Sahibkarlığın inkişafı Azərbaycanın iqtisadi siyasətinin prioritet sahəsidir

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət respublikamızı Cənubi Qafqazın lider ölkəsinə çevirib

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılmasına başlanıldı.  Müstəqilliyin ilk illərində hökumətin qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadi sisteminə keçid, əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması kimi bir çox ciddi  vəzifələr dururdu.  Amma buna nail olmaq o qədər də asan deyildi. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yürüdülən uzaqgörən siyasət və gərgin fəaliyyət nəticəsində ölkəmiz inkişaf yoluna qədəm qoydu. Ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarət oldu ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yarandı. Ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil etdi. Azərbaycanda sahibkarlığın təşəkkül tapması və inkişafı ümummilli liderin adı ilə bağldır.

 

Azad rəqabətin təmin olunması iqtisadiyyatın dinamik inkişafına xidmət edir

 

Müstəqil Azərbaycanın memarı Heydər Əliyev azad sahibkarlığın inkişafına daim diqqət göstəririb. Ümumilli lider respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib. Həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə yönəldilib. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi sahələrində mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib. Qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapib. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət edib.

Müstəqilliyin ilk illərində respublikanın Baş nazirinin birinci müavini vəzifəsində çalışan, iqtisadçı Vahid Əhmədovun sözlərinə görə, ölkənin gələcək inkişafı üçün sahibkarlığın inkişafı vacib idi: «Həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan bir istiqamət kimi 1993-cü ildə təsdiq edilən ''Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)'' adlı Dövlət Proqramı xüsusi qeyd edilməlidir. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı. Nəticə etibari ilə ölkədə fəaliyyət göstərən kiçikorta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi. Məhz bu görgəmli şəxsiyyətin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verdi».

«Sahibkarliğin inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir: «Bu proqramlar kiçikorta sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilib. Iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilib. Bir sözlə, sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən olan infrastrukturun formalaşdırılması sahəsində mühüm işlər görülüb. Sahibkarlara zəruri texniki yardım- məsləhət, informasiyasair xidmətlər göstərən strukturlar yaradılib»-deyə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

 

İqtisadi sahədə bir-birini təkrarlayan, paralellüzumsuz yoxlamaların sayı azaldılıb

 

Aparılan təhlillər göstrir ki, 1993-cü ildən etibarən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artmağa başladı. Bu da ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsi idi. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lideri Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün oldu. Sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsini də xüsusi qeyd etməliyik. Məlum olduğu kimi, 1996-cı ildə, yəni iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermirçox vaxt sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Bu səbəbdən də qeyd etdiyimiz problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürüldü. Qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanıldı. İlk addım kimi ölkə prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» Fərman imzaladı. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralellüzumsuz yoxlamaların sayı azaldıldı. Bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafeləri qorunmasına xüsusi önəm verildi. Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş verdi. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük verdi. Bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi oldu. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olundu. Burada mövcud boşluqlar aşkar olunaraq onların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tuturdu. Eyni zamanda, aparılan yoxlamaların keyfiyyəti və səmərəliliyinin artırılması, əsassız yoxlamaların qarşısının alınması məqsədilə müvafiq tələblər və metodiki göstərişlər hazırlandı.

 

Sahibkarların problemlərini onların öz dillərindən öyrənən prezident

 

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanıb. Onlarla mütəmadi görüşlər keçirərək iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırib. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək mümkündür. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılıb, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilib. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi imzalanan çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyub.

Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırıb, onları torpağın həqiqi sahibinə çevirib.  Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunmasına başlanılıb. Onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verib, keyfiyyətcə fərqli münasibətlər formalaşıb. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silinib, onlara müddətli vergi tətillərinin verilməsinə başlanılıb. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad ediliblər. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100 faizə çatib.

Azərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayev deyir ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu 35 ildə kənd təsərrüfatında aparılan islahatlara, qida sənayesinin inkişafına böyük diqqət və qayğı göstərib: «Bütün bunların hesabına 1995-2004-cü illərdə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı artıb. Son 5 ildə əkin sahələrinin həcmi 255,1 ha artib. Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf etib. 2003-cü ildə artım tempi 5,6 faiz təşkil etib. Bu ənənə davam etməkdədir».

Aqrar bölmədəki islahatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynayıb.

Yuxarıda qeyd olunanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlərin çox cüzi hissəsini təşkil edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu tədbirlər qısa zaman kəsiyində öz müsbət təsirini göstərib. Nəticədə özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artıb.

 

 

Emin NƏBİLİ

 

Üç nöqtə.-2013.-13 aprel.-S.10.