Bakutel-2013
beynəlxalq sərgisi öz işinə
başladı
Prezident İlham Əliyev:
«Respublikada İKT cəmiyyətin həyatına dərindən
nüfuz edib»
Bakı
Ekspo Mərkəzində XIX Azərbaycan Beynəlxalq
Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi
(Bakutel-2013) öz işinə start verib.
Açılış
mərasimində Azərbaycan prezidenti İlham Əliyev
“BakuTel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və
informasiya texnologiyaları sərgisi və konfransının
iştirakçılarına ünvanladığı məktub
oxunub.
Məktubda bildirilir ki, iqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Respublikada İKT cəmiyyətin həyatına dərindən nüfuz edib. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir. Ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı uğurla həyata keçirilir, sahə üzrə investisiya qoyuluşu və özəl sektorun fəaliyyəti ildən-ilə genişlənir.
Prezident məktubunda vurğulanır ki, Azərbaycanın tarixi nailiyyətlərindən biri olan “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması, stimullaşdırıcı tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata keçidin təmin edilməsinə möhkəm zəmin yaradır: «Azərbaycanın BMT Baş Assambleyasının 67-ci sessiyasında Avrasiya Rabitə Alyansının təsis edilməsi ilə bağlı təklifinin bəyənilməsi barədə qətnamənin qəbul edilməsi ölkəmizin beynəlxalq İKT çağırışlarının həyata keçirilməsinə dünya ölkələrinin artan dəstəyinin bariz təzahürüdür. Azərbaycanda hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı müxtəlif ölkələri təmsil edən təşkilatların, alim və mütəxəssislərin bir araya gələrək öz ideyalarını bölüşməsi, işgüzar əlaqələri genişləndirməsi, qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanış olması üçün əlverişli imkan yaradır. Builki sərgi və konfransın ölkəmizdə elan edilmiş «İKT ili» çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər mötəbər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması bu sərgi və konfransın əhəmiyyətini daha da artırır».
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yer alır: «Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır».
Nazir bildirir ki, Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi və Mərkəzi Asiya ölkələri arasında 1-ci yeri tutub.
Onun sözlərinə görə, builki sərgi və konfransın gedişində bir çox mühüm tədbirlərin, o cümlədən Kibertəhlükəsizlik üzrə Beynəlxalq konfransın keçirilməsi və həmin tədbirlərdə xarici ölkələrin dövlət rəsmilərinin, nüfuzlu beynəlxalq təşkilat və şirkət rəhbərlərinin, alimlər və mütəxəssislərin geniş iştirakı sərginin əhəmiyyətini daha da artırır.
Ə.Abbasov vurğulayır ki, regionun informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ən iri tədbiri olan bu sərgi və konfrans əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, texniki və texnoloji yeniliklərlə tanış olmaq, qabaqcıl təcrübə mübadiləsi və faydalı əməkdaşlıq üçün əlverişli platformadır. Builki sərgidə dünyanın bir çox aparıcı İKT şirkətlərinin iştirakı, 20-dən çox ölkənin milli pavilyonlarının təşkili “Bakutel”in nüfuzunun ildən-ilə artmasını göstərir.
Nazir qeyd edir ki, Azərbaycanda İKT sektoru sürətlə inkişaf edir. Əhalinin 70 faizi internet istifadəçisidir, 50 faizi isə genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, “3G” və “4G” texnologiyaları tətbiq olunur.
Nazir deyir ki, ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub. “Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik infrastrukturun qurulması və “evlərə optika” prinsipi ilə yüksəksürətli genişzolaqlı internet xidmətlərindən istifadə imkanı yaradan layihənin həyata keçirilməsinə hazırlıq aparılır.
R.Abbasovun sözlərinə görə, Azərbaycan, həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüskarı kimi çıxış edir. Bu layihələrdən olan “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələri ilə dəstəklənib və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə çıxışında qeyd edib ki, Azərbaycanın mobil rabitə xidmətləri sektorunda Mobil Nömrələrin Daşınması (Mobile Number Portability – MNP) prosesinə başlamaq üçün hazırlıq gedir.
Artıq gələn il yanvar 1-dən etibarən tamamilə bu sistemə keçidin həyata keçirilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, artıq mobil operatorlarla bu istiqamətdə danışıqlar gedir: «İstehsalçı şirkətlər də avadanlıqlarla təchiz edilib. Artıq yanvarın 1-dən mobil nömrələrin daşınması xidmətinin tamamilə başlanmasını gözləyirik. Hazırlıq işlər yüksək səviyyədə görülür və həmin vaxta qədər bunu çatdıracağıq».
Qeyd edək ki, Bakıda «Bakutel-2013» Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq. memorandum 5 ölkənin mobil rabitə operatorları tərəfindən qəbul ediləcək. Bu ölkələrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Çin daxildir. Sözügedən memorandumla TASİM layihəsinin hansı şərtlər daxilində və hansı zamanda həyata keçirilməsi müəyyənləşdiriləcək.
“Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsi üzrə regional təşəbbüsdür. Layihə Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcək.
Ölkəmizin “EPEG (Europe-Persia Express Gateway)” layihəsində iştirakı isə internetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olacaq.
dekabrın 5-dək davam edəcək tədbirin əsas təşkilatçısı qismində «Iteca Caspian» şirkəti çıxış edir.
«Baku Expo Center»də keçirilən «Bakutel-2013»ün sərgi meydançası 35 faiz genişlənib və burada 28 ölkədən 300 şirkət iştirak edir. Bu il 15 ölkə milli pavilyonu ilə sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ proqramların, məhsul və xidmətlərin təqdimatını keçirəcək. İlk dəfə olaraq «Bakutel»də Əfqanıstan, İtaliya və ABŞ-ın milli qrupları iştirak edir. Sərginin yenilikləri sırasına milli pavilyonlar, «start-up»ların təmsil olunması daxildir. Həmçinin, innovativ inkişafı təmin etmək üçün yeni texnologiyalar parkı təmsil edilib.
Tədbir çərçivəsində kibertəhülkəsizlik üzrə beynəlxalq konfrans da keçiriləcək. Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçiriləcək bu konfrans zamanı ölkələr arasında bu sahədə əməkdaşlıq, problemlər və perspektivlər mövzusunda müzakirələr aparılacaq. Tədbirə müxtəlif ölkələrin rabitə və informasiya texnologiyaları nazirləri qatılacaq.
«Bakutel-2013» çərçivəsində keçiriləcək digər tədbir MDB və region dövlətlərinin Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçılarının toplantısı olacaq ki, burada teleradioyayımın 694-790 MHz tezliklərinin gələcəkdə istifadə perspektivləri mövzusu müzakirə olunacaq.
Bundan başqa, Azərbaycanda ilk dəfə regional internetin idarəçilik forumu keçiriləcək və bu tədbirə xaricdən qonaqların qatılacağı gözlənilir.
Həmçinin, «Bakutel-2013» çərçivəsində
biznes əlaqələrə dair ikitərəfli forum və
dəyirmi masaların təşkili nəzərdə tutulub. Bunların sırasında Azərbaycan-ABŞ
İKT forumu, Azərbaycan və İtaliya arasında «b2b» tədbiri, eləcə
də Cənubi Koreyanın İnformasiya və
Təhlükəsizlik Agentliyi ilə
növbəti dəyirmi masa keçiriləcək.
Üç nöqtə.- 2013.- 3
dekabr. S. 3.