“Sənəti dünyaya sevdirən sənətkarın daxilində yaranan enerjidir”

 

 Budəfəki “Şənbə qonağı”mız muğamlarımıza öz əvəzsiz səsi ilə rəng qatan, xalq artisti Alim Qasımovdur. Hər bir muğam ifaçısının arzuladığı nailiyyətləri əldə edən xanəndənin səsi həmişə dünyanın müxtəlif ölkələrindən gəlir. Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edərək dünyaya Azərbaycanın muğam sənətini tanıdan Alim Qasımovla müsahibəni diqqətinizə təqdim edirik.

- Sizin ifanızdaSarı gəlini dinləyən bir şəxs internetdə belə bir fikir bildirib: “Mən fəxr edirəm ki, Alim Qasımovun vətəndaşı olduğu ölkənin vətəndaşıyam”...

- Bu mahnının ritmində, tempində, sözlərində bir dünyəvilik var. Ona görə də bu mahnıya hamı müraciət edir. Həmçinin də biz, bir neçə il bundan qabaq, təxminən 10-15 il olar bu mahnını ifa etmişik. Bizi İsveçrəyə çağırıb, çəkiliş etdilər. Qızım Fərqanə xanımla mənim həmin çəkilişdə ifa etdiyimiz mahnıların içində “Sarı gəlində var idi. Elə o vaxtlardan da həmin mahnı Avropa kanallarında yayımlanır. Bu mahnının gözəlliyi ondadır ki, hər ifaçının ifası bu mahnıya başqa cür can verir. O, da ifaçıdan asılıdır ki, bu mahnıda nə qədər sözünü deyə bilir. İndi bizim də ifamızda bu mahnını dinləyənlər var, başqalarının da. Həmin o şəxsə və digər məktub yazanlara da təşəkkürümü bildirirəm.

- Maraqlıdır, Alim Qasımov kimin üçün elə sözləri deyə bilər?

- Təkcə ad çəkmək istəmirəm. Amma, elə tarixi şəxsiyyətlər var ki, onlar öz yaradıcılıqları ilə Azərbaycan tarixinə iz qoyub gediblər. Belə insanlara görə demək olar.

- Bu sənətə gəlmək üçün çox çətinliklərdən keçmisiniz, əldə etdiyiniz nailiyyətlər bunları sizə unutdura bilibmi?

- Bu ada, bu hörmətə və sənətin bu pilləsinə çatacağımı mən heç yatsam yuxumda da görə bilməzdim. Ona görə də mən hesab edirəm ki, bu sənətin zəhmətini heç çəkməmişəm. Mən onun zəhmətini çəkmişəm ki, bu dənizdə boğulub ölməyim. Və çabalayaabalaya bir az sahilə yaxınlaşmışamsa, bu da sənətə olan məsuliyyətdən, tamaşaçının məhəbbətindən irəli gəlir. Mənim içimdə həmişə o qorxu olub. İndinin özündə də çalışıram ki, tamaşaçının o məhəbbətini korlamayım, özümzümü xərcləməyim. Özümü öz gözümün qabağında hörmətdən salmayım.

- Hansısa bir sənətin çətinliyini görəndə deyirlər ki, gərək bu sənətə gəlməyəydim. Nə vaxtsa belə fikirləşmisiniz?

- Bu işdə şərəflə yüksəlib, irəliləyəndə deyirsən ki, nə yaxşı mən bunları elədim. Çətinliyinə qalanda doğrudan da çox məsuliyyətli və çətin bir sənətdir. Əvvəlcədən bu çətinliyi bilsə, məncə bir çox adam bu sənətə gəlməz. Mən o işləri uğurla keçmişəm. Ona görə də deyirəm şükürlər olsun Allahıma, bu işdə mənə yardımçı olub.

- Müəllim kimi tələbələrə dərs verirsiz, sizə dərs verən müəllimlərlə özünüz arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz?

- Mənim qanuni müəllimim Ağaxan Abdullayev olub. Sonra Nəriman müəllimdən, Vahid Abdullayevdən, Hacıbaba Hüseynovdan dərs almışam. Bundan başqa da korifey sənətkarları dinləyib öyrənmişəm. Mənim öz müəllimlərimdən fərqim ancaq o ola bilər ki, mən bu sənətkarları dinləyib, onların ifasında eşitdiyim musiqiləri Alim kimi ifa etmişəm. Oxşarlığımız da o ola bilər ki, onlar kimi mən də muğam janrını öyrətməyə çalışıram.

- Muğamı öyrətmək çətindir, yoxsa öyrənmək?

- Hər ikisi də çətindir, ancaq öyrənmək daha çətindir.

- Muğamı dünyaya sevdirən nədir?

mumiyyətlə, sənəti dünyaya sevdirən sənətkarın daxilində yaranan enerjidir, mənəvi hisslərdir. Həmin sənətə nə qədər yiyələnməsidir.

- Tələbələriniz çoxdu?

- Məndən sonra bu sənətə gəlib oxuyanların hamısını mən özümə tələbə hesab edirəm. Necə ki, mən özümdən əvvəlki ifaçıların tələbəsiydim. Onlar özlərini mənim tələbəm hesab etsələr də, etməsələr də mən onların hamısının müəllimiyəm. İstər-istəməz onların sənətində az da olsa, bu qığılcım hiss olunur və bundan da istifadə edirlər. Halal-halal xoşları olsun.

- Peşəkar muğam ifaçısı kimi yetişməkdən ötrü ifaçıdan nə tələb olunur?

- Allahın verdiyi səs, ritm, hiss, bir də səsin şirinliyi olmalıdır. Bunların hamısının başında isə zəhmət durur. Bu sənətdə irəliləmək zəhmət tələb edir.

- Səsi olmayan bir şəxs sizin tələbəniz olmaq istəyəndə ona nə məsləhət görürsünüz?

- Mənim tələbəm olmaq istəyən hər bir şəxsi yoxlayıram, görüm onda muğam ifa etmək üçün lazım olacaq bütün keyfiyyətlər varmı? Əgər hansısa bir cəhəti çatışmırsa, onda nə alınacaqsa hamısını izah edirəm. Sonrası qalır onun öz ixtiyarına.

- Gənc muğam ifaçılarından kimlərin gələcəyini yüksək zirvələrdə görürsünüz?

- Onların hamısının gələcəyini yaxşı görürəm. Tarixə düşməkləri Allahdan asılıdır

- Hansı sənətkarların bu gün sənətdə olmağını istəyərdiniz? Sənətdə yeri görsənənlər varmı?

- Mənim ustadlarım var ki, mən onların sənət bulağından su içmişəm. Bilirəm ki, mən onları heç vaxt görməyəcəm. Allah onlara rəhmət eləsin. Dünya durduqca onların sənətdə yaratdıqları incəliklər həmişə var və olacaq da. Onlar həmişə bizim ustadımızdır.

- Deyirlər ki, hər bir müəllimin özünəməxsus peşə sirri var ki, onu heç bir tələbəsinə öyrətmir. Alim Qasımovun elə bir sirri varmı?

- Bəzən olur, yüngülvari nə isə hazırlayıram ki, onları konsertdə oxuyum və ya yazdırım. O zaman müvəqqəti olaraq gizli saxlayıram. Lakin qalan hər bir şey məndən asılı olmayaraq üzə çıxır. Çalışıram ki, qısqanclığı içimdən silim.

- İstedadları irəli çəkin, istedadsızlar özləri özlərinə yol açacaq – bu deyim muğamda da keçərlidir?

- Mənə elə gəlir ki, bu bütün sənətlərə aiddir.

- Ümumiyyətlə, bu sənətdə yeri səhv düşənlər çoxdur?

- Demək olar ki, 80 faizinin yeri səhv düşüb. Onlarda da təqsir yoxdur, onlar səhvlərin düz bazarına düşüblər.

- Alim Qasımovdan sonra kim olacaq?

- Məndən əvvəl çox böyük sənətkarlar olub ki, biz onlara baxıb öyrənmişik. O vaxtlar indiki qədər televiziya, radio yox idi. Amma o dövrün də özünəməxsus öz-özündən təbii sədası gələn musiqiçilər, müğənnilər, xanəndələr var idi. Bəlkə də xalq onların çoxunu görməmişdi. O vaxtlar mənəviyyat çox güclü idi. İndi isə istədin-istəmədin, mənəviyyatı oldu-olmadı onu gətirirlər, məcburi bükürlər bir lavaşın içinə və yedizdirirlər camaata. Camaat da baxıb qalır, görəsən bu doğrudanmı həmin mahnıdır. Əgər odursa, mən niyə yaşamıram, ifadan ləzzət almıram. Yeməklər kimi mənəviyyata da kimyəvi amillər qatılıb, ona görə də aləm qarışıb bir-birinə.

- İlk musiqi alətiniz olan dəf indi dursaydı, onu kiməsə hədiyyə verə bilərdiniz?

- Xəsisliyim tutmasaydı verərdim. Həmin o dəflərdən indi yoxdur. İnşallah hədiyyə eləyə biləcəyim adam gələr. Mən dəfi verdim-vermədim, gəlib öz sözünü deyər. Bütün böyük sənətkarların ifa etdiklərini xalqa çatdırar.

- Ailədə qızınızdan başqa sənətinizi davam etdirmək istəyən olub?

Fərqanədən başqa olmayıb. İndi nəvələr var. Onları da hələ gələcək göstərəcək.

- Qızınıza bu sənətə gəlmək istəyəndə mane olmağa çalışdınızmı?

- Çox mane olmağa çalışdım, çox dedim, bütün çətinlikləri hərtərəfli izah etdim. Amma, onun bu sənətə olan məhəbbəti və qisməti bu işi daha da profesionallaşdırmağa kömək oldu.

- Builki “Eurovision” mahnımız xoşunuza gəlir?

- Yaxşı mahnıdır, əhval-ruhiyyəsi var. İndi Səbinə xanım da məşq edir, hazırlaşır. Finalda canlı ifa edəndə hər şey məlum olacaq.

- Necə düşünürsünüz, muğam oxumaqla “Eurovision”da qalib olmaq olar?

- Mənə elə gəlir ki, bu müsabiqədə sırf sənət rol oynamır. Sənətin rolu çox olsa da, bu müsabiqəyə siyasi baxım da var. Mahnı gözəl olsa, bir az da siyasət kömək etsə, əlbəttə, qalib olmaq olar.

- Həmişə xarici ölkələrdə muğamlarımızı təbliğ edirsiniz. “Eurovision” yarışması ərəfəsində elə bir fikriniz varmı ki, xaricilər ölkəmizə gələndə muğamlarımızı elə doğma diyarımızda onlara çatdırasınız?

- Çox gözəl fikirdir, qəlbimdən də keçir, fikirləşirəm də ki, bu cür layihələr lazımdır. Bəlkə yarışma ərəfəsində gecə konsertləri oldu..

- Gənclər Alim Qasımovun nailiyyətlərini əldə etmək üçün nə etməlidirlər?

-    Musiqi haqda çoxlu informasiya alsınlar. Mütəxəssislə, ustadla təmasda olmaq çox vacibdir. Mən bir çox ölkələrdə olmuşam. Türkiyədə, Ərəb ölkələrində və İranda ustada qoyulan hörməti, onlara Allahdan sonra ikinci bir inandıqları insan kimi baxmalarını hələ bizdə tam görmürəm. Hər oxuyan Molla Pənah olmadığı kimi, hər muğam ifaçısı da təbii ki, ustad ola bilməz. Yenə də mən gənclərə ustadla təmasda olmağı məsləhət görürəm.

 

 

Aygün Asimqızı

 

Üş nöqtə.- 2012.-  5 may.- S.13.