“Kaliforniyada Azərbaycan
muğam ayı” keçirilib
Aytən Məhərrəmova “Sanki Azərbaycan musiqisinə ac
idilər”
II Respublika muğam müsabiqəsinin qalibi
xanəndə Aytən Məhərrəmova Amerikada
keçirilən muğam ayında iştirak edib. Səfər
təəssüratlarını “Üç
nöqtə” ilə bölüşən xanəndə bildirdi ki, 16 gün ərzində Amerikanın bir neçə şəhərində konsert veriblər: “Kaliforniyada
keçirilən “Muğam ayında” iştirak etdik.
Amerikanın bir neçə şəhərində
konsertlərimiz oldu. San-Fransiskoda
keçirilən San-Fransisko Dünya opera Musiqisi Festivalında iştirak
etdik. Dünyanın müxtəlif ölkələri
öz operası ilə
çıxış etdi. Azərbaycandan
isə “Leyli və Məcnun” nümayiş olundu.
İfaçılar isə Vüsalə Musayeva
və İlkin Əhmədov idi. Çox qəribə olsa da, mən festivalda Koreya operasında
iştirak etdim.
Operanın məzmunu belə idi ki, ata qızını itirir. Mən qız rolunda
çıxış edirdim. Ata rolunu isə koreyalı
aktyor ifa edirdi. Mən ona
muğamlarımızla cavab verirdim. İmamyar Həsənov
(kamança), Rüfət Həsənov (tar) və Elşən Qasımov (nağara) bizimlə birlikdə iştirak
etdi. Çin, Hindistan, Cənubi Koreya və
ABŞ musiqiçilərindən ibarət orkestr
“Leyli və Məcnun”un partiyalarını
bizim musiqiçilərimizlə bərabər
ifa edirdilər. Onların alətlərində
bizim musiqinin ifa edilməsi maraqlı alındı. Eləcə
də onların musiqilərini bizim
musiqiçilərimiz ifa edirdilər. Daha sonra Los-Ancelesə
qayıtdıq. Burda da
böyük bir tədbir
keçirildi. Burda
Los-Ancelesdəki baş konsulumuz
Nəsimi Ağayev işğal
altında olan torpaqlarımızla
bağlı məsələni ortaya qoydu. Ermənilər konsertlərimizdən birində
mitinq keçirməyə cəhd etdilər.
Lakin konsulluğumuz bunun qarşısını aldı. Konsertə
maneçilik törədə bilmədilər”.
“Orda
olan coşqunu sözlə
ifadə etmək mümkün deyil. Ağzımızdan çıxan hər
kəlməyə reaksiya verirdilər. Sanki Azərbaycan musiqisinə ac
idilər. Belə yerdə deyilir ki, musiqinin dili
yoxdur və onu hər
kəs başa düşə bilir. Konsertimizə gələn amerikalı bir vətəndaş dedi ki, dostuna deyib
ki, dünyada eşitmədiyin
bir musiqi dinləmək
istəyirsənsə, Azərbaycan muğamını dinlə.
Festivalda bir çox opera səsləndi.
Amma mənə elə gəlir ki, bizim opera
qədər iz qoyanı olmadı. Mən bu operanı bir
tamaşaçı kimi izlədim. Və
fəxr edirəm ki, mən azərbaycanlıyam
və Azərbaycan musiqisini, mədəniyyətini
təbliğ edirəm” – deyə xanəndə bildirdi.
Aygün
Asimqızı
Üç
nöqtə. – 2012. – 21 noyabr. –S. 13.