Asan xidmət” fəaliyyət əhatəsini genişləndirir

 

Bölgələrdə də əhaliyə səyyar xidmət göstəriləcək

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması barədə fərman imzalayıb. Bu prezidentin  həyata keçirdiyi islahatların növbəti mərhələsidir. Bundan bir neçə gün öncə iyulun 11-də prezident Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında elektron sistemə keçidin qaçılmazlığını vurğulayıb, elektron sistemə keçidi təmin etməklə, institusional islahatları həyata keçirməklə, şəffaflığı artırmaq, korrupsiyaya qarşı mübarizə istiqamətində daha böyük nəticələr əldə olunacağını qeyd edib. Fərman məhz bu ideyanın təcrübədə tətbiqini ehtiva edir. Bu göstərir ki, informasiya kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiya edilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Ona uyğun da müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirir, mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Bu fərmanda nəzərdə tutulan islahatların həyata keçirilməsi isə vətəndaşları dövlət xidmətlərinə daha da yaxın edib. Bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. Bu baxımdan vətəndaşlara göstəriləcək xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərin "Asan xidmət" mərkəzləri adlandırılması xüsusi olaraq seçilib. Asan həmçinin ingilis dilindən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (Azerbaijan Service and Assessment Network) kimi tərcümə oluna bilər. "Asan xidmət" ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu, özəl sektorda geniş yayılmış "müştəri məmnunluğu" ideyasının dövlət idarəçiliyinə inkorporasiya edilməsidir və ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verib. Bu ideyanın maraqlı cəhətlərindən biriodur ki, bu xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilib. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir. Bu, vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, zaman itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların şəxsi rahatlığının təmin edilməsinə imkan verib.

Bu konsepsiyada əsas prinsiplər kimi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq müəyyən edilib. Belə ki, vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı bölməyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənir və həmin bölmənin pəncərəsində elektron növbə əsasında gözləyir. Mərkəzlərdə yerləşdirilmiş elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırıb. Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunverciliklə müəyyən edilmiş müddətlərdə götürə bilir. Bu ideyanın digər bir maraqlı elementi ondan ibarətdir ki, bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcək və təqvimin bütün günlərində fasiləsiz olaraq vətəndaşlara açıq olacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixindən indiyədək 10 mindən artıq vətəndaşa uğurla xidmət göstərib. Hazırda “Asan xidmət” mərkəzinin əhatə dairəsi genişlənməkdədir. 11 fevral 2013-cü il tarixindən etibarən Bakı şəhərinin Binəqədi rayonunda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin göstərdiyi xidmətlərdən yararlana bilir. Mərkəzdə 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə FonduMilli Arxiv İdarəsi  23 adda xidmət həyata keçirir. Həmçinin Binəqədi rayonunun sakinləri 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə gəlmədən internetya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilirlər. Bu, fevral ayının 1-dən fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 nömrəli “Çağrı” mərkəzinə stasionar(ev, ) telefonlardan birbaşa zəng etməklə mümkün olur. “108” nömrəsinə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Bu arada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət”i bundan sonra bölgələrdə də əhaliyə səyyar xidmət göstərə biləcəkdir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, İstanbulda iki avtobus alınaraq “ASAN Xidmət”in funksiyalarını mobil olaraq yerinə yetirmək üçün xüsusi avadanlıqla təchiz edilib.

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə aprelin 22-də avtobuslardan birinin təqdimatı və İstanbuldan Bakıya yola salınması ilə əlaqədar tanıtım yürüşü olub. Yürüşün keçirilməsində məqsəd həmin avtobusun İstanbuldan yola düşməsinin, ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi, eləcə də “ASAN Xidmət” ilə bağlı qardaş ölkə ictimaiyyətinin məlumatlandırılmasıdır. Tanıtım yürüşündən əvvəl “ASAN Xidmət”in səyyar avtobusunun təqdimatı olub. Agentliyin xüsusi sifarişi əsasında Türkiyədə yığılmış “Mercedes” markalı avtobusun qoşqusu ilə birlikdə uzunluğu 21 metrdir. “ASAN Xidmət”in avtobusunda səyyar xidmət konsepsiyasının əsas komponentləri - alternativ enerji mənbələrindən istifadə olunması, nağdsız hesablaşmaların və şəffaflığın təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının gücləndirilməsi öz əksini tapıb. Bu baxımdan avtobus keyfiyyətli xidmətin göstərilməsi məqsədilə yüksək zövqlə və bu qəbildən olan nəqliyyat vasitələrindən fərqli şəkildə yığılıb. İş prosesində sərf olunacaq elektrik enerjisini avtobusun üzərində quraşdırılmış günəş panelləri təmin edir. Avtobusda “ASAN Xidmət”in 11 əməkdaşının eyni vaxtda vətəndaşlara xidmət göstərməsi üçün hər cür şərait var. Burada müasir havalandırma sistemi yaradılmış, növbə aparatı, kompyuterlər, postterminallar, bankomat və Azərbaycan Beynəlxalq Bankının filialı üçün yer nəzərdə tutulub. Vətəndaşlar bankomatdan yalnız “ASAN Xidmət”in işi ilə əlaqədar deyil, öz şəxsi ehtiyacları üçünpul çıxara bilərlər. Bir sözlə, bir neçə dövlət orqanında həyata keçirilən xidmətlərin bir səyyar avtobusda göstərilməsi üçün mükəmməl sistem yaradılıb. Səyyar avtobusda əsasən Daxili İşlər və Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondunun xidmətləri göstəriləcək. Avtobusda hər qurumun xidməti üçün seyflər quraşdırılıb. Vətəndaşlar bu yeni mobil “ASAN mərkəzi”ndə hüquqi yardım və bank xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, avtobusda digər yardımçı xidmətlər də göstəriləcək. Xatırladaq ki, dünyada ilk belə təcrübə və təşəbbüs olan səyyar avtobus xidmətinin əsas ideyası dövlətin öz xidmətlərini vətəndaşlarının ünvanına çatdırmasıdır. Bu da ölkəmizdə insan inkişafı istiqamətində dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

 

 

Üç nöqtə.-2013.-24 aprel.-S.9.