“İnsanın bu
qədər arzuları yerinə yetə bilərmi”
Zülfiyyə Xanbabayeva: “Qadınlığı,
xanımlığı qoruyub saxlamaqla, yaxşı müğənni
olmaq çətindir”
Müğənnilər eyni sənətdə
çalışsalar da, repertuar kimi fərqli xarakterə də
malik olurlar. Tamaşaçı da elə müğənni var
ki, onu ancaq repertuarındakı musiqilərə görə
sevir. Amma elə müğənni də var ki, sənəti ilə
yanaşı, xanımlığını və ya bəyliyini
nümunə göstərməyə
çalışırlar. Bu dəfə “Şənbə
qonağı”mız olan xalq artisti Zülfiyyə Xanbabayeva
ifaları ilə yanaşı, xanımlığı ilə
hər zaman nümunə göstərilib. Bir neçə il
öncə bir çox yeni layihələri ilə gündəmdə
olan müğənni hazırda sənətlə bağlı
o qədər də böyük iş görmədiyini deyir.
Zülfiyyə xanımın səhnədə
qazandığı təcrüəsini
bölüşdüyü və bir çox fikirlərinin əks
olunduğu müsahibəsini sizlərə təqdim edirik.
- Zülfiyyə xanımın ilk dəfə
çıxdığı və bu gün adət etdiyiniz səhnə
arasında nə fərqlər var?
-
İlk dəfə çıxdığım səhnə
“Bakı payızı” müsabiqəsinin səhnəsi idi. Bu
o deməkdi ki, ilk dəfə professional səhnəyə
çıxmışam. Səhnənin zəhmi
böyükdü. Amma o zəhmi, məsuliyyəti o vaxtlar hiss
eləmirdim. Bu gün sənhəyə çıxanda
onları daha çox duyuram. O vaxtı əlbəttə ki, rəqabət
var idi. Ola bilər orda da söz-söhbətlər olurdu. Sadəcə
olaraq bizdə olan görkəmli, dahi münsiflər heyəti
heç vaxt imkan verməzdilər ki, balaca söz-söhbətlər
böyüsün. Polad Bülbüloğlunun, Tofiq Quliyevin
imzası ilə diplomum var. İndiki səhnədə həmin
münsiflər və həmin müğənnilər yoxdu. Fərq
bundadı.
- Uşaq vaxtı ailə üzvləriniz
üçün verdiyiniz kiçik konsertləri
düşünəndə hansı hissləri keçirirsiz?
- O
konsertlər böyük səhnəyə olan arzularımdan
doğurdu. İlk dəfə professional səhnədən
başlasam da, evdə verdiyim konsertlər özfəaliyyət
səhnəm idi. Sadəcə onları düşünəndə
heyrətə gəlirəm. Deyirəm ki, insanın bu qədər
arzuları yerinə yetə bilərmi? Özümü xəyallarımda
necə təsəvvür eləyirdimsə, o günləri
Allah mənə yaşatdı.
- Zülfiyyə xanım
müğənnidə nəyin dəyişilməsinin, nəyinsə
olduğu kimi qalmasının tərəfdarıdı?
- Səhnə
elə yerdi ki, hər zaman dəyişikliyi sevir. O da
müğənninin xarakterinə, getdiyi yola baxır.
Müğənni var ki, hər dəqiqədən bir dəyişiklik
eləyə bilir. Müğənni də var ki, imic qalır
stilini dəyişir. Bu mənə aiddir. Məsəl
üçün Zülfiyyə Xanbabayeva deyəndə
insanların gözünün qabağına bir imic gəlir.
Fotosessiyalarda, klipdə cəsarətli addım atıb dəyişilik
eləyə bilərəm. Yenə də öz imicimə
sadiq qalaraq, stilimi hardasa dəyişə
bilərəm. Kim özünü necə görməsi məsələsi
var. Hər insan özünü tanımalıdır ki, kimdir.
Psixoloqa gedən insanları hardasa başa düşmürəm.
Hər kəs özünün psixoloqu olmalıdı. Mən
bilirəm bu həyatda nə istəyirəm. Və bu mənə
həm şəxsi həyatımda, həm karyeramda kömək
olub. Nə istədiyimi bildiyim üçün həm də
bilirəm ki, mənə nəyi dəyişmək olar, nəyi
yox.
- Müğənni adının
brend olması üçün hansı qaydalara əməl etməlidi?
-
İlk növbədə nəfsini tutmalıdır. Bizdə
elə müğənnilər var ki, özlərini brend
adlandırır, burda mənəm, Bağdadda kor xəlifə
deyirlər. Həmin insan özü bilir ki, onun adı brend
deyil. Çünki, nəfs elə şeydi ki, onu tutmasan hər
şeyə gedə bilərsən. Zamanında mənə
sponsorlar olub, reklamlara çəkilməyi təklif ediblər.
Və bunların qarşılığında çox
böyük maliyyələr təklif edilib. Mən getməmişəm.
Çünki o dediyiniz adı tutmaq üçün
reklamlardan və digər çox şeylərdən
keçmişəm. Brend bizdə toxunulmazlıqdı, hardasa
bir az tamaşaçı ilə müğənninin
arasında olan məsafədi. Çox əfsuslar olsun ki, indi
buna fikir verən yoxdu. O maliyyə də siz deyən qədər
böyük məbləğdə deyil. Deyim ki, bizim
müğənnilərin qabağına milyonlar tökürlər
deyə gedirlər. Yox. Hər kəsin öz yolu var. Onları
da qınamaq olmaz. Bu gün bir mahnını yaratmaq
üçün maliyyə lazımdı. Hər
çağrılan yerə, məclisə, tədbirə
gedirsən bu da artıq brend olmur.
- Bir neçə il öncə
bir-birinin ardınca kliplər, yeni mahnılar təqdim edirdiz.
Amma indi bu müşahidə olunmur...
-
Hiss edirəm ki, bu gün tamaşaçının nə klipə,
nə də konsertə ehtiyacı yoxdu. Tamaşaçı
müğənnini əzizlərinin toyunda daha çox
görür, nəinki konsertlərdə, kliplərdə. Bu
gün müğənni əmək verib konsert keçirsə,
klip çəkdirsə də, qiymət verən olmur. Verdiyim əməyin
qarşılığını görmək istəyirəm.
Söhbət onda deyil ki, pul qazanım. Vaxtilə elə
böyük layihə eləmişəm ki, heç nə
qazanmamışam. O puldan imtina edib, həmin məbləğin
üstünə pul qoyub başqa iş görmüşəm.
Tamaşaçılar inciməsin, fikirləşirəm ki,
tamaşaçı pislə yaxşını ayırmaqdan və
qiymət verməkdən sanki sönüb. Onu da yəqin ki, bəzi
müğənnilər o səviyyəyə
çatdırıblar. Bəlkə zaman bunu yoluna qoyacaq.
Çünki hər bir zaman estradada durğunluqlar olub. Bizim
istedadlı gənclərimiz çoxdu. İlhamə
Qasımovanın gördüyü işlərə baxıb
sevinirəm. Nigar Camalın Dima Bilanla çəkdirdiyi klipi bəyənirəm.
Nədənsə, onlara o qədər də qiymət verilmir.
Deməli, tamaşaçı indi toy olsun, bayram olsun istəyir.
- Bəzən bizimlə
çalışan rəqabət aparan insanlardan ruh
alırıq. Səhnədə elə bir şəxs varmı
sizi nə isə görməyə məcbur etsin?
-
Yaxşı mənada rəqabət olanda deyirlər ki, mən
bu işi elə görməliyəm ki, ondan da yaxşı
olmalıdı. Dərd orasındadı ki, indi o cür rəqabət
yoxdu. Məndə elə bir şey yoxdu ki, deyim nəyin bahasına
olursa olsun birinci olmalıyam. Mənim üçün keyfiyyət
var. Kəmiyyət az olsa da olar. Bu gün desəz ki,
Zülfiyyə Xanbabayeva nə isə böyük layihə
işləyir, yox. O durğunluq məndə də gedir. Bu
gün maliyə və rəqabət tərəfdən əmək
verən müğənnilərimiz var. Bunları danmaq
qeyri-mümkündü. Amma fikir verirəm ki,
tamaşaçılara bu lazım deyil. Rəqabət səhnə
üstündə deyil, toylar üstündə gedir. Maliyyə
yoxdusa, hardan işləsinlər. Çünki internetin
inkişafına görə albom satışı olmur.
Çox olsa bir gün zalı doldurub konsert vermək olar. Bir
günün qazancı da konsertin xərclərinə gedir. Bu
da yəqin ki, müğənnilərin həvəsini
söndürür.
- Müğənni var ki,
ifasını bəyənirik, müğənni də var ki,
xanımlığına və sənətinə görə
qiymətləndirilir. Hər iki amili bir yerdə cəmləşdirmək
üçün sizə nələr lazım oldu?
- Heç də asan olmadı. Mən də insanam, hardasa nəfsimi tuta bilməzdim. Nəfsi tutmaq da insana bir
az baha
başa gəlir. O iki amili bir
yerdə saxlamaq çox çətin oldu. Bu gün
bir müddət fasilə verən zaman tamaşaçının
sevgisini görəndə
bu məni sevindirir. Hazırda o
qədər iş görməsəm də kimsə veriliş açanda ilk olaraq məni dəvət edirsə, jurnalistlər müsahibə alırlarsa,
bu mənə xoş gəlir. Qadınlığı, xanımlığı qoruyub saxlamaqla, yaxşı müğənni
olmaq çətindi.
Ağıllı qadın
ağlını işlədərək
həyatda çox şeyə nail ola
bilər. Müdriklik olmalıdı. Bu balansı qoruyub
saxlamaq həddindən
artıq çətindi.
Nə ailəni sənətə,
nə də sənəti ailəyə
qurban verməyin tərəfdarı deyiləm.
Çətin olmasına baxmayaraq
hər zaman balansı saxlamağa çalışmışam. Hərdən
istəmişəm özümdən
çıxım, qışqırım
və yaxud ağzımdan bir kəlmə çıxsın.
Üzr istəyirəm bu ifadəmə görə,
yeri gəlib ki, səmimi olmamışam. İndi hamı
deyir ki, səmimiyəm. Kiməsə sözümü demək istəmişəm, amma abır, həya və qorumağa çalışdığım balans qoymayıb. Amma bütün bunlar mənə hörmət qazandırıb. İstədiyim sözü, istədiyim insana nə vaxt istəsəm deyə bilərəm.
Sadəcə olaraq bunu efir yolu ilə
eləmirəm. Bunun üçün
telefon və üzbəüz danışıq
var. Ətrafımda elə
insanlar var ki, onlar mənə
deyəndə ki, filan şey sənə yaraşmaz.
Bu söz mənə
kifayətdi.
- Bu cür xarakterə malik olduğunuz üçün
qalmaqallardan uzaqsız?
- Yaxşı olardı ki, heç kim mənə
baş qoşmasın.
Məni tanıyanlar tanıyır.
Mən qanadlı mələk deyiləm. Söz deyənin cavabını
verə bilərəm.
Sadəcə olaraq heç
bir pis işim
yoxdu ki, kimdənsə çəkinim,
kimdənsə qorxum.
Hər şeyi konkret deməyi xoşlayıram.
- Gündəmdə
qalmaq, yoxsa tamaşaçını müəyyən
qədər intizarda saxlamaq?
- İndi müğənni deyəndə bir az ağız
əyirlər. Bizim vaxtımızda
müğənni olmağa
ailələr icazə
vermirdilər. Biz gələndən sonra valideynlər övladlarının
səhnəyə çıxmaqlarına
maraqlı idilər.
İndi yenə ağızbüzmələr
var. Tamaşaçını intizarda saxlamaq da yerli-yerində olmalıdı.
- Xalq artisti adını bu gün bir
çoxları adiləşdirsə
də, yəqin ki, bu adı
öz adınızın
önündə danışmaq
üçün böyük
məsuliyyət hiss edirsiz?
- Böyük məsuliyyət
hiss edirəm. Mənə bu
adı verəndə düşündüm. Hətta evdə
elə bir söhbətimiz oldu.
Fikirləşdim ki, tez aldım. Əlbəttə bu adı almağıma şübhələnmədim.
Bu ad almağım mənə
böyük şərəf
verdi. Fikirləşdim ki, bu ada
layiq görülmək
üçün nələr
etmişəm. Gördüm ki, əlimdən gələni, hətta gəlməyəni belə
etməyə çalışmışam.
Azərbaycanın bölgələrinə turneyə çıxmaq arzum idi. Prodüserim Nigara dedim ki,
Bakıda verdiyim konsertin artığını
istəyirəm. Burda mən
özümü deyil,
bölgələrdəki tamaşaçıları
fikirləşdim. Bölgələrin tamaşaçısı məni
daha çox qane elədi, nəinki paytaxt tamaşaçısı.
- Sizcə hansı müğənninin
səsinə hər zaman ehtiyac duyulur?
- Müğənni mahnı
ifa edəndə dinləyicini mütləq
düşündürməlidi. Elə mahnılarım var ki, onunla böyük
addım atıblar.
“Azərbaycan” mahnısı ilə idmançılarımız böyük
qalibiyyət əldə
ediblər. Özümdən danışmıram. Mənə deyilənlərdən,
özümdən misal
gətirirəm. Bizə səsi
düşündürən, insanı xəyallara aparan müğənnilər
var. Müğənni repertuarını
düzgün seçməlidi.
Səs diapozonunun böyüklüyü
kiçikliyinin fərqi
yoxdu. Səsin tembri gözəl
olmalıdı.
- Müğənni
tamaşaçını nə
ilə təəccübləndirməlidi?
- Tamaşaçını təəccübləndirmək
deyil, mahnı ilə feyziyab eləmək lazımdı.
Təəccüblənmək şouyla bağlıdı.
Bizdə
elə müğənni
yoxdu ki, şousu ilə tamaşaçını təəccübləndirsin.
Müğənni var ki, mikrofon arxasında sırf səsi ilə tamaçını
təəccübləndirə bilər.
- İçinizdə
elə bir musiqi varmı ki, nə not, nə də ritmlərə yığıla
bilsin?
- Çox yaxşı sualdı. Belə suallara düşünüb
cavab vermək lazımdı. (Fikirləşir). Yəqin ki
var.
- O musiqilər nə vaxt ifa
olunur?
- Ancaq özümlə olanda. Biri mən biri də ki, qəlbimdəki.
İçindəki suallara
insan ancaq özü cavab tapa bilər. Bu bir az fəlsəfədi, həyat
təcrübəsi ilə
gəlir.
- Hansısa zamanın bir anlıq dönməyini arzuladığınız vaxtlar
olur?
- İstəyərdim. Amma elə
bir şey yoxdu axı. Dünən, sabah,
hətta bu gün yoxdu. Çox heyiflər olsun ki, biz bu saniyə
ilə yaşamlıyıq.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-13
aprel.-S.13.