“Bu
sənətin zirvəsi yoxdur”
Bu həftənin “Şənbə
qonağı” “Xalq ulduzu-4” müsabiqəsinin yaddaqalan
iştirakçılarından olan Gülay Zeynalovadır. Muğam, xalq və bəstəkar
mahnılarının ifaçısı kimi
tanıdığımız Gülay xanım elə adı
çəkilən müsabiqə vaxtlarından məlahətli
səsi və özünəməxsus ifası ilə nəinki
gənc nəslin, hətta yaşlı nəslin də sevgisini
qazanıb. Sənətdə
gördüyü işlərlə bərabər həm də
ailəsinin gözəl xanımı və bir övlad
anası olan Gülay Zeynalova ilə olan müsahibəni sizlərə
təqdim edirik.
- Elə müğənnilər var ki, onlar ancaq gənclər
dinləyir. Bəzilərini də yaşlı nəsil.
Lakin siz həm gənc, həm də yaşlı nəslin
sevgisini qazana bilmisiniz...
- Mənim repertuarımda xalq mahnıları və
muğamlarla bərabər gənclərə yaxın olan
musiqilər də var. Bəlkə də repertuarın rəngarəng
olmağından asılıdır.
- Niyə muğam ifaçıları şou-biznesdən
qaçaq olurlar?
- Çünki muğam ifaçıları estrada müğənnilərinə baxanda bir
az çərçivədən çıxmamağı
xoşlayırlar. Geyim, danışıq, oxumaq muğam sahəsində
bir az ciddi formada olur. Bəlkə
də buna görədir. Amma, şou-biznes elə bir sahədir
ki, orda bir az qalmaqal, söz-söhbət
var, açıq-saçıqlıq var. Ona görə
muğam ifaçıları uzaq olur şou-biznesdən.
- Siz özünüzü şou-biznesdə görməsəniz
də, bütün xəbərlərdə sizdən
şou-biznes əhli kimi söhbət açılır.
- Ola bilər ki, estrada müğənnisinin
toyunda görürlər, hansısa şou nümayəndələri
ilə eyni masada əyləşmişik. Həmin
vaxtda şəkillərimiz çəkilir, saytlara verilir.
Lakin kiminləsə eyni masada əyləşmək,
söhbət etmək o demək deyil ki, mən şou-biznes
müğənnisiyəm.
- Nə vaxtsa fikrinizdən keçirmisiniz ki, estrada müğənnisi olasız?
- Estrada mahnılarını oxumaq mənim
üçün heç də problem deyil. Arada
görürsüz ki, oxuyuram. Çünki,
əsas muğamdır. Muğam musiqi sənətinin
açarı hesab olunur. Muğam ifa edəndən
sonra digər musiqi janrlarında oxumaqda heç bir problem
yoxdur. İstəsəm, oxuya bilərəm.
Amma, mənim sənətim xalq
üslubundadır. Muğamdı, xalq
mahnılarıdır, bəstəkar mahnılarıdır.
Məni bu cür qəbul ediblər. Ona görə də, yarı yolda üslubumu dəyişmək
istəmərəm.
- Sənətdə niyə
dostunuz yoxdur?
- Mənim dostum da, rəfiqəm
də anamdır. Bu gün elədir ki, hansısa bir dostuna
ürəyini açıb sirrini deyirsən. Sabah həmin şəxslə hansısa
bir problemin olanda, sənin ona verdiyin sirri hamı bilir. Hamı ilə salamım
var, heç kimlə sözüm-söhbətim, problemim
yoxdur.
- Müəlliminiz Arif Babayev olub. Necə
düşünürsünüz, bir tələbəsi kimi
sizdən həmişə razı qalıb?
- Arif müəllimin razı qaldığı vaxtlar da
olub, narazı olduğu vaxtlar da. Amma, mən
bacardığım qədər boynuma düşən tələbəlik
məsuliyyətini yerinə yetirməyə
çalışmışam. İndi müəllimdir də
inciklik də ola bilər, pisləyə də
bilər. Amma çox şükürlər
olsun ki, Arif müəllim həmişə məni dəstəkləyib.
Hamı da bilir ki, Arif müəllim mənim
toyumda necə iştirak edib. Hətta mənim
həri mərasimimdə də Arif müəllim başda olub,
mənə böyüklük edib. Mənə
elə gəlir ki, yəqin razı qalıb ki, bu qədər
məsuliyyəti o da öz boynuna götürüb.
- Səhnədə mənəvi dəstəyi kimdən
alırsız?
- Mənim yoldaşım səhnədə oxuyanda mənə
dəstək olursa, elə bu mənim üçün hər
şeydir.
- Böyük səhnəyə yol hardan gedir?
- O yol çox keşməkeşli yollardır. Mənə elə gəlir ki, o zirvəni fəth etmək
üçün çox çətin yollardan, müxtəlif
mərhələlərdən keçmək lazımdır.
Elə insan var ki, nəyinsə xatirinə yolunu
azır və o zirvəyə gedib çata bilmir. Elə insan da var ki, Allah ona kömək olur,
ağlını başından almır,
ağılla-başla irəliləyir. Allah
verən qədər gedir o yolu.
- Bu yol kimlər üçün açıqdır?
- Sənəti olanlar üçün.
- Sənətlə bağlı probleminiz olanda, ən
çox kimdən məsləhət alırsınız?
- Mən Konservatoriyanı bitirməyimə
baxmayaraq, yenə də Arif müəllimdən öz məsləhətlərimi
alıram. Çalışdığım
musiqiçilərdən Rövşən Qurbanovdan məsləhət
alıram. Məsləhətləşdiyim
sənət adamları var. Mən təbii ki kiçiyəm.
Bu sənəti mən hələ sənətkarlar
kimi tam bilmirəm. Öyrənmək
heç vaxt gec deyil. İndinin
özündə də öyrənirik.
- Bu sənətin
uğurunun hansı hissəsini əldə etdiyinizi hesab
edirsiz?
- Bu sənətin zirvəsi yoxdur. Bu gün Leyli rolunu
oynamaq istəyirsən, sabah əməkdar
artist, sonra xalq artisti adını almaq istəyirsən. Eynən insanın arzuları kimi tükənməz
bir yoldur. Nə qədər də getsən
qurtarmır.
- Leyli rolunu oynamaq istədiyinizi bildirmisiniz. Bu rolu ifa etmək
üçün özünüzü hazır hiss edirsiniz?
- Əlbəttə, mən bilsəm ki, bu
rolun öhdəsindən gələ bilmərəm, arzulamaram,
heç o sözü dilimə də gətirmərəm. İnsan nədənsə
arxayındırsa, onu özünə çox arzulayır.
Yəqin, mənim özümə güvənim,
inamım var ki, mən o şeyi arzulayıram.
- Gülay Azərbaycan musiqisinin gələcəyi
üçün nələr etmək istəyir?
- Xalq musiqiləri, bəstəkar mahnıları
yazdırırıam, muğamlarımızı ifa edirəm. Çalışıram, ki Azərbaycan musiqisi
üçün əlimdən gələni edəm. Bu sahədə az-çox payım olsun.
- Sənətlə məşğul olmağınız
uşağa vaxt ayırmağınıza mane olmur?
- Əsla. Əgər mən bir saat evdə oluramsa,
bütün fikrim-zikrimi ona yönəldirəm. Tərbiyəsi ilə də özüm məşğulam.
Demirəm ki, toydan gəldim, yorğunam,
uşağa nənələri baxsın. Qətiyyən
belə bir şey yoxdur.
- Nəyə görə Gülayın ailəsi bu qədər
gündəmdədir?
- Nə bilim, bəlkə də hər ikimiz də
tanınmış olduğumuz üçün. Hamı bilir ki, mən
çalışdığım qədər şəxsi həyatımı,
ailəmi gizlədirəm. Gündəmdə
olmağını istəmirəm.
- Qədirova və Zeynalova soyadlarından hansının
məsuliyyəti daha çoxdur?
- Təbii ki hər iki soyad mənim üçün məsuliyyətli
və əzizdir. Biri mənim ata soyadımdı,
digəri də həyat yoldaşımın. Mən onların arasında fərq qoya bilmərəm.
Necə də olsa, o soyad mənim adımda gedib.
Mən necə adımın məsuliyyətini
daşıyıramsa, eləcə də hər iki soyadın məsuliyətini
daşıyıram.
- “Ailəsinin qədrini bilməyən sənətinə
də dəyər verə bilməz. Çünki, ifa etdiyi musiqiləri
doğma balaları qədər sevən əsl sənətkarın
ilk dinləyicisi və tənqidçisi ailəsi
olmalıdır” - demisiniz.
- Mənim mamam mən nə qədər yaxşı
oxusam da, deyirdi ki, yaxşı oxumadın. Deyirdim
ki, mama sən məni nə vaxt tərifləyəcəksən.
Deyirdi ki, mən səni tərifləsəm,
daha hazırlaşmazsan, oturarsan. Həyat yoldaşım
təzə tanış olduğumuz
vaxtlarda tərifləyirdi. Amma, indi o da deyir,
Gülay filan şey səhv oldu. Deyirəm
sən musiqiçi deyilsən axı, bəlkə səhv
başa düşürsən kənardan. Deyir
mən sənə dinləyici, tamaşaçı
gözü ilə baxıb fikir bildirirəm. Yəni ki, mən birinci tənqidi və ya xoş
sözü ailəmdən eşidirəm.
- Rəqqasə Fatimə yeni layihə
üzərində çalışır. Bu konsertdə rəqqaslar
müğənnilərlə rəqs edib yarışacaqlar.
Bu müğənnilərin siyahısında
sizin də adınız var.
- Mən özüm elə şeyə pis baxmıram. Amma, görək Kamil onu necə qəbul edəcək.
Hələ xəbəri yoxdur. Bilmirəm icazə verəcək, ya verməyəcək.
Belə qərarlarda həyat
yoldaşımın razılığı ilə oturub-dururam.
Kamil razı olsa, yaxşı olacaq. Olmasa da, Fatimə xanım
özümüzünküdür, üzrlü sayar.
- Yaz-yay aylarında konsert verəcəyiniz haqda xəbər
vermişdiniz. Bu yaxınlarda konsert gözlənilirmi?
- Konsert etmək bugünkü gündə heç də
problem deyil. Ansamblı yığ ora, zalın pulunu ödə,
get konsertini et. Lakin mən bu
cür istəmirəm. İstəyirəm
ki, yadda qalan bir şey edim. Geyim, tərtibat,
dizayn, ifa, yəni hərtərəfli fərqli bir şey etmək
istəyirəm. Söz verdim
yalançı çıxmayım deyə necə gəldi
konsert verim. Əsas o deyil, əsas odur ki,
konsert yadda qalsın, ora dəyərli xanəndələr,
ifaçılar gəlsin. Bir az gec
olsun, amma inşallah yaxşı olsun.
- Ölkəmizin ev sahibliyi edəcəyi
“Eurovision-2012” müsabiqəsi haqda nə deyə bilərsiniz,
xoşunuza gələn mahnı, qalib gördüyünüz
ölkə varmı?
- Sırf hər dəfə izləmirəm. Amma mahnıları dinləmişəm. Birinci öz vətənimin qalib olmağını
istəyirəm. Kimi təmsil etməyinin fərqi
yoxdur, əsas odur ki, Azərbaycanımızı təmsil edəcək.
Bu ilki təmsilçimiz Səbinə Babayevaya
da uğurlar arzulayıram, inşallah qalib gələr.
- Qarşıdakı planlarınınz barədə
danışardınız?
- İnşallah bu yaxınlarda 3-cü
diskimiz işıq üzü görəcək. Muğam və xalq
mahnılarından ibarət olan diskin 3-4 mahnısı
qalıb ki, onlar da tezliklə hazırlanacaq. Disk hazır olsun, ondan sonra işlərimizin
davamı olacaq.
Aygün
Asimqızı
Üç
nöqtə.- 2012.- 12 may.- S. 13.