“İki xan
arasında bir can gərək idi...”
Budəfə xanəndəlik
sənətində öz nəfəsi, ifa tərzi, səhnə
mədəniyyəti, güclü səsi ilə seçilən
ustad sənətkarlarımızdan biri ilə həmsöhbət
oldum. Ömrünün 72-ci baharını yaşayan
müsahibimlə söhbətimiz ad günü ərəfəsində
reallaşdı. “Şənbə qonağı”m xalq artisti, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Muğam sənəti kafedrasının müdiri,
"Şöhrət" və "Şərəf"
ordenli Canəli Əkbərov 1940-cı il martın 10-da
dünyaya gəlib. Xanəndə nəslində göz
açan xalq artisti doğularkən atası Xanəli Əkbərov
“Şahnaz” muğamını ifa edirdi. “Şahnaz”ın sədaları
altında dünyaya gələn Canəlinin həyatı da elə
musiqi üzərində quruldu. Ömrün hər bir
anında zamanla 7 notluq musiqinin hər bir notunu yaşayan
müsahibim övlad itkisindən tutmuş, nəvə toyuna qədər
həm kədərli, həm sevincli anlara şahidlik etdi.
Qısa söhbət əsnasında
boylandığımız 72 illik yola elə onun
doğulmasından söz açaraq başladıq.
- "Xanəli, oğlun oğlumun toy günü
dünyaya gəlib. Demək, mənim üçün bu
gün ikiqat bayramdır. Odur ki, çox xahiş edirəm bu
ağ atı dost hədiyyəsi kimi qəbul edəsən. At
deyirlər, muraddır. Tanrı ürəyincə
muradını versin. Get bir evə də baş çək”
bu misralar yəqin ki, sizə tanışdır?
- Aaa, siz bunu hardan eşitmisiniz? Yaman dəqiq işləyirsiniz.
Doğrudur, mənim atam böyük xanəndə olub. Hələ
mən dünyaya gəlməmişdən öncə artıq
ad-san qazanmışdı. Hamı onu sevirdi. “Görünən
kəndə bələdçi gərək deyil. O ki qaldı
sizin dediyiniz hadisəyə, atam dəvət olunduğu
toylardan birində mənim dünyaya gəldiyimi eşidib. Sizin
söylədiyiniz bu məqam isə həmin zaman olub. Ona
ağ at bağışlayıblar, o vaxt nəqliyyat yox idi,
Toy yiyəsi bir neçə saatlıq ona evə baş
çəkməyə icazə verir. Deyilənə görə,
o günü ustad xanəndənin oxuduğu
"Şahnaz"ı eşidənlər indi də
unutmayıblar. Mən atamın ən gözəl əsərlərindən
biriyəm. Atam ilkin qız övladından sonra dünyaya gəlmiş
oğlunun adını öz adına yaraşdıraraq Canəli
qoyur.
- Artıq bu hadisədən 72 il ötür və
sözügedən körpə bu gün Azərbaycan tarixinə
adını yazan bir şəxsiyyətdir. Bəs
maraqlıdır, 72 il öncə baş vermiş hadisəni
bu gün hansı formada qeyd edəcəksiniz?
- 72-ci yaş... Mən kənd həyatında
böyümüşəm, o mədəniyyəti
görmüşəm. O zamanlar ad günü keçirmək
dəbdə deyildi. Ancaq indi şəhər mühiti,
tanınmış və diqqət mərkəzində olan
biriyəm. Ona görə də hər kəs diqqətini
göstərir. Bu günlərdə müxtəlif KİV-də
mənimlə bağlı verilişlər, yazılar
hazırlanıb. Bu gün Mədəniyyət kanalında
haqqımda çəkilən “Sevda yolu” adlı film
nümayiş olunacaq. Bu, Mikayıl Müşfiqin şeirindəki
“Ah, bu uzun sevda yolu, Vurulurmu başa, könül! misrasından
seçdiyim başlıqdır. Bildiyiniz kimi, mən bu
mahnını oxumuşam. Və rejissor da filmə bu adı
uyğun görüb. O ki qaldı təntənəli ad
günü keçirmək məsələsinə, ailəmlə
birgə olacam. Balalarım, nəvə və nəticələrim,
bir sözlə, öz doğmalarımla birlikdə olacam.
Qapım hər kəsin, bütün ziyalıların
üzünə açıqdır. Dünəndən etibarən
saysız zənglər edilib. Məni sevənlər
sağolsun ki, diqqətdən kənarda qoymur. Məni bu xalq dəstəkləyir.
Ona görə ki, 50 ildir ki, bu xalqın, musiqimizin keşiyində
duran insanam. Sadə bir müəllimdən professora qədər
ucalan Canəli Əkbərovam. Bunların hamısı
faktdır, özümdən mif yaratmıram.
- Səhnə stajınız yarım əsrlik tarixi əhatə
edir. Necə deyərlər bir igidin ömrü...
- Yarım əsrdən çoxdu ki, səhnədəyəm,
həm oxuyuram, həm də pedaqoji işlə məşğulam.
İşimi elə qurmuşam ki, zəhmətimdən zövq
alıram, hazırladığım tələbələrim
tanındıqca sevinirəm. Onlar mənim müəllim əməyimin
bəhrələridi...
- Heç əməyinizi itirən olubmu?
- Vallah, nə gizlədim, tək bircə nəfər
olub. Amma dünya dağıla, demərəm, onsuz da
ustadına kəm baxanın, gözlərinə qan damar. Mən
ziyalılığa söykənən adamam. İndi Xan əmi,
Seyid əmi bizim dünyamızı tərk ediblər. Amma mən
atamın adının yanında o iki nəhəng sənətkarın
da adını həmişə ehtiramla çəkirəm.
Çünki onlar mənə bu sənətdə
addımlamağı öyrədiblər. Mənim mənəvi
atam Xan əmi olub. Biz ona Xan Şuşinski deməzdik. Sadəcə
Xan əmi deyirdik. Onu həmişə özümə ustad
seçmişəm. İndi Xan əmi yoxdur ki, ona yaltaqlıq
edim. Sadəcə olaraq onun böyük sənətinə,
muğamı Dədə Qorqud ağsaqqallığı ilə
ifa etdiyinə görə bu cür münasibətim var.
İndikilər kimi muğamın yan-yörəsinə dəyişiklik
etmirdi. O, oxuyanda elə bilirdim ki, Fizuli, Xəqani, Seyid Əzim
Şirvani sağdır. Hətta mənim 60 illik yubileyimdə
Zəlimxan Yaqubla söhbət zamanı ona dedim ki, iki Xan
arasında bir can gərək idi, Allah məni yaratdı.
- Sizcə, bu, gendən gələn bir istedaddır?
- Bəli, yüz faiz belədir. Bizdən əvvəl ki,
alimlər bunu təsdiqləməsə də, mən deyirəm
ki, bu, belədir. Ona görə ki, mənim babam böyük
xanəndə olub. Mən onu görməsəm də, bu
söhbətləri eşitmişəm. Heç atam da öz
atasını görə bilməyib. Hətta bir bənna var
idi, atama deyərmiş ki, kaş ki, atan sağ olanda sən
yetkin yaşında olardın. Onda görərdin ki, oxumaq necə
olur. Ağa Məhəmməd oxuyanda sanki, iki dağ
qovuşurdu.
- Canəli müəllim, tarixdə tibb təhsili
aldığı halda musiqini seçən bir çox simalar
olub. Siz də insanlara musiqinizlə təbib olmağa
çalışırsınız. Bu seçimin səbəbi
nə ilə bağlıdır?
- Mənim tibbə də böyük həvəsim olub.
Hərdən fikirləşirəm ki, o vaxt həkimlikdən
uzaqlaşmasaydım, təhsilimi davam etdirsəydim, yəqin
ki, o sahədə də məşhur olardım. Çünki
Allah mənə elə bir ürək verib ki... Yəni aciz
adam deyiləm mən. İndinin özündə də ciddi vəziyyət
yaranarsa, ilk yardım baxımından özümə də,
ailəmə də kömək edə bilərəm...
- Bu gün dövlət tərəfindən muğama
göstərilən diqqət göz qabağındadır. Bəs
gənclərdə necə, bu sahəyə maraq, həvəs
hansı səviyyədədir?
- Ölkə başçısının dəstəyi
və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
başçılığı ilə həyata keçirilən
layihələr, beynəlxalq muğam festivalları, simpoziumlar
deməyə imkan verir ki, bu gün muğama böyük
axın var. Amma o axının içindən biz büllur, saf
səsləri axtarıb seçirik, onlarla muğam tədrisini
başlayırıq. Sevinirəm ki, bu muğam
ifaçılığında yeni ruh, yeni nəfəs var.
Ümid edirəm ki, bizlərə baxıb öz sənətlərinə
qarşı məsuliyyətlə yanaşar,
qazandığımız uğurlara onlar da sahib olarlar. Sevinirəm
ki, 2005 və 2007-ci il muğam televiziya müsabiqələrində
tələbələrim Babək Niftəliyev və Ehtiram Hüseynov
qalib olmuşlar. Ehtiram Hüseynov 2011-ci ildə keçirilən
II beynəlxalq muğam festivalının da qalibi olmuşdur.
Bu qədər sevincli anlar və uğurlar fonunda adam daha da həvəslə
işləmək, yaşının bu vədəsinə
baxmayaraq, oxuyub-yaratmaq eşqilə yanır. Səs həmin səsdir,
həvəs də o həvəs, neynim ki, fəqət yaş
o yaş deyil.
- Bizim xalq mahnılarımız, milli musiqilərimiz də
zaman-zaman ermənilər tərəfindən
oğurlanıb...
- Ümid edirəm ki, bunun qarşısı alınacaq.
Çünki dövlətimiz bu işin
qarşısını almaq iqtidarındadır. Bir də
televiziya kanalları əsas təbliğat mərkəzidir.
Ümid edirəm ki, kanallarımız milli musiqiyə hörmətlə
yanaşacaq, ifaçılardan tələb edəcəklər
ki, mahnıları doğru-düzgün oxusunlar. Elə
oxusunlar ki, sabah erməni baş qaldırıb deməsin ki, bu
mahnı mənimdir.
- Sözünüzdən belə çıxır ki,
milli musiqimizdə baş verən sapmalar
narahatçılıq doğurur.
- Bəli, sapmalar olur. Milli ruhda yazılan, xalq tərəfindən
sevilən, əsrlərdən keçib bu günümüzə
gəlib çıxan milli musiqilərimizi sintez etmək,
başına oyun açmaq, hoqqa çıxarmaq olmaz. Bu elə
onu aparıb erməniyə qismət edir. Çox vaxt elə o
aranjemanlar musiqimizi ermənilərə nəsib etdi. Belə
etmək olmaz. Milli musiqimizin saflığını qorumaq
lazımdır. “Sənsiz”i, “Koroğlu” uvertürasını
necə aranjeman etmək olar? Milli musiqimiz, xalq
mahnılarımız orijinal saxlanmalıdır. Onları əvvəl
özümüz qoruyub qədrini bilməliyik ki, sonra
başqalarına qismət olmasın.
- Canəli müəllim, sonda bir daha ad
gününüzü təbrik edirik. Hələlik demək istədiyiniz
son sözünüz?
Çox sağolun, minnətdaram. Diqqətinizə
görə təşəkkür. Sağolun ki,
unutmamısınız. Sizin simanızda məni təbrik edən
hər bir kəsə təşəkkürümü bildirirəm.
Aysər Həsənli
Üç nöqtə.- 2012.- 10 mart.-
S.13.