Milli Məclis Azərbaycanın Türkiyə ilə qaz sazişlərini təsdiqlədi

 

Rövnəq Abdullayev "Gürcüstan problemi"nə dair iddiaları təxribat adlandırıb

 

Milli Məclis Qəbələ şəhərinin ərazisini böyütdü

 

Noyabrın 20-də Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Saziş sənədi müzakirə olunub. Müzakirələrdən sonra sənəd 107 səslə qəbul olunub. Daha sonra  "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" (TANAP) saziş müzakirə olunub. Milli Məclis sənədi 102 səslə təsdiqləyib. Sazişdə göstərilir ki, Azərbaycan  Türkiyəni ilkin olaraq “Şahdəniz”in ikinci mərhələsindən 6 milyard kubmetr təbii qazla təmin etməyi, Türkiyə tərəfi isə Azərbaycandan illik olaraq 6 milyard kubmetrə qədər ikinci mərhələ qazını satın almağa dair öhdəlik götürüblər. Bu sazişə əsasən, Azərbaycandan Türkiyəyə nəql edilən qaz Türkiyə tərəfindən üçüncü ölkələrə ixrac edilə bilər.

«Bu saziş Azərbaycan qazının Avropaya çıxarılması üçün mühüm addımdır”, – deyə vitse-spiker Valeh Ələsgərov bildirib. O, daha sonra  deyib ki, qaz Azərbaycanın təbii sərvəti olduğuna görə, bu qazın satışı ilə bağlı digər məsələlərin tənzimlənməsində Azərbaycan nəzarət hüququnu saxlayır.

Sözügedən sənədlərlə bağlı çıxış edən ARDNŞ-in prezidenti, deputat Rövnəq Abdullayev Gürcüstanla Azərbaycan münasibətlərində hansısa gərginliyin yaranması ilə bağlı yazıları “təxribatçı yazılar” adlandırıb. O bu cür iddialara əhəmiyyət verməməyə çağırıb: “Gürcüstanın yeni hakimiyyəti Azərbaycanla işləmək niyyətindədir və İvanişvili Azərbaycanla münasibətlərində daha ciddi uğurlar əldə ediləcəyini bildirir. Baş nazir İvanişvili bildirib ki, yeni hakimiyyətlə, yeni nəsillərin yaranması ilə əlaqədar yaranmış boşluqdan istifadə edən kriminal dairələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı bir sıra mənfi hadisələr törədiblər və bunun qarşısı da artıq alınıb”, – deyə Rövnəq Abdullayev bildirib. ARDNŞ prezidenti qeyd edib ki, Gürcüstanın yeni hökuməti Azərbaycanla əlaqələri yüksək qiymətləndirir və Azərbaycanı aktiv izləmək niyyətindədirlər:  “Odur ki, bu məsələdə Azərbaycanla Gürcüstan arasında hansısa problemlərin olması haqqında deyilənlər həqiqəti əks etdirmir”. Torpaq məsələsinə toxunan R.Abdullayev bildirib ki, layihələrin ərazidən keçən boruları, bütün torpaqlar Bakı-Tiflis-Ceyhan şirkəti tərəfindən alınıb və şirkətə məxsusdur.

Müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov bildirib ki, Gürcüstanda yeni hakimiyyətin yaranması ilə orada yaşayan azərbaycanlılarla, ARDNŞ-lə bağlı mənfi münasibətlərin olması barədə bir sıra yazılar gedir:  “Həmin strateji layihələr də Gürcüstandan keçir. Layihələrin reallaşacağı torpaq sahələrini pulla almaq olar. Niyə biz bu torpaq sahələrini özəlləşdirməyək? Azərbaycanın buna imkanı çatır”. Vahid Əhmədov bildirib ki, həmin torpaq sahələrini Azərbaycan dövləti almalıdır. Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərov isə bildirib ki, Gürcüstanın guya, ARDNŞ-lə problemlərə üzləşdiyi barəsində deyilənlər yanlış fikirlərdir.

Gündəlikdə Azərbaycanla Tacikistan arasında müəllif hüququ ilə bağlı sazişin təsdiq edilməsi müzakirəyə çıxarılarkən bir sıra maraqlı məqamlar yaşanıb. Qanunun parlamentdə təqdimatından sonra deputat Astan Şahverdiyev bildirib ki, bəzi tacik ədəbiyyatşünasları dahi Azərbaycan şairi Nizami Gəncəvini tacik şairi kimi qələmə verirlər. Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirilməsi vacibdir. Nizami Gəncəvinin tacik şairi olub-olmadığı barədə mübahisələrə son qoymaq lazımdır. Daha sonra çıxış edən deputat Bəxtiyar Əliyev bildirib ki, Nizami Gəncəvinin Azərbaycan şairi olmasına heç bir şübhə yoxdur. “Belə ki, YUNESKO-nun keçirdiyi tədbirlərdə’ Nizami Gəncəvi Azərbaycan şairi kimi təqdim olunur. Bu heç kimdə şübhə doğurmamalıdır”, -deyə millət vəkili vurğulayıb.

Tarixçi-alim, deputat Gövhər Baxşəliyeva qeyd edib ki, sovet vaxtı fars-tacik ədəbiyyatı dövrü kimi qələmə verildiyindən bütün bu anlaşılmamazlıq da oradan qaynaqlanır. Deputatın fikrincə, İranda Nizamini fars şairi adlandırsalar da, Nizami Gəncəvi farsdilli böyük Azərbaycan şairidir.

G.Baxşəliyeva elmi əsərlərdə mövcud olan plagiatlıqdan danışıb və bildirib ki, müəlliflik hüququ ilə sənəd İran İslam Respublikası ilə də bağlanmalıdır. O bildirib ki, Azərbaycanın tanınmış ədiblərindən biri Nizami Gəncəvidən sonra Əşrəf Marağayinin “Divan”ını tapıb və onu təhlil edib. “Lakin 90-cı illərin əvvəllərində İrandan gələn alim Bayram Sadiqi azərbaycanlı alimdən həmin əsəri İranda çap etmək adı ilə götürüb və bundan sonra ondan heç bir səs-soraq çıxmayıb. Sonrada isə o, kitabı İranda öz imzası ilə çap etdirib”. Deputat qeyd edib ki, İranla müəllif hüquqları ilə bağlı rəsmi anlaşma olmadığından bu məsələ açıq qalır. “Buna görə mən müəllif hüququ ilə bağlı məsələlərə diqqət yetirməyə çağırıram”.

Deputat Aqil Abbas da qeyd edib ki, müəllif hüquqları ilə bağlı məsələ ciddidir. Millət vəkilinin sözlərinə görə, Türkiyə ilə də Azərbaycan arasında müəllif hüquqlarının qorunmasına dair saziş imzalanmalıdır. “Türkiyədə Azərbaycan alimlərinin əsərləri çap olunursa, bir çox hallarda oğurluq faktları baş verir. Müəllif hüquqları ilə bağlı məsələ öz həllini tapmalıdır. Sovet dövründə hər hansı alimin kitabı başqa ölkədə çıxanda həmin alimə pul ödənilirdi. Bu baxımdan Türkiyə ilə də müqavilə başlanmalıdır. Çünki biz onların, onlar da bizim hüquqlarımızı pozurlar”, - deyə A.Abbas bildirib.

Deputat Musa Quliyev isə Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsinin heç bir əsası olmadığını bildirib. O, qeyd edib ki, Gəncədə Nizaminin yubileyi zamanı keçirilən tədbirdə Tacikistanın baş nazirinin adından oxunan məktubda Nizami Gəncəvi böyük Azərbaycan şairi kimi qələmə verilib. Müzakirələrdən sonra sənədlər qəbul olunub.

Milli Məclisin iclasında “Ərazi quruluşuinzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi də müzakirə olunub. Layihə barədə MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. O deyib ki, qanuna təklif olunan dəyişikliklərin əsas məğzi yeni inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və ya adlarının dəyişdirilməsi, eləcə də sərhədlərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyə əsasən, şəhərlərin yaradılması mexanizmi də sadələşdirilir. Qanunun qəbulu ilə bir neçə kənd və ya qəsəbəni birləşdirərək şəhər yaratmaq mümkün olacaq. A.Rəhimzadə deyib ki, bu, həmin inzibati ərazi vahidlərinin inkişafı, yeni infrastrukturların yaradılması baxımından çox əhəmiyyətlidir. Qeyd olunub ki, yeni yaradılan rayon inzibati ərazi vahidləri onların mərkəzi olan ərazi vahidinin adlarına, şəhər və şəhər rayonları isə onların əhatə etdikləri ərazidə mövcud olan ərazi vahidlərinin birinin adına uyğun olaraq adlandırılacaq. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılıb. Milli Məclisin bu layihəni təsdiqləməsilə Qəbələ şəhərinin ərazisi böyüyüb. Belə ki, dəyişikliyə əsasən, Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən 144,97 ha və Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan 1950,35 ha torpaq sahəsi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Qəbələ şəhərinin inzibati ərazisinə verilib.

 

 

Elməddin MURADLI

 

Üç nöqtə. – 2012.- 21 noyabr. – S. 3.