Davos-2012 forumu işə başladı

 

Forum çərçivəsində “Müasir Azərbaycan incəsənətində ənənələr” adlı sərgi təşkil olunub

 

Dünən İsveçrənin Davos şəhərində 42-ci dünya iqtisadi forumu Avrozonanı bürüyən maliyyə və borc böhranı, bu böhranın qlobal iqtisadiyyata təsiri fonunda işinə başlayıb. "Böyük transformasiya: yeni modellərin formalaşması" devizi altında keçirilən forumun əsas müzakirə mövzusu uzun müddət davam edən iqtisadi  böhran  şəraitində yeni iqtisadi modellərin axtarışıdır. Builki Davos müzakirələrinə Almaniya kansleri Angela Merkelin açılış nitqilə start veriləcək.

O, Avropa Birliyində borc böhranı və onun aradan qaldırılması yollarına öz münasibətini bildirəcək. Forum çərçivəsində təşkil edilən müxtəlif diskussiyaların əsas mövzuları isə kapitalist quruluşunun dünya miqyasında gələcəyi məsələsi olacaq. Gündəlikdə eləcə də Çinin nümayiş etdirdiyi inkişaf, maliyyə sistemlərinin nizamlanması və ötən il bütün dünyanı bürümüş etirazlar dalğası mövzuları diqqət çəkir. Müzakirə mövzuları içərisində böhran zamanı məsuliyyətli liderlik, Avropada dini tendensiyaların öhdsindən gəlmək, su problemləri, çoxmədiyyətlikdən sonrakı vəziyyət, kosmik texnologiyalar məsələlərinə xüsusi önəm veriləcək.

Qeyd edək ki, builki tədbirdə dünyanın 40-dan artıq ölkəsinin dövlət başçıları iştirak edir. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. İşgüzar aləmi isə bu forumda dünyanın aparıcı 20 bankından 19-unun rəhbərləri təmsil edir. Davosda eləcə də müxtəlif hökumət rəsmiləri və dünyanın aparıcı şirkətlərinin rəhbərləri də müzakirələrdə yaxından iştirak edəcəklər. Bildirildiyinə görə, biznes liderlərinin sayı 1600 nəfərdir. Forum həftə sonunadək davam edəcək, yəni yanvarın 29-da başa çatacaq. Ekspertlərin fikrincə, builki forumdan möcüzəli nəsə, necə deyərlər, "bütün dərdlərin dərmanının" tapılacağına ümid bəsləməyə dəyməz. Həmişəki kimi olaraq, bu dəfə də, Davos forumunda rəsmi qərarlar qəbul edilməsə də, aparılacaq müzakirə və fikir mübadilələri, yaxın aylar ərzində dünyada gedən qlobal iqtisadi və siyasi proseslərə təsir göstərəcəyi şübhəsizdir.

Forum çərçivəsində "Müasir Azərbaycan incəsənətində ənənələr" adlı sərgi də təşkil olunub. Sərginin təşkilatçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

 

 

Emin

 

Üç nöqtə.- 2012.- 26 yanvar.- S. 3.