“Leyli rolunu
oynamağı xəyal edirdim”
Vüsalə
Musayeva: “Muğam bütün insanlara musiqinin gücü ilə
təsir edə bilir”
Azərbaycan
opera səhnəsinə gələn gənclər
qarşılarına məqsəd qoyurlar ki, gələcəkdə
Leyli obrazını canlandırsınlar. “Şənbə
qonağı”mız olan Opera və Balet Teatrının solisti
Vüsalə Musayevanın arzusu heç olmasa xorda ifa etmək
olsa da, səhnəyə ilk olaraq xəyallarında
canlandırdığı Leyli obrazı ilə
çıxır. Bu yaxınlarda isə “Kaliforniyada Azərbaycan
Muğam Ayı”nda iştirak edən Vüsalə xanım Amerikada
ilk dəfə səhnəyə qoyulan “Leyli və Məcnun”
operasında Leyli obrazını canlandırıb. “Muğam o qədər
dərin mənaya malik musiqidir ki, bütün insanlara musiqinin
gücü ilə təsir edə bilir” – deyən Vüsalə
Musayevadan aldığımız müsahibəni sizlərə
təqdim edirik.
- Səhnəmizin gənc Leylisinin
muğama və teatra gəlişi nə vaxta təsadüf
edir?
- Uşaqlıqdan musiqiyə həvəsim
olsa da, səhnəyə bir az gec gəlmişəm.
Uşaqlıq oxumağı təbii ki başqa şeydi. Mən
əslən qarabağlıyam. Atam da anam da
Ağdamlıdı. Mən Ağdamda doğulmuşam, 6
yaşıma kimi orda yaşamışıq.
Köçkün kimi Bakıya gələrkən yer dəyişikliyinə
görə çətinliyimiz oldu. O zamanlar baş
qarışıq idi, heç kim heç kimi
tanımırdı. 9 yaşımda evdəkilər hiss etdilər
ki, oxumağa həvəsim var. Heç vaxt ağlıma gəlməzdi
ki, nə vaxtsa xanəndə olaram. Həvəsim olduğuna
görə oxuyurdum, amma bunu səhnə üçün
fikirləşmirdim. Orta məktəblərdə musiqi
müsabiqələrinə gedirdim. Sırf musiqi təhsilinə
isə 14 yaşımdan sonra başlamışam. İlk
müəllimim xalq artisti Firuz Səxavət olub və ondan
muğamdan təhsil almışam. Amma yenə də musiqiyə
həvəs olaraq yanaşırdım. Musiqi təhsilim olsun
deyə gedirdim. Eyni zamanda orta məktəbdə Xarici Dillər
Universitetinə hazırlaşırdım. Rəhmətlik atam
mənim bir xanəndə kimi yetişməyimə razı
olmurdu. Deyirdi qız nədi, oxumaq nədi. Müəllimələrim
ailəmə dedilər ki, uşaqdır də gəlir. Orta məktəbdə
yaxşı oxusa da, bunun həvəsi musiqiyədir. Yenə də
atam razılıq vermədi. Sonra nənəmin müdaxiləsi
nəticəsində təhsilimi musiqi üzrə davam etdirməyimə
atam razılıq verdi. 11-ci sinifi bitirəndən sonra tam qərara
gəldim ki, musiqiyə getməliyəm. Mənə dedilər
ki, ilk öncə musiqi kollecində təhsil almalıyam.
İmtahan verdim və Asəf Zeynallı adına musiqi kollecinə
qəbul olundum. Orda isə müəllimim xalq artisti Nəzakət
Teymurova oldu. Və yavaş-yavaş davam etdim. Sonra müsabiqələr
başladı. Space televiziyasının Üzeyir Hacıbəylinin
120 illiyi münasibətilə keçirdiyi muğam müsabiqəsinə
evdəkilərdən xəbərsiz sənədlərimi
verdim. Tam ümidim yox idi ki, keçərəm. 1-ci kursda
oxuyurdum deyə hələ muğamlarımızı
yaxşı bilmirdim. Təhsilim yox idi deyə qorxa-qorxa
vermişdim. Allah dualarımı eşitdi və müsabiqəyə
qəbul olundum. Müsabiqə sms-lə olsa da
tanınmağımızda böyük rol oynadı. Mən
kolleci qurtaran ili də Opera və Balet teatrı imtahan yolu ilə
gənclərin qəbuluna başladı. Bu zaman mən və
İlkin Əhmədov seçildik. Bizdən öncə də
müsabiqənin qalibi Təyyar Bayramov olmuşdu. O Şah
İsmayıl rolu üçün seçilmişdi.
- Birbaşa baş rolu sizə hansı
bacarığınıza görə veriblər?
- Leyli və Məcnun obrazını
canlandıracaq iştirakçı seçərkən səs
və görünüşlə yanaşı, ilk öncə
ifaçının plastikasına da diqqət edirlər.
Bütün hallarda rejissorlar aktyorların plastikasına fikir
verirlər. Rejissor bilir ki, ona obrazı onun istədiyi kimi ifa
edəcək və dediklərinə əməl edəcək
iştirakçı lazımdır. Bundan başqa da həvəs
olmalıdır. Yəqin ki, İlkin və mən onları
hardasa qane etmişik ki bizi seçiblər. Təbii ki, bizimlə
bitmir və bizdən sonra da gələn var və davamı
olacaq.
- Sonradan da epizodik rollarda
çıxış etməmisiz?
- Həmişə teatra gəlib
tamaşaçı kimi müəllimənin
tamaşasına baxanda arzulayırdım ki, heç olmasa
operada xorda ifa edim. Leyli rolunu oynamağı xəyal edirdim. Elə
oldu ki, dənizə tor atdım və toruma ilk olaraq
qızıl balıq düşdü. İlk dəfə mənə
Leyli rolu təklif olundu. Epizodik rollarda çıxış
etməmişəm. Opera səhnəsində Leyli, Əsli və
Şahsənəm rollarında çıxış edirəm.
- Hansısa bir rola hazırlıq nə qədər
vaxtınızı aparır?
- İlk obrazım “Leyli” üçün
on aya yaxın məşqlərimiz oldu. Səhnəyə
çıxmaq üçün Leylini özümdə hiss etməliydim.
Onlar hiss edəndə ki, buna hazırıq və səhnəyə
çıxmaq üçün bu cəsarət bizdə var,
sonra icazə verdilər. O cür gözəl tamaşanı
böyük xanəndələrimizin ifasında eşidən
tamaşaçıların qarşısında
çıxış etmək böyük məsuliyyət
idi. Çalışdıq ki, tamaşanı izləyənlər
deməsinlər ki, nə günə qoydular. Ən azından
biz ustadlarımızın yolunu davam etdiririk və istəmirik
ki, bizə görə onlara söz gəlsin. Heç bir
müəllim də istəməz ki, tələbəsi haqda
yaxşı olmayan sözlər danışılsın. 2
aydan sonra da deyə bilərdik ki, hazırıq. Daxilən
Leylini oynamağa hazır olmalıydım ki, səhnədə
rolu istədiyim kimi canlandıra bilim. Reklam, imic xatirinə, bu
gün oynadın sabah qaçım efirlərdə, digər mətbuat
orqanlarında deyim. Buna deməyə ehtiyac yoxdu. Ustadların
yanında mən gənc hesab olunuram və onların
yanında gəzib özünü reklam etməyin mənası
yoxdu. Hər halda opera teatrında Gülyaz Məmmədova, Nəzakət
Teymurova, Mənsum İbrahimov var. Onlar kimi olmasa da, onların
getdiyi yol ilə gedib, göstərdikləri nümunə kimi
olmağa çalışmalıyıq. Biz onları özümüzə
nümunə götürürük və bizdən
sonrakılar da bizə baxacaqlar. İndi özlərinə
ulduz deyənlər mən sözündən çox istifadə
edirlər. Məndən istifadə etməyə ehtiyac yoxdu.
Etdiyimiz hər bir işi tamaşaçı görür.
- Əldə etdiyiniz uğurlarda müəlliminiz
Nəzakət Teymurovanın rolunu necə dəyərləndirirsiz?
- Müəlliməmin mənə dəstəyi
çox olub. Heç bir müəllim razı olmaz ki, ürəyincə
olmayan bir tələbəsinə görə narazılıq
eşitsin. Çox adam deyə bilər ki, adamı var idi deyə
baş rol üçün seçilib. Amma burda bir şeyi
qeyd edim ki, teatra qəbul epizodik rollar üçün deyil,
baş rol ifaçısı üçün
aparılırdı. Bizi yoxladılar və qərar verdilər.
Deyə bilmərəm ki, axıra qədər Leyli
obrazını canlandıracam. Müəyyən bir vaxta qədər
davam edəcəm, sonra isə təbii ki hiss edəndə ki,
gücüm çatmır, yerimi gənclərə verib,
uzaqlaşacam. Əgər mənim 40 yaşım varsa, oxuya
bilirəmsə, niyə də oxumayım. Bir-iki nəfərin
yazılarını oxumuşam ki, deyirlər ki, bizə Leyli
obrazını oynamağa teatrda imkan vermirlər.
Yaşları ötüb deyə Leyli və Məcnunu
oynamamalıdılar. Bu fikir ümumiyyətlə,
düzgün deyil. Görək onu deyən şəxs gəlib
dedikləri rolları həmin sənətkarlarımız kimi
oynaya bilər? Əgər özünü hazır hiss edirsənsə,
kimdir qarşını kəsən, gəl
bacarığını göstər. İnsan günahı
birinci özündə görməlidir. Bu gün efirlərdə
ara mahnıları oxuyum sonra da, deyim ki, Leylini oynamağa nə
var. Bu ən azından dünyadan köçmüş xanəndələrimizin
ruhuna təhqirdir. Bu o deməkdir ki, sən Rübabə
Muradovanı, Qulu Əsgərovu bəyənmirsən. Deyirlər
ki, “Onlar nədir ki, çıxıb elə ifa edərəm
ki, səhnə dağılar”. Xeyir, elə bir şey yoxdu.
Operaya kimisə üstələmək üçün gəlməməlisən,
sadəcə özünəməxsus ifa edə bilərsən.
- “Leyli və Məcnun” Amerikada ilk dəfə
səhnəyə qoyuldu və Amerikada ilk Azərbaycan Leylisi
siz olduz..
- Amerika və İsveçrədə Leylini
ifa etmişəm. Bu festival müsabiqə xarakteri
daşımırdı. Festivalın məqsədi millətlər
arasında mədəniyyət dostluğu yaratmaq idi. Bir-birlərinin
operalarını, musiqilərini, musiqi alətlərini
yaxından tanımaq şəraiti yaradırdı. Azərbaycanla
yanaşı, Hindistan, Koreya, Tibet, İspan, Çin,
İtaliya iştirak edirdi. Festivalın belə bir ənənəsi
də var ki, hər bir ölkədən festival
üçün bir sima seçilir. Bu festivalda isə Azərbaycanın
və ümumilikdə festivalın siması olaraq mən seçilmişdim. Hətta
festival zamanı tanımırdılar ki, mən həmin
afişada olan qızam. Opera ifaçıları ilə
bağlı bir festival oldu. Festivalın bir özəlliyi də
onda idi ki, hər bir ölkənin musiqiçisi digər
ölkənin ifaçılarını müşayiət
edirdi. Hətta orda hind qızlardan ibarət xor fəaliyyət
göstərirdi ki, Azərbaycan dilində ifa edirdilər. Sonda
ölüm səhnəsini oynayıb, səhnənin
arxasına gedəndə üstümə qaçıb elə
ağlayırdılar. Həmin mənzərə
gözümün qabağından getmir. Digər ölkələr
də çıxış etdilər, amma onlar ən çox
Azərbaycanın çıxışını bəyəndiklərini
söylədilər. Bu musiqimizin qələbəsidir.
Doğrudan da, Azərbaycan güclü mədəniyyətə
malik dövlətdir. Muğam o qədər dərin mənaya
malik musiqidir ki, bütün insanlara musiqinin gücü ilə
təsir edə bilir.
- Amerika tamaşaçısının
sizdən nə istədiyini duya bilirdizmi?
- Amerika böyük ölkə olduğuna
görə bu bizim üçün hələ tez idi. Amerika
ilk öncə bizi yaxından tanımalıydı. Onlardan
gözlədiyimiz istəyi almağı isə sonrakı
konsertlərdə düşünməliyik. İlk
tanışlıqda tamaşaçının səndən nə
istədiyini bilmək olmaz. Bizim çalışdıq ki,
amerikalılar Azərbaycan operasını tanısınlar,
ölkəmiz haqda məlumatlı olsunlar. Çünki, əksər
amerikalıların Azərbaycan haqda təsəvvürləri
yoxdu. İş adamları başqa, Amerikanın ucqar bir yerində
yaşayanın bizim haqda məlumatlı olmaması təbii
haldır. Ümumilikdə, “Kaliforniyada Azərbaycan Muğam
Ayı” çərçivəsində 7 konsertimiz
keçirildi. Ermənilər müxtəlif yollarla konsertə
mane olmağa çalışırdılar. Azərbaycanı
yenicə tanımaq istəyən Amerikalıların
gözündən salmaq istəyirdilər. Amma cəhdləri
baş tutmadı. Aytən Məhərrəmova, İlkin Əhmədov və mən bu konsertlərdə
çıxış etdik.
- Bu səfərdən hansı təəssüratla
qayıtdız?
- Bu səfərdən çox
böyük enerji aldım. Davam etmək üçün mənə
bir növ stimul verdi. Ən azından ona görə sevinirəm
ki, bədxah qonşularımızın bütün cəhdləri
boşa getdi. Sonuncu konsertdə İlkin Əhmədov “Sarı
gəlin”i ifa etdi. “Qarabağ
şikəstəsi”ni birlikdə oxuduq və bu ifalar səslənən
zaman ermənilər zalı tərk etdilər. Musiqimizi
özününküləşdirmək istədilər, amma
alınmadı. Bununla biz musiqidə
onlar üzərində qələbə
çaldıq.
- Qarşıda nələr var?
- Opera və Balet teatrında “Əsli və
Kərəm” 30-35 ildən sonra səhnəyə qoyulacaq. Bunu
İlkinlə birlikdə festival üçün kompozisiya
şəklində ifa etmişik. Amma bu dəfə tamaşa
bütöv şəkildə səhnəyə qoyulacaq. Yenidən
Əsli roluna hazırlaşıram.
Aygün
Asimqızı
Üç
nöqtə. – 2012. – 24 noyabr.
–S. 13.