Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir

 

O, milli şüurun, dövlətçiliyin, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayır

 

 Azərbaycan artıq 22 ildir müstəqil dövlətdir. O müstəqilliyinin ilk illərində ciddi çətinliklərlə qarşılaşdı. Ölkəmiz xarici aləmdən tədric olunmuş, beynəlxalq mövqeyi zəif olan dövlətə çevrildi. Aparılan uğursuz siyasət nəticəsində iqtisadiyyat çökmüş, dövlət qurumları, ictimai təsisatlar tənəzzülə uğramış, respublika idarəetmə qabiliyyətini itirmişdi. Azərbaycanı bu çətin vəziyyətdən ümummilli lider Heydər Əliyev xilas etdi.

 

Şərqlə Qərb arasında etibarlı körpü

 

Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi, beynəlxalq normalara və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Onun rəhbərliyi ilə mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsinə, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyası hazırlandı. Bu siyasət güclü iqtisadiyyata söykənən müstəqil və güclü dövlətçiliyin təmin edilməsinə, geniş sosial zəminə söykənən unitar, demokratik dövlət qurulmasına, onun xarici siyasi aləmdə təcrid olunmuş vəziyyətdən çıxarılmasına, mövqeyinin möhkəmləndirilməsinə yönəldildi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.

Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, müasir tələblərə uyğun infrastrukturun qurulması Heydər Əliyevin adı ilə bağlıdır. «Hazırda Azərbaycan neft və qaz potensialının şaxələndirilməsi məsələlərini tam şəkildə həll edə bilib. Bu, dünya bazarına birbaşa çıxışı olmayan ölkəmiz üçün çox önəmli uğurdu»,-iqtisadçı alim Azər Mehtiyev deyib. 

Əldə olunan uğurlar isə bütün dünyaya göstərdi ki, müstəqil dövlət kimi Azərbaycan heç nəyə baxmayaraq, öz problemlərini müstəqil həll edir və öz məqsədlərinə çatır. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkəyə çevrilib.

Heydər Əliyev mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıdıb. «Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib»,-ümummilli lider deyib.

Dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.

Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunüfuzunun yüksəlməsində Heydər Əliyevin önəmli xidməti var.

 

Cəmiyyətin tərəqqisinə təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir

 

Ümummilli liderin xidmətlərindən biri də təhsil sisteminin yenidən qurulmasıdır. O, hələ 70-80-ci illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoyub. Ulu öndər o çətin dövrdə belə, fəaliyyətində yüksək daxili “mən”inin təcəssümü olan ədalətlilik, insanpərvərlik, humanizm kimi ali dəyərlərə sadiqliyini nümayiş etdirib. Kasıb və imkansız ailələrin övladlarının respublikada və onun hüdudlarından kənarda ali təhsil almasına, yüksək ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də məhz bu xeyirxahlığın ifadəsidir. Bu yolla həm Azərbaycanın elmi və kadr potensialı yüksəlib, həm də xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği həyata keçirilib. 1969-1982-ci illərdə 15 minə yaxın istedadlı gənc Moskva, Leninqrad, Kiyev, keçmiş Sovetlər Birliyinin başqa böyük şəhərlərinin aparıcı universitetlərinə oxumağa göndərilib. «İndi həmin gənclər respublikamızda ziyalı təbəqəsinin, elmin, təhsilin və ictimai həyatın digər sahələrinin aparıcı şəxsləri, dövlət idarəçiliyində ali struktur rəhbərləridirlər. Müxtəlif universitetləri bitirdiklərinə baxmayaraq, mən onları Heydər Əliyev universitetinin yetişdirmələri adlandırıram»,- Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib.

Həmin tələbələrdən biri də bu gün Azərbaycan Dövlət Neft Akademiyasının professoru Güləhməd  Talıbovdur. «Mən 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olundum. Üçüncü kursa keçərkən təhsilimi davam etdirmək üçün Leninqrad Dövlət Universitetinə göndərildim. Kasıb bir ailənin övladı üçün bu böyük bir şans idi. Buna görə Heydər Əliyevə minnətdaram»,- o deyib.

Bir faktı xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) hüquq fakültəsinə kasıb, imkansız ailələrin övladlarının daxil olmasına yol açan xüsusi qərar imzalayıb, beləliklə, bu sahədə ədalət və şəffaflıq prinsipini təmin edib.

Göründüyü kimi Heydər Əliyev hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görüb, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirib. « Bəşəriyyətin çoxəsrlik təcrübəsi göstərir ki, elmə, təhsilə qiymət verməyi bacaran xalqlar və dövlət başçıları öz ölkələrinin sürətli inkişafını təmin etmiş olurlar. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməyib, cəmiyyətdə yüksək bilikli, intellektualelitar təbəqənin formalaşmasına çalışıb. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır»,- AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib.

 

Elm və təhsil məbədi, milli ruhun inkişaf mərkəzi

 

Lakin təhsil sahəsində əldə olunmuş uğurlar Azərbaycanın müstəqilliyinin ilk illərində digər sahələrdə olduğu kimi yerini tənəzzülə verdi. Ali məktəblər lazımi səviyyədə maliyyələşdirilmədi. Təkcə Bakı Dövlət Universiteti deyil, respublikanın digər təhsil müəssisələri, Milli Elmlər Akademiyası da dağılmaq təhlükəsi ilə üzləşdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun məqsədyönlü daxili və xarici siyasəti nəticəsində tədricən respublikanın iqtisadiyyatı, sənayesi və kənd təsərrüfatında sabitlik yarandı, dirçəliş baş verdi. Bunlar respublikanın elmində, təhsilində, mədəniyyətində yeni ab-havanın yaranmasına səbəb oldu. Ali təhsilin yenidən qurulması, yeni təhsil konsepsiyasının qəbul edilməsi, Avropa təhsil sisteminə inteqrasiyası həyata keçirildi. Xüsusilə ümummilli lider 1957-ci ildə əla qiymətlərlə  məzunu olduğu elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədinə - Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, ona hər cür qayğı göstərirdi. BDU-nun yeni şəraitdə fəaliyyətini canlandırmaq, təhsilin və tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə konsepsiya işlənib hazırlandı. Bu istiqamətdə ulu öndərin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilməsi ali məktəbin həyatında canlanma yaratdı. Onun maliyyə vəziyyətinin yaxşılaşması, maddi-texniki bazasının möhkəmləndirilməsi isə təhsilin keyfiyyətini artırmaqla yanaşı, onu yenidən Azərbaycanın güclü elm mərkəzinə çevirdi. «Azərbaycan elminin inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Azərbaycanda yaranmış elmi-tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürüb. Ona görə də, biz Bakı Dövlət Universiteti haqqında danışanda Azərbaycanın həm elmini, həm təhsilini, həm mədəniyyətini, həm də bütün xalqımızın savadlanmasını düşünürük»,-Heydər Əliyev deyib.

 Bakı Dövlət Universiteti təkcə Azərbaycanın ali təhsilinin flaqmanı, güclü elm mərkəzi deyil, həm də ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayan çoxminli kollektivdir. O, Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə mərkəzində olub, bu proseslərin xarakter və istiqamətinə güclü təsir göstərib. Xalqımızın müasir tarixinin ən məsuliyyətli, taleyüklü məsələlərinin həll olunduğu məqamlarda universitetin kollektivi əsl vətəndaş mövqeyi və milli təəssübkeşlik nümayiş etdirib, sabitliyin və əmin-amanlığın qorunub saxlanmasına layiqli töhfə verib. Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin, milli şüurun, dövlətçiliyin, vətənpərvərlik hissinin inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb.

 

İnsan kapitalı inkişafı müəyyən edən amildir

 

Azərbaycan cəmiyyətinin təhsil səviyyəsinin keyfiyyətcə dəyişməsi, «qara qızılın» insan kapitalına çevrilməsi, ölkəyə biliklərin və ən yaxşı dünya təcrübəsinin cəlb edilməsində Heydər Əliyevin xüsusi xidməti olub. Qeyd edək ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı bu gün hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. Çağdaş dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasiya yeniliklərinin başlıca təminatına, habelə iqtisadiyyatın lokomotivinə çevrilib. Bütün bunlar isə yüksək ixtisaslı kadrlara tələbatı artırır. Onların hazırlanmasında BDU-nun xidməti böyükdür. Hazırda onun 17 fakültəsində müxtəlif ixtisaslar üzrə 20 minə yaxın tələbə təhsil alır. Tələbələrin yüksək təhsili üçün isə dünya elm və tədrisinin son nailiyyətlərini öyrənməyə imkan verən elmi laboratoriyalar və kafedralar, bütün tədris binalarında zəngin kitabxanalar və oxu zalları yaradılıb. Mövcud tədris və elmi laboratoriyalar ən müasir avadanlıqla təchiz edilib. Təhsilin kompüterləşdirilməsi təmin edib, linqafon kabinələri quraşdırılıb. Bu gün universitetdə xarici ölkələr üçün də yüksək ixtisaslı kadrlar hazırlanır. Bundan başqa, dövlət xətti ilə tələbələrin xarici dövlətlərin nüfuzlu ali məktəblərində təhsil almasında digər ali məktəblərlə birlikdə BDU da yaxından iştirak edir. Deməli, Heydər Əliyevin bu istiqamətdə siyasəti uğurla davam etdirilir. «Prezident İlham Əliyev 5 min nəfər istedadlı gəncin dövlət vəsaiti hesabına Avropa və Asiyanın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi barədə qəbul etdiyi qərar və bununla bağlı imzaladığı sərəncamlar Azərbaycanın qlobal cəmiyyət məkanına inteqrasiyası prosesində çox uğurlu addımdır. Azərbaycan cəmiyyətinin təhsil səviyyəsinin keyfiyyətcə dəyişməsi, ölkəyə biliklərin və ən yaxşı dünya təcrübəsinin cəlb edilməsində bu gənclərin rolu çox böyükdür»,-  akademik Abel Məhərrəmov deyib.

Hazırda Bakı Dövlət Universiteti beynəlxalq proqram və qrantların hazırlanmasında da fəal iştirak edir, dünya təhsilinə və elminə inteqrasiyanı özünün əsas işlərindən biri sayır.  Ümummilli liderin dediyi kimi Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətinə çevrilib.

 

Azərbaycan dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrilib

 

Ümummilli liderin əsas xidmətlərindən biri də Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardı. Onun rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşib, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulub. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşıb, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapıb. Bu siyasətin nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasında 155 ölkə bizi dəstəkləyib.  Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv (2012-2014-cü illər) seçilməklə, dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrilib. O, qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə edib. „Dünyanın nüfuzlu təşkilatları dövlətimizin mövqeyini nəzərə alır, onunla hesablaşır”,-Prezident İlham Əliyev bildirib. Bunlar Azərbaycanın regionda və dünyada söz sahibi olmasının, qətiyyətli mövqeyinin nəticəsidir. Azərbaycanın artan nüfuzu, imici, imkanları, gücü bax, bu reallıqları mümkün edib. Beləliklə, Heydər Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan tərəqqi edən təhsil sisteminə, müasir hüquqi, dünyəvi dövlətə, demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan əlverişli geosiyasi məkana çevrilə bilər. Siyasi kursun davamlılığının təmin olunması isə Azərbaycanın milli dövlətçilik əsaslarının möhkəmləndirilməsinə, dövlətimizin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

 

 

Pünhan Əfəndiyev

 

Yazı BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur

 

 

Üç nöqtə.-2013.-27 aprel.-S.11.