“Tarixdə
yaxşı musiqilər, əsərlər qalacaq”
Musiqi dünyası həqiqətən
elə sirli-sehrli bir aləmdir ki, açılmayan sirrləri
çoxdur. Mən deyərdim ki, yer üzündəki
bütün insanlar həmin o aləmə düşmək
üçün gözəl musiqi
axtarışındadır. Dinləmək üçün elə
bir musiqi axtarırıq ki, dinlədikcə bezməyək, əksinə
hər dəfə dinləyəndə başqa nə isə kəşf
edək, bir sözlə ruhumuz həmin musiqidən zövq
alsın. Bu gün hər kəs musiqi yazıb, özü
üçün oxuya bilər, amma əsl bəstəkar
işi tez unudulmur. Uzun bir tarix yaşayır və gələcək
nəsillər də həmin əsərlərdən bəhrələnir.
Bu dəfəki “Şənbə qonağı”mız “Tarixdə
həmişə yaxşı musiqilər, əsərlər
qalacaq” deyən, xalq artisti, şöhrət ordenli bəstəkarımız
olan Faiq Sücəddinovdur. Faiq müəllimdən
aldığımız müsahibəni sizlərə təqdim
edirik.
- Musiqini məncə ifaçıdan çox bəstəkar
hiss edir. Çünki həmin musiqini yaradıb. Bəlkə
ilk olaraq yaratdığınız musiqilərdən
danışasınız?
- Bəstəkar yaradıcı insan deməkdir. Təbii
ki bəstəkar sifarişlə işləyir və azad olaraq
bir bəstəkar kimi çalışır. Dediyim odur ki,
kinoya, dram əsərinə, səhnə əsərinə
hansınasa bir musiqi yazmaq lazımdır. Və bəstəkar
rejissorla münasibətdə olur və o rejissor da onu başa
salır ki, hansı səpkidə, necə musiqi yazmaq
lazımdır. Həmin musiqidə nəyi tərənnüm
etmək lazımdır. Çünki musiqinin böyük
gücü var. Ümumiyyətlə, kinoda kadr hələ gəlməmiş
musiqi insanı kadrdakı səhnələrə, həyatın
keşməkeşliyinə hazırlayır. Musiqinin
gücü budur. Bir də var ki, insan oturub hansısa bir əsər
yazır. Fortopiano konserti, simfonik musiqisi, mahnı və ya
romans yazır. Bəstəkar da öz qarşısına məqsəd
qoyur ki, mən neyləyəcəm hansı səpkidə
musiqi yazacam. Pianoçu bəstəkar yaxşı fortopiano əsərləri
yaza bilər. Ona görə ki, o pianonu yaxşı bilir. Ola
bilər ki, bəstəkar əvvəllər kamança,
skiripka üzrə hansısa sinfi bitirib və sonra bəstəkarlığa
gedib. O simli alətin imkanlarını bilir və o da o tərzdə
mahnılar yazacaq. Deyirlər ki, ay ilham pərisi gələcək,
nə gələcək musiqi yazmaq üçün. Bu
düzgün deyil. Yaradıcı insan mütləq onun
qabağına qoyduqları hansısa insanın, hansısa
rejissorun, hansısa bir şəxsin sifariş etdiyi musiqini
yaratmalıdır. İkincisi də azad olaraq bir əsər
yazıb və onu da təqdim eləməlidir insanlara. Bax bəstəkarlıq
budur. Bəstəkarlıq səs-küyü sevmir. Bəstəkarlıq
elə bir sənətidir ki, insan özü-özü ilə
qalmalıdır. Və öz işini görməlidir. Bax
budur bəstəkarlıq. Bu günləri elə mahnılar
var ki, oxunur elə tez də yaddan çıxır. Bir
yaxşı mahnı olan kimi deyirsən ki, yox bu doğrudan da
yaxşı mahnıdır. Amma səviyyəsiz mahnılar
çoxdur. Demək olar ki 95 faizdir. Heç mən
yaxşı mahnı eşitməmişəm. 3-5 dəqiqədən
sonra hər şey yaddan çıxır. Söz yox, musiqi
yox. Bilirsiz yazılan hər bir əsərin, mahnının
mövzusu olmalıdır. Mövzu olmayanda maraqsız olur.
Bilirsiz sevgi çoxdur. Amma sevginin də öz gözəlliyi
olmalıdır.
- Yaşın üstünə yaş gəldikcə
yazdığınız musiqilərdə nələr dəyişilir?
- Məsələ ondadır ki musiqi yaşla deyil.
İnsan yaşlandıqca müdrikləşir. Necə
müdrikləşir. Məsələn əsərlərdə
müdrikliyə, biliyə daha
da çox yer verməyə çalışır. Bilirsiz
18-25 yaşlı bəstəkarın musiqiləri
bambaşqadır, yaşlı bəstəkarınkı bir
başqa. Hərdən fikirləşirəm ki, nə
üçün mən bu notu niyə qabaqlar götürə
bilmirdim. Mütləq bunu bir 30 yaş yaşamalıydım
ki, götürə bilim? Çox maraqlı bir şeylər
var həyatda. Bu günləri mən bir film musiqisi üzərində
işləyirəm. Və həmin o insanın portretini musiqi
ilə yaratmışam. Həmin musiqidə insanın
müdrikliyi, ağırlığı,
böyüklüyü, biliyi görsənir. Bu təbii ki
yaşdan gəlir. Bunu hər adam eləyə bilməz. Məsələ
yaşda deyil, bilikdədir, dünyagörüşündədir.
- Tarixdə bir bəstəkar olaraq qalmaq
üçün hansı işləri görülməlidir?
- Tarxi heç nəyə baxmır. Nə
qohumbazlığa, nə də yuxarıdan bir işarəyə.
Tarix tarixdir. Bu gün 2012-ci ildə baxanda mən bilirəm ki,
hansı musiqilər qalıb, hansılar yoxdur. Bəstəkarlar
İttifaqında qabaqlar çox adamlar olub, indi də var.
Yazıçılar İttifaqında çox adamlar olub, indi
də var. Amma fikir versək görərik ki, barmaqla
sayılacaq insanlardır ki, kiminsə musiqisi, sözləri
qalıb və ya qalacaq. Mən həyatda savada, elmə, biliyə
böyük önəm verirəm. İnsan savadlı
olmalıdır. Bu sözün tərkibinə isə mən
çox şey aid edirəm. Savadlı, bilikli,
dünyagörüşlü, ziyalı, mədəni
hamısı ondan gəlir. Sözün əsl mənasında
mütləq bu ziyalı olmalıdır, ağıllı
olmalıdır, dünyagörüşünə malik
olmalıdır. Savadlı insan öz üzərində
işləsə çox şeylər yarada bilər.
Savadsız insan bir hobbi kimidir. Mən həm də filoloqam. Asəf
Zeynallı adına musiqi məktəbində fortopiano
bölümünü qurtardıqdan sonra Xarici Dillər
İnsititutuna qəbul olundum. Daha sonra isə Konservatoriyanın
bəstəkarlıq fakultəsində oxudum. O vaxtdan bizə
öyrədirdilər nöqtə, vergül, cümlə,
köhnə, yeni sözlər. Mən bilirəm ki, jurnalistlər
zəifdir bu məsələdə. Mən Mədəniyyət
və İncəsənət Universitetinin professoruyam. Çox
istəyərdim ki, tələbələr yaxşı oxusunlar,
öz sənətlərini yaxşı bilsinlər və gələcəkdə
yaxşı filmlər çəksinlər. Ona görə ki,
“Təhminə”, “Əhməd haradadır” filmlərindən
sonra Azərbaycanda film sahəsində böyük bir
boşluq yaranıb.
- Əsər yazmaq, yoxsa tələbata uyğun
mahnılar bəstələmək?
- Əgər bəstəkarın musiqi imkanı varsa,
bacarırsa hər ikisini də eləyir. Həyat kapitalizmdir.
Bəstəkar da dolanmalıdır. Bu gün hər kəsin
gündəlik tələbatı kimi bəstəkarların da
var. Mənim özümə gəlinə isə, heç kimə
zəng edib öz əsərlərimi demirəm. Heç kimə
də rəva bilmirəm.
- Bu gün səhnəyə gələn müğənni
sabah eşidirik ki, mahnı bəstələyib. Bu işin
bilicisi kimi həmin mahnıların keyfiyyətini necə qiymətləndirirsiz?
- Bu mövzuda çox danışılır. Qoy bəstələsinlər,
oxusunlar. Mən dedim, siz dediz. Yenə də davam edəcək.
Qabaqlar musiqi redaktoru var idi hər mahnını qoymurdular
oxumağa. Musiqinin keyfiyyətinə, sözünə
baxıb yoxlayırdılar. Bu gün belə şey yoxdur,
azadlıqdır. Azdlığın da nəticəsi budur.
- Asan mahnıların çoxalması çətin və
səviyyəli musiqilərin qarşısında bir maneə
deyilmi?
- Tarixdə həmişə yaxşı musiqilər, əsərlər
qalacaq. Bu yaxınlarda mən bir şeyə fikir verdim.
Çox istəyərdim ki, Bakıda bir radio olsun və ancaq
danışsın. Radio tamaşaları, şeirlər, hekayələr,
əsərlər oxunsun, ancaq danışmaq radiosu olsun. O qədər
musiqi mümkün deyil. Hər şeyin qədəri var. Ən
yaxşı olsa belə. Hər gün səhər, günorta
o maraqsızdı.
- Müasir mahnılardan adlarını çəkə
biləcəyiniz mahnılar var ki, onları tez-tez dinləyirsiz?
- Belə müasir mahnılardan yoxdur, adlarını
çəkə bilmərəm. Çünki çox izləyə
bilmirəm. Mən mahnını bir dəqiqə dinləyəndə
bilirəm ki, necədir. Əgər maraqsızdırsa dəyişirəm.
Bu günləri musiqi ilə məşğul olanlar musiqiyə
görə eləmirlər bunu. Bu gün meyarlar
ayrıdır. Pula və tanınmağa görə
çalışırlar. Bu gün əsas meyar kimi sənət
götürülmür. Dünən səni televiziyada
gördüm nə gözəl idin, ay bu nə gözəl
müğənnidir, siz tanıyırsız bu müğənnidir,
bəstəkardır. Bax bu meyarlar öndədir. Keyfiyyət
ikinci plana keçib.
- Bir bəstəkar olaraq Azərbaycanda musiqi ilə
bağlı keçirilən tədbirləri necə qiymətləndirirsiz?
- “Eurovision”da ilk son və seçimlərdə, musiqi
seçimində olmuşam. Hər şey göz
qabağındadır. 7, 3, 4-cü yerlərdə olmuşuq.
1-ci yerə də layiq görüldük. Bu il “Eurovision”
ölkəmizdə çox gözəl keçirildi. Müsabiqə gözəl bir
şeydir. Amma səviyyəsiz müsabiqə etmək lazım
deyil.
- Bəs bir ölkə, bir vətəndaş olaraq
musiqilərimizin dünyada tanınması üçün bu
tədbirlərdən necə yararlanmalıyıq?
- Bizim sənətkarlarımız Azərbaycandan xaricə
çıxmalıdırlar, musiqilərimizi təbliğ etməlidirlər,
hind mahnılarını yox. Azərbaycanın gözəl
musiqilərini dünyada tanıtmalıdırlar.
- Musiqilərimizin bir çoxu digər xalqlar tərəfindən
oğurlanır...
- Qafqaz ölkələrinin hamısı bizim
mahnıları oğurlayırlar. Onlar görürlər ki,
bizim həmin mahnılarla işimiz yoxdur, yeni
türksayağı, hindsayağı mahnılara
üstünlük veririk. Onlar da deyirlər ki, siz yatın biz
sizinkiləri oğurlayaq.
- Bəs biz musiqi ilə bağlı ölkəmizdə
keçirilən həmin tədbirlərdən istifadə edərək
musiqilərimizi tanıda bilmərikmi?
- Keçirilən həmin konsertlərin öz
rejissorları var, o konsertlərə cavab verən şəxslər
var ki, onlardan soruşulsa bu daha yaxşı olar. Mən azad bir
bəstəkaram, uzağam elə şeylərdən. Bax həmin
konsert təşkilatçıları müğənnilərə
deməlidirlər ki, xalq və bəstəkar mahnıları
oxu, həftəbecər oxuma.
- Xalq artsti, əməkdar incəsənət xadimi və
şöhrət ordenli bir bəstəkar kimi gənc bəstəkarlara
nə məsləhət verərsiz?
-Onların çoxu savadsız, bəstəkarlıqdan xəbəri
olmayan adamlardır. Mən onlara nə deyə bilərəm
axı. Onlara nə desəm də düz olmayacaqlar. Mən
onlara desəm öz üzərinizdə işləyin, onlar
işləyəcəklər. Mənim nəyimə
lazımdır. Necə yaşayırlar yaşasınlar. Elə
adamlara demək lazımdır ki, onlar vətənpərvər
adamdırlar, ölkəmizi, musiqimizi sevirlər, dəyərləndirirlər.
Asimqızı,
Aygün.
Üç nöqtə .- 2012.- 8
sentyabr.- S.13.