Azərbaycan milli mətbuatının yaradıcısı

 

Həsən bəy Zərdabinin "Əkinçi"si xalqın milli ruhda tərbiyə olunmasında çox böyük rol oynadı

 

 Bu gün Azərbaycan mətbuatının banisi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin doğum günüdür. Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Rusiyada ilk turkdilli qəzetin – "Əkinçi"nin naşiri, Azərbaycan mətbuatının banisi, Azərbaycanda ilk Qızlar Gimnaziyasın açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri deyə bir çox işlərdə xidməti olan Həsən bəy Məlikov (Zərdabi) 28 iyun 1837-ci il tarixində keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva Universitetinə daxil olur.

Ali təhsil aldığı müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.

Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət edir. Bir xeyli zəhmətdən sonra 1875-ci ilin 22 iyulunda Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq oldu və beləliklə, milli mətbuatımızın əsası qoyuldu.

Lakin, Azərbaycan mətbuatının inkişafında əvəzsiz xidmətləri olan "Əkinçi" 1877-ci il sentyabrın 29-da öz nəşrini dayandırmağa məcbur olur. İlk milli mətbuatımız olan bu qəzet iki illik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı.

1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.

Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olub.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib, özünü yorduğu üçün iflic xəstəliyinə tutulur və 1907-ci il noyabr ayının 28-də vəfat edir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalıb. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunur.

Mətbuat xalqı inkişafa, azadlığa doğru istiqamətləndirir. Həsən Bəy Zərdabinin Azərbaycan mətbuatı üçün gördüyü işlər tarixə düşdüyü kimi hər birimizə də məlumdur. Belə deyək də, Milli mətbuatımızı “Əkinçi” yaratdığı kimi, “Əkinçi”ni də Həsən Bəy Zərdabi yaradıb.

 

 

Üç nöqtə.- 2012.- 28 iyun.- S.13.