“Yaşlılardan öyrənirəm, cavanlardan isə zövq alıram”

 

 Bu gün “Şənbə qonağı” rubrikamızın qonağı əməkdar artist, Opera və Balet teatrının solisti Gülyaz Məmmədovadır. Hər zaman Gülyaz və Gülyanaq bacılarını efirdə bir yerdə görməyə alışmışdıq. Onların ifaları tək-tək də gözəldir. Bu və digər mövzularda olan suallarımızı Gülyaz xanım cavablandırdı. Səmimi söhbətimizi sizlərə təqdim edirik.

- Əvvəlcə bu yaxınlarda aldığınız mükafata görə təbrik edirik...

- Prezidentimizə hər ikimiz çox minnətdarıq. Allah onu başımızın üstündən əskik etməsin. Əməyimizə qiymət verdiklərinə görə dövlətimizə, Mədəniyyət və Turizm Naziriliyinə minnətdarıq. Çox sağ olsunlar.

- Muğamı dünyada kimlər tanıtmalıdır?

- Bunu mənim deməyimə ehtiyac yoxdur. Çünki muğamımız lazımi qədər dünyada tanınır. Alim Qasımov və digər xalq artistlərimiz hamısının səsinin bir damlası bütün dünyaya bəs edir.

- Bu gün kimlərin avazı yaxşı gəlir?

- Ad çəkmək istəmirəm. Çünki hərədə bir cür avaz gözəldir. Hər bir muğam birinin ifasında çox gözəl alınır. Məsələn, “Segah” muğamını biri çox gözəl oxuyur, lakin bir başqasında” Mahur” muğamı çox gözəl alınır. Mən öz bacımdan götürürəm. Onda “Segah”, “Şahnaz” o qədər gözəl alınır ki, həmişə ona deyirəm ki, sən bunları oxu. Və yaxud da Ehtiram var, bizim gənc xanəndəmiz. Onun səsinə vurğunam. Çox gözəldir. İlkin, Təyyar, Babək, tələbəm Kamilə Nəbiyeva, Nigar Rəhimova hamısının çox gözəl səsi var. Aygün Bayramova, Almaz Orucovanı deyə bilərəm. Mən həmişə deyirəm ki, Almaz xanımın balaban kimi səsi var. Şövkət Ələkbərovanın səsi bütün dünyaya bəsdir.

- Gündəmdə olmaq üçün nə əsasdır?

Çalışmaq lazımdır ancaq. Başını aşağı salıb yaradıcılıqla məşğul olmaq lazımdır. Gözəl repertuar seçimi vacibdir. Öz səsinə uyğun mahnı, muğam, təsniflər ifa etmək və onu efirdə reklam etmək. Reklam etdirməsən xalq səni görmür və səni necə sevə bilər. Bizim sənətimiz bunu tələb edir. Sağ olsun bütün televiziyalar həmişə bizi dəvət edirlər ki, yazdırdığımız mahnıları, xarici qastrolları gördüyümüz bütün işləri onların vasitəsi ilə tamaşaçılara çatdırırıq. Televiziyalar, radiolar hər zaman çağırırlar. Əksinə bizim işimizin çoxluğundan biz gedə bilməmişik. İnciyiblər ki, niyə gəlmirsiz. Heç vaxt televiziyaya çıxmaq üçün pul verməmişəm.

- Səhnəmizin sənətkarları kimdir, sənətçiləri kim?

- Ad çəkə bilmərəm. Hamısı mənim dostlarımdır, hamısını çox istəyirəm. Kiminsə adı yadımdan çıxar inciyən olar. Onu deyim ki, muğam ifa edən sənətkarlarımız çoxdur. Sənətçilər də çalışsınlar sənətkar olsunlar. Hər səsdə bir gözəllik var. Elə səsdə var ki, gözəllik yoxdur. İndi qəbul vaxtıdır. Oxumaq istəyənlərin sayı günü-gündən artır.

- Sənəti sənətkar, bəs sənətkarı nə yaşadır?

- Sənətkarı onun sənəti, ailəsi və xalq yaşadır. Hamının uğuruna sevinən bir insanam. Bizim sənət elə bir sahədir ki, istədiyin cür ifa etmək üçün sağlamlığımızda bir balaca problem olmamalıdır. Sağlamlığımı qoruyuram ki, yaxşı oxuyum və yaxşı da sevilim. Ailədə can sağlığı və xoşbəxtlik olanda müğənni daha çox ifa etməyə həvəsli olur. Hər bir şey ailədən gəlir. Tərbiyə də mədəniyyətdə, hörmət də ailədən gəlir. Biz ailədən gördüklərimizi tamaşaçı qarşısında göstəririk. Televiziyada verilişlərin birində bizim ailəmizi gördülər və daha da çox sevdilər. Deməli, məni hərtərəfli tanımaq istəyiblər. Hamınız sağ olun var olun. Amma sənətkarın sənət göstərməsi, sevilməsi üçün ailənin rolu əsasdır. 

- Səhnə üçün doğulub, səhnə üçün də ölmək lazımdır?

- Onu zaman göstərər. Bu günlərdə Şəfiqə Axundovanın yubileyi keçirildi. Mən gördüm ki, bu xanım səhnədə neçə saat oturdu, o yaşda. Bax onu yaşadan sənətdir, sənətindən təsəlli tapır. Əgər insan sənətini sevib gəlibsə, təbii ki, öləndə də bu sənət üçün ölə bilər. Bəzən belə deyirlər ki, yenidən doğulsam bu sənətə bir daha gəlməzdim. Amma mən deyirəm ki, mən gələrdim. Çünki mən sənətimi çox sevirəm. Ancaq o yaşa gələndə bu suala daha dolğun cavab verə bilərəm. Allah Şəfiqə xanıma ömür versin.

- Bu gün səhnədə olanlardan kimləri dinləyirsiniz?

- Hamını dinləyirəm, sonra özüm üçün ələyirəm. Hansı daha çox qəlbimə yatırsa, onun diskini maşında saxlayıram və həmişə qulaq asıram. Melodiyalara qulaq asmağı daha çox sevirəm. Yaşlıları dinləyirəm ki, onlardan nə isə öyrənim. Cavanları da dinləyirəm ki, zövq alım. Harda səhvləri varsa, bunu özüm üçün müəyyənləşdirirəm. Onların işinə heç vaxt qarışmaram. Mən özüm çox böyük məktəb görmüşəm. Həmişə deyirəm mənim gördüyüm məktəbdən hamısı bəhrələnsin. Öz ustadlarım Nəriman Əliyev və Kamil Vəzirovdan çox razı qalmışam. Onlar bizə atalıq eyləyiblər həmişə. Belə bir ustadları hamıya arzulayıram.

- Elədikləriniz eləmək istədiklərinizə nə qədər yaxındır?- Arzudan arzu yaranır. Bu işi etdikdən sonra başqasını arzulayırsan. Etdiklərimi deyə bilmərəm. Amma gələcəyə arzularım, planlarım çoxdur.

- Birindən soruşurlar qardaşın necə adamdır, deyir yol yoldaşı olmamışam - siz isə bir çox sənətçilərlə səfərlərdə olmusuz - bu yolda kimləri necə tanımısınız?

- Xalq artisti, rəqqasə Təranə Muradova çox gözəl insan və yol yoldaşıdır. Çox belə insanlar var.

- Narazı qayıtdığınız səfəriniz olub?

- Yox heç vaxt olmayıb. Hamısı uğurlu və yaddaqalan keçib. Ölkəmiz və xaricdə olan konsertlər və səfərlərlə bağlı o qədər xatirələrim, uğurlarım, sevinclərim var. Getdiyimiz yerlərdə xalqın məhəbbəti insana xoş hisslər bəxş edir. Hərbi hissələrdə, internat evlərində, qocalar evində konsertlərdə olmuşuq. Bunların hamısı yadda qalan şeylərdir. Necə narazı qayıda bilərəm.

- Bacıları kim ayrı saldı?

- Ayrı düşməmişik axı. Televiziyalardan bizə təkliflər gəlirdi ki, biz istəyirik sizi ayrı-ayrı da çəkək. Duet də ifa edirik. Amma duetdə bir-birimizə çox bağlı qalırıq. Ayrı bir solistlərlə də duetlərimiz yarandı. Mənim ustadım həmişə deyir ki, bu sənətdə hərtərəfli olmaq lazımdır. Xarici mahnı da oxu, muğam da oxu. Tək də oxu, duet də. Amma biz neyləsək də, bizi cüt daha çox sevirlər. Bacımım başı ailəsinə qarışdığı vaxtlarda mən efirlərə tək çıxmağa məcbur oldum. Yeni duetlərimiz var. Bizi heç nə ayıra bilməz.

- Ad almaq üçün sənətçi hansı mərhələləri keçməlidir?

- Nə mən, nə də bacım bu sənətdə ad almaq üçün oxumamışıq. Lakin, bizə əməkdar artist adı da verəndə çox sevindik. Adam sevinir ki, onun zəhmətinə qiymət veriblər. Müğənnilər ad üçün yaşasa, o sənət olmaz ki. Elə oxuyub, elə yaşamaq lazımdır ki, xalq desin ki, aldığı ad buna halaldır.

 

- Bu gün bir çox müğənnilərə sual verəndə ki, əsl sənətkarlardan danışsınlar. Hamı başlayır mərhum sənətkarların adlarını çəkməyə. Korifey olmaq üçün lazımdır ki, bu dünyadan köçəsən?

- Sənətkara sağlığında qiymət vermək lazımdır. Zeynəb Xanlarovanın musiqiləri bu gün bir çox gənclər tərəfindən ifa edilir. Onun qədri indi bilinməlidir. İndi deyilməlidir ki, Zeynəb xanım böyük sənətkardır. Habil Əliyev kimi Kaman ustadımız var.

- İndi səhnəyə çıxanlarla əvvəl səhnəyə gələnlərin qarşılarındakı məqsəddə nə kimi fərqlilik var?

- Tanınmağı, reklamı, dolanışığı, dünyada müğənni kimi tanınmağı düşünənlər var. Dedi-qodu ilə qabağa getmək istəyənlər var. Sənətdə canını fəda edənlər də var. Amma ki, o vaxtlar bunlar yox idi axı.

- Səhnə sənətçiyə nə verir?

- Sənətçi öz gözəl səsi ilə yaxşı musiqilər oxuyub, xalqa təqdim edəndə xalq  da onun qiymətini verir.

- Sənətdə rəqib olmalıdır, yoxsa rəqabət?

- Mən rəqib görməmişəm. Səhnədə yaxşı mənada rəqabət aparmaq olar.

- Özünüzə nəyi yaraşdırmırsınız?

- Əynimə yaraşanı geyinməyə, dedi-qodulardan və qeybətdən uzaq olmağa çalışıram.

- Söhbət nədən gedəndə susursuz?

- Şəxsi suallar barədə danışmağı xoşlamıram. Utanacağım bir şey yoxdur. Sadəcə olaraq xoşlamıram.

- 4 yaşlı Fərid Abbasbəyli ilə birlikdə duet oxumuşduz. Davamı olacaq?

- Fərid üçün çox mahnı işləmişəm. Amma indi 6 yaşı var, məktəbə gedir. Qəmli notlarla uşağı bir də efirə çıxarmaq istəmirəm. Yeni bir şey istəyərəm olsun.

- Sonda bu il ölkəmizdə keçiriləcək “Eurovision” haqda nə deyə bilərsiniz?

- Elə bu müsabiqə ilə bağlı bizim də tədbirlərimiz, konsertlərimiz çox olur. Musiqiləri dinləmişəm. Yaxşı ifalar var. Ölkəmizin də mahnısı gözəldir. Uğurlar arzulayıram. Eldarla Nigara da təşəkkür üdirəm ki, öz qələbələri ilə ölkəmiə uğur gətirdilər.

 

 

Aygün

 

Üç nöqtə.- 2012.- 19 may.- S.13.