Lütfiyar İmanov vokal əsərlərini məharətlə təbliğ eləyib

 

Səadət Təhmirazqızı: “O, xalqımızı və sənətini çox sevən insan idi

 

 Dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisi ilə çıxış edən opera müğənnimiz Lütfiyar İmanovun doğum günüdür. Sənətkarı “Üç nöqtə” ilə birlikdə xatırlayan sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı bildirdi ki, Lütfiyar İmanovla birgə işləri çox olub: “Azərbaycan vokal musiqi sənətinin inkişafında Lütfiyar İmanovun müstəsna xidmətləri olub. O vokal janrının hər bir cəhətinə bələd olan sənətkar idi. Onu demək kifayətdir ki, Üzeyir Hacıbəylinin “Koroğlu” operasının vokal sənətimizin ölməz sənətkarı Bülbüldən sonra ikinci ifaçısı məhz Lütfiyar İmanov olub. Lütfiyar müəllim tək Azərbaycan operalarında deyil, rus və Qərb bəstəkarlarının operalarında da qəhrəman obrazlarını məharətlə yaradıb. O dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olarkən həm opera sənətini, həm ümumiyyətlə milliprofessional janrda yazılan vokal əsərlərini böyük məharətlə təbliğ eləyib. Lütfiyar müəllim elə bir sənətkar idi ki, həmişə xalqın sərvətini çox böyük ustalıqla ifa edirdi. Bu da onun xalqa olan sevgisindən, məhəbbətindən irəli gəlirdi. Lütfiyar müəllim çox səmimi insan idi. Özümü xoşbəxt sayıram ki, belə sənətkarları görmüşəm və onlarla müəyyən qədər ünsiyyətim olub. Azərbaycan radiosunda Lütfiyar müəllimlə çoxlu müsahibələrim olub, verilişlər hazırlamışıq. Bu verilişlər əsnasında hiss eləyirdim ki, qarşımda son dərəcə səmimi, vətənpərvər, insanlığı, sənəti yüksək dəyərləndirən şəxsiyyət var. O xalqımızı və sənətini çox sevən insan idi”. Musiqişünas bildirdi ki, Lütfiyar İmanovun son dövrlər bəzi narazıçılıqları və narahatlıqları olub: “Vokal sənətinə uyğun olmayan səslərin gəlməsi və sənəti olmayanların müəyyən qədər səhnədə yer alması Lütfiyar müəllimi çox narahat eləyirdi. Düşünürdü ki, sənət adi bir şey deyil. Sənətdə son dərəcə məsuliyyətlə yanaşmaq lazımdı. O həmişə deyirdi ki, bu sənətdə əsl xridarların sayının çox olması üçün əsl sənəti təbliğ etmək lazımdı. Onun sənətkarlığı kimi insanlığı da özünəməxsus idi”.Onun repertuarı çox geniş idi. Xalq mahnılarımızı çox gözəl ifa edirdi. Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya xalqlarının musiqiləri də onun repertuarına daxil idi. Onun ifa etdiyi mahnılar içərisində öz bəstələrinin də xüsusi yeri var idi. Düşünürəm ki, belə sənətkarlardan bugünkü nəsil kifayət qədər bəhrələnməlidi. Bu cür sənətkarların sənətinin təbliği bu günümüz və gələcəyimiz üçün vacibdi” – deyə Səadət Təhmirazqızı bildirdi. Qeyd edək ki, Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. Lütfiyar İmanov ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş roluKoroğlu rolunu oynayır. Lütfiyar İmanov "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışıb. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olub. İki övlad atası olan böyük sənətkar 21 yanvar 2008-ci ildə Bakıda vəfat edib.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-17 aprel.-S.13.