 

(Davamı var)

 

 

Üç nöqtə.- 2012.- 7 iyun.- S.8.