Ekoloji təmiz
məhsullar – sağlamlığın etibarlı mənbəyi
Malların ekoloji təmiz olduğu onların etiketlərinə vurulan nişanlarda qeyd edilməlidir
«İstehlakçıların
hüquqlarının müdafiəsi
haqqında» qanuna görə, sağlamlığın
təmin olunması üçün hər bir istehlakçı keyfiyyətli məhsullarla
təmin olunmalıdır. Lakin təəssüflər olsun ki, ərzaq
bazarında məhsulların
keyfiyyət xüsusiyyətləri
qənaətbəxş səviyyədə
deyil. Mütəxəssislər təxirəsalınmadan ölkəmizin ekoloji təmiz məhsullarla təmin edilməsi üçün aidiyyəti
dövlət qurumları
tərəfindən həyata
keçirilən tədbirlərin
sürətləndirilməsini məqsədəuyğun sayırlar.
EKOLOJİ TƏMİZ
MƏHSUL NƏDİR?
Məlumat üçün bildirək
ki, ekoloji təmiz məhsullar tərkibində zərərli
maddələrin miqdarı
adi məhsullara nisbətən dəfələrlə
az olan, normativlərə uyğun
məhsullardır. Ekoloji təmiz
məhsullar mineral gübrələr,
pestisidlər və digər texnogen təsirlərin olmadığı
təmiz sahələrdən
alınır. Təbii xammaldan
minimal kənar qatqıların
təsiri ilə alınan məhsulları da ekoloji təmiz
hesab etmək olar. Ekoloq alim Telman Zeynalovun
sözlərinə görə,
mütləq ekoloji təmiz mal almaq praktiki mümkün deyil: «Eko-, bio-, orqanik terminləri eyni prosesi ifadə
edən müxtəlif
anlayışlardır: Avropada
qəbul edilmiş ekoloji (bioloji və ya üzvi)
kənd təsərrüfatı
və istehsal standartları əsasında
yetişdirilən, yığılan,
emal edilən və qablaşdırılan
məhsullar nəzərdə
tutulur. İngilislər bunu organic, almanlar
və fransızlar
bio, hollandlar isə
eco adlandırır».
Müsahibimiz dedi ki, ekoloji məhsullar Avropa Komissiyasının orqanik məhsullara olan tələbləri əsasında sertifikatlaşdırılan,
təbii saxlama müddətinə malik, genmodifikasiya komponentlərinin,
pestisidlərin, mineral gübrələrin,
antibiotiklərin, boy hormonlarının,
müxtəlif konservantların,
antioksidantların, aromatizatorların,
stabilizatorların, rənglərin,
tamvericilərin və
süni mənşəyə
malik digər qatqıların tamamilə
olmadığı təbii,
ekoloji təmiz qida məhsullarıdır:
«Malların ekoloji təmiz olduğu onların etiketlərinə
vurulan nişanlar ilə qeyd edilir».
Qeyd edək ki, organic food və ya ekoloji təmiz
ərzaq müəyyən
standartlara uyğun istehsal edilən, pestisidlər və mineral gübrələrdən istifadə
olunmadan yetişdirilən
məhsullardır. Avropada bu standart 24.06.1991-ci il tarixli
«Ekoloji təmiz kənd təsərrüfatı
məhsullarının istehsalı
üzrə Ümumavropa
sazişi» («Council Regulation N2092/91 of June
1991 on organic production og agricultural products»)
əsasında müəyyən
edilir. Son məhsula
«ekoloji təmiz» statusu vermək üçün yoxlayıcı
orqanlar onun «dən mərhələsindən
piştaxta mərhələsinə»
qədər bütün
yolunu izləyirlər.
Söhbət kənd təsərrüfatı-əkin
sahəsi, səpin materialı, emal metodları, qablaşdırılma
şəraitindən gedir.
Buna nəzarət Milli Sertifikatlaşdırma
Təşkilatı tərəfindən
həyata keçirilir.
Bu təşkilatın məhsulun üzərindəki
işarəsi onun keyfiyyət və ekoloji təmizliyinə etibarlı zəmanət deməkdir. Məhsulu,
əsasən, üç
parametr təyin edir: ekoloji təmiz
xammal, ekoloji təmiz inqredientlər, ekoloji təmiz texnologiya.
EKOLOJİ TƏMİZ MƏHSUL İSTEHSAL
PROSESİNDƏ BAHA BAŞA GƏLİR
Qeyd edildiyi kimi ekoloji təsərrüfatlarda
mineral gübrələrdən, herbisidlərdən, insektisidlərdən,
fungisidlərdən istifadə
edilmir. Ziyanvericilərlə mübarizə zamanı
bioloji mübarizə
(cücülərin təbii
düşmənləri vasitəsi
ilə) və fiziki metodlardan (ultrasəs, işıq, tələ və sair) istifadə edilir. Bitkilərə və torpağa
ziyan vurmamaq üçün bir çox aqrokultura işləri əl ilə həyata keçirilir. Emal zamanı
ekoloji təmiz inqrediyentlərdən (iç,
doldurucu, rəng, konservant və sair) istifadə edilir. Bunlar yalnız təbii
xammallardan alınır.
Məsələn, konservasiya
zamanı üzüm və ya alma
sirkəsindən, limon
turşusundan istifadə
edilir.
Ekoloji təmiz inqrediyentlərin üstünlükləri
ilə yanaşı bir sıra qüsurları
da mövcuddur. Belə ki, təbii
boyalar temperaturun təsirinə qarşı
davamlı olmadığından
zəif rəngləmə
qabiliyyətinə malik
olub istehsal prosesində çox baha başa gəlir.
Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun
dosenti İsmayıl Xeyirxəbərov hesab edir ki, gen baxımından
dəyişdirilmiş məhsulların
gələcəkdə nələrə
gətirib çıxaracağı
haqda məlumatlar verildikdən sonra istehlakçılar tərəfindən
həmin məhsulların
seçiminin həmin
istehlakçıların öz
öhdəsinə buraxılması
məqsədəmüvafiqdir: «Ümumiyyətlə, bu sahədə hərtərəfli
düşünülmüş siyasət olmalıdır.
Həmin
siyasətdə «ana xətt» kimi insanın təhlükəsizliyi
ön plana çıxarılmalı, ərzaq
bazarının formalaşdırılması
və tənzimi üzrə tədbirlər
kapitalın artırılması
naminə deyil, ölkə vətəndaşlarının
sağlamlığının qorunması naminə həyata keçirilməlidir».
Lakin təəssüflər
olsun ki, istehlakçıların hüquqları
haqqında qanunun tələblərinə müəssisələr
lazımi səviyyədə
riayət etmir. Bu gün
bazarda istehlakçıların
tələblərinə cavab
verməyən kifayət
qədər qida məhsullarına rast gəlmək mümkündür.
Mütəxəssis deyir ki,
belə halların qarşısını almaq
məqsədilə bazar
iqtisadiyyatının inkişaf
etdiyi ölkələrdə
olduğu kimi istehlakçıların ictimai
təşkilatları - birliyi,
hərəkatı inkişaf
etməli və tələblərə cavab
verməyən məhsulların
bazardan yığışdırılması
üçün sözügedən
birlik və ya ictimai təşkilatlar
fəal iş aparmalıdır.
ƏLVERİŞLİ MODEL KİMİ
EKOLOJİ KƏND TƏSƏRRÜFATI SİSTEMİ
YARADILMALIDIR
Xəbər verildiyi kimi «Ekoloji təmiz
kənd təsərrüfatı
haqqında» Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə» fərman da imzalanıb. Məqsəd insanların, torpağın,
heyvanların və bitkilərin sağlamlığını
və təhlükəsizliyini
təmin edən ekoloji cəhətcə təmiz kənd təsərrüfatı məhsullarının
istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləməkdən
ibarətdir. Ölkəmizdə
bu mühüm işin təşəbbüsçülərindən
biri Gəncə Aqrobiznes Assosiasiyanın təsisçisi, professor Amin
Babayevin fikrincə, bu qanun dövlətimizin
ölkə vətəndaşlarının
bugünkü və gələcək nəsillərinin
sağlamlığı naminə
göstərdiyi çox
böyük qayğının
təzahürüdür: «İnsanın
sağlam həyat sürməsi üçün
ən əsas şərtlərdən biri
onun saf, təmiz ərzaqla təminatıdır. Ekoloji kənd
təsərrüfatı sistemi
də elə bu məsələni əhatə edir. Sağlam torpaq, sağlam bitki, sağlam heyvan, sağlam ərzaq və sağlam mühitə bu və ya
buna bənzər digər məsələlər
bütün dünyada
narahatlıq doğurur.
Azərbaycan müstəqillik əldə edəndən sonra ekoloji məsələlərə
xüsusi diqqət yetirməyə başladı.
Prezidentin 18 fevral
2003-cü il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında ekoloji cəhətdən davamlı
sosial iqtisadi inkişafa dair» Milli Proqram təsdiq
edildi. Həmin proqramla ölkəmizin kənd təsərrüfatında
sürətli yüksəlişə
nail olmaq üçün
əlverişli model kimi
ekoloji kənd təsərrüfatı sistemi
nəzərdə tutulurdu.
Elə
biz də neçə
ildir fəaliyyətimizi
məhz bu istiqamətdə qurmuşuq».
Gəncə Elm Mərkəzinin bölmə
rəhbəri İrşad
Abbasov isə bizə bildirdi ki, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı
istehsalı haqqında
qanunun həm kənd təsərrüfatı
müəssisələrinin, həm də qida sənayesi müəssisələrinin fəaliyyətlərinin
tənzimi baxımından
çox böyük önəmi var: «Bu onunla əlaqədardır
ki, ekoloji qida məhsulları istehsalı bütövlükdə
dünya üzrə dinamik olaraq inkişaf edir. Bazar iqtisadiyyatının inkişaf
etdiyi ölkələrdə
ekoloji qida məhsullarına tələb
get-gedə artmaqdadır.
Bəllidir ki, bu gün 120 ölkə ekoloji qida məhsulları
istehsalı ilə məşğuldur».
Aparılan müqayisəli araşdırmalara görə,
ekoloji təmiz qida məhsulları istehsalı imkanları baxımından Avstraliya,
Argentina kimi ölkələr
daha böyük potensiala malikdir. Ekoloji təmiz qida
məhsulları istehsal
edən təsərrüfatların
sayı Asiya, Afrika və Latın Amerikası ölkələrində daha
böyük sürətlə
artır. Avropa ölkələrində
ekoloji təmiz qida məhsullarının
istehsalına və istehlakına daha çox fikir verirlər. Bütövlükdə dünya üzrə
bu məhsulların istehlakı 2006-cı ildə
30 mlrd. ABŞ dolları təşkil edib. Həmin ildə ekoloji
təmiz qida məhsullarının istehlakının
70 faizi Şimali Amerikanın və Avropa ölkələrinin
payına düşüb.
Yerli mütəxəssislərimizin
bildirdiyinə görə,
sözügedən ölkələrdə
ekoloji təmiz qida məhsullarına tələb böyükdur
və bu meyil gələcəkdə
də saxlanılacaq. Ona görə
də indiki şəraitdə ölkəmizin
qida sənayesində fəaliyyət göstərən
müəssisələrin ekoloji
təmiz qida məhsulları istehsalına
üstünlük vermələri
və həmin məhsullarla beynəlxalq bazarlara çıxmaları
onların istehsal-satış
fəaliyyətlərini əhəmiyyətli
dərəcədə genişləndirməyə
gətirib çıxara
bilər: «Bunun üçün, əlbəttə,
Azərbaycanın qida
sənayesində fəaliyyət
göstərən müəssisələr
marketinq konsepsiyasının
tətbiqi əsasında
istehsal-satış fəaliyyətinin
həyata keçirilməsinə
diqqət yetirməli və marketinqin tətbiqi vasitəsilə
beynəlxalq bazarlara çıxış sahəsində
təcrübə qazanmalıdır».
Mütəxəssis deyir ki,
Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının
istehsalı üçün
əlverişli təbii-iqlim
şəraiti olsa da, müəssisələrin
həmin məhsulların
marketinqi üzrə kifayət qədər təcrübələrinin olmaması
onların beynəlxalq
bazarlara çıxışını
əngəlləyən amilə
çevrilir.
Üç nöqtə.- 2012.- 20 yanvar.-S. 8.