“Muğam
qəbr evinə qədər öyrəniləcək bir sənətdir”
Muğam elə bir musiqi janrıdır ki, dilimizi bilməyənlər
belə muğamı dinləyəndə həqiqətən də
öz heyranlıqlarını gizlədə bilmirlər. Bu
musiqinin gözəlliyi və muğamın
ecazkalığına bir nümunədir. Muğamın gözəlliyini,
ecazkarlığını insanlara çatdırmaq isə təbii
ki ifaçıların üzərinə düşür.
Çünki ifaçıdan çox şey
asılıdır. Bu dəfə “Şənbə
qonağı”mız 36 ildir ki,
muğam və xalq mahnılarımızı
ifaçısı olan əməkdar artist Bəsti
Sevdiyevadır. Bəsti xanımın muğam, sənət və
səhnə haqda fikirlərinin əks olunduğu müsahibəsini
sizlərə təqdim edirik.
- Muğam elə bir musiqidir ki, ifaçının onu məhəbbət
və sevgiylə oxuması vacibdir. Bəlkə ilk olaraq məhəbbət
dolu muğamlarımızdan danışasınız?
- Ümumiyyətlə, insanın qəlbində hər
şeyə qarşı sevgi olmalıdır. Sevgi deyəndə
həyata, vətənə, ailəyə, xalqa olan məhəbbət
başa düşülməlidir. 3-4 dəqiqəlik
mahnının ərsəyə gəlməsi böyük zəhmət
tələb edir. O ki qaldı muğam ola. Muğam ifa etmək
üçün bütün vücudunla məhəbbət
dolu olmalısan, duyğusal olmalısan. Çünki muğam
bəşəri musiqidir. Çətini muğama
başlamaqdır. Söhbət muğam dəsgahlarımızdan
gedir. Qavalı əlimə alıb, dəsgahları ifa etməyə
başladımsa, musiqi qurtarana qədər özümü
bilmirəm. Musiqinin aurasına girdim orda qəzəllərlə,
sözlərlə, musiqi ilə işləyirəm, ecazkar
musiqi ilə sözlərin vəhdətindən ləzzət
alıram. Muğamı sözlə ifadə etmək olmur.
Muğamı bir okeana bənzədirəm. Əgər həmin
okeandan bir damla götürə bilmisənsə deməli, nə
isə edə bilmisən. Baxmayaraq ki, körpə
vaxtlarımdan muğam və xalq mahnıları ifa edirəm,
amma bu gün də öyrənirəm. Tələbələrimi
öyrədə-öyrədə öyrənirəm, hər
dəfə özüm üçün başqa nə isə
kəşf edirəm. Özümdən böyük sənətkarlardan
nə isə öyrənirəm. Muğam qəbr evinə qədər
öyrəniləcək bir sənətdir. O demək deyil ki,
elə bu gün öyrəndin, əzbərlədin
qurtardı. Muğam əzbərlənməklə öyrəniləcək
bir şey deyil, şifahi dildən-dilə keçəcək
bir sənətdir. Muğam şifahi professional musiqi
janrıdır. Ürək olmasa muğam ifa etmək
mümkün deyil. Muğam oxumaq üçün iç
dünyan musiqi və sözlərlə
alışıb-yanmalıdır. Bir də görürsən
ki, səsi var qışqıra-qışqıra oxuyur. Belə
ifaya adam qulaq asmaq istəmir. Deməzdim muğam
ifaçılarının hamısı yaxşı
oxuyandır. Eləsi var ki, heç qulaq asmıram. Elə ifa
etmək lazımdır ki, dinləyici muğamı rahat həzm eləsin.
- Dilimizi başa düşməyənlər bizim dildə
oxunan muğamları necə anlaya bilirlər?
- Bu artıq musiqinin gücü ilə
bağlıdır. Bu yaxınlarda Şimali Kiprdə oldum. Orda
68 ölkədən gələn xaricilər var idi. Orda da
dilimizi başa düşmürdülər. Çünki qəzəllər
Füzulinin, Nəsiminin, Seyid Əzim Şirvaninin idi. Dilimizi
başa düşməsələr də mən orda
“Dilkeş” oxudum, ayaq üstə alqışladılar.
Qızım da mənimlə idi. Konsertdən sonra qızım
dedi ki, ana onlar başa düşürdülər ki, nə
oxuyursan. Onlar nəyi başa düşdülər ki, 5-6 dəqiqə
ayaq üstə alqışladılar. Dedim bala onlar musiqiyə,
muğamın böyüklüyünə əl
çaldılar. Bu alqışlar məni kövrəltdi.
Musiqi mənim ən kövrək yerimdir. Bütün
yaxşı musiqiləri sevirəm. O ki qaldı muğam ola. Fəxr
edirəm ki, bəşəri musiqilər siyahısına daxil
olmuş muğamımız var.
- Muğamı öyrənmək, ifa etmək və
öyrətmək. Bir insan bunları reallaşdırmaq
üçün nələrə sahib olmalıdır?
- Uşaq vaxtı orta məktəbdə “Qaranquş”
mahnısını oxumuşdum. Gecəni səhərə qədər
ağlamışdım ki, istəyirəm mənə
qaranquş paltarı tikin. Mamam yaxşı paltar tikə
bilirdi. Dedi ay bala sabaha qədər tikib çatdıra bilməyəcəm.
Atam axırda dedi ki, tik bu əl çəksin də bizdən.
Yarısı ağ, yarısı qara bir paltar tikdi.
Özümü xoşbəxt sanırdım ki, mənim
qaranquş paltarım var. Ümumiyyətlə, muğam, xalq mahnılarına
həvəs istək ailədən, gendən gəlməlidir.
Hər şey sevgiyə, məhəbbətə, sənətə
olan istəyə balıdır. Gərək sən milli musiqidə
20-25 il çalışasan ki, sonra hiss edəsən, biləsən
ki, nə oxuyursan. 36 ildir ki, ancaq xalq musiqiləri,
muğamlarımızı ifa edirəm. Arada ürəyim istəyəndə
olub ki, lirik estrada mahnıları ifa etmişəm. Qadın
yaşıdlarım arasında ilk “Rast” muğamının
ifaçısı mənəm. Rübabə Muradovadan sonra
“Humayun” muğamını mən oxumuşam. Məndən
sonra bilmirəm oxuyublar, ya oxumayıblar. “Rast” muğamını
səsi bir az kişi səsinə yaxın qadınlar oxuyur. Mənim
də səs tembrim uyğun gəldiyinə görə ifa
etmişdim. Xalq artisti Zeynəb Xanlarova o vaxtı mənim
haqqımda qəzetlərdən birində yazı vermişdi.
O qəzeti hələ də saxlayıram.
Yazılmışdı ki, Bəsti daxilən, zahirən mən
özüməm. Zeynəb xanım televiziyaya zəng edib
demişdi ki, Bəsti ilə görüşmək istəyirəm.
Və mənə Zeynəb xanımla görüşmək nəsib
oldu. Sənətdə ilk xeyir-dua verənim Zeynəb Xanlarova
olub. Zeynəb xanım mənə dedi ki, səndə səhnə
üçün lazım olan hər şey var, səhnə
üçün doğulmusan, başını sal
aşağı sənətinlə məşğul ol. Dediklərimi
eləsən, səndən sənətkar ola bilər. Dedi ki
bu sözləri qulağında sırğa kimi saxla. İndi
nə vaxtı qulağıma sırğa taxıramsa, həmin
sözlər yadıma düşür. Muğamda
özünü normal ifaçı hiss edib kimisə öyrətmək
üçün çox vaxt lazımdır.
- Hansı sənətdə
çalışmağından asılı olmayaraq, püxtələşdikcə
bilmədiyin şeylərin çox olduğunu hiss edirsən və
öyrənməyə çalışırsan. Bəs siz bu
gün elə bir şəxs varmı ki, onu dinləyərək
öyrənəsiz?
- Dilindən asılı olmayaraq, gözəl musiqilərin
hamısını sevə-sevə dinləyirəm. Kimisə
davamlı dinləyirəm desəm yalan olar. Amma özümə
kumir Zeynəb Xanlarovanı seçmişəm.
- Özünü tamaşaçıya təqdim etmək
deyiləndə nə başa düşülür?
- Bax bu çox gözəl sualdır. Özünü təqdim
etmək o demək deyil ki, tək sənətinlə təqdim
edəsən. Sənətdə olan qadın özünə
qiymət verməyi bacarmalıdır. Hər bir şey ailədən
irəli gəlir. Milli mentalitetimizi qorumalıyıq. Azərbaycan
xalqının gözü tərəzidir. Addım-addım irəliləmişəm.
Hər şeyi çox çətinliklə əldə
etmişəm. Sənətdə olan insan hərtərəfli
olmalıdır.
- Səhnəyə gələn ifaçı hansı
halda irəliləyə bilməz?
- Mən səhnəyə gələn vaxtı sənəti
olan hər kəs irəliləyirdi. 1973-75-ci illərin “Oxu
tar” müsabiqəsinin qalibi olmuşam. Münsiflərdə Əfrasiyab
Bədəlbəyli, Cahangir Cahangirov, İslam Rzayev,
Şövkət Ələkbərova kimi sənətkarlar
oturmuşdu. İstedadın var idisə, kömək edirdilər.
Amma indi başqa cürdür. İki günün içində
məşhurlaşırlar. Bu adamı
çaşdırır. Düzünü desəm indi
çaşmıram.
- Səhnədə nümunə götürüləcək
biri olmaq üçün nələri etmisiz?
- Elə bir ailədə tərbiyə almışam ki,
orda dinə, imana qulluq edən adamlar olub.
Düzgünlüyü mənə aşılayıblar,
özümü necə aparmağı öyrədiblər. Həmin
o əqidə ilə də sənətə gəlmişəm.
Orta məktəbi bitirib, ali məktəbə daxil oldum. Sonra
da ailə qurdum. 1 oğlum, 1 qızım var. Özüm də
filologiya elmləri doktoru, professor Nazim Axundovun gəliniyəm.
- İstənilən bir işdə təzə olanda əziyyətlər
çox olur. Sizdə də yəqin ki, olub?
- Heç nə asan başa gəlməyib.
Çalışqan olmuşam, dayanmağı sevmirəm. Sənət
elə şeydir ki, fasilə verdinsə, passivlik yaranır.
Aprelin 9-da Beynəlxalq Muğam Mərkəzində solo konsert
verdim. Çox möhtəşəm konsert keçirildi.
Aprelin 24-də Şimali Kiprdə 3 saatlıq solo konsert verdim.
Mayın 5-də Moskvada şəxsi dəvətlə getdim, 2
saatlıq solo konsert proqramı ilə çıxış
etdim. Sonra da Odessaya kosert vermək üçün getdim.
İşlərimiz çoxdur. Tədbirlərə dəvət
olunuram. Bu gün muğama diqqət çox yaxşı səviyyədədir.
Bu diqqətə görə Mehriban xanım Əliyevaya minnətdaram.
Muğam həmişə qiymətli olub, bu gün isə daha
çox dəyər verilir. O gün olsun məni də qiymətləndirsinlər.
Öz zəhmətimin bəhrəsini görmək istəyirəm.
36 il muğam sahəsində çalışan bir qadın
xanəndə olaraq mən də qiymətimi istəyirəm. Sənətimlə
məşğul olmaqla bərabər bir ailə
başçısıyam, cəmiyyət üçün
yararlı övladlar böyüdürəm. İnanıram
ki, mənim də zəhmətimə qiymət veriləcək.
- Müğənni, səhnədə olan insan ictimai
işlərdə necə fəallıq göstərməlidir?
- Bizim sənətimiz elə ictimai işdir də.
Hansı tədbirə çağırırlarsa canla-başla
iştirak edirik. Tamaşaçı alqışı, sevgisi
olmasa sənətkar yaşaya bilməz.
- Həm də müəllim olaraq
çalışırsınız. Öz sənətində
yaxşı bir sənətkar həmin peşənin müəllimi
olmaya bilərmi?
- Əlbəttə olmaya bilər. Həm pedaqoji həm də
yaradıcı sahədə hər kəs çalışa
bilməz. Pedaqoji sahədə çalışmaq, tələbə
yetişdirmək çox böyük güc tələb edir.
Demirəm ki, tələbələrimin hamısı
yaxşı xanəndə olacaq. Sənət ələk
kimidir, ələnənlər sənətdə qalıb sənətkar
olacaq.
- Bu gün musiqi sahəsinə bir çox işlər
görülür. Necə düşünürsüz bu
işlərdən gənclər lazımınca istifadə edə
bilirlərmi?
- Əlbəttə edirlər. Müsabiqədən gələnlər
görün kimlərin əlindən keçib gəliblər.
Müsabiqənin münsifləri böyük sənətkarlarımızdır.
Demirəm ki peşəkardırlar, amma gənclər
arasında çox gözəl ifaçılar var.
- Nələri vaxtında etmək lazımdır ki,
gecikməyəsən?
- Sənətdə nə lazımdırsa, edirəm. Amma
bəzən gecikdirilər. Bizdən asılı olan bir
şey deyil. Sənətdə olan şəxs öz
missiyasını yerinə yetirir. 36 ilinə keçib ki, sənətdəyəm
amma dəyərim bu günə qədər hələ verilməyib.
Bilirəm ki, mən bundan da çox şeyə layiqəm. Mənim
dövlətimin başında duran İlham Əliyev kimi rəhbərimiz
və muğamımıza yüksək qiymət verən
Mehriban Əliyeva kimi xanımımız var. İnanıram ki,
onlar məni həm sənətkar həm də bir ana kimi qiymətləndirəcəklər.
Bunu gözləyirəm və inanıram. Bu barədə indiyə
qədər heç yerdə danışmamışam.
- Səhnədə zaman nəyi öz qaydasına
salır?
- Zamanla çox şeyi tapmaq olar. Amma bu da insanın
özünün əlindədir. Zaman da lazımdır, lakin
elə şey var ki, ağılla istifadə etməlisən.
Aygün
Üç nöqtə.- 2012.- 22 sentyabr.- S. 13.