Bakı Folklor
Teatrı bir çox
işlər planlaşdırır
Roma Xosrov:
“Teatrda şifahi xalq ədəbiyyatına, folklor
nümunələrimizə üstünlük
veriləcək”
BU ilin əvvəlində
Bakıda yeni bir teatr – Bakı Folklor
Teatrı fəaliyyətə başlayıb. Cəmi bir neçə aydır fəaliyyət göstərməsinə
baxmayaraq, teatrda bir çox işlər aparılır. Teatrın iş fəaliyyəti
barədə “Üç nöqtə”yə
məlumat verən teatrın truppa rəhbəri
Roma Xosrov bildirdi ki, teatrın
yaradılmasında əsas məqsəd qədim adət-ənənələrə
söykənən folklor nümunələrini
yalnız ölkə daxilində deyil, beynəlxalq
səviyyədə təbliğ etmək və böyük tamaşaçı
auditoriyasına çatdırmaqdır: “Azərbaycan folklorunun qaynağında zəngin və dərin
məzmunlu milli-mənəvi dəyərlərimiz dayanır. Milli dəyərlərin bir
qisminin aşındığı çağdaş dövrümüzdə folklorumuzun adət-ənənələrimizin
yenidən canlanması böyük önəm
daşıyır. Bunu nəzərə alaraq Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin, xüsusilə,
idarə rəisi Əlikram Əliyevin təşəbbüsü
ilə Bakıda Folklor teatrının
yaradılması qərara alındı”. Truppa
rəhbəri bildirir ki,
teatrın aktyor heyətini təşkil
etmək məqsədi ilə iki dəfə
seçim mərhələsi keçirilib. Bu seçim turları Rəşid Behbudov adına Mahnı teatrında baş tutub: “Yaş məhdudiyyəti qoyulmayan
seçim turları artıq başa çatıb. Yeni
yaradılan teatrın şəxsi binası olmadığına
görə, məşqlərimiz həftədə üç dəfə keçirilməklə
Xətai Mədəniyyət evinin xüsusi zalında reallaşır. İlk məşqimiz martın 13-ü adı
çəkilən ünvanda baş tutub. Aprelin 6-sı isə sayca
10-cu məşqimiz keçirildi. Teatrda 18 yaşından yuxarı olan aktyorlarla əmək
müqaviləsi əsasında, azyaşlı aktyorlarla
isə müqavilə əsasında yalnız qonorarla
çalışacağıq. Hal-hazırda səhnə
danışığından, Gənc Tamaşaçılar
Teatrının aktrisası Şəhla Əliqızı, Səhnə
plastika və hərəkətindən rejissor Nicat Kazımov və
İncəsənət Universitetinin müəllimi
Pərviz Məmmədrzayev, milli rəqsdən
isə estrada teatrının aktrisası Güney Əkbərova tərəfindən
məşqlərimiz intensiv olaraq davam etməkdədir.
Qeyd edim ki, müsabiqə yolu ilə
seçilmiş aktyorlar
arasından martın 28-i idarə heyəti tərəfindən
ən yaxşılarının seçimi
mərhələsi keçirildi. Beləliklə,
42 aktyordan 17-si xaric olunmaqla, qalan 25-i ilə
teatrımızın yüksəlişi istiqamətində
müştərək addımlar atılmaqdadır. Akademik milli dram teatrının musiqi
şöbəsinin müdiri eyni zamanda Bakı Folklor Teatrının baş
rejissoru Həmid Kazımzadənin səyi
nəticəsində ssenari üzərində
yeni məşqlərimizin icrası
planlaşdırılıb”. Roma Xosrov onu da
bildirdi ki, teatr üçün məkan
olaraq hansı ünvanın seçiləcəyi
dəqiq məlum deyil: “Amma
teatr özünü
təsdiqləyəndən sonra yeni bina da
olacaq. Başlanğıcda kiçik tamaşalarla
başlayacağıq. Böyük
tamaşalarımız olsa Akademik
Milli Dram
Teatrının, Gənc Tamaşaçılar Teatrının
nəzdində onları nümayiş
etdirəcəyik. Teatrda şifahi
xalq ədəbiyyatına, folklor
nümunələrimizə üstünlük
veriləcək. Nağıllarımız, dastanlarımız
hələ ki, qısaldılmış
şəkildə tamaşaya qoyulacaq. Amma heyətimiz çoxaldıqdan
sonra, artıq onların tam
şəkildə səhnələşdirilməsinə
başlanılacaq. Yaxınlarda ola bilsin ki, yeni
seçimlərimiz olsun. Bu
zaman teatra yeni aktyorlar cəlb olunacaq”. Sonda truppa rəhbəri onu da qeyd etdi
ki, teatrın saytı - www.truppa.tk
da yaradılıb: “Hələlik yüksək
səviyyədə hazırlanmış bir
sayt olmasa da, inşallah yeni xəbərlərimizi burda
tamaşaçılarımızla bölüşəcəyik.
İnşallah gələcəkdə
işlərimiz daha da
genişlənər. Saytımız da daha professional şəkildə
fəaliyyət göstərər”.
Aygün
Asimqızı
Üç
nöqtə.-2013.-9 aprel.-S.13.