“Musiqi mənim damarımda axan qanımdır”

 

“Şənbə qonağı”mız bu dəfə Gülyanaq Məmmədovadır. Müsahibə üçün Gülyanaq xanımla səsyazma studiyasında görüşdük. Sənət adamları çox yaxşı müsahib olurlar. Çox maraqlı və səmimi söhbətimiz alındı. Qalmaqallardan uzaq, sənəti ilə gündəmdə olmağı və sənətini sevən, Azərbaycan adının dünyada tanıdılmasında xidmət edənlərdən olan Gülyanaq xanımdan Gülyaz xanımın muğam sədaları altında aldığımız müsahibəni sizlərə təqdim edirik.

Gülyaz kimdir, Gülyanaq kim?

- Ay, nə maraqlı sualdır. Belə deyək də, ayrı-ayrılıqda Gülyaz Gülyazdır, Gülyanaq da Gülyanaq.

- Oxşarlığınız və fərqiniz nədədir?

- Bacı kimi oxşarlığımız çoxdur. Amma bacı da olsaq, fərqli cəhətlərimiz də var. Xasiyyətimizdə oxşarlıq da var, fərqlilik də. Hərəmizin öz səs tembri, oxu tərzi var. Diapozon baxımından səsimizdə oxşarlıq olduğuna görə daha çox bənzədirlər. Amma mənə elə gəlir ki, hərəmizin ayrı-ayrılıqda öz fikrimiz, ifamız var. Sadəcə onu birləşdiririk.

- Niyə onda sizi hamı dəyişik salır?

- Onu mən deyə bilmərəm. Bəli, səhv salanlar var. Hətta bu yaxınlarda studiyada mahnı yazdırdıq. Sonra o mahnını mənə telefonda qoydular ki, bu hansınızın ifasıdır? Gah dedim o mənəm. Gah da dedim bu birisi. Axırda seçə bilmədim. Dedim hansına nə yazırsız yazın.

- Bir çox xarici ölkələrdə Azərbaycanı təmsil edirsiz. Ölkəmiz haqda təsəvvürü olmayan bir şəxsə Azərbaycanı necə tərif edirsiz? 

- Bəzən onlara Azərbaycan haqqında danışmağa ehtiyac qalmır. Musiqimiz onlara hər şeyi izah edir. Bizim səhnədə geyimimiz, oxuduğumuz musiqi, insanlarla rəftarımız hamısı Azərbaycan haqqında onlarda təsəvvür yaradır ki, necə bir xalqıq, millətik. Lazım olanda dəvət də edirik ki, gəlin görün Azərbaycan necə bir yerdir. Amma maraqlanan şəxslərə Azərbaycanın tarixi, mədəniyyəti və digər sahələri barədə bildiklərimi söyləməyə çalışıram.

- Xaricdə ən çox bizdən kimlər tanınır?

- Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Polad Bülbüloğlu və s.

- Bəs Gülyaz və Gülyanaq Məmmədova bacıları Azərbaycan musiqisinin dünyaya tanıdılmasında hansı uğurlara imza atıblar?

- Hər halda getdiyimiz bütün ölkələrdə bacardığımız qədər Azərbaycanımızı, muğamlarımızı, incəsənətimizi, mədəniyyətimizi təmsil etməyə çalışmışıq. Necə olduğunu deyə bilmərəm. Amma həmişə uğurlu çıxışlarla qayıtmışıq. Muğamımızın zənginliyi, xalq musiqimizin gözəlliyi elə bir şeydir ki, sevilməyə bilmir. Musiqimizdə şirinlik var.

- Ölkəni təmsil etmək necə bir hissdir?

- Həqiqətən əvəzedilməz bir hissdir. Ümumiyyətlə, Azərbaycandan kənara çıxdıqmı, artıq önəmli deyil hansı bölgədənsən. Əsas odur ki, Azərbaycanlıyıq. Bir nəfər azərbaycanlı görəndə elə bil ürəyinin parasını görürsən. Adam vətəndən kənarda olanda millətinə, xalqına daha çox can yandırır.

- Səhnə musiqiçi üçün nə deməkdir?

- Oy nə danışırsız. Səhnə bizim üçün hər şeydir. Məsuliyyətimiz, həyəcanımız, uğurumuz, sevgimizdir. Tamaşaçı sevgisini, uğurları biz səhnədə əldə etmişik. Bütün uğurumuz səhnədən asılı deyilmi? Bu yaxınlarda filarmoniyada çıxışımız idi. Səhnə arxasında bir xalq artistimiz məni həyəcalı görüb dedi ki, Gülyanaq hələ də səhnəyə çıxanda həyəcanlanırsan. Dedim ömrümün sonuna qədər bu həyəcan məndə olacaq. Həyəcan məsuliyyətdən irəli gəlir. Hətta toya gedəndə belə o məsuliyyəti hiss edirəm. Sənət sənətdir. O harda olsa, özünü göstərməlidir.

- Musiqi ifaçı üçün nədir?

- Şəxsən mənim musiqi damarımda axan qanımdır deyərdim. Mən musiqisiz yaşaya bilmərəm. Bir balaca mənim səsimdə problem olanda elə bilirəm ölmüşəm, yaşamıram. Mən o qədər musiqimizə bağlıyam ki, onu özüm üçün bir dərman hesab edirəm. Musiqi mənim əsəblərimi sakitləşdirir.

- Gülyanaq xanım hansı zirvəni həth etsə, özünü sənətkar adlandırar?

- Mən özüm özümü sənətkar adlandırmıram. Xalq bizi sənətkar adlandırır. İnsan həyatı boyunca çalışır, yaradır, lakin o zirvəyə çatmaq çətindir. Xalq sənətkarı hansısa zirvədə görməlidir. Mən düşünürəm ki, biz ömrümüzün sonuna qədər də çalışsaq, bu zirvəyə çatmaq çətindir. Bu zirvənin ucu-bucağı yoxdur ki. Bilmədiklərimiz bildiklərimizdən çoxdur. İçimizdə nail olmadığımız arzularımız, ifalarımız var.

- Dünya muğamımızı kiminlə tanıyır?

- Mən belə düşünürəm ki, Alim Qasımovla. Yəni, YUNESKO-dan onun səsi-sorağı gəldi. Muğamımız elədir ki, Alim müəllimdən öncə də sevilirdi, indi də sevilir. Dünyada muğamımızı daha çox təmsil etdiyinə görə mən onun adı ilə bağlayıram. Amma bu gün muğamlarımızı dünyada tanıdanlar çoxdur. Nə gözəldir ki, Mehriban xanım Əliyeva hər bir işə, xüsusən də muğamlarımıza sevgi göstərərək, dünyada tanıdılmasında əlindən gələni edir. Keçirilən “Muğam müsabiqəsi”ni buna misal kimi göstərmək olar. Dünyanın hər bir yerindən bu müsabiqə ilə bağlı bizə zənglər gəlirdi. Deməli, muğama dünyanın hər yerində sevgi var. 

- Musiqi ifa etmək və dinləmək arasında hansı fərqliliklər var?

- Musiqi ifa etmək məsuliyyətdir. Təbii ki, bir ifaçı olmaqla bərabər mən də kimlərinsə dinləyicisiyəm. Onlardan kimlərinsə ifasını, səsini bəyənirəmsə, hansısa bir səs üçün ürəyim gedirsə, fikirləşirəm ki, görəsən bizim üçün də belə eləyənlər var. Bəlkə də o insana çıxarıb ürəyimi verərəm, qarşısında baş əyərəm, onun boğazının tellərindən, əlindən öpərəm. Musiqi sərhəd tanımadığı üçün ola bilər başqa bir ölkənin də musiqiçisi mənim xoşuma gələ bilər.

- Vətənimizə, torpağımıza öz sevginizi ifa etdiyiniz musiqilərinizlə çatdırmaq istəyirsiz?

- Bəli, Azərbaycan haqqında olan nəğmələrimizi oxumuşam. Yaralı yerimiz olan Qarabağ haqqında olan neçə mahnı oxumuşamsa böyük ürək ağrısı ilə ifa etmişəm. İçdən gələn göz yaşlarımın qarşısında əyilmişəm.

- Oxuyan zaman nə fikirləşirsiz?

- Oxuyan vaxtı heç nə fikirləşmək olmaz. Ancaq oxuduğun mahnının obrazında olmağa çalışmalısan. İçdən həmin musiqiyə bağlı olmalısan. Başqa bir şey düşündüyün halda oxuduğunu tamaşaçıya çatdıra bilməzsən. Tamaşaçıdan enerji alırıq və həmin enerji ilə də mahnını ifa edib tamaşaçıya çatdırmaq lazımdır. Əgər onu verə bilməsəm, özüm razı qalmasam elə bilirəm ki, tamaşaçı da məndən razı qalmadı.

- Muğamın mənasını hərə özünəməxsus şəkildə cavablandırır. Siz necə cavab verərdiz?

- Muğam dəryadır, gözəl bir xəzinədir. Kimsə muğamı tam bilirəm deyə bilməz. Muğamı öyrənmək, az-çox məlumatlı olmaq çox gözəl bir şeydir. Çünki bütün dünya musiqiləri muğamlarımızın üstündə köklənib. Muğamı bilən adam hansısa bir ölkənin musiqisini tez yadında  saxlayacaq.

- Muğamı kim başa düşə bilməz?

- Musiqi duyumu olmayan, musiqiyə qulaq asmayan insan.

- Musiqi sahəsinə gəlmək kimlərin işi deyil?

- İstedad özünü göstərir. Vaxtında başqa bir sahədə öz istedadını nümayiş etdirib, uğur əldə etmək olar. Bu sənətlə aldatmaq olmur. Sənin ifan, səhnə mədəniyyətin, geyimin hamısı göz qabağındadır. 

- Tamaşaçı zövqünü oxşamaq üçün nələr edirsiz?

- Zövqlər müxtəlifdir. Musiqinin bir neçə janrında ifa etmişəm. Amma buna baxmayaraq, mən öz cığırımla gedirəm. Kimsə mənim ifamı sevəcəksə dinləyəcək.

- Siz xalq üçün kimsiz, xalq sizin üçün kimdir?

- Mən bu xalqın qızıyam. Mən həmişə konsertlərdə də deyirəm ki, Allah bu xalqın sevgisini bizə, bizim də bu balaca səsimizi xalqa çox görməsin. Xalq bizi sevməsə, onda biz kimik ki? Biz xalqın sevgisi ilə yaşayıb, yaradırıq.

- Sözlə musiqinin ahəngi olmayanda nə olur?

- Olmaz ki. Mahnı üç qəhrəmanın birləşdiyi bir əsərdir. Söz, musiqi və ifa ahəngliyi olmayanda o musiqi olmaz.

- Sirdaşınız, dərd ortağınız kimdir?

- Sirli adam deyiləm. Lazım olanda bacılarım, anam və həyat yoldaşımla dərdləşirəm. Mənə onlardan yaxın sirdaş ola bilməz.

- Bu həyatda nə üçün rəqabətə dəyməz?

- Mən rəqabətlə yaşayan insan deyiləm. Mən həmişə saf niyyətlə, saf əməllərlə yaşamağa üstünlük verirəm. Hamı bu həyatı yaşamaq üçün dünyaya gəlib. Sağlam rəqabətin özü də bir rəqabətdir. Mənə elə gəlir ki, insan yaradıcılığı ilə məşğul olsa yaxşıdır. Bəlkə də ola bilər ki, mən də hansısa bir işi rəqabətlə görüm amma, özümün xəbərim olmadan.

- Musiqi səhəsində nədən şikayətçisiz?

- Şikayət etməyi sevən insan deyiləm. Sadəcə bir şey deyirəm. Mən millətimizi, xalqımızı, dövlətimizi, dövlət rəhbərliyimizi də çox sevirəm. Onların da bizə böyük dəyəri olub. Amma hazırda olur bəzi haqsızlıqlar. Layiq olmayanlar qiymətləndiriləndə, əməyi, zəhməti olanlar qıraqda qalanda olmur. Hamı istəyər ki, gördüyü işə layiqincə qiymət verilsin. O üzdən “Uman yerdən küsərlər” deyək. Bu baxımdan inciyib-küsərik. Amma yenə də, küskünlüyümüzü bildirmərik. Nə qədər ömrümüz, səsimiz varsa bu xalq, millət üçün yazıb-yaratmağa hazırıq. Nəyəsə görə etmirik.

 Mətbuatın hansı sualından qaçırsız

- Olur bəzən elə suallar ki, biz onu cavablandıra bilmirik.

- Bu qədər işin içində ailəyə necə vaxt ayıra bilirsiz?

- Çox çətindir. Mən işimi də sevirəm, ailəmi də. Ona görə hər ikisinə eyni məsuliyyətlə yanaşıram. Əvvəlki kimi 5 işimin hamısının dalınca gedə bilmirəm. Onun 2-3-nü uşağa həsr edirəm.

- İllərin zəhməti nə zaman puç ola bilər?

- Bu illər ərzində həmişə çalışmışam ki, pillə-pillə əldə etdiklərim, qram-qram qazandıqlarım hansısa bir səhv addımla uçuruma getməsin. Həmişə Allaha yalvarıram ki, məni doğru yola yönəlt. İllərlə nail olduqlarımı bir saniyədə itirməyim.

 

 

 Üç nöqtə.- 2012.- 23 iyun.-  S. 13.