“Mahnılarım
mənim övladlarımdır”
“Şənbə
qonağı” olaraq suallarımızı bu il yaradıcılığının
40 illiyini qeyd edən əməkdar artist Baloğlan Əşrəfov
cavablandırdı. Bu illər ərzində başına gələnlərdən,
musiqi sahəsində əldə etdiklərindən tutmuş,
şou-biznes qalmaqallarına qədər bir çox mövzuda
olan suallarımıza aydınlıq gətirdi. Sənətdə
nail olduqlarından, tamaşaçı sevgisindən
danışdı. Baloğlan müəllimin 40 illik təcrübəsindən
bəhrələnən müsahibəni sizlərə təqdim
edirik:
- “Müğənni də bir ziyalıdır.
Müğənni də dövrün ictimai-siyasi hadisələri
ilə maraqlanmalıdır. Mən özüm mətbuat həvəskarıyam.
Elə gün olmur ki, mən 5-6 qəzet alıb oxumayım.
Müğənnilər hər şeyi bilməlidirlər,
oxumalıdırlar, dövri mətbuatla
maraqlanmalıdırlar. Mənim mətbuatla necə maraqlandığımı
hər kəs bilir. Bu da mənim təhsilimdən irəli gəlir.
Tələbəlik illərindən mətbuatla
maraqlanmışam. Mütaliə etmək hər bir insana
lazımdır. O cümlədən, mən də
yaşımın bu vaxtına qədər bununla məşğulam”.
- 40 il necə gəldi, keçdi?
- Bəli, mən rəsmən 1971-ci ildə ilk
mükafatımı almışam. “Turac təranələri”
adlı radio olimpiadasında bizim bölgədən mən
seçilmişəm. Deməli, o vaxtı Azərbaycan
dövlət radiosu bölgələrdə yarışma
keçirirdi. Belə ki, radio gəlirdi bölgələrdən
tanınmış oxuyanların səslərini lentə
aldırırdı və sonradan o radioda səsləndirilirdi.
Ayrı-ayrı rayonlardan həmin ifaçılara səs
verilirdi. Kim daha çox səs toplasa həmin olimpiadanın
qalibi olurdu. Bizim bölgədən qalib mən seçildim.
1974-cü ildə isə keçirilən "Zəhmətkeşlərin
və gənclərin ümumittifaq festivalı"nda
iştirak etdim. Həmin yarışmanın münsiflər
heyətinin sədri Şövkət Ələkbərova
diplomu şəxsən mənə
təqdim etdi. Və bundan sonra uğurlarım başladı.
Sadalamaqla qurtaran deyil. Ancaq bir şeyi qeyd etmək istəyirəm
ki, 1982-ci ildə Respublika sarayında “İstedadlar
axtarırıq” adlı konsert yarışma keçirilirdi.
150-yə qədər müğənni arasından sonda 25 nəfər
qalanda, verdilər tamaşaçıların ixtiyarına. Və
mən bu yarışmada qalib oldum. Qalib kimi Respublika
sarayında keçirilən bir dövlət tədbirinə mən
də dəvət olundum. Ulu öndərimiz Heydər Əliyev
də həmin tədbirdə iştirak edirdi. Konsertdən
sonra görüşdük və məni təbrik etdi.
İslam Rzayevin ansamblında çalışdım,
bütün Azərbaycanı dolaşdım, kənd, qəsəbələrdə
konsertlərdə oldum. Sonra özüm ansambl yaratdım. Həmin
ansamblla birlikdə bütün Azərbaycanı
qarış-qarış gəzdik, xarici səfərlərə
getdik. Şükür Allaha ki, bu günə qədər yeni
mahnılarla, nəğmələrlə xalqımızın
xidmətində dayanmışıq. Gündəmdə
varıq. Bu illər ərzində mənim üçün kədərli
hadisə atamın dünyasını dəyişməyi olub.
Başıma gələn hadisələrdən hər kəsin
xəbəri var. İkinci dəfə bu dünyaya
qayıtdım.
- Bu illər ərzində sənətlə
bağlı hansı arzularınız yerinə yetdi?
- Həmişə ən böyük arzum o olub ki,
xalqın nəzər-diqqətində olum. Bunu isə kiminsə
deməyi ilə deyil, bölgələri gəzərkən
xalqın istəyini, marağını görüb demək
lazımdır ki, xalqın istəyi kimədir. Mən
Allahımdan razıyam ki, bu xalqın istəyini qazana bildim. Mənim
üçün ən böyük mükafat budur.
- Nəyi bacarmadığınızı boynunuza ala
bilərsiniz?
- Mən müğənniyəm, mənim
oxumağım xalqa lazımdır. Bacardığım qədər
öz mahnılarımla xalqımın xidmətində
dayanmağa çalışıram. Amma, özümü
qınaya bilərəm ki, çox mahnılar, nəğmələr
yaza bilərdim. Ola bilər ki, nəyinsə xətrinə
bunlardan vaz keçmişəm. Düzdür, mənim
mahnılarımı türk dünyasının bir çox
tanınmış sənətçiləri oxuyur. Bizim bəstəkarların
mahnılarını oxuduqları olub. Amma, müğənni
mahnı yazsın və onu oxusunlar. Bu Azərbaycandan kənarda
bir az çətin məsələdir. Şükür Allaha
mən buna da nail olmuşam.
- Sizi tamaşaçı hansı
mahnılarınıza görə sevdi?
- O cəhətdən bəxti gətirən
müğənnilərdən biriyəm. Müğənni var
ki, bir mahnısı ilə gündəmdə qalır. Oturub-durub
ancaq o mahnısının adını tutursan. Məndə mərhələ
ilə olub. “Sabah o qızın toyudur”, “Mənim alagöz
yarım”, “İtən eşqim”, “Qayıtma” kimi sevilən
mahnılar ifa etmişəm. Vaxt olub ki, mənim ifa etdiyim
mahnı bütün toylarda rəqslərin bəzəyinə
çevrilib. Hər ilin öz dəbində olan
mahnılarım var. İndi çoxunu unutmuşam.
- Bəs “Anam mənim” mahnısı?
- Mahnılarım mənim övladlarımdır. Mən
onları necə bir-birindən ayıra bilərəm. Hər
bir mövzuda olan mahnıların öz sevilmə məqamı
var də. Bir mahnı üstündə formalaşmaq
düzgün deyil.
- Necə mahnını ifa etməzsiz?
- Sözləri mənim ruhuma uyğun olmayan, bədii
cəhətdən zəif olan, belə deyək də, söz
yığınından ibarət olan musiqiləri ifa etmərəm.
Lap həmin sözlərə bizim korifey sənətkarlarımız
musiqi yazsa, o mahnı mənə yalançı gələr.
Çünki, yaxşı musiqi sözdən doğur.
Üzeyir Hacıbəylidən başlamış bu günə
qədər digər korifey sənətkarlarımız
sözlərdən ilham alıb, gözəl mahnılar
yazıblar. Söz zəif oldusa, bəstəkarın kimliyindən
asılı olmayaraq həmin mahnının 15 günlük
dövrü var. Mən sözləri xoşuma gəlməyən
mahnını oxumaram.
- İfaçı üçün reklam nə qədər
vacibdir?
- Reklam hamıya vacibdir. Əgər müğənni
gözəl bir mahnı oxuyursa və o mahnını heç
yerdə göstərmirlərsə, o mahnı elə sənin
içində də qalacaq. Əlbəttə ki, reklam vacibdir.
Elə mahnı var ki, bir dəfə oxumaqla o dinəyicisini tapır. Elə mahnı da
var ki, nə qədər reklam etdirsən də qəbul
olunmur. Hər şey ifadan asılıdır.
- Bəzən ən çox sevdiyimiz mahnını bir
neçə dəfə dinlədikdən sonra bezirik. Bəs
müğənni öz ifasından bezə bilərmi?
- Mən səmimi deyim ki, “Uçan quşlar”
mahnım 30 ildir ki, hansı konsertə, tədbirə getməyimdən
asılı olmayaraq, dəfələrlə məndən istənilir.
Elə mahnı da var ki, məcburiyyət qarşısında
ifa edirsən ki, bəlkə kiminsə ürəyinə
yatır. Belə mahnıları ikinci dəfə dünya
dağıla oxumaram.
- Vaxt keçdikcə musiqi sahəsində nələr
dəyişib?
- Musiqilərimiz bir az oynaqlaşıb. Bu da ki toydan gələn
tələbatdır. Son zamanlar gənclər ultra musiqiyə
uyublar və çox vaxt valideynlərini də məcbur edirlər
ki, bu səpkidə olan oxuyanları istəyirik. O cür
müğənnilər gələndə cavanlar oynayandan
sonra, orta nəslin adamları üçün isə həzin
mahnı lazımdır. Məsələn,
mən də proqramımı dəyişdirib cavanlara
uyğunlaşdırmışam. Amma bütünlüklə
toy cavanlardan ibarət deyil.
- Bu gün müğənnilərin bəziləri
populyarlaşmaq üçün qalmaqalların müxtəlif
vasitələrindən istifadə edirlər...
- Mənim elə insanlara yazığım gəlir.
Neyləsin mahnısı ilə gündəmdə qala bilmir.
Dava-dalaşa əl atır. Mən elə şeylərdən
uzaq adamam. Çalışmışam 40 il ərzində belə
şeylərə çox az yol verim. Heç ehtiyacım da
olmayıb. Mən mahnılarımla gündəmdə
qalmışam. Qalmaqalla gündəmdə 1 ay, 1 il qalmaq olar.
Bəs sonra.
- Elə müğənnilər varmı ki,
qalmaqallarına görə adını eşidib, musiqisini
eşitməyəsiz?
- (Gülür) Televiziyada qalmaqalla bağlı bir
müğənni göstərirdilər. Amma onun bir
mahnısını da eşitmədim, görüm bu
dava-dalaşa layiq olan bir adamdır, ya yox. İndiyə qədər
də mən o adamnı səsini eşitməmişəm.
- Sizin dinləyici auditoriyanız kimlərdən ibarətdir?
- Şükür Allaha ki, Azərbaycanda bəxti gətirən
müğənnilərdənəm ki, 7-dən 77-yə
tamaşaçı auditoriyam var. Sizə bir maraqlı hadisə
danışım ki, bir dəfə maqazində satıcı
ilə söhbət edirdim. 3-4 yaşlarında bir
uşağın mənə baxdığını
görüb, yaxınlaşıb başını
sığalladım. Birdən uşaq qayıdıb anasına
dedi ki, bu lap Baloğlana oxşayır ey. Onda bildim ki,
yaşamağa dəyər. Buna görə də, mahn ifa edərkən
bütün yaş qruplarını nəzərə
almışam.
- Elə mahnı olubmu ki, bəyənəsiz, sadəcə
olaraq səs tembrinizə uyğun olmadığına görə
ifa etməyəsiniz?
- Çox olub. Televiziya və radiolara yolum
açılsın deyə mən kimlərinsə
mahnısını məcburiyyət qarşısında
qalıb oxumuşam. Amma görmüşəm ki, məndə
alınmır.
- Xalq nəyi yaddaşında saxlayır?
- Mən xalqın yaddaşında mahnılarım, səviyyəmlə,
davranışımla, seçdiyim qəzəllərlə,
musiqilərlə qalmışam. İnsanlara hörmətlə
yanaşmışam. Və çalışmışam ki,
hamı da mənə hörmət etsin. Yaxşı oxumaq
olar. Xalq da səni sevər. Lakin sonradan elə bir səhv edərsən
ki, xalq səni yerə elə çırpar ki, izin-tozun qalmaz.
Yaxşı tanınan müğənni sevilən müğənni
olmaya bilər. Sevilmək üçün də xalqın
bütün tələblərinə də cavab vermək
lazımdır.
- Tamaşaçı tərəfindən birbaşa
üzünüzə deyilən irad eşitmisiz?
- Mən də xalqın bir nümayəndəsiyəm.
Mən o səhvi özüm görməliyəm ki, o səhvi
etməyim. Əgər hansısa bir yerdə nə isə etmək
olmazsa mən onu edirəmsə, onda mənə ayıb olar.
Kimsə hansısa mahnının mənim ifamda yaxşı
alınmadığını, bu mahnını oxumayın deyə
bilər.
- Səhnədə nəyi itirməkdən qorxursuz?
- Bu qəliz məsələdir.
Tamaşaçını itirmək, səhnə ilə
vidalaşmaq deməkdir. Mən çox təəssüflənirəm
ki, bizim bəzi ifaçılarımız başa
düşürlər ki, onlar tamaşaçı
üçün ağır yükdən başqa bir şey
deyillər, amma yenə də səhnəyə can atırlar.
Aygün Asimqızı
Üç nöqtə.- 2012.- 30 iyun.-
S.13.