Fikrət Əmirovun 90 illik yubileyi qeyd olunur

 

Səadət Təhmirazqızı: “bəstəkarın yaradıcılığında elə bir əsər yoxdur ki, kökü milliliyə bağlı olmasın”

 

 Bu gün Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Fikrət Əmirovun doğum günüdür. 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunan bəstəkarımız haqda musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Üç nöqtə”yə danışdı. Bəstəkarın musiqi tariximizdəki rolunun böyük olduğunu bildirdi: “Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylidir və ondan sonra gələn nəsil də həmin ənənəni davam etdirib. Birincilər sırasında Fikrət Əmirovun da adını qeyd etmək olar. Milli musiqimizə dərindən bələd olan bəstəkar bu biliyinin sayəsində professional sənət əsərləri yaradıb. Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. Onun milli musiqiyə bələd olması və yaradıcılığında xalq musiqisinin geniş yer almasının bir səbəbi istedadı və milli musiqiyə bağlılığıdırsa, digər səbəblərdən birionun böyüdüyü mühitlə bağlıdır. Çünki o Azərbaycanın görkəmli sənətkarı, həm tarzən, həm xanəndə olmuş Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib. Və bu da onun musiqi ilə bağlılığını daha da artırıb. Fikrət Əmirov atasını tez itirsə də, daxilindəki musiqi eşqi onu bu sahədən ayırmır. Konservatoriyada bəstəkarlıqdan Boris Zeydman, xalq musiqisinin əsaslarından isə Üzeyir Hacıbəylidən dərs alan Fikrət Əmirovun yaradıcılığında elə bir əsər yoxdur ki, kökü milliliyə bağlı olmasın. F.Əmirov ümumilikdə dünya musiqisi üçün önəmli bəstəkardır. OnunSevil” operası sanki Üzeyir Hacıbəylinin “Koroğlu” operasından sonrakı boşluğu doldurdu. Həm də Azərbaycanda ilk lirik-psixoloji operadır. F.Əmirov Azərbaycanda simfonik muğam janrının əsasını qoyub. Onu fərqli edən cəhətlərdən biripoeziyaya bağlılığı idi. O öz fikirlərini yalnız musiqi ilə deyil, sözlə də ifadə edə bilib. O Nizami irsinə böyük önəm verirdi. Onun ilk əsəri Nizami simfoniyası olub. Bəlkə də bu bir təsadüfdür ki, onun son baleti də Nizamiyə həsr olunub”.

Musiqişünas qeyd etdi ki, yaxın günlərdə F.Əmirov haqda onun kitabı işıq üzü görəcək: “Bu il prezident İlham Əliyevin sərəncamı ilə bəstəkarın yubileyi dövlət səviyyəsində qeyd olunur. Yubileylə bağlı keçirilən tədbirlər sırasında Bəstəkarlar İttifaqının da ideyaları üstünlük təşkil edir. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə təklif etdi ki, F.Əmirov haqda monoqrafiya yazım. Çox xoşbəxtəm ki, dahi bəstəkarımız haqda kitab yazmaq mənə həvalə olunub. Kitab mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunur. Yaxın vaxtlarda yəqin ki, hazır olacaq. Azərbaycan telefilm yaradıcılıq birliyində mənim ssenarim əsasında F.Əmirov yaradıcılığı haqda sənədli televiziya filmi çəkildi. Kitabda və filmdə çalışmışam ki, F.Əmirov yaradıcılıq irsini dolğunluqla təqdim edim. Kitab həm musiqi ictimaiyyəti, həm də oxucu üçün nəzərdə tutulub. Kitabda F.Əmirovun həyatı, yaradıcılığı, əsərləri, onun haqqında məşhur sənətkarların söylədiyi fikirlər və bəstəkarın öz məqalələri yer alıb. Çalışmışam ki kitabı oxuyan hər kəs burdan istədiyi məlumatı əldə edə bilsin”.

“Bəstəkarın doğum günü münasibətilə noyabrın 22-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Fikrət Əmirov-90" Musiqi Festivalı keçiriləcək. Festivalın keçirilməsi F.Əmirov yaradıcılığına olan dövlət qayğısıdır. Belə görkəmli bir sənətkarı xalqa geniş şəkildə təqdim etmək bizim mənəvi borcumuzdur. Musiqi sahəsində çalışan şəxs kimi çox şadam ki, dövlətimiz sənətkarları qayğısından kənarda qoymur” – deyə Səadət xanım bildirdi.

Qeyd edək ki, F.Əmirov 1984-cü il  fevralın 20-də Bakıda dünyasını dəyişib.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə. – 2012. – 22 noyabr. – S. 13.