“Sənət qızıl kimidir…”

 

Bu gün dövlət tərəfindən muğamımıza qayğı, diqqət yüksək səviyyədədir. Buna keçirilən muğam müsabiqələrini misal göstərmək olar. Və bu muğam müsabiqəsində SMS gücünə deyil, öz səsin, istedadın, bacarığınla qalibiyyət əldə etməlisən. Bu dəfəki “Şənbə qonağı”mız öz səsi və istedadı ilə 2011-ci ildə keçirilən “II Respublika Muğam müsabiqəsi”nin qalibi adını qazanan Aytən Məhərrəmovadır. Aytən xanımla söhbətdə sənətdən, bu yolun çətinliklərindən, əldə edilən uğurlardan dahışdıq.

- Aytən xanım, siz “II Respublika muğam müsabiqəsi”ndə qalib olaraq ilk ən böyük uğurunuzu qazanmısız. Bu uğurunuzu bu gün necə dəyərləndirərdiniz?

- Muğam müsabiqəsi mənim həyatımda dönüş elədi. İlk muğam müsabiqəmizi götürmək istəyirəm. Həmin müsabiqədə qalib olmurdu. Sadəcə onluğa düşmək idi. O müsabiqədə sms var idi. Həmin müsabiqədə tamaşaçılar tərəfindən tanındım, az da olsa sevildiyimi hiss etdim. Bu baxımdan mənim üçün böyük dəyişiklik oldu. O müsabiqə olmasaydı bu gün sənətdə olmazdım. Fikrim başqa tərəfdə idi. 17-18 yaşında qız idim, ailə qurmaq haqda fikirləşirdim. Müsabiqə həyatıma daxil oldu və hiss etdim ki, nə isə edə bilərəm. Düzdür o zaman çox utancaq idim. Cavan qız, təzə gəlmişdim deyə sıxılırdım. Həmin müsabiqədə özümü istədiyim kimi göstərə bilmədim. Amma 2011-ci ildə qalib olduğum müsabiqədə əsl Aytən özünü göstərə bildi. Mikrofonsuz, böyük zal, göstər özünü. Belə yerdə deyirlər bacarana can qurban. Bizim bir çox tanınmış muğam ifaçıları həmin müsabiqədə münsif heyətində idi. Mən fəxr edirəm ki, belə sənətkarların olduğu müsabiqədə birinciliyi qazandım. O müsabiqədə özümü-özümdə tapdım. Qaval çalmaq özü bir ifaçılıqdır. Özüm üçün çalırdım, amma bilmirdim ki, yaxşı qaval çalıram. Axı kütlə arasında öz sənətimi nümayiş etdirməmişəm ki, qaval çala bilirəm. Muğam müsabiqəsinin münsif heyətində əyləşənlərin hamısı ustadlar idi. Səyavuş Kərimi axırıncı turda səhnəyə çıxıb dedi ki, münsiflərin yekdilliklə hər turda 1-ci seçdiyi iştirakçı var idisə, o Aytən idi. Biri yaxşı qaval çala bilir, amma oxuya bilmir və ya əksinə. Səyavuş Kərimi dedi ki, bu ustad xanəndələr kimi qaval çalır. Qaval çalma sahəsində özümün yeni metodlarım var. İnşallah magistraturaya qəbul olum, həmin metodları təsdiqlədəcəm. Bu günə qədər qaval ifaçılığı şifahi olaraq keçirilib. Amma mən onu şifahidən yazılıya gətirmişəm. İnşallah elmi işimdə onu istifadə edəcəm. Muğam müsabiqəsi mənim pedaqoq kimi fəaliyyətimə də yol açdı. Bu gün mən həm muğamdan, həm əruz vəzni ilə muğamların qarşılıqlı əlaqəsindən, həm qavaldan, həm də xalq musiqilərimizin, muğamlarımızın tarixindən dərs deyirəm. İnsanın özündə də olmalıdır. Mən o qalibiyyətlə də kifayətlənə bilərdim. Təəssüf ki, kifayətlənən insan deyiləm.

- Sonra uğurlar davam elədi?

- Mənim uğurlarım həmişə davamlı olub. Şikayətlənən insanları sevmirəm. İnsan var ki, deyir səsim var, qabağa gedə bilmirəm, neyləsəm də alınmır. İnsan zəhmət çəkməlidir. Allah çəkilən zəhməti mütləq qiymətləndirəcək. Allah zəhmətkeş insanları sevir. 2009-cu ildə mən muğam müsabiqəsinə qatıldım, heç onluğa da düşmədim. Ona görə ki, deyirdim əşi “Şahnaz” muğamıdır da bilirəm onu, nə var oxumağa. Amma 2011-də getdim böyük bir zal götürdüm. Orda məşq elədim. Gecəm gündüzümə qarışmışdı. Gecələr yatmırdım, yuxuda qaval çalırdım. Ona görə heç kim deməsin ki, məndə alınmır, qabağa gedə bilmirəm, nə isə lazımdır. Sən əziyyətini çək, kimsə səni hardasa görüb, əlindən tutub gətirəcək. Sənət qızıl kimidir, üstünü torpaq örtsə də, o hardansa bərq vurub parıldayacaq. Sənətdə irəliləmək üçün təhsil önəmlidir, bünövrə olmalıdır. Binanın bünövrəsi olmasa heç vaxt o ayaq üstə dayana bilməz. Bu gün əldə etdiyim uğurlara görə müəllimim Mənsum İbrahimova minnətdaram. O bizim atamız, böyüyümüzdür. Biz və Mənsum müəllimin tələbələri bir ailəyik. Çox zəhmətkeş insandır. Biz onun tərbiyəsini götürmüşük. 13 ildir ki, müəllimimin oxu tərzini, oxu mədəniyyətini öyrənirəm. Fəxr edirəm ki, bu gün Mənsum müəllim mənim pedaqoji fəaliyyətimdən razıdır. İnsana irəliləməsi üçün ilk dəstək, kömək olmalıdır.

- Gələcəkdə adınızın sənətkarlar sırasında çəkilməsi üçün hansı işləri görürsüz?

-İlk növbədə puldan imtina etmək lazımdır. Sənətkar adını daşımaq üçün gərək sən daimi bu sənətdə fəliyyət göstərəsən. Elə belə yox, işlərin olmalıdır. Ulu öndər Heydər Əliyevin 88 ildönümü münasibətilə keçən il mayın 6-da Füzuli rayonunda mənim “Qarabağa Dəstək - Xilaskar”adlı solo konsertim oldu. Orda heç bir xeyrim yox idi. Mən öz sahəmdə Qarabağımız üçün nə edə bilərəm. Mənim silahım səsimdir, səsimlə döyüşə bilərəm. İctimai televiziyaya müraciət etdim və mənə konserti etmək üçün dəstək oldular. Hərə öz gücü çatan və bacardığı qədər Qarabağımız üçün nə isə etməlidir. Süleyman Rüstəmin şeirində belə bir bənd var:

 

Sən mənim doğru görən göz bəbəyimsən Qarabağ,

Öz canımsan, ciyərimsən, ürəyimsən Qarabağ.

Adlanırsan bütün ellərdə gülüstan Qarabağ,

Sən Azərbaycanımın şöhrətisən can Qarabağ.

 

Amma mən axırıncı misranı “Sən bizimsən, Azərbaycanımsan Qarabağ” kimi dəyişmişəm. Mənim mahnılarımın 70-80 faizi vətənpərvər mahnılardır.

- Bu gün yaşlı sənətkarlar gəncləri tənqid edirlər. Bir gənc olaraq tənqidlərdən necə nəticə çıxarırsız?

- Təbii ki, biz sənətkarlarımıza qulaq asmalıyıq. Onlar bizim yaxşılığımız üçün deyirlər. Amma bəzən haqsız, yersiz tənqidlər olur. Verilişlərin birində mənə ifa etmək üçün bir mahnı vermişdilər. Sənətkarlar oturmuşdular. Mən heç saymazdım ki, onlar muğama aid sənətkarlardır. Yəni o sözü mənə deyən muğama aidiyyatı olmayan bir insan idi. Dedi ki, bu mahnı Aytənin səsinə düşmür. Birincisi Aytən artıq uşaq deyil, peşəkar səhnədə peşəkar xanəndədir. Bəlkə də o müəllim deyilsə də, mən müəllimən. Və bilirəm ki, səsimə nə düşür, nə yox. O sözü muğam ustadlarımızdan eşitsəydim deyərdim hə. Haqqı çatmayan insanlar bəzən yaşına inanıb nəyisə tənqid edəndə yersiz tənqid olur. Təbii ki, onlara fikir vermək lazım deyil, əsas ustadlarımızdır. Sənətkarların fikirlərindən bəhrələnmək lazımdır.

- Səhnədə sənətkarlarla çıxış edəndə, hiss edəndə ki, sənətkarların diqqəti üzərinizdədir. Bu sizə hansı məsuliyyəti verir?

- Müsabiqə vaxtı çox həyəcanlı idi. Çünki onların fikirləri önəmli idi. Necə oxumamıza qiymət verirdilər və seçim var idi. Amma müsabiqədən kənarda həyəcan olmur. Əksinə onlara baxıb, ruh alırıq.

- Olubmu çıxışınızı dinləyən sənətkarlardan kimsə sizə iradını bildirsin?

- Səhnəyə gələn gündən həmişə müəllimimlə məsləhətləşmişəm. Fikirləşmişəm ki, bir səhvimə görə müəllimin adına xələl gəlməsin. Hansısa bir mahnını yazdırırıq, dəyişikliklər edirik. Müasir zamanla ayaqlaşırıq, gənclərin sevəcəyi bir formada təqdim etmək istəyirik. Bəzən yaşlı sənətkarlardan bu cür dəyişiklikləri qəbul etmək istəmirlər. Belə bir şeylər olur.

- Muğamı elə bir sənətdir ki, dinləyərək öyrənmək lazımdır. Kimləri dinləyə-dinləyə öyrənirsiz?

- Mən Mənsum müəllimin tələbəsiyəm. Mənsum müəllim özü həmişə bizə deyir ki, yaxşı ifadan bəhrələnin, öyrənin. Amma yol olaraq, bizim yolumuz Mənsum İbrahimov yoludur. Biz heç vaxtı başqasının yolunu gedə bilmərik. Dinləməliyik, öyrənməliyik, yaxşı olanları mənimsəməliyik.

- Musiqinin hansı növündə ifa etməyindən asılı olmayaraq digər musiqilər barədə də informasiyalı olmalısan. Siz bu cür informasiyaları necə əldə edirsiniz?

- Mən muğam ifaçısı olsam da, demək olar ki, retro mahnıların əksəriyyətini bilirəm. Əsas musiqiçinin bazası olmalıdır. Onun beynində musiqi yaddaşı olmalıdır. Bu o demək deyildir ki, o mahnını mütləq bilməlisən. Ən azından həmin mahnı haqda informasiyalı olmalısan. Kimin mahnısıdır, nə mahnıdır. Mahnını eşidəndə donub qalmayasan ki, bu nə mahnı idi.

- Mənsum müəllimdən öyrəndiklərinizi öz tələbələrinizə necə çatdırırsınız?

- Bu proses fərdi bir haldır. Hər bir tələbənin başa düşəcəyi bir dildə başa salmağa çalışıram.

- Sizdə anakonda dərisindən qaval var. Niyə məhz anakonda dərisi?

- O qaval mənə hədiyyədir. Mağazanın qabağında anamla dayanmışdıq. Bir nəfər maşınının yük yerindən bu qavalı gətirib mənə hədiyyə verdi. Dedi bu qavalı sizə hədiyyə edirəm, bu qaval sizə yaraşar. Sənətimla bağlı olan bir şeyi tanımadığım bir insan mənə hədiyyə edib, Allah canını sağ eləsin. Mən də qəbul etdim.

- Səhnədə ifa edərkən nədən stimul alırsız?

- Mən səhnədə ən böyük stilumu müəllimimdən alıram.

- Ailədə sənətinizə necə dəstək olurlar?

- Səhnədə elə ən böyük dəstəyi ata-anamdan görürəm.

- Bu sənətdə olan xanımlar səhnənin xanım üçün çətin olduğunu deyirlər. Siz hansı çətinliklərlə qarşılaşırsız?

- Sağ olsun dövlətimiz bizim üçün hər bir imkanı yaradıb. Amma xanım üçün çətindir. Bütün işlərimi görüb hardasa saat 9-10-a evə gedirəm. İndi subayam deyə hələ o çətinliyi hiss eləmirəm. Atam-anamdan yerdən göyə qədər razıyam. Çünki onlar məni başa düşürlər. Bu sənətin çətinliyi ailə baxımındandır. Kim ad çəkir, istəyir deyir oxumasın. Əslində başa düşürəm ki, çətin sənətdir. Ailə quranda da elə seçim etmək lazımdır ki, həmin şəxs sənətimizi başa düşsün. Mən sənətim olmadan yaşaya bilmərəm. Həyatda ən çox sevdiyim sənətimdir. Bu sənətə eşqlə yanaşıram. Zəhmət çəkən insan üçün hər şey asandır. Ədalət Behbudov, Pərviz Fərhadov və mən üçlük şəklində həmişə bir yerdə ifa edirik. Və bu sənətin də zəhmətini bir yerdə çəkirik. Sentyabrın 16-da onlar VII Beynəlxalq Avrasiya səsləri musiqi festivalına gedirlər. Onlarla bərabər Əlipaşa Talıbov da gedir. Ölkəmizi təmsil edəcəklər. Onlara da uğurlar arzu edirəm. Tək əldən səs çıxmaz, çalışmaq lazımdır.

- Gələcək üçün sənətinizdə nələr etmək istəyirsiz?

- Gələcək üçün nələr fikirləşmirəm. O qədər planlar, istəklər, arzular var. Məndə sənət eşqi var və nə qədər ki, canım sağdır bu sənətim üçün çalışacam. İnanıram ki, gələcəkdə sənətdə daimi yerimi tapacaq sənətkarlardan olacam.

 

 

   Aygün Asimqızı

 

   Üç nöqtə.- 2012.- 15 sentyabr- S. 13.