Avropa İttifaqından turizm sektoruna dəstək

 

Əbülfəs Qarayev: “900 min avro təşkil edən layihə 4 komponentdən ibarətdir”

 

 Avropa İttifaqı adından çıxış edən Avstriya Federal Təchizat Agentliyi (FTA),  Litva Dövlət Turizm Departamenti və benefisiar tərəf olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Tvinninq layihəsinin tətbiqənə başlayır. Bu haqda məlumat verən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» adlı layihənin əsas məqsədi Azərbaycan iqtisadiyyatının diversifikasiyası prosesində ölkənin turizm sektorunun göstəricilərini yaxşılaşdırmaqdır. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 900 min avro təşkil edən layihə 4 komponentdən ibarətdir. Nazir hesab edir ki, Azərbaycanın Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələri həyata keçirməsi turizm sənayesinin inkişafına öz təsirini göstərir: «Bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi dünya turizm sahəsində Azərbaycanın aktivliyinin artığını göstərir. Belə ki, 29 may-1 iyun tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizm sahəsi üzrə sessiyanın keçirilməsi və həmin sessiyaya Təşkilata üzv ölkələrin turizm nazirlərinin dəvət edilməsi də planlaşdırılır. Bundan başqa 2015-ci ildə Bakıda təşkili nəzərdə tutulan Avropa Yay Olimpiya oyunları da ölkəyə turist axınının artmasına səbəb olacaq. Bu səbəbdən paytaxt ərazisində bir çox 3 ulduzlu otellərin tikilməsi də nəzərdə tutulub». Ə.Qarayev vurğulayır ki, Azərbaycan Ümumdünya Turizm Təşkilatı ilə birlikdə çox mühüm layihələr həyata keçirir: «Bizim Avropa Komissiyasının iclasında təqdim etdiyimiz layihələr çox böyük marağa səbəb olub. Artıq bu gün Azərbaycanda turizm sahəsinin idarəedilməsinin təkmilləşdirilməsi sahəsində maraqlı layihələr gerçəkləşir. Avropa İttifaqının Tvinninq layihəsi Azərbaycanda turizmin dövlət tərəfindən idarə edilməsinə dair xüsusi bir proqramıdır».

Turizm sahəsini araşdıran ekspert Eldar Aslanov da qeyd edir ki, son zamanlar Azərbaycan xarici turistlərin maraq dairəsinə çevrilib: «Ölkəyə turist axınının artımı təbii olaraq turizmin inkişafından xəbər verir. İnşa edilən yeni turizm obyektləri də bunu sübut edir. Azərbaycanın Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış sərgisi olan «AİTF-2013» 12-ci Beynəlxalq Turizm və Səyahətlər sərgisinə ev sahibliyi etməsi də turizm istiqamətində əldə olunan nailiyyətlərə hesablanıb».  O bildirir ki, Azərbaycan hökumətinin ölkədə apardığı «Açıq Qapı» siyasəti, cəmiyyətdəki demokratikləşmə, sosial və iqtisadi islahatlar ölkə vətəndaşlarına və xarici vətəndaşlara ölkələrarası bir-birini ziyarət etmək imkanları yaradır. Statistikaya görə ölkəmizi ziyarət edən xarici vətəndaşların sayı ilbəil artır. Azərbaycanın tarixi şəhərləri, sarayları, qalaları, türbələri və məscidləri ilə yanaşı yeni tikilən istirahət kompleksləri turizm sənayesinin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur». Mütəxəssis qeyd etdi ki, möhtəbər idman, mədəniyyət və digər sahələrdə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi də Azərbaycana xarici vətəndaşların gəlişini arıtırır: «Qeyd edək ki, Azərbaycanda «2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı» çərçivəsində turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə tədbirlər görülür, «Turizm haqqında» qanun yenidən hazırlanır. Ölkənin bir çox yerlərində turizm kompleksləri, yeni infrastruktur layihələri yaradılır. Bütün bu proseslər 2011-ci ilin «Turizm ili» elan edilməsindən sonra geniş vüsət alıb». Qeyd edək ki, indiyədək həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan ilk dəfə olaraq 2 milyon yarım turist göstəricisinə yaxınlaşıb.

 

Əfsun

 

Üç nöqtə.-2013.-11 aprel.-S.4.