Urbanizasiya və
ekoloji problem
Zəngin təbii sərvətlər
onun ətrafında çoxlu
sayda insanların məskunlaşmasına
səbəb olur
Şəhər yerlərində məskunlaşmış
müvəqqəti məcburi köçkünlər sosial-ictimai həyat tərzini dəyişməli
olublar
Ermənistan-Azərbaycan
müharibəsindən Azərbaycan ərazisinin 20 faizindən
çoxu (17min kv.m) işğal altında, bir milyon Azərbaycan
vətəndaşı öz torpaqlarında qaçqın vəziyyətindədir.
Məlumdur ki, qaçqın və məcburi
köçkünlərin məcburiyyət
qarşısında tərk etdikləri daimi yaşayış
yerləri onların formalaşmasında, təşəkkül
tapmasında bilavasitə həlledici təsirə malik olub.
Qaçqınların əsas məşğuliyyəti
üçün kənd təsərrüfatı, əkinçilik,
maldarlıq səciyyəvi olub. Son dövrlərdə
onların həyat tərzi istər forma, istərsə də
məzmunca dəyişib. Təbii mühitə, torpağa
bağlı insanlar, əsasən, şəhərlərdə,
şəhər tipli qəsəbələrdə yerləşdikləri
üçün kənd təsərrüfatından
uzaqlaşıblar.
Şəhər yerlərində məskunlaşmış
müvəqqəti məcburi köçkünlər
sosial-ictimai həyat tərzini dəyişməli olublar. Necə
deyərlər insan təbii kompleksin ayrılmaz hissəsi
olmaqla mühitə qarşı münasibətdə müəyyən
mənada rəqib rolunu oynasa da, o, mühitin tələblərinə
tabe olaraq məskunlaşdığı ərazinin iqliminə
və şəraitinə uyğun şəkildə öz həyat
tərzini dəyişir.
Qaçqınların böyük hissəsinin
iri şəhərlərdə mərkəzləşməsi
ilə bağlı urbanizasiya problemləri, elmi texniki tərəqqinin
doğurduğu sosial-mənəvi nəticələr ictimai həyatın
bütün sahələrində kəskin şəkildə
özünü büruzə verir. Bu proseslə bağlı mənzil,
işsizlik, xidmət, ekologiya və s. sahələrdə həlli
çox mürəkkəb problemlər yaradır. Bu problemlər
isə öz növbəsində əhalinin demoqrafik vəziyyətinin
əsas göstəriciləri kimi doğum, təbii artım səviyyəsinin
tədricən aşağı düşməsinə, bir
yaşınadək və bir yaşından yuxarı
uşaqlar arasında ölüm səviyyəsinin artmasına
səbəb olur.
Əhalinin
sağlamlığı sahəsində, milli
genefondumuz sahəsində
narahatçılıq doğuran digər
səbəb məcburi köçkünlər arasında ana ölümünün
artması tendensiyasıdır. Düzdür,
son illərdə bu ölüm halları azalıb, lakin bu gündə onlar arasında ölüm
halları inkişaf etmiş
ölkələrlə müqayisədə yüksəkdir. Demoqrafik vəziyyətin
inkişaf meyllərini səciyyələndirən
ən mühüm göstəricilərdən
digəri isə əhalinin nikah və boşanma səviyyəsindən
asılıdır. Bu sahədə mövcud olan problemlərin, belə demək
mümkündürsə, ən yenisi Azərbaycan
mentalitetinə xas olmayan
belə bir haldır ki,
hazırda 25-29 yaşlı gənclərin arasında
subayların sayına görə respublikamız MDB ölkələri
arasında ilk yerlərdən birini tutur. Xüsusilə
məcburi köçkünlər arasında bu
yaşda olanlar çoxdur. Halbuki, onlar yaşadıqları rayonlarda
daha tez evlənirdilər
və bu yaşda
olanların bir və ya
iki uşağı olurdu.
Bu isə demoqrafik
göstəricilərə müsbət təsir edirdi. Lakin Erməni-Azərbaycan
müharibəsindən sonra vəziyyət
dəyişib. Əsasən şəhərlərdə məskunlaşan
məcburi köçkünlər bir
sıra problemlərlə qarşılaşdığından
gec ailə qurmalı olurlar.
Bu ailələrdə uşaqların
sayında da azalma
müşahidə olur. Əgər
münaqişədən əvvəl bu
ailələrdə orta hesabla
6-7 uşaq olurdusa, indi ən yaxşı halda
bu 2-3 uşaq normal sayılır. Göründüyü
kimi doğum kəskin
azalıb. Bu isə demoqrafik
göstəricilərə təsir edir.
Bütün bunlar erməni
təcavüzünün demoqrafik duruma göstərdiyi acınacaqlı nəticələrdir,
hazırda demoqrafik vəziyyətin
göstəriciləri sayıla bilən ən mühüm
amillərdən biri də əhalinin
miqrasiyasıdır. Bu qaçqınlar və
kənd əhalisinin miqrasiyası, yəni urbanizasiyanın ekstensiv inkişafı prosesi
hesabına baş verib.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü
nəticəsində hər şeyi
sıfırdan başlamağa məcbur olan, psixoloji sarsıntı
keçirən insan axını miqrasiya prosesini tənzimləməyə
imkan verməyib. Nəticədə
bu prosesin kortəbii inkişaf şəklində davam
etməsi təbiətimizi və iqtisadiyyatımızı
müstəqilliyimizin ilk dövrlərində
acınacaqlı hala saldı. Məcburi
köçkünlərin çoxunun Abşeron iqtisadi rayonuna axını da orada iqtisadi imkanların geniş olması ilə bağlı idi. Hazırda respublikanın sosial-mədəni
fondunun 70 faizinin və
iqtisadi imkanlarının yarıdan çoxunun Abşeron iqtisadi rayonunda yerləşməsi oranı daha cəlbedici
edir. Bu isə regionda urbanizasiya səviyyəsinin
yüksəlməsi ilə özünü
göstərdi. Məsələn: Bakı, Sumqayıt və Abşeron rayonunda xidmət
sahələri bu gün
təqribən iki milyon
adama xidmət etmək gücünə malikdir. Hazırda isə bu
regionlarda dörd milyona yaxın adam cəmləşib.
Bu, Azərbaycan əhalisinin 40 faizdən çoxunun burada məskunlaşmasından
xəbər verir. Bu
isə istər demoqrafik, istərsə də
ekoloji cəhətdən qətiyyən məqsədə
müvafiq deyil. Bu cür intensiv
axınlar həmin rayonlarda onsuz da dözülməz olan ekoloji şəraiti son həddə çatdırıb. Xüsusilə,
əhalinin Xəzər dənizi sahilində məskunlaşması
dənizin çirklənməsi və bununla
əlaqədar ekoloji şəraitin
korlanmasına səbəb olub. Zəngin təbii
sərvətləri və müalicə əhəmiyyəti
tarixən onun ətrafında çoxlu sayda
insanların məskunlaşmasına səbəb olub. Xəzər dənizinin əsas
çirklənmə mənbələri isə onun hövzəsində, sahillərində və
akvatoriyalarında yerləşən şəhərlərin və
sənaye obyektlərinin çirkab
suları, dəniz nəqliyyatından və neft
mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.
Hazırda Azərbaycanın Xəzər sahili
zonalarda 5 milyona qədər
əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də
balıqçılıqla) bağlıdır. Dünyanın
ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşib. Xəzərin varidatı bununla tükənmir. Neft-qaz
ehtiyatı potensialına görə də o,
dünyanın ən iri karbohidrogen
xammalı mərkəzlərindən biridir.
Ona
görə də onun sahilində əhalinin
sıxlığı daha yüksəkdir.
Ölkə əhalisi də istər məcburi
köçkünlər olsun, istərsə
də digər rayonların sakinləri olsun
birinci növbədə bura
köçməyə üstünlük
veriblər. Əhalinin onun ətrafına
yığılması isə onun
ekologiyasına mənfi təsir edir.
Aydındır ki, bu region həddindən artıq yüklənib.
Regionun torpaq sahələri də bir
çox səbəbdən yararsız vəziyyətə
düşüb. Əgər bu torpaq sahələri əkinə
yararlı olsa idi
Bakını və ətraf qəsəbələri ərzaqla
təmin edə bilərdi. Bu həm də
əhalinin işlə təminatında rol
oynaya bilərdi. Amma torpaq sahələrinin çox
hissəsi yararsızdır. Onun təmizlənməsinə isə hökumət
milyonlarla manat xərcləyir.
Aydındır ki, məcburi köçkünlərin müəyyən
bir hissəsi isə respublikamızın bəzi
rayonlarında salınmış yaşayış məntəqələrində
yaşayırlar. Bu onların
yaşayış şəraitinin xeyli
yaxşılaşmasına səbəb olub.
Amma dağ
rayonlarından məcburi köçkünlər yeni yerlərdə iqlimə asanlıqla uyğunlaşa bilmirlər. Bu
səbəbdən də yaşlılar arasında ölüm səviyyəsi yüksək olaraq qalır.
Bütün bunlar erməni
təcavüzünün cəmiyyətimizə və təbiətimizə
vurduğu ağır yaraların nəticəsidir.
Erməni işğalı bir
milyona qədər
soydaşımızı həyatın dəhşətləri
qarşısında gücsüzlüklərini dərk etmələrinə,
həyatları boyu qazandıqları hər
şeyi bir anın
içərisində itirib, xilas olmaq üçün
dərbədər olmağa vadar edib. Öz
xəstə millətçiliyinin əsiri olan Ermənistan Azərbaycana olan
torpaq iddiası ilə milyondan
artıq insanın həyatını cəhənnəmə çevirib. Həyatın çətinliklərindən
doğan sadə bir məntiq problemdən
çıxış yolunu yalnız və yalnız
torpaqlarımızın geri qaytarılmasında tapır. Bu
demoqrafiya göstəricilərinə də müsbət təsir
edərdi. Azərbaycan buna nail olacaq.
Üç
nöqtə. – 2012. – 24 noyabr. – S. 8.