Təsadüfən aktyor oldum”

 

Nuriyyə Əhmədova: “Nə Moskva, nə də Türkiyədə

filmə çəkilmək kimi bir arzum yoxdu”

 

Aktyorluq elə bir sahədir ki, burda ya uğurlu rol yaradıb tamaşaçı sevgisini qazanırsan, ya da heç bir şey alınmadığını görüb uzaqlaşmağa məcbur olursan. Tamaşaçı sevgisini qazanmaq üçün isə rolları özünəməxus və fərqli yaratmaq lazımdır. Budəfəki “Şənbə qonağı”mız xalq artisti, yaratdığı bir çox rolları ilə tamaşaçıların qəlbinə yol tapmağı bacaran Nuriyyə Əhmədova kimi. Artıq fərqli formatda yayımlanan “Şənbə qonağı”mıza sualları mən deyil oxucular verir. Biz də Nuriyyə xanımın redaksiyamıza gələcəyi vaxtı öncədən müəyyənləşdirib internet vasitəsilə elan verdik. Oxucular Nuriyyə xanıma olan suallarını ya “Facebook”da (F) “Ucnoqta.az şənbə qonağı” səhifəsində yazdılar, ya da müğənni redaksiyamızda olan vaxtda telefonla (T) zəng edib birbaşa müğənninin özünə verdilər. Nuriyyə xanımın ona ünvanlanan bir çox mövzuda olan sualları cavablandırdığı müsahibəsini sizlərə təqdim edirik.

- Xəyalə Məmmədova (T): Siz Azərbaycanın ən məşhur filmlərində rol almısız. İndi isə sizi çəkilən seriallarda çox az hallarda görürük. Bildiyim qədəri ilə axırıncı dəfə “Tək olanda qorxma” serialına çəkilmisiz. Amma ondan sonra çəkilən bir çox seriallarda sizi görə bilmirik. Bu nə ilə bağlıdır?

- Nuriyyə Əhmədova: Hazırda başqa seriallara çəkilirəm. Seriallarımızda elə məqam gəlib ki, artıq bir az ciddilik, məntiqlilik olmalıdır. Mən kino işçisiyəm. Kinonun artıq bir çox xüsusiyyətlərini, bu sahənin sirrlərini bilirəm. Bu gün çəkilən seriallar bir reklamdı. Serialın 10-cu seriyasına baxanda sual versək ki, 1-ci seriyalarda nə olub, heç kim xatırlaya bilməyəcək. Bu seriallar xalqı əyləndirmək üçün çəkilir. Mən “Aramızda qalsın”da çəkilirdim. Orda mənim həyat yoldaşımı Fərman Şəkili oynayırdı. Biz Fərmanı itirdik deyə mən də o serialdan çıxdım. Seriallara çox çəkilsəm kinoda olan işlərimdə ləngimə ola bilər. Hazırda bir neçə filmə, seriala çəkilirəm. Həmin işlərdə gənclər çalışır. Xaricdən çəkilmək təklif gəldi razılaşmadım. Etiraf edirəm ki, nə Moskva, nə Türkiyədə filmə çəkilmək kimi bir arzum yoxdu. Amma İranla müştərək bir film çəkiləcək. Bəlkə ora razılıq verdim. Amma mən millətini, torpağını sevən insan kimi, özümü kinolarıma həsr etmək istəyirəm.

- Xəyalə Məmmədova (T): Nuriyyə Əhmədova deyəndə bizim gözümüzün qabağına həm də Fərman Şəkili də gəlir…

- N.Əhmədova: Bəli o mənim qardaşımı oynayıb. Mən o qardaşları itirə-itirə gəldim. Övladımı itirməklə sənət yoldaşlarımı itirmək eynidi. Mən hələ də müalicə alıram. Sağımı solumu itirdikcə mənə çox pis təsir edir. Sənət aləmində dostunu, qardaşını, əzizini itirmək elə doğma deməkdir. Kino sahəsini özümə daha doğma hesab edirəm. Ömrümün axırına qədər da kinoda qalacam. Kino millətin güzgüsüdür. Kinoda özümü, xalqımı yaxşılarımı, çatışmayan cəhətlərimi görürəm.

- Gülər Namazova (T): Uşaq vaxtı sizim “Mozalan”larınızla böyümüşük. Amma indi niyə “Mozalan”lar çəkilmir…

- N.Əhmədova: Yox çəkilmir. Kinostudiya hazırda təmirdədir. Onunla əlaqədar kinostudiyada işləri məhdudlaşdırıblar. İnşallah o da olacaq. Səbr etmək lazımdı. Yenilik olanda bəzən arada fasilə də olur. Köhnələrdən o qədər var ki, özüm baxanda deyirəm bunu hansı arxivdən tapıblar? Elə o köhnələri xalqa göstərsinlər ki, nələr olub, nələr ola bilər?

- Azər Yusifov (T): Nuriyyə xanımın davamçısı varmı?

- N.Əhmədova: Kiçik oğlum Faiqi görürdüm. Amma son zamanlar o da etiraf elədi ki, nə rəqqas, nə nağaraçalan, nə də aktyor olmayacaq. İkinci qrupu seçib. Hərdən müəllimləri deyirdilər ki, onda aktyorluq var. Mən xanəndə, müğənni olmaq istəsəmdə gəldim aktyor oldum. İndi oğlumun da gələcək seçimi zamanla məlum olacaq.

 

- Lalə Qəhrəmanova (F): Nuriyyə xanım deyirlər zaman çox tez keçir. Hər zaman ötənlərə nəzər salandə elə bilirik ki, hər şey yadımızdadı. Amma əslində çətin və maraqlı anlar daha çox yadımızda qalır. Bəs Nuriyyə xanım ötənlərdən nələri xatırlayır?

- N.Əhmədova: Heç nəyi xatırlamıram. Xatirələr yeri gəldikcə yada düşür. İndi başımda o qədər fikirlər var ki, sırf nəyisə xatırlamaq olmur. Mən indi ilə yaşayıb, nəfəs alıram. Yaxşılar da olub, pis də. Çətinliklər həyatda hər zaman olur. Məndə də çox olub. Onu deməyin mənası da yoxdu. Onsuz da həyat elə çətinliklərdən ibarətdi. Heç bir şey asanlıqla əldə olunmur. Mən məktəbdə oxuyan zaman tədbirlərdə, mədəniyyət evlərində mahnılar oxuyurdum. Deyirdim ki, xanəndə olacam. Təsadüfən aktyor oldum. Bizim gözəl sənətkarımız Tofiq Bakıxanovun köməyliyi ilə mən Musiqili Komediya Teatrına dəvət olundum. Şəmsi Bədəlbəyli, Süleyman Əlsəgərov məni orda çox yaxşı qəbul elədi. Sentyabın 12-si mənim sənətə gəlişimin 45 ili tamam olur. Orta məktəbi bitirmişdim. Heç bir təhsilim də yox idi. Sənədlərimi Asəf Zeynallı adına musiqi kollecinə vermək istəyirdim. Yaşım çatmırdı deyə götürmədilər. Ondan sonra da təsadüfi olaraq Tofiq müəllimin köməyi ilə teatra gəldim. Bunlar insanın həyatında yaxşı anlardı. Mən özüm də gözləmədən maraqlı səhnə göstərdim və hamının xoşuna gəldi. O vaxtı teatrlarda Azərbaycan qızlarına böyük ehtiyac var idi. İndi maşallah teatrda qızlarımızın sayı çoxalıb. Qızlarımız incəsənət institutuna daha çox gəlir, nəinki oğlanlar. Olsun. Amma o çətinliklərə bizim kimi davam gətirməlidirlər. Halbuki onlar indi həmin çətinliklərə tab gətirmirlər. Çətinliyə düşən kimi asan yol axtarırlar. Mən həmin o çətin anları xatırlamaq istəmirəm. Müsahibəni oxuyacaq şəxslərə özümdən pis enerji ötürmək istəmirəm.

- Vasif Əhmədov(F): Bu gün nəinki xanımın, ümumilikdə sənət adamlarının qazandıqlarını əldə saxlaması böyük məsuliyyət tələb edir. Nuriyyə xanım əldə etdiklərini saxlamaq üçün nələr edir?

- N.Əhmədova: Nuriyyə xanım çox iradəli, dözümlü və səbrli xanımdı. Allahıma qurban olum ki, məni bu cür yaradıb. Mən oğlaq bürcüyəm Oğlaq bürcü torpaq ünsürlüdü. Torpaq ünsürlü insanlar hər şeyi özünə götürür. Çünki torpaq hər şeyi özünə çəkir. Hər bir insan üçün müəyyən cızıqlar var. O cızıqdan çıxmaq olmaz. Həyatda səhvsiz insan yoxdu. İnsan hər anında özü də bilmədən səhv edir. Hansısa məqamları buraxmışam deyə can sağlığı əlimdən gedib. Mən 3 gün bundan öncə ölümlə üz-üzə qaldım. Elə bir hala düşdüm ki, onu bir Allah bilir. İnsan sağlamılğını qorumaq istəyirsə nələrəsə riayət etməlidir. Yeməyinə, gəzməyinə, geyiminə fikir verməlidir. Mənə deyirlər ki, siz necə həmişə formada qala bilirsiz. Formada qalmaq üçün iradəli olmaq, nəfsinə qalib gəlmək lazımdı.

- Vüsalə Rəhmanova (T): Nuriyyə xanım siz illər öncə bir çox sənətkarlarla bir səhnəni bölüşmüsüz. Bu gün isə daha çox gənclərə yer verilir. Gənclərlə bir səhnədə çıxış etmək sizin üçün çətin deyil ki?

- N.Əhmədova: Qətiyyən. Mənim üçün xoşdu. Gənclər bizim gələcəyimizdi. Mən hər gəncə nəsihət verə bilmərəm. Çünki bəzi gənclərdə mənəm-mənəm söhbəti var. Amma çalışsınlar ki, çətinliklərin ödəsindən gəlib sənətkarların yolunu davam etdirə bilsinlər. Bu gün lazımdı, lazım deyil, bilir, bilmir amma sənətə gəlir. Ələkdən keçmək məsələsi var. Zaman keçdikcə özü hiss edir ki, o bu sənətin adamı deyil. Müğənni, rəqqas, aparıcı və ya kiminsə istedadı varsa, niyə də filmə çəkilməsin. Özgəsi gəlib çəkiləndə yaxşı olur ki? Xaricdən aktyor dəvət olunmasına yaxşı baxmıram. Müştərək film çəkilirsə 10 aktyor bizdən olarsa, 5-i də xaricdən olsun. Çünki bizim aktyorlarımız xaricilərdən heç də geri qalmır. Azərbaycanımın hər şeyi var. İstedadlı gənclər də gələcəyin sənətkarı ola bilərlər. Biz gəncləri istiqamətləndirməsək onlar sonra deyə bilər ki, keçmiş nəsil bizə bunu öyrətməyib. Əgər görürlərsə ki, onlarda bu sahədə çətindi, bacarmayacaqlar, onda özgəsinin yerini tutmasınlar. Nəsibə Zeynalova bu gün hər birimiz üçün örnək olsa da o həmişə deyirdi ki, bəyəm mən nə etmişəm ki?

- Minurə Seyidova(F): Nuriyyə Əhmədova kaş onu edəydim, kaş bunu etməyəydim sözlərini çox deyir?

 

- N.Əhmədova: O sözlər hər dəqiqə var. İnsan özü bilmədən buraxdığı səhvləri fikirləşəndə kaş ki deyir. Bəzən deyirəm ki, kaş o yaşım olaydı filan işi görəydim. Kaş ki demişik və yenə də deyəcəyik.

- Aytən Yusifzadə (F): Mən Nuriyyə xanımı “Həm ziyarət, həm ticarət” filmindəki rolu ilə daha çox xatırlayıram. Bəs Nuriyyə xanım hansı rolunu özü üçün daha uğurlu hesab edir?

- N.Əhmədova: Bütün rollarım mənim üçün əzizdi. Əgər “Mozalan”da balaca epizodu oynamışamsa deməli, o rolla özümü göstərmişəm. Epizodik bir rolu yaxşı oynamasalar böyük rol verilmir.

- Sevinc Muradova (T): Nuriyə xanım maşınınız varmı?

- N.Əhmədova: Nə maşınım, nə evim, nə də bağım var. Mənim gözəl tamaşaçılarım var.

- Sevinc Muradova (T): Aktrisa Vəfa Zeynalovanın erotik filmdə çəkilməsinə necə baxırsız?

- N.Əhmədova: Mən həmin filmə baxmamışam. Hamı bu barədə mənə sual verir. Çalışacam ki, baxım. İndi XXI əsrdi. Hamı Avropalaşmağa can atır. Amma artıq Avropa özü Şərqə tərəf can atır. Kinoda oynamaq tamam başqadı. Mən “Sahilsiz gecə” filmində əxlaqsız erməni qadınını oynamışam. Amma orda da çərçivəni gözləmişəm.

- Röya Musayeva: Gənc vaxtlarınızda elə bir rol arzusunda olmusuz ki, sizə təklif etməsinlər?

- N.Əhmədova: Gənclik illərində ancaq xanəndə olmaq, “Leyli və Məcnun”u canlandırmaq arzusunda olmuşam. Opera axtrisası olmaq istəmişəm. İndi də fikirləşmirəm ki, hansısa rolu oynayardım. Bəzən deyirlər ki, xaricdə filmə çəkilərsiz. Yox. Hollivuda heç zaman getmərəm. Heç bir Hollivud ulduzu bizim Fatmanisəni, Xeyransanı oynaya bilməz. Amma mən onların hər bir obrazını canlandıra bilərəm. O vaxtı Şekspirin əsərində çəkilməyən aktrisaya SSRİ xalq artisti adını vermirdilər.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 17 avqust.- S. 13.