Nağdsız hesablaşmaların geniş
tətbiqi bu günün tələbidir
Azərbaycanda Milli Neft Strategiyasının
uğurla həyata keçirilməsi ölkəmizin siyasi və
iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə,
beynəlxalq aləmdə mövqeyinin güclənməsinə
şərait yaratmaqla, çoxmilyardlı xarici
investisiyaların axınına, iqtisadi əlaqələrin
inkişafına səbəb oldu. İqtisadi inkişaf isə
pul dövriyyəsini genişləndirdi və o, nağd və
nağdsız formada pulun öz funksiyalarını yerinə
yetirərkən, əmtəələrin reallaşmasına
xidmət edən, həmçinin qeyri - əmtəə məhsullarının
və təsərrüfatda hesablaşmaların hərəkəti
formasıdır. Nağd pul adətən daha çox
insanlarda, nağdsız pul isə təşkilat və şirkətlərdə,
banklarda olur.
Dövriyyədə
nağd və nağdsız pulun səviyyəsi isə
iqtisadiyyatda ona olan tələbatdan asılıdır. Həqiqətən
də digər əmtəələr kimi, pulun da dövriyyədə
səviyyəsi tələb və təklif qanunu əsasında
formalaşır.
Dövriyyədə
nağd pul kütləsi həmişə tənzim
olunmalıdır
Azərbaycanda əsasən nağd
hesablaşmalara üstünlük verilir. Nağd puldan
qarşılıqlı hesablaşmalar üçün istifadə
edilir. Əmtəələrin alınması və müxtəlif
pullu xidmətlərin haqqının verilməsi bu qaydada həyata
keçirilir. Bunlar ölkəmizdə nağd pula olan tələbatın
inkişaf etmiş ölkələrə nisbətən
müqayisə edilməz dərəcədə yüksək
olmasına səbəb olur. Azərbaycanda nağd pul
dövriyyəsinin miqyasının böyük olması
iqtisadiyyatı iri həcmdə investisiya və kredit
resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini
əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Eyni zamanda, nağd pul dövriyyəsinin üstünlük təşkil
etməsi bir sıra struktur problemlərin, o cümlədən
maliyyə intizamının pozulması, şəffaflığın
aşağı olması, qeyri-mütəşəkkil pərakəndə
ticarətin üstünlük təşkil etməsi və s.
kimi problemlərin yaranmasına gətirib çıxarır.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri
Ziyad Səmədzadə bununla bağlı bildirib ki, nağd
hesablaşmaların çox olması hər hansı bir
ölkədə neqativ halların çoxalmasına gətirib
çıxarır. «Həmçinin inflyasiyaya öz təsirini
göstərir, dövriyyədə pul kütləsinin
artmasını zəruri edir. Bu da arzuolunmaz haldır.
Dövriyyədə nağd pul kütləsi həmişə
tənzim olunmalıdır».
Dövriyyədə olan pul kütləsinin
həcmi (M2 pul aqreqatı) isə 10 milyard manatı keçib.
Onun təqribən 6,6 milyard manatı nağd pul vəsaitlərinin
payına düşür.
Nağdsız
hesablaşmalar daha mürəkkəb struktura malikdir
Göründüyü kimi, nağd
hesablaşmalardan istifadə bir sıra neqativ hallara səbəb
olur. Bəzən elə hesablaşmalar olur ki, onu nağd pulla
ödəmək mümkün olmur. Məsələn, biz
mağazadan hər hansı bir ərzaq məhsulu və ya hər
hansı bir xırda gündəlik tələbat malı
aldıqda onun haqqını cibimizdə olan kağız pulla və
ya xırda pul adlandırılan metal pullarla ödəməyə
üstünlük veririk. Lakin real həyatda daha qiymətli
mallar da mövcuddur ki, onları xırda pulla almaq çətindir.
Bunun üçün ya külli miqdarda nağd pul verilməli,
ya da alıcı bank vasitəsilə öz hesabında olan
pulu həmin satıcının və ya satıcı müəssisənin
hesabına köçürməlidir. Bu halda söhbət
artıq nağdsız puldan, yəni bank hesabından gedir. Beləliklə,
nağdsız hesablaşmalar zamanı pul vəsaitləri
köçürmə yolu ilə ödəyicinin hər
hansı bir bankdakı hesabından satıcının
hesabına köçürülür. Bu halda pulun
alıcıdan satıcıya doğru hərəkəti bank
vasitəsi ilə həyata keçirilir. Alqı-satqı əməliyyatlarında
o, demək olar ki, fiziki olaraq iştirak etmir.
Qeyd edək ki, nağdsız formada olan
pulun əsas hissəsini tələb olunana qədər depozit
təşkil edir. Bununla yanaşı, nağdsız
pulların digər tərkib hissəsi müddətli depozitlərdir.
Hazırda dövriyyədə olan pul kütləsinin təqribən
1,6 milyard manatı tələb edilənədək vəsaitlər,
2 milyard manatı isə müddətli depozitlər təşkil
edir.
İqtisadi məzmunundan asılı
olaraq nağdsız pul dövriyyəsini isə iki qrupa
bölmək olar: əmtəə əməliyyatları
üzrə, əmtəə və xidmətlərə görə
nağdsız hesablaşmalar; maliyyə öhdəlikləri
üzrə, büdcəyə və qeyri-büdcə
fondlarına ödəmələr, bank ssudalarının
ödənməsi, kreditə görə faizlərin ödənməsi,
sığorta şirkətləri ilə hesablaşmalar.
Elektron hesablaşmalar sisteminin fəaliyyət
mexanizmi plastik kartların istifadəsinə əsaslanır
Praktikada nağdsız hesablaşmalar
zamanı plastik kartlardan da istifadə olunur. O özündə
əhalinin ticarət və ictimai iaşə təşkilatları
ilə hesablaşmaların elektron sistemini və həmçinin
müştərilərlə iş yerlərində
aparılan bank hesablaşmaları sistemini birləşdirir.
Hazırda iki cür plastik kartları mövcuddur: kredit və
debet kartları.
Bank kredit kartları vasitəsilə mal
alqısı, xidmətlər haqqının ödənişi
və s. əməliyyatlar aparılır. Vətəndaş
kredit kart vasitəsilə alış-veriş edir və 30
gün ərzində, yəni maaşı alandan sonra bankın
borcunu qaytarır. Bununla da, həm bank sektoru, həm də
istehlak bazarının dövriyyəsi artır. Ən əsası
isə ticarət dövriyyəsində nağdsız
hesablaşmaların payı artır və vergi nəzarəti
dərinləşir. Təcrübə göstərir ki,
nağdsız ödənişlərin artırılmasında
kredit kartları xüsusi rol oynayır.
Debet kartları bir qədər başqa
prinsiplə işləyir. Bunun üçün bankdakı
hesaba müəyyən məbləğ pul qoyub onu
kartlaşdırmaq lazım gəlir. Bu halda müştəriyə
məxsus pul cibində yox, kartında olur və sahibinə
bankda olan cari hesabındakı vəsait həcmində ödəniş
etməyə imkan verir.
Nağdsız
hesablaşmalar vergidən yayınmanın
qarşısını alır
Qeyd edək ki, dünyada məşhur
«Master kart», «Viza kart» və bunlara oxşar digər ödəmə
sistemləri pul kartları ilə planetin istənilən
nöqtəsində ödəmələri, elektron ticarəti
çox rahatlıqla həyata keçirməyə imkan verir. İqtisadçı
ekspert Samir Əliyev bildirib ki, elektron ticarət inkişaf
etdiyinə görə insanlar bu gün uzaq məsafələrdən
istədiyi məhsulu ala bilirlər. Bundan başqa, plastik
kartlardan istifadənin təhlükəsiz olması
hamımıza bəllidir. Kartların ən böyük
üstünlüyü həm də ondadır ki, pulun
oğurlanması qeyri-mümkündür. Əgər kart
oğurlanarsa, banka xəbər verib ödəməni
dayandırmaq mümkündür. Oğru isə kodu bilmədiyi
üçün kartdan istifadə etmək imkanından məhrum
olur. Plastik kartlarla hesablaşmaların aparılması
çox sayda müştəri cəlb olunmasını təmin
edir, bu isə öz növbəsində mal dövriyyəsini,
xidmətin həcmini artırır, mağazalar, xidmət təşkilatları
valyuta mübadiləsi və nağd pul inkassasiyası
qayğılarından azad olurlar. Plastik kartlarla
hesablaşmaları apararaq mağazalar və xidmət təşkilatları
nağd pullarla əməliyyat zamanı ortaya çıxan
risklərdən azad olurlar. Alqı-satqıların kart vasitəsilə
həyata keçirilməsi həm vaxta qənaət, həm də
xırda pul problemini aradan qaldırmaq baxımından önəmlidir.
Son vaxtlar mağazalarda xırda pullarla bağlı problemlər
yaranır. Alıcılar çox zaman qəpikləri
almırlar. Post-terminallara plastik kartla ödəniş
edəndə isə qalan qəpik balansda cəmlənir. Hesabda
qalan qəpiklər itmir və üst-üstə
yığılır. Hazırda ölkə üzrə 4,7
milyon plastik kart var.
Ümumiyyətlə, nağdsız
hesablaşmalar hər cəhətdən səmərəlidir.
İqtisadçı Azər Mehtiyev bildirir ki, nağdsız
hesablaşmaların istifadə olunması qiymətlərin müəyyən
qədər tənzimlənməsi və ən azı islehlak
bazarına psixoloji təzyiqin və ya təsirin aradan
qaldırılmasına səbəb olur. O həm vəsaitin hərəkətinə
nəzarət etməyə, satış və xidmət
obyektinin dövriyyəsini müəyyənləşdirməyə
və sonradan vergidən yayınmanın qarşısını
almağa imkan verir, eləcə də inflyasiyanın
cilovlanması və ya tənzimlənməsində önəmli
rol oynayır. Onun sözlərinə görə, belə olan
halda nağd hesablaşmalardan fərqli olaraq nağdsız
hesablaşmalarda pul vəsaitlərini nəzarətdən və
vergiyə cəlb olunmaqdan gizlətmək mümkün deyil,
pulun hərəkəti üzərində şəffaflıq
təmin olunur. Əməliyyatların nağdsız yolla həyata
keçirilməsi pulun kənar ciblərə getməsinin də
qarşısını alır. Nağdsız
hesablaşmaların üstünlüklərindən biri də
məmurla vətəndaşın əməliyyatlarını
arxa plana keçirir, onları üz-üzə gətirmir və
korrupsiya üçün imkanların daralmasına gətirib
çıxarır. Bu, korrupsiyaya qarşı ümumiyyətlə
dünyada sınaqdan keçmiş metodlardan biri hesab olunur.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri
Ziyad Səmədzadə dünyanın aparıcı ölkələrinin
nağdsız ödənişlərə üstünlük
verməsinə toxunarkən deyib: «Əvvəla, neqativ hallar
azalır, korrupsiya azalır, şəffaflıq təmin
olunur. İnsanların mal almaq, xidmət haqlarını ödəmək
imkanları şəraiti sadələşir. Bu xidmətdən
istifadə bütövlükdə bazarı
sağlamlaşdırır, dövriyyədə nağd pulun həcmini
azaldır”.
Üç
nöqtə.-2013.-5 aprel.-S.10.