Məlumatların
saxtalaşdırılması təhlükəlidir
Bu səbəbdən informasiya
təhlükəsizliyinin vahid
standartlarının müəyyən edilməsi zəruridir
2012-ci ildə BMT-nin VII İnternet İdarəçilik Forumu Bakıda keçirildi. Bu tədbirin Azərbaycanda təşkili heç də təsadüfi olmadı. Çünki informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edən və ən perspektivli seqmentidir. Bu səbəbdən də yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və bizim uğurlu gələcəyimizi təmin edəcəkdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir.
Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Aydındır ki, bunlarla yanaşı informasiya təhlükəsizliyinə diqqəti artırmaq lazımdır. Dünyada baş verən hadisələr də bunu önə çəkir. Baş vermiş hadisələrin qiymətləndirilməsində ikili standartlar nümayiş etdirilməsi də informasiya təhlükəsizliyinindən qaynaqlanır. Bu hadisələrə təkan verən sosial şəbəkələr olub. Məsələn, bəzi hallarda deyirlər ki, internet azadlığından söhbət gedir, bu azadlığın məhdudlaşdırılması söz azadlığının məhdudlaşdırılması deməkdir, başqa hallarda isə dözümsüzlük göstərərək “sıfır tolerantlıq” prinsipini əsas götürənlər söz azadlığından dəm vuranlar tərəfindən heç bir tənqidə məruz qalmırlar. Təbii ki, kompyuter texnologiyaları özlüyündə prinsip etibarilə nə siyasəti, nə də beynəlxalq münasibətlər sistemini transformasiya etmir. Bununla bərabər, aşkardır ki, beynəlxalq informasiya təhlükəsizliyini, ilk növbədə informasiya texnologiyalarından düşmənçilik məqsədilə istifadə edilməsi təhlükəsinin azaldılması hesabına möhkəmlətmədən milli və qlobal təhlükəsizliyin səmərəli təmin edilməsi mümkün deyildir. Lakin təəssüf ki, informasiyanın qəsdən təhrif edilməsi, yanlış informasiya verilməsi, məlumatların saxtalaşdırılması, müasir informasiya texnologiyalarından müxtəlif cinayətlər, məqsədyönlü qanunsuz əməllər törədilməsi üçün, o cümlədən terror məqsədi ilə istifadə edilməsi bu gün adi hala çevrilir. Universal səviyyədə informasiya məkanında fərdin təhlükəsizliyinin və azadlığının mənafeləri arasında tarazlığa, habelə qlobal informasiya mübadiləsinin iştirakçılarının hüquq və vəzifələrinin tarazlığına əsaslanan informasiya təhlükəsizliyinin vahid standartlarının və meyarlarının müəyyən edilməsi zəruridir. Təbii ki, vəzifələrdən söhbət gedəndə, ilk növbədə, beynəlxalq münasibətlər sisteminin ənənəvi aktorlarını – milli dövlətləri yada salmaq lazımdır. Qeyd etmək lazımdır ki, hər bir müasir dövlət kimi Azərbaycan da informasiya-telekommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirir. Bu sahə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edilmişdir. Biz informasiya təhlükəsizliyi məsələlərində Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqə saxlayırıq. 2008-ci ildə Azərbaycan Avropa Şurasının “Kibernetik cinayətkarlıq haqqında Konvensiya”sını imzalayıb. Beynəlxalq Elektrik Rabitəsi İttifaqının tövsiyəsi ilə ölkəmiz 2010-cu ildən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının üzvü olan 192 ölkədən 136-sını birləşdirən beynəlxalq çoxtərəfli tərəfdaşlıq (İnternational Multilateral Partnership against Cyberthreats – İMPACT). çərçivəsində əməkdaşlıq edir. Azərbaycan həm də “Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi” proqramı çərçivəsində Şərqi Avropada həyata keçirilən kibernetik cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində iştirak edir. Bu layihənin həyata keçirilməsi gedişində Avropa və beynəlxalq normativ vasitələrindən və praktikadan istifadə edilməklə kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün potensialın möhkəmlənməsi üzrə məsələlər həll edilir. Hamıya məlumdur ki, haker hücumları qərəzli xarakter daşıyır və hər gün dünyanın bütün ölkələrində baş verir. Azərbaycan da informasiya təhlükəsizliyinə təhdidlərlə üzləşir. Bu baxımdan qeyd edə bilərək ki, son bir ildə ölkəmizin dövlət orqanlarının və digər müəssisələrinin kompyuter sistemlərinə haker hücumlarının sayı artmışdır. İnformasiya təhlükələrinin təşviş əhval-ruhiyyəsinin yayılması, dövlətin ərazi bütövlüyü haqqında informasiyanın təhrif edilməsi, terrorçu və separatçı radikal-dini fəaliyyətə təhrikçilik kimi formalarını da xatırlatmalıyıq. Təəssüf ki, Azərbaycan aşkar informasiya təhrikçiliyi nümunələri ilə çox tez-tez üzləşir.Bu hallarda kibernetik məkanda separatçı fəaliyyətə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına qoyulur. Vurğulamağa dəyər ki, bu cür hərəkətlər çox vaxt qonşu Ermənistanın informasiya strukturları tərəfindən törədilir. Ermənistan ilə Azərbaycan arasında münaqişənin mahiyyəti haqqında yalan məlumatlar yayan informasiya resurslarının yaradılması, ərazilərin adları dəyişdirilmiş saxta xəritələr hazırlanması, bu məqsədlər üçün Azərbaycana aid domen adlarından istifadə edilməsi ölkəmizə qarşı haker hücumlarının müxtəlif növləri hesab edilə bilər. Son bir neçə ildə İran İslam Respublikası tərəfindən Azərbaycanın efir məkanının məqsədyönlü şəkildə pozulmasının davam etməsini də xatırlatmalıyıq. Bədnam “Səhər 1” beynəlxalq kanalı əsasən Azərbaycandakı hədəf auditoriyasına ünvanlanmışdır və bu kanal ölkəmiz haqqında daim bilərəkdən yalan və saxta informasiya yayır. Bu vəziyyət Beynəlxalq Elektrik Rabitəsi İttifaqının “Radiorabitə reqlamenti”nin 23-cü maddəsinin birbaşa pozulması deməkdir. Həmin maddədə konkret olaraq müəyyən edilmişdir ki, radioyayım stansiyalarının gücü milli radio xidməti tərəfindən həmin ölkənin sərhədləri daxilində yayımın yaxşı keyfiyyətinin qənaətlə və səmərəli təmin edilməsi üçün zəruri kəmiyyətdən yuxarı olmamalıdır. Təbii ki, Azərbaycan öz efir məkanının informasiya təhlükəsizliyinin müdafiəsini təmin etmək üçün texniki və texnoloji tədbirlər görür. İranın rəsmi şəxsləri bu problemin mövcud olmasını çoxsaylı ikitərəfli, o cümlədən müvafiq qurumlar səviyyəsində görüşlərdə etiraf edirlər, lakin vəziyyət dəyişmir. Qeyd etmək lazımdır ki, başqa ölkələr də buna oxşar çətinliklərlə üzləşirlər. Bununla əlaqədar efir məkanının oxşar pozulması hallarının tənzimlənməsi üçün real mexanizmləri birlikdə axtarmaq lazımdır. Bu gün informasiya təhlükəsizliyinə təhdidlər təhlükəli amilə çevrilmişdir. Ona qarşı mübarizə aparmaq üçün bütün dünya birliyinin fəal səylərini birləşdirmək, habelə müasir təhdidlərin aradan qaldırılması və qarşısının alınması probleminə əsaslı yeni strateji yanaşmanın formalaşması zəruridir. İnformasiyanın artmaqda olan əhəmiyyəti qarşılıqlı informasiya təsiri proseslərinin tənzimlənməsinin təmin olunması üçün dövlətin fəal müdaxiləsini tələb edir. Biz unutmamalıyıq ki, informasiya texnologiyalarının inkişafı artıq bu gün cəmiyyətin həyatının demək olar bütün sahələrində genişmiqyaslı mənfi nəticələr doğurur. Son olaraq qeyd etmək istərdim ki, qlobal informasiya əsrində informasiya döyüş meydanı sürətli nüvə silahlanması ilə müqayisədə qat-qat artıq dərəcədə xaotik ola bilər, çünki bu döyüşdə çoxsaylı xırda iştirakçılar və qeyri-dövlət oyunçuları vardır. Onların ciddi təhlükə yaratması üçün cəmi bir kompyuter və ya qlobal şəbəkəyə qoşulmuş adi mobil telefon kifayətdir. Mövcud təhlükələr müasir dövrün bu cür çağırışlarına ən yaxın müddətdə münasibət bildirməyin zəruriliyini şərtləndirir.
Üç nöqtə.-2013.-13
aprel.-S.9.