Regionların inkişafı şəhərlərə köçün qarşısını alar

 

Bazar iqtisadiyyatına əsaslanan siyasət urbanizasiyanın sürətini tələb və təklif qanununa görə tənzimləyir

 

Müasir dövrün ən aktual məsələlərindən olan urbanizasiyanın ümumilikdə həm müsbət, həm də mənfi cəhətləri var

 

Müasir dövrün ən aktual məsələlərindən olan urbanizasiyanın ümumilikdə  həm müsbət, həm də mənfi cəhətləri var. Şəhərlərin böyüməsi nəticəsində şəhər həyatının müxtəlif sahələrində yaranan çətinliklərlə şəhər həyatının yaşanmaz hala gəlməsi insanlarda psixoloji gərginliyə səbəb olur. Dörd bir tərəfdən hündür və nəhəng binaların əhatəsində sıxılaraq təbiətdən və təbii mühitdən ayrı qalan insanlar estetik zövqdən, təbiilikdən uzaqlaşır. Tibbi təminatın yetərsizliyi nəticəsində xəstəliklərin artma ehtimalı çoxaldır.  İşsizlik problemi yoxsulluq dərəcəsini artıra bilər ki, bu da ölüm nisbətinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə mənzil ehtiyacının tam ödənə bilməməsi nəticəsində yaranan «gecəqondu”ların yerləşdiyi ərazilərdə torpaq spekulyasiyası arta bilər. Lakin planlı və nəzarət altında aparılan, düzgün siyasətə əsaslanan urbanizasiyanın bir çox müsbət cəhətləri də vardır. Məsələn, elm və texnikanın səviyyəsi yüksəlir, kəşflərin sayı artır, mədəniyyət və incəsənətin səviyyəsi yüksəlir, ticarət və nəqliyyat inkişaf edir, istehsal edilən əmtəə və xidmətlərin keyfiyyəti artır, fikir mübadilələrində axıcılıq və canlanma yaranır. Göründüyü kimi urbanizasiyanın həm müsbət, həm də mənfi cəhədləri var.

Ümumiyyətlə, mənfi təsirlərin qarşısını almaq, urbanizasiya prosesini müsbət yöndə dəyişmək və onun iqtisadi inkişafın təminatçısına çevirmək üçün ölkələr müxtəlif urbanizasiya siyasətləri hazırlayaraq həyata keçirirlər. Urbanizasiya siyasəti, kəndlərdən şəhərlərə əhali axınının sürətini, şəklini, coğrafi yayılmasını, ölkənin inkişafına xidmət edəcək tərzdə dəyişdirəcək fəaliyyətlərin bütünüdür. Müxtəlif ölkələr malik olduqları social- mədəni, iqtisadi, coğrafi, demoqrafik quruluşlarına görə müxtəlif urbanizasiya siyasətləri yürütsələr də, ümumilikdə, bir neçə ortaq urbanizasiya siyasətindən bəhs etmək mümkündür. Bura sərbəst bazar iqtisadiyyatına əsaslanan siyasət,  kənd əhalisini kənddə saxlamağa istiqamətlənən siyasət, genişləndirmə siyasəti, metropol (böyük şəhər) qurma siyasəti, orta yol siyasəti və s.daxildir.

Azərbaycan əsasən bazar iqtisadiyyatına əsaslanan siyasətə üstünlük verir. Bu siyasət urbanizasiyanın sürətini tələb və təklif qanununa görə tənzimləyir. Bu istiqatdə Azərbaycanda ciddi işlər görülür. Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə, regionlardan iri şəhərlərə axın azalmağa başlayıb.

Xatırladaq ki, regionların inkişafı ilə bağlı birinci proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Birinci proqramın həyata keçirildiyi dövrdə, yəni 2004-2008-ci illərdə ölkədə 760 min yeni iş yeri açılıb. Bu da regionlarda həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edib. Beləliklə, 2004-cü ildə qəbul edilmiş proqram regionların iqtisadi inkişafına təkan verib. 2009-cu ilin əvvəlində isə Proqramın yeni dövrü başlayıb. Artıq regionların inkişafı ilə bağlı ikinci proqram qəbul edilib. Bu Proqramın əsas istiqaməti də yenə bölgələrin inkişafına yönəldilib. Artıq dörd ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Birinci mərhələdə əsas istiqamət biznes imkanlarının genişlənməsinə, sənaye potensialının formalaşmasına yönəldilib. Ondan sonrakı mərhələdə regionlarda infrastruktur layihələrinin icrası prosesi başlayıb. Bu da çox geniş bir istiqamətdir. Bura regionlarda həm yollar, həm elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri daxildir. İndiki proqramda bütün bu məsələlər öz əksini tapıb. Digər istiqamət sosial infrastruktur ilə bağlıdır. Bu günədək 3 mindən artıq məktəb tikilib və ya bərpa edilib. Səhiyyə infrastrukturunun yaradılmasına da böyük önəm verilib. Azərbaycanda 400-dən artıq müasir tibb ocağı yaradılıb. Onların bir çoxu rayonlarda inşaa edilib. Magistral yolların inkişafı da böyük əhəmiyyətə malik idi. Çünki yollarımız çox bərbad vəziyyətdə idi. Hazırda böyük su-kanalizasiya layihələri icra olunur ki, bu, bütün ölkəni əhatə edir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə 150,0 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidənqurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 154,0 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 156,0 milyon manat vəsait yönəldilib. Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 348,0 milyon manat məbləğində vəsait istifadə edilib. Ümumiyyətlə, regionların su təchizatında ciddi dəyişikliklər olub. Bu layihələr sırf sosialyönümlüdür. Əgər elektrik enerjisinin təchizatı ilə bağlı verilən göstərişlər həm sosialyönümlü, həm biznesyönümlüdürsə, su layihələri sırf sosial məna daşıyır. İndi imkanımız var ki, sosial infrastrukturun yaradılmasına daha da böyük həcmdə vəsait qoyaq. Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə regionlardakı sahibkarlara güzəştli şərtlərlə kredit verilir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Kənd təsərrüfatı ilə məşğul olan fermerlərə  gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Hər hektar taxıl əkini üçün vəsait verilir. Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. “Azərbaycan Respublikası regionlarının Beləliklə, Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayıb.

Yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilmiş görüşlərdə qaldırılmış məsələləri nəzərə alaraq, müvafiq rayonların inkişafı ilə bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin ayrılması barədə Azərbaycan Prezidenti 40 Sərəncam imzalayıb. Ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılıb. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlayıb və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları qəbul edildikdən bəri 2 milyondan artıq iş yerləri açılıbki, onların da əksəriyyəti regionlardadır.

Xatırladaq ki, 2012-ci ilin son altı ayda Prezidentin Ehtiyat Fondundan müxtəlif şəhər və rayonlarda bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 133 milyon manat vəsaitinin ayrıldığını, son iki ildə kəndlərarası yolların təmirinə 215 milyon manat vəsait xərclənib. Görülən işlər isə regionlarda əhalinin işlə təminatında, həyat şəraitinin yaxşılaşdırılmasında, onların sosial təminatında mühüm rol oynayır. Aydındır ki, bu şəraitlə təmin olunan insanlar iri şəhərlərə köç etməkdə maraqlı olmur.

Bəzi ölkələr isə  kəndlərin inkişafını təmin etməklə, torpaq islahatları, kənd təsərrüfatı islahatları aparmaqla kəndlinin kəndində qalmasını təmin edən siyasət tətbiq edirlər. Azərbaycanda da bu istiqamətdə işlər görülür. Torpaq sahələri özəlləşdirilib. İndi iri təsərrüfatların yaradılması istiqamətində fəaliyyətlər artıb. Kənd təsərrüfatı məsullarının emalı müəssisələrinin sayı hər il artır. Yuxarıda qeyd etdiyimiz kimi, fermerlər bir sıra güzəştlərlə təmin edilib. Onların maliyyə mənbələrinə çıxışı asanlaşdırılıb və torpaq vergisindən başqa digər vergilərdən azad olunublar. Bunlar isə regionlarda əhalinin köçünün qarşısını almağa başlayıb.

 

 

Üç nöqtə. – 2012. – 20 noyabr. – S. 9.