“Tarımız bütün dünyaya səs
salır”
Möhlət
Müslümov: “Bu, dünyada yeganə alətdi ki, bənzəri
var, amma o səsə malik alət yoxdu”
İncəsənət elə bir sahədir ki, istedadın olmasa, hansısa sahəsində uğur qazanmaq mümkün deyil. Amma uğur qazanmaq üçün də, zəhmət çəkmək, illərin əziyyətlərinə qatlaşmaq lazımdı. İllər öncə muğama, musiqi alətlərimizə diqqət olmayan bir dövrdə bu sahədə olanlar da çox böyük əziyyətlərə qatlaşmalı oldular. Bu dəfə “Şənbə qonağı”mız olan xalq artisti, tarzən Möhlət Müslümov da əziyyətlərdən keçib gələn sənətkarlarımızdandı. Möhlət müəllimin ötən illəri xatırladığı və bu gün gördükləri diqqətdən söhbət açdığı müsahibəsini sizlər təqdim edirik
- Möhlət
müəllim bəlkə ilk dəfə tarı əlinizə
almağınızdan başlayaq?
Bu sahəyə uşaq yaşlarımdan marağım olub. O illər məndə tara fanatlıq dövrü idi. Nəyinsə xatirinə bu sənəti seçməmişəm. Ağlıma gəlməzdi ki, bu sənət insanı haralar gətirib çıxara bilər. İndi bəzi valideynlər nəyinsə xatirinə uşaqlarını bu istiqamətə yönəldirlər. Oxumaq instrumental ifaçılığa baxanda asandı. Tək tar çalan deyil, digər musiqi alətlərinin mahir ifaçısı 20-25 ilə yetişir. O da ki, əgər yetişsə. Görün nə qədər mərhələləri ötməlidi. 8-10 yaşından başlayırlar. Musiqi məktəbi, orta ixtisas məktəbi, sonra ali təhsil, magistr təhsili. Sonra nə qədər təcrübə keçirsən. İnsan ömrünün bir hissəsi bu sənəti öyrənməklə keçir.
- Uşaqlıqda
nağarada da ifa etmisiz, amma tarı seçmisiz?
- Anam deyirdi ki, 2 yaşın olanda gətirib dəmir tavanı verirdin mənə ki, oxu. Özü də oxu yox, oxa deyirmişəm. Hətta təzə dil açanda deyirmişəm ki, mən muğamçı olacam. Sonra mənə nağara aldılar və çalmağı özüm öyrəndim. Deyilənə görə normal çalırmışam. Tara da həvəsim var idi. Nağaramın üzü partladıqdan sonra düzəltdirən olmadı. Sonra tar aldılar. Elə o vaxtdan da başladım ta ki, bu günə qədər də davam edirəm.
- İllər
öncə nə muğama, nə də musiqi alətlərinə
indiki qədər diqqət yox idi..
- Bu əslində böyük bir mövzudu. Elə
yaxın keçmişi götürək. Milli alətlərimiz
o vaxt assimilyasiyaya məruz qalmışdı. Heç yerə
dəvət olunmurdu. Başda elə mən olmaqla oturub fikir eləyirdik
ki, heyif çəkdiyimiz əziyyətlərə. Amma sonra
fikirləşirdik ki, bu bizim milli kökümüzdü.
Bunları fikirləşib hardasa təskinlik tapa-tapa həmin
illəri arxada qoyduq. Həmin durğunluq illərində nə
qədər ölkədən, məni dəvət edirdilər.
Türkiyə, Fransa, İsrail və bir çox ölkələrdən
bu cür təkliflər gəlib. Fikir eləsəm də
başqa ölkədə bir-iki aydan artıq qala bilmirdim.
Reallıqdan danışıram. Bunu həmişə
deyirəm ki, Heydər Əliyev hakimiyyətə gələndən
sonra, bir az təskinlik tapdıq, incəsənət dirçəlməyə
başladı. Sonra ulu öndərin davamçısı
Prezident İlham Əliyev bu sıradan ölkəmiz
üçün görünməyən işlər etdi.
Doğrudan da, bu gün bizim illər uzunu çəkdiyimiz
çətinliklərə dəyərmiş. Sənət
yoldaşlarım, mən bilirəm ki, biz hansı əziyyətləri
çəkdik. Burda əsl sənətkarlardan söhbət
gedir. Bu gün tar ifaçılığının YUNESKO-nun
qeyri-maddi mədəni irs siyahısına daxil olması
böyük hadisədi. Bundan sonra çox
böyük ajiotaj yarandı. İran bir tərəfədən,
erməni bir tərəfdən tara sahib çıxmağa
başladı. Bu yaxınlarda Amerikanın səfiri ermənilərlə
birləşib qalmaqal eləyib ki, tar erməni ilə
farsındı. Necə yəni Azərbaycan sonradan qurulan
dövlətdi. Siz bir paradoksa baxın. Azərbaycanı
gənc dövlət hesab edirlər. Mən onların diz
üstündə çalınan tarlarına hörmətlə
yanaşıram. İranda qastrollara gedirəm, orda dostlarım
çoxdu. Amma bu gün erməniyə qoşulub deyəndə
ki, tar mənimdi, bu mənə pis təsir edir. Sağlığında
deyirlər ki, kor Fatı, öləndən sonra deyirlər ki,
badam gözlü Fatı. İran bu yaxınlara qədər
tarı tarçalanların başına vururdu ki, tar
haramdı. İndi Azərbaycan tarı şah alət elan
olunandan sonra, deyir ki, tar mənimdi, erməninindi.
Düzdü, emənilər bizim binaları da tikib,
ayaqqabımızı da təmir edib, hətta bərbərimiz
də erməni idi. Tarımı erməni təmir edirdi. Bu
gün o demək deyil ki, tar erməninindi. Artıq bu məsələ
sübutunu tapıb ki, YUNESKO tarı şah əsər elan
etdi. Bundan sonra nə isə demək gülməli
çıxır. 1992-ci ildə Hollandiyada
yaradıcılıq görüşü keçirilirdi. Orda bir ansambl
var ki, dünya xalqlarının musiqisini çalır. Tar da var idi. Tarı
görəndə sevindim. Dedilər ki, erməni
tarıdı. Orda böyük qalmaqal oldu,
neçə gün böyük savaşa çıxdıq.
Özümlə ora gedəndə yaxşı
ki, kitab aparmışdım. Verdim oxudular.
Axırda onlara tarın Azərbaycana məxsus
olduğunu sübut etdim. O vaxtı Azərbaycanı hələ
çox ölkələrdə yaxşı
tanımırdılar. Amma şükür Allaha
ki, indi tarımız bütün dünyaya səs salır.
İnanıram ki, ermənilərin sahib
çıxmağa çalışdıqları balaban da
milli alətimiz kimi, dünyada öz təsdiqini tapar. Və inşalah bu siyahı digər alətlərimizlə
davam edər.
- İran tarı Azərbaycan
tarından dizin üstündə çalınmasından
başqa nə ilə fərqlənir?
- Vallah dərinə
gedib çıxsaq, o da elə Azərbaycan tarıdı. İran tarına da bir musiqiçi kimi hömətlə
yanaşıram. Ümumiyyətlə,
dünya xalqlarının bütün milli alətlərini
dinləyirəm və sevirəm. O alətlər də məxsus
olduqları xalqın köküdü. Reallıqdan
danışsaq, Azərbaycan tarının dünya səhnələrində
dediyi sözü İran tarı deməyib. Sadıqcanın tarı dizin üstündən sinəyə
gətirməsi və Üzeyir Hacıbəylinin tarın pərdələrini
ləğv etməsi bizim tarımızı Avropanın not
sistemi ilə bir səviyyəyə gətirdi. Mən Fərəc
Qarayevin, Firəngiz Əlizadənin əsərlərini
dünyanın bir neçə ölkəsində ifa etmişəm. Adlarını çəkdiyim bəstəkarlar XXII əsrin
musiqilərini yazırlar. Qeyri-adi musiqilər
yazırlar və həmin musiqilərin
ifaçılığına tarı, kamançanı,
balabanı, zərb alətlərimizi daxil edirlər. Dünyanın ən böyük musiqi alətləri
ilə tarımız üz-üzə gəlir.
- Tar ətrafında yaranan qalmaqaldan
sonra Azərbaycanda keçirilən Beynəlxalq Muğam
Festivalında instrumental ifaçılığa həsr
olunmuş simpoziumun və müsabiqənin keçirilməsi
hansı rola malik oldu?
- Əvvəllər bu müsabiqədə ancaq xanəndələr
iştirak edirdi. Bu il müsabiqəyə tar,
kamança, balaban, kanon aləti də daxil oldu. İlk öncə ölkə daxilində
keçirilən seçimlərdə münsiflər heyətində
idim. Orda şahidi oldum ki, nə qədər
istedadlı insanlarımız var. Beynəlxalq müsabiqədə
səfərim olduğuna görə iştirak edə bilmədim.
İnternet vasitəsilə izləyirdim.Deməli,
münsiflərdə iştirak edənlərin 3-ü xarici,
2-si azərbaycanlı idi. Musiqiçilərimiz
iştirak edəndə azərbaycanlı münsiflərdən
əvvəl xaricilər əlini qaldırıb. Çünki əsl ifa göz qabağındadı.
- Tar artıq dünyəvi musiqilər
sırasına daxil edilib. Maraqlıdı istənilən
xarici musiqini tarda ifa etmək mümkündür?
-
Konservatoriyada oxuduğum 5 ildə muğam mənim
üçün ikinci planda idi. Muğam da
çalırdıq. Amma mən 60-70% notla
məşğul olurdum. Bütün
dünya bəstəkarlarınını skiripka
üçün yazılan əsərlərini
çalırdım. Özü də fəxr
edirdim ki, bu əsərləri çalıram. İlk xarici səfərim tələbə
vaxtlarımda Polşaya olub. Şopenin və
bir neçə dünyaca məşhur bəstəkarın əsərini
ifa etdim. Vasif Adıgözəlov “Qərənfil”
romansını tar üçün işləmişdilər.
Onun ilk ifaçılarından biri də mən
idim. Rəhmətlik V.Adıgözəlov
məni özü aparmışdı və özü də
müşayiət edirdi. “Qərənfil”i
çalandan sonra alıb notlara baxırdılar. Əsas muğam yerini axtarırdılar. Dedilər ki, bu muğam nə olan şeydi ki, biz istəyirik
ki, buna qulaq asaq. Varşavada solo konsertimi elədilər.
Və başa düşdüm ki, bütün
dünya musiqiləri bizə lazımdı, amma
muğamımız ən şah əsərdi.
- Tar
ifaçılığının özünəməxsus
xüsusiyyətləri hansılardı ki, onları
bacarmayanlar bu sənətdən uzaqlaşmalıdırlar?
- Təhsil
aldığım illədə mənimlə bərabər
minlərlə tar ifaçıları təhsil alıb.
Neçə ildir ki, Asəf Zeynallı adına
musiqi məktəbində dərs keçirəm. Və həmin oxuyanlar süzülə-süzülə
gəlib və axıra bir qismi qalıb. Bəziləri
sırf müəlim kimi çalışır, bəziləri
başqa sahəyə gedir. İstiqamətlərini
dəyişənləri də qınamaq olmaz, görür ki,
bu sahədə onda alınan deyil. O vaxtlar sutkanın 16
saatını tar çalırdım. İndi hərdən
fikirləşirəm ki, zaman geriyə çəkilsə, bu
sənəti seçmərəm. Doğrudan
çox ağır sənətdi. Allahın
verdiyi istedadı olanlar çətinliklərə dözə
bilsələr irəliyə gedə bilirlər. Son 10 ili götürsək, bir-iki yaxşı tələbənin
adını çəkmək olar. 3-cünü
tapmaq olmur. Azərbaycan istedadlı
xalqdı. Amma zəhmət çəkmək
də lazımdı.
- Bir vaxtlar tələbə olan
Möhlət Müslümov müəllimindən hansı məsləhətləri
alıb və tələbələrinə hansı məsləhətləri
verir?
-
Yaxşı müəllimlərim olub. Onlardan nə
isə götürməmişəm, amma müəllim kimi
çox şey öyrənmişəm. Biri
var müəllim, biri var ifaçı müəllim. Onlar ifaçı deyildilər, amma gözəl
müəllim idilər. Heç vaxt məni
tərifləmirdilər. Ara-sıra
qulağıma dəyirdi ki, razı olduqlarını, gələcəyimin
böyük olduğunu deyirlər. Mən
buna arxayın olmurdum. İstəyirdim ki,
işlərimə tənqidi yanaşsınlar. Müəllimlərim məni tənqid edəndə
bundan nəticə çıxarırdım. Kimisə yalandan tərifləməyi sevmirəm.
Əgər alınmasa başa salıram ki, bu sənət
sənlik deyil. Müəllimliyin sirrlərini
onlardan öyrəndim, amma sonra böyük sənətkarları
dinlədim. Tələbələrimə
deyirəm ki, bütün tar çalan ustadlarımız sizin
müəlliminiz olmalıdı.
- Dediz ki, elə tələbə olub
ki, demişəm ki, uzaqlaşın elə tələbə
var ki, məsləhətiniə qulaq asıb uzaqlaşsın?
-
Çox uşaqların istedadı olmadığına görə
başqa sahəyə keçmələrini demişəm. Düzdü, əvvəl məndən inciyiblər.
Amma illər keçəndən sonra gəlib təşəkkürlərini
bildiriblər.
- Tarımız haqda xarici ölkələrdə
nələr danışırlar?
- Konsertlərdən
sonra gəlib tarı alıb baxırlar, imkanları barədə
soruşurlar. Nədən düzəldiyi onlara
maraqlı gəlir. Tarın dünyada yeganə
alətdi ki, bənzəri var, amma o səsə malik alət
yoxdu.
- Qarşıda hansı işlər
var?
- Mən
Dövlət Televiziyasının Əhməd Bakıxanov adına xalq çalğı alətləri
ansamblının bədii rəhəbriyəm, Cabbar
Qaryağdı adına müğam
üçlüyünün solistiyəm, Milli
konservatoriyanın professoruyam. Buna görə bu
gün çox dəvətlər var. Estoniyada beynəlxalq
festivala dəvət almışam. Amerikaya
səfərim var.
- Tarımızın gələcəyi
haqda nə deyə bilərsiz?
-
Tarımızın, musiqimizin gələcəyini parlaq
görürəm. Diqqət artdığına
görə, bu sahəyə gələnlərin də sayı
artıb. Belə davam eləsə
yaxşı olar inşallah.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-6 aprel.-S.13.