Şahmar Ələkbərov mənə
qardaş olub”
Tariyel Qasımov: “O, peşəkar
sənətkar olmaqla yanaşı, həm də çox sadə insan idi”
Azərbaycan film tarixində adı çəkilən elə şəxslər var ki, onların adı hər zaman böyük ehtiramla yad edilir. Bəlkə də onlar bu işləri gördükləri işi tarixə düşmək üçün etməyiblər. Sadəcə olaraq öz işlərini görüblər. Lakin həmin gördükləri işə görə tarix onları yaşadır, gəncliyə örnək kimi təqdim edir. Bu gün məhz bu gür sənətkarlardan olan, Azərbaycan kino tarixində öz əvəzsiz xidmətləri ilə ad qoymuş Şahmar Ələkbərovun doğum günüdür. Aktyor, rejissor, senari müəllifi olan Şahmar Zülfüqar oğlu Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Teatrda ilk dəfə Şekspirin ”Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasındakı uğurdan sonra böyük tamaşaçı rəğbəti qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Aktyoru doğum günündə “Üç nöqtə”ylə birlikdə sənət yoldaşı xalq artisti Tariyel Qasımov dedi ki, Şahmar Ələkbərovla qardaş qədər yaxın olublar: “Şahmar Ələkbərovla mənim ilk tanışlğıım 26-lar adına Mədəniyyət sarayında Lütfü Məmmədbəyovun xalq teatrında olub. O vaxtı mən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuyurdum. Sonra biz xalq teatrında gözəl tamaşalar və rollar oynadıq. Ondan sonra mənim də aktyorluğa həvəsim yarandı. Şahmarla Həsən Əbluc təklif etdilər ki, gəlin üçümüz də teatr intitutuna gedək. Üçümüz də bir yerdə qəbul olduq. Atam biləndə ki, mən aktyorluğa qəbul olmuşam, mənə pul göndərmədi. Şahmar gördü vəziyyətim yaxşı deyil, dedi gəl bizdə qal. 4 il onlarda qaldım. Şahmar Əsgərliyə gedəndə anası evdən getməyə qoymadı. Və mənim elçiliyimi də onun anası edib. Toyum da onların evində olub. Şahmar, Həsən və mən çox yaxın dost olmuşuq. İncəsənət adamları bizə “Üç muşyektor” deyirdi. Şahmar peşəkar sənətkar olmaqla yanaşı, həm də çox gözəl və sadə insan idi. Şahmar mənə dost yox, qardaş olub”.
Sevimli aktyorumuz barədə əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov da öz təəssüratlarını bölüşdü. Dahi sənətkarlarsız günlər üçün kövrəldiyini söylədi: “Sənətkar dahilik qazanmaq üçün böyük əziyyətlərdən keçməlidir. Şahmar Ələkbərov da belələrindən idi. Kino və teatr tarixində yüksək yeri olan, az hallarda ələ düşən istedadlı və gözəl ziyalı idi. Rollarından danışmağı məsləhət görmürəm, rollar göz qabağındadır. Şahmar Ələkbərov bir örnək, məktəb, pedaqoq idi. Qısa müəllimliyi dövründə gözəl tələbələr yetişdirmişdi. O vaxtı pedaqoqikanın qanunları belə idi ki, bizə vaxt məhdudiyyəti qoyurdular. Dərs proqramları elə bir vaxta təyin olunurdu ki, gecədən səhərə kimi çəkilişlərdə olan aktyor heç cür səhər tezdən 8-9-da dərs deməyə gedə bilmirdi. Buna görə bir çox pedaqoqlar məcbur idilər ki, imtina eləsinlər. Belə hesab edirəm ki, bizim bugünkü incəsənət mövzusunda Şahmar Ələkbərov məktəb, pedaqoq, dərslik kimi tədris olunmalıdır. Şahmarın yüksək intellektual səviyyəsi, səhnə mədəniyyəti, səhnə görünüşü ilə bərabər Allahın ona verdiyi bənzərsiz səs, intonasiya var idi. Bu səs Şahmarın əlinə düşmüşdü və o da bu səsi öz mədəni səviyyəsi, savadı ilə cilalamışdı. O vaxtkı Azərbaycan kinolarında ən çətin rolları da o səsləndirib. Şahmar Ələkbərov Azərbaycan ədəbi cəmiyyətində, səs, ifa, ideoloji təbliğat, sənətkarlıq və son vaxtlar kinorejissor kimi fəaliyyət göstərməsi baxımından dəyərli və özünəməxsus dəsti-xətti olan bir sənətkar idi. Belə sənətkarlardan söhbət düşəndə fəxrlə deyə bilirik ki, bəli, kino-teatr mədəniyyətində Şahmar Ələkbərov sənəti var, olub və kino sənəti durduqca da olacaq. Çünki, Şahmar Ələkbərov özünə heykəl qoyub gedən sənətkarlardandır”.
Kino tariximizdə daima yaşayacaq aktyor 1992-ci ildə, ömrünün 50-ci ilinə qədəm qoyduğu bir vaxtda dünyasını dəyişdi. Sənətkarlar unudulmur deyirlər. Şahmar Ələkbərov da unudulmayan sənətkarlar sırasındadır.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-23
avqust.-S.13.