İnternet iqtisadiyyatın inkişaf etmiş elektron biznes sahəsidir

 

Onun düzgün təşkili rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına şərait yaradır

 

 “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsi idi. Dövlət proqramında qoyulmuş məqsədlərə çatmaq üçün respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması, dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi, vahid texnoloji standartlar əsasında dövlət informasiya resursları və sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulurdu, Bundan başqa, informasiya cəmiyyətinin qurulması istiqamətində vahid elmi-texniki və innovasiya siyasətinin həyata keçirilməsi, informasiya cəmiyyətinin qurulması üzrə görülən işlərə ictimai nəzarətin təmin edilməsi və sairə diqqət mərkəzində idi. Artıq bu sahədə ciddi işlər görülüb və görülür. Xüsusilə İnternet iqtisadiyyat daha geniş sahələri əhatə edir. Bu gün İnternet iqtisadiyyatın inkişafı ənənvi iqtisadi sahələrin, elmi idarə və institutların inkişafında da mühüm rol oynayır. Məhz İnternet iqtisadiyyatın inkişafı Şəbəkə texnologiyaları üçün yeni istifadə və iştirak mühitlərini yaranmasına, tətbiq sahələrinin genişlənməsinə zəmin yaradır.

Müasir İnternet iqtisadiyyatın inkişafında ən mühüm rolu WWW “dünya hörümçək toru” tutur. Bu sistem İsveçrədə yerləşən Avropa nüvə tədqiqatları mərkəzində yaradılıb. WWW sistemi bu gün informasiya axtarışının ən inkişaf etmişd dəyərli naviqasiya vasitəsidir. Onun köməyi ilə dünyanın müxtəlif mənbəələrində yerləşən istənilən sahəyə aid informasiyanı qısa müddətdə operativ olaraq sürətlə əldə etmək mümkündür. Sistemin iş prinsipi ayrı-ayrı informasiya kütlələrini hipermətnlər şəklinə salaraq bir-biri ilə əlaqələndirmək və müraciətə uyğun olaraq istifadəçiyə çatdırmaqdır. Ənənəvi verilənlər bazalarından fərqli olaraq hipermətn sistemləri ciddi struktura malik deyillər. Bir sənəd daxilindəki əlaqələrlə bərabər digərləri ilə də əlaqələrin qurulması imkanı sistemin qeyri-xətti strukturlu olmasından irəli gəlir. Bütün bu imkanlarla yanaşı internetdə bu gün də həll edilməmiş problemlər mövcuddur. Belə problemlərə ötürülən informasiyanın mühafizəsinin zəif olmasını, onun təhlükəsizliyinin və gizliliyinin tam təmin edilə bilməməsini aid etmək olar. Digər problem isə internetdə intellektual məhsulların müəlliflik hüququnun qorunması problemidir.

Qeyd edək ki, göstərilən problemlərin həlli ümumdünya əhəmiyyətlidir. Çünki bu problemlərin həlli elektron biznesin daha yüksək sürətlə inkişafına və daha geniş ərazini əhatə etməsinə şərait yaradardı. Məhz bu problemlərin həlli üçün hamı tərəfindən qəbul oluna bilən qanunvericiliyin işlənib hazırlanması və tətbiqi böyük əhəmiyyət kəsb edir.

İnternet iqtisadiyyatın yaranması köhnəlmiş qaydaların aradan qalxmasına səbəb olur. Lakin eyni zamanda yeni qaydalara uyğun münasinətlər və problemlər meydana gəlir. Buna görə də İnternet iqtisadiyyatın tətbiqi hər bir müəssisədən biznes-planlara yenidən baxılmasını tələb edir. İnternetin özündə mövcud olan xaos isə diqqətsizlik və nəzarətin olmadığı halda iqtisadi xaosa çevrilə bilər. Məhz buna görə də İnternet iqtisadiyyat yeniliyi, müasirliyi ilə bərabər həm də ehtiyatlılıq və nəzarətin də daimi olmasını tələb edir.

Qeyd etmək lazımdır ki, müasir dövrdə İnternet iqtisadiyyatın daha çox inkişaf etmiş sahəsi elektron biznes sahəsi hesab edilir. Elektron biznes sahəsi iqtisadi fəaliyyətin yüksək templə dəyişdiyi mühit kimi xarakterizə olunur. İnternet-biznesin idarə olunmasının düzgün təşkili rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsinə, insan və digər ehtiyatlardan optimal istifadəyə şərait yaradır. O standart şəbəkələrdən istifadə edərək informasiya texnologiyalarının tətbiqi ilə informasiyanın, məhsul və xidmətlərin alqı-satqısının sistemi kimi müəyyən etmək olar. Əslində elektron biznes elektron ticarətin genişləndirilmiş formasıdır. İnternet ticarət- İnternet texnologiyaları əsasında məhsul və xidmətlərin alqı satqısı, marketinqidir. Elektron biznes informasiyadan istifadə edərək məhsuldarlığı artırır və münasibətlərin daha da təkmilləşdirilməsini  təmin edir. Bunun nəticəsində əlavə dəyər yaranır.

Bir çox alim və mütəxəssislər tərəfindən elektron ticarət təksə mal və xidmətlərin elektron satışı deyil, elektron şəkildə informasiyanın ötürülməsi, müəssisələr arasında əlaqələrin yaradılması, bank və maliyyə institutlarının əlaqələndirilməsini də özündə birləşdirir. Belə halda elektron bizneslə elektron ticarət eyniləşir.. Buna görə də artıq bir çox ədəbiyyatlarda elektron biznes və elektron ticarət (elektron kommersiya) eyni mənada istifadə edilir.

Bütün qeyd olunanlarla bərabər nəzərə almaq lazımdır ki, həm elektron biznesin, həm də elektron ticarətin (müxtəlif və ya eyni mənada) yaranması və inkişafı məhz İunternetin və İnternet iqtisadiyyatın məhsuludur. Əslində elektron biznesin prinsipləri ənənəvi biznesin prinsipləri ilə eynidir, lakin İnternet ona çeviklik və daha yüksək sürət əlavə etmişdir. Bu üstünlüklərə görə hazırda biznesin elektron variantının inkişafı daha perspektivlidir. İnternet imkanlardan istifadə, yeni inkişaf tendensiyaları İnternet iqtisadiyyatın yeni prinsip və qaydalarının yaranmasına səbəb olur.

İnternet iqtisadiyyatın bütün qeyd olunan üstünlükləri ilə bərabər bir çox təhlükəli cəhətlərini də qeyd etmək lazımdır. Əvvəldə qeyd edildiyi kimi İnternet iqtisadiyyat informasiyalaşma, avtomatlaşdırma və kompüterləşmənin nəticəsidir. Bu proseslər isə iqtisadiyyatın müxtəlif sahələrində işçi qüvvəsinə olan tələbatın azalmasına və işsizliyə səbəb olur. Digər tərəfdən İnternet iqtisadiyyat xüsusi bacarıq, bilik və intellektə malik mütəxəssis və işçiləri tələb edir. Beləliklə. cəmiyyətin İnternet iqtisadiyyatın inkişafı ilə əldə etdikləri müsbət nəticələr, həmin cəmiyyətin bir çox üzvlərinin rifah halının aşağı düşməsi və pisləşməsi ilə nəticələnə bilər.

Bütün çatışmamazlıqlarla yanaşı müasir dövrü və cəmiyyətin inkişafını infoirmasiyasız təsəvvür etmək mümkün olduğunu nəzərə alsaq İnternet iqtisadiyyatın tətbiqi və inkişafının labüd olduğu məlum olacaq. Başqa bir tərəfdən istənilən müəssisənin inkişafının onun informasiya təminatından birbaşa asılı olmasını da nəzərə alsaq qeyd olunan fikrin təsdiqini görərik.

Müasir dövrdə iqtisadi fəaliyyətin informasiya təminatı vasitələri birbaşa biznesin aparılmasına, sifarişçi və tərəfdaşlarla münasibətlərin qurulmasına, istehsalın müasir tələb və standartlara uyğun qurulmasına, satış bazarının müəyyənləşdirilməsi və bazarda yer uğrunda mübarizədə üstünlük əldə olunmasına, dünyada gedən inkişaf perspektivlərindən geri qalmamağa zəmanət verir. Bu vasitələrin isə ən geniş istifadə ediləni və ən geniş əhatə diapazonuna malik olanı internetdir. Ona görə də hər bir müəssisə qarşısında duran əsas məqsəd internet imkanlardan maksimum istifadə etmək və bu istifadə zamanı yaranacaq neqativ halların minimuma endirilməsinə çalışmaqdan ibarət olmalıdır.

  

 

Üç nöqtə.-2013.-19 aprel.-S.9.