Azərbaycanda etibarlı peyk rabitəsi təmin ediləcək

 

                                                                                                  Bununla ölkənin informasiya təhlükəsizliyi gücləndiriləcəkdir

 

Azərbaycanda 2020-ci ilədək çox myhüm addımlar atılacaq. Bu həm də informasiya-kommunikasiya texnologiyaları sahəsini əhatə edir. Qeyd edək ki, Azərbaycanda keçid dövrünün başa çatması və yetkin bazar münasibətlərinin formalaşması şəraitində «Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər» konsepsiya çərçivəsində dövlət tənzimləməsi və idarəetməsi funksiyaları, əsasən, makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə işgüzar mühitin təkmilləşdirilməsi və sərbəst rəqabətin təmin olunması, yerlixarici investisiyalar üçün əlverişli şərait yaradılması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi yönündə tənzimləmə tədbirləri, investisiya qoyuluşları və iri miqyaslı infrastruktur layihələrinin reallaşdırılması istiqamətində həyata keçiriləcəkdir. Əhalinin sosial müdafiəsinin səmərəli təşkili diqqət mərkəzində olacaqdır. Makroiqtisadi siyasətin koordinasiyası gücləndiriləcək, maliyyə dayanıqlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılacaq və adekvat pul siyasəti aparılacaqdır. Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər və bunlara uyğun tənzimləmə vasitələri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda fəallığı və riskləri idarə edəcək vasitələr yer alacaqdır. İnflyasiya hədəfinə uyğun olaraq iqtisadiyyatın pula tələbatının ödənilməsinə xüsusi diqqət yetiriləcək, monetar idarəetmənin institusional bazası təkmilləşdiriləcəkdir. Büdcə vəsaitlərinin formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitlərin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcəkdir. Müxtəlif büdcə riskləri (xarici, maliyyə, kənarlaşma, əməliyyat riskləri və s.) üzrə çevik qiymətləndirmə aparılacaqdır.

Ölkənin tədiyə qabiliyyətinin yaxşılaşdırılmasının və iqtisadiyyatın ixraca yönəldilməsinin ayrıca vacib tələbi kimi, daha çevik məzənnə siyasəti həyata keçiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaqdır. Bununla yanaşı, vergi dərəcələrinin və məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələr), həmçinin gömrük rüsumlarının optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılmasına kömək edəcəkdir.

Konsepsiyanın əhatə etdiyi dövrdə görüləcək tədbirlər Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit təşkilatları, sığorta bazarı, lizinq bazarı, qiymətli kağızlar bazarı və faktorinq bazarı) tarazlı inkişafını təmin edəcəkdir. Bank nəzarəti alətləri təkmilləşdiriləcək, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin olunması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam etdiriləcək, rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır. Bank sisteminin kapitallaşması davam etdiriləcək, regionlar üzrə bank şəbəkəsinin genişlənməsi təşviq olunacaq, tikinti-əmanət banklarının yaradılması dəstəklənəcək, ipoteka kreditləşdirilməsi mexanizmi təkmilləşdiriləcəkdir. Elektron ödəniş, poçt-əmanət sistemləri inkişaf etdiriləcək, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi gücləndiriləcəkdir.

İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması Konsepsiya çərçivəsində qarşıda duran prioritet vəzifələrdəndir. Qarşıdakı illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcəkdir. Distant təhsil, elektron ticarət, tele-tibb və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail olunacaq, elektron ticarət əqdləri iştirakçılarının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün qanunvericilik təkmilləşdiriləcəkdir. Bölgələrdə İKT-nin tətbiqi genişləndiriləcək, əhalinin rəqəmsal hazırlığı və ölkənin qlobal informasiya məkanına inteqrasiya səviyyəsi yüksəldiləcəkdir.

İKT və əqli mülkiyyətin qarşılıqlı təsiri və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektlərin qlobal rəqəmsal şəbəkəyə çıxışı nəzərə alınaraq, on-line lisenziyalaşmayaone-stop-shops formatında xidmətlərin göstərilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sistemi yaradılacaqdır. Bununla yanaşı, kosmik sənayenin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması nəticəsində etibarlı peyk rabitəsi təmin ediləcək və bununla ölkənin informasiya təhlükəsizliyi gücləndiriləcəkdir. Telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radioteleviziya proqramlarının peykdən paket yayımı təşkil ediləcəkdir. Eyni zamanda, aşağı orbitli peyklərin orbitə çıxarılması nəzərdə tutulur ki, bu da ölkədə ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiyakartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcəkdir.

Ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədi ilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr gerçəkləşdiriləcəkdir. “Elektron hökumətin formalaşdırılması məqsədi ilə ardıcıl və mərhələli qaydada müvafiq tədbirlər görüləcək. Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndiriləcək, dövlət orqanlarının öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması, onların funksional vəzifələr üzrə əhaliyə elektron xidmətlər göstərməsi təmin ediləcək, informasiya təhlükəsizliyinin yüksəldilməsi, səriştəli istifadəçi və mütəxəssislər hazırlanması kimi məsələlər diqqətdə saxlanılacaqdır. Eyni zamanda, elektron xidmətlərin keyfiyyəti yüksəldiləcək, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxış təmin ediləcək. Dövlət informasiya resurslarının və sistemlərinin vahid texnoloji standartlar əsasında inteqrasiyası təmin olunacaqvahid informasiya fəzası formalaşdırılacaqdır.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi, ölkəyə daxil olan internet trafikində qlobal kiberhücumların qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, dövlət orqanlarının informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və maarifləndirmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır.

İKT üzrə kadr hazırlığı işi də təkmilləşdiriləcəkdir. Yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədi ilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli mühit yaradılacaq, dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndiriləcək, həmçinin ölkədən kənara “beyin axını”nın qarşısının alınması üçün təsirli tədbirlər görüləcəkdir.

 

Üç nöqtə.-2013.- 28 dekabr.- S.9.