“Aktyor
insan mühəndisidir”
Cəfər
Namiq Kamal: “O öz bacarığı ilə həyatda olmayan
insanı dünyaya gətirə bilir”
“Aktyor
üçün unudulmaqdan dəhşətli heç nə
ola bilməz”
Çox
vaxt aktyorlar səhnədə baş rolu canlandırmağa
çalışırlar. Çünki, bununla daha çox
yaddaşlarda qalmağa çalışırlar. Amma belə
düşünürəm ki, aktyor yaddaşlarda böyük
rollarla deyil, yaratdığı ən kiçik rolu məharətlə
ifa etməsi ilə qalır. Bunun üçün də
aktyordan böyük məharət tələb olunur.
Çünki indi tamaşaçını razı salmaq da
çox çətinləşib. Bu dəfə “Şənbə
qonağı”mız olan əməkdar artist Cəfər Namiq
Kamal da aktyorluq sənətinin çox çətin
olduğunu deyir. Cəfər müəllimin sənətlə
bağlı bir çox söhbətlərinin əks
olunduğu müsahibəsini sizlərə təqdim edirik.
- Daha çox teatr aktyoru kimi
tanınırsız. Bəlkə ilk olaraq teatr aktyorluğunun
bizə məlum olmayan tərəflərindən
danışasınız?
- Allaha şükür teatrı hamımız
duyuruq, başa düşürük. Amma maraqlı bir şey
var ki, teatr haqqında hər bir adam rəy deyə bilir. Rəy
deyəndə ki, xoşuma gəldi və ya gəlmədi
deyir. Amma onun dərinliyini bilmir. Biz hansısa sahədə olan birinin
işinə qarışa bilmərik. Deyirik ki, o bu sənətin
peşəkarıdı, ondan yaxşı bilməyəcəyik
ki? Amma aktyor sənətinə hər kəs müdaxilə
edib, fikrini deyə bilsə də, elmi izahını verə
bilmir. Ömrünü bu sənətə həsr edən
aktyor 3 ay bir rolu yaratmağa vaxt sərf edirsə, ortaya nə
isə çıxara bilir, yeni insan dünyaya gətirir. Bir dəfə
baxmaqla, ona fikir demək doğrudan da çətin məsələdi.
Mənə bir az təsir edən məsələ budu. Bunu
özümə aid etmirəm, ümumiyyətlə, sənətdən
danışıram. İstənilən adam rolu pisləyə
bilər. Amma analiz
edib desə ki, bu belə olsa daha yaxşı olar. Bu məni
sevindirər ki, teatrdan xəbəri olan adamdı. Amma indi elə
deyil. İllərlə sənətdə olan aktyorun əziyyətlə
yaratdığı rol haqda işi bilmədən kiminsə nə
isə yazması, deməsi düz deyil. Bu da tarixdi axı,
yazılan hər bir şey tarixdə qalır. Teatrda ştatda
olan elə səviyyəsiz aktyorlar var ki, onları heç
aktyor hesab etmirəm. Onları elə tərifləyirlər
ki, adamın inanmağı gəlmir. Əstəğfirullah
Allah vergisidi deyirlər. Tanışlıqla nə bilim
müxtəlif yollarla bunu elətdirirlər,
məqalələr buraxdırırlar. Onun işi, sənətdə
xidməti yoxdu. Amma yenə də deyirəm bu tarixdi. 50 il
keçəndən sonra cavanlar dərsliyi açıb oxuyub
deyəcəklər ki, bu aktyor dəhşət olub, gör
bunun haqqında nələr yazıblar. Amma şükürlər
olsun ki, lent yazıları var. Həmin lent yazılarına
baxıb, doğruları görəcəklər. Aktyorluq
çox çətin sənətdi. Aktyorlara insan mühəndisi
deyirlər. O öz bacarığı ilə həyatda olmayan
insanı dünyaya gətirə bilir.
- Teatr aktyor üçün daha peşəkar
səhnə olsa da, efir aktyorun daha tez tanınmasına şərait
yaradır. Sizcə məşhur olanların çoxu reklam
olunurmu?
- Reklam
olunmurlar, onları reklam edirlər. Efirdə çox
görünməklə tamaşaçıya özünü
sevdirmək olmur. Dadsız bir yeməyi iki gün adama verəndə
yeyə bilmir. Aktyorluq da elədi. Hansısa yollarla efirə
çıxırlarsa, bu mənlik deyil. Xasiyyətimdə yoxdu
ki, onları tənqid edim. Amma hər şey yerində olsa, hər
kəs yerini bilsə daha maraqlı olar.
- Niyə belə bir fikir formalaşıb
ki, Azərbaycanda teatr yoxdu?
- Teatr haqda
heç bir məlumatı olmayan adam rəy deyə bilir. Ondan
soruşsan ki, axırıncı dəfə teatrda nə vaxt
olmusan? Yadına sala bilməyəcək. O sözü deyən
adamlar teatrın qapısının kandarını
tanımayanlardı. Teatr yoxdu demək düzgün deyil.
Teatrımız və bu sahəyə ömrünü sərf
edən aktyorlarımız var. Xarici ölkələrdə
qastrollara gedirik. Bu yaxınlarda Tehranda qastrola getmişdik. Afaq
Məsudun “Qatar altına atılan qadın” əsəri ilə
iştirak etdik. İranın ən böyük rejissoru Vahabani
gəlib tamaşaya baxdı. İranlılar dedilər ki,
zaldakı tamaşaçılar bir tərəfə bu
rejissorun orda iştirakı çox önəmli hadisədi.
Çünki, o rejissor axıra qədər hər tamaşaya
baxmır. Axıra qədər tamaşanı izlədikdən
sonra səhnə arxasına 15 dəqiqə səhnə geyimimi
dəyişməyimi gözlədi. Məni qucaqlayıb
öpdü, tamaşanı bəyəndiyini söylədi.
Aktyorluq ömür qısaldan sənətdi. Adi adam heç
öz dərdini çəkə bilmir. Amma aktyor
yaratdığı hər rolun dərdini, qəmini
yaşayır. Əgər aktyor rolu yaşamırsa,
tamaşaçı ona inanmayacaq. Amma rolu bütünlüklə
yaşayanda isə aktyorun canı gedir. Ona görə
aktyorların çoxu 65 yaşdan yuxarı yaşaya bilmir.
- Teatra həvəs uşaqlıqdan
yaradılmalıdı ki, böyüdükdən sonra
özü bilet alıb tamaşaya baxsın. Bölgələrimizdə
isə bu ənənə yox səviyyəsindədi. Həmin
uşaq gənc olduqda teatra necə marağı olsun axı?
-
Düzdü. Bölgələrdə bizim dövrümüzdə
bundan da pis dövran idi. Bir televiziya var idi. Səməndər
Rzayev, Mikayıl Mirzə, Rasim Balayev və sair aktyorlar
rayonlardan gəliblər. O dövrdə rayonlarda, kəndlərdə,
məktəblərdə dram dərnəkləri var idi. Onlar
dram dərnəklərinin üzvləri olublar. Qrimləniblər,
tamaşalar oynayıblar. Yadıma gəlir ədəbiyyat dərsində
sinifdə hansısa pyesi götürüb rolları
uşaqlara paylayırdılar. O rolları biz ifa edirdik. Amma
indi hansısa məktəbdə dram dərnəyi olmasına
inamıram. Uşaqda baza olmayandan sonra teatra həvəs hardan
olmalıdı. Bir tələbədən soruşuram ki, necə
oldu ki, aktyorluğa gəldin? Deyir nə bilim. Biri əsgər
getməmək üçün, birinin balı təsadüfən
bura düşdüyü üçün gəlib aktyor olur.
Qabiliyyət imtahanından beş alanlar testdən keçə
bilmir. Üç alanlar gedib nə isə yazıb gəlib
oxuyur. Məncə aktyorluğa qəbulda test lazım deyil.
Aktyorun görüşü də səhnəyə uyğun
olmalıdı ki, kimsə ona bənzəmək istəsin,
kiminsə ondan zəhləsi getsin.
- Azərbaycan teatrında nələr dəyişilib
bu gün?
- Əvvəllər
səslə tamaşaları belə deyək də yola verirdilər.
Kim bərk qışqırırdısa, olurdu gözəl
aktyor. Amma indi gərək aktyorun beyni də işləsin.
Pıçıltı ilə də rol oynamaq olar. Ancaq bununla
tamaşaçıya təsir edə bilməlisən. Aktyor
olmaq çox çətinləşib. Bir dəfə sual
verdilər ki, komediya oynamaq asandı, yoxsa tragediya? Deyirəm
ki, hamısı çətindi. Bu gün insanların o qədər
dərdi var ki, toyda üzü gülmür. Belə adamı
necə güldürmək olar. Əgər bunu
bacarırıqsa, böyük savabdı. Əvvəllər
kinoteatrdan çıxanda çoxları dəsmalın
yaşını sıxırdı. Filmə baxıb öz
acıları kimi bilib ağlayırdılar. Amma indi hər
şey adiləşib. İnsanların bir-birini öldürməsi
xəbərini gündə nə qədər eşidirik.
İndi insanların o qədər dərdi var ki, təsirlənmələri
üçün də çox çalışmaq
lazımdı.
- Bütün sahələr kimi teatrda da
tamaşaçı müasirlik istəyir. Ümumiyyətlə,
teatrda müasirlik nə deməkdir?
-
Müasirliyi inandırıcı oyun tərzində
görürəm. Realistliyi tamaşaçı daha yaxın
bilir və qəbul edir. O vaxtı adi səslə rolu ifa
edirdilər. Ona görə o vaxtın aktyorları 90 il
yaşayırdılar. Amma indi elə yaratmaq lazımdı ki,
tamaşaçıya təsir edə bilsin.
- Bu gün Azərbaycan teatrında
dövrün aktual problemləri
işıqlandırılırmı?
- Mən bu
fikirlə razılaşa bilmirəm. Teatr təbliğat, təşviqat
briqadası deyil. Teatr məbədgahdı. Teatr gündəlik
problemləri deməməlidi. Sabahımızdan xəbər
verməlidi. Teatr güzgüdü, ora bax, pis olanları
gör və elə olma. Teatrda klassik tamaşalar daha çox
tamaşaçılara təsir edir. Dünənimiz məlumdu.
Bu günümüzü yaxşı yaşamalıyıq və düşünməliyik ki,
sabahımız necə olacaq. Bu sıradan teatrın xidməti
böyükdü.
- Tamaşaçıların müasirliyə
can atdığı bir dövrdə klassik əsərlər
bütün tamaşaçıları üçün
maraqlıdımı?
- O əsərlər
bizim sənət klassikamızdı. Niyə də olmasın. Əsərə
münasibətdən, təqdimatdan çox şey
asılıdı. Məsələn, “Ölülər”
tamaşası heç vaxt ölməyəcək. O
tamaşada insanların aldadılmasından söhbət gedir.
Müasir dövrdə də insanları müxtəlif yollarla
aldatmağa cəhd edirlər. Bu gün də mahiyyət eynidi.
Amma səhnə geyimləri dəyişilib, at arabaları
maşınlarla əvəz edilib. Biz də adi insanlar kimi, pul
arxasınca qaçıb, başqa yerdə işləyə
bilərdik. Amma istəmirik. Çünki bu bizə Allahın
vergisidi. Az pula qane olub istedadımızla
çalışırıq.
- Bəzən uyğun gəldiyi
üçün rejissor hansısa aktyoru nəzərdə
tutduğu rola çəkir. Amma aktyor o rolu istəmədən
canlandırır. Sizdə elə bir hal olubmu?
-
Şükürlər olsun ki, hələ bəyənmədiyim
rolu canlandırmamışam. Bəlkə də olub,
yadımdan çıxıb. Aktyora xarakterinə, görünüşünə,
danışığına uyğun obrazlar verirlər.
- Bu gün səhnədə olanları qənaətbəxş
hesab edirsinizmi?
- Mən
özümə cavabdehəm. Hansısa tamaşada mən
xoşlayan material olmadığını görəndə
ordan uzaqlaşıram. Çünki 3 ay boş işlə məşğul
olmaq istəmirəm. İnsan qarğa deyil ki, 300 il
yaşasın. Boş şeyə indi vaxt sərf edəm, deyəm
ki, gələn 100 illikdə etmərəm. İnsan
ömrünün hər dəqiqəsi qızıldı. Bu
vaxtı səmərəli işlərə sərf etmək
lazımdı.
- Aktyorun tarixə düşməsi
üçün teatr kifayət edirmi, yoxsa filmlərə də
çəkilmək lazımdı?
- Aktyor gərək
ona təklif edilən rolu özünə rəva bilsin. Mənə
seriallarımızdan bir neçəsinə təklif gəldi.
Axırı “Üç bacı” serialına
razılaşdım. İki-üç seriyanın mətnini
oxudum, serialın heyəti ilə maraqlandım. Gördüm
rejissor da yaxşıdı, ətraf da pis deyil. Rolun, geyimini,
qrimini, xarakterinin necə olacağını fikirləşib
tapdım. Peşəkar rejissorlarımız olsa, yaxşı
filmlərə çəkilməyin nəyi pisdi ki?
- Amma seriallarımızın bir çoxu
qınaq hədəfinə çevrilir. Siz bəyənirsinizmi
seriallarımızı?
- Mən də
bəyənmirəm. Deyir çörəyi ver çörəkçiyə
birini də üstəlik. İşi elə adama verməlidilər
ki, tam öhdəsindən gələ bilsin. Yoxsa mən filankəsin
adamıyam deməklə iş olmaz. İstedadsız birinə
filmi tapşıranda o da ətrafına özü kimi
istedadsızları yığacaq. Mənə də təklifin
bir neçəsinə razılıq vermədim.
- Aktyorluqda yeri səhv düşənlər
çoxdu?
- Bircə
onu deyə bilərəm ki, bunlar gəldi-gedər şeylərdi.
Yaz gülləri kimi müvəqqətidilər.
- "Qatarın altına atılan
qadın" tamaşasında yaratdığınız Bomj
obrazınızı nə zamasa həyatda yaşamaqdan
qorxmursunuz? Yəni Cəfər Namiq Kamal unudulmaqdan qorxur?
- Allaha
şükür indiki yaşıma qədər
unudulmamışam. Çünki çox iş təklif edirlər.
Aktyorun unudulması teatra, kinoya, televiziyaya
çağrılmamağıdı. Aktyor üçün
unudulmaqdan dəhşətli heç nə ola bilməz.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-27
aprel.-S.13.