Gənclər İKT sahəsində
yüksək bilik və bacarıq nümayiş etdirir
IKT
hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində
ciddi tədbirlər görülür
Bu
gün Azərbaycanda Gənclər Günüdür. Bugünkü
Azərbaycan gəncləri isə öz həyatlarını
İnformasiya Kommunikasiya
Texnologiyaları (İKT) olmadan təsəvvür
edə bilmir. Bu il isə Azərbaycanda
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib.
2003-2012-ci illəri əhatə edən “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya
və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya”sı nəticəsində İnformasiya Kommunikasiya
Texnologiyaları (İKT) sahəsində əsaslı inkişaf etdirilib. Gələcək
layihələr üçün həm hüquqi, həm də texniki
baza yaradılıb. Bu proseslərin geniş vüsət alması, İKT-nin
dinamik inkişafı, az
qala hər saniyədə yeni
imkanlarının meydana
çıxması, yeni inkişaf
perspektivləri və tendensiyalarının müəyyən
edilməsində gənc nəslin rolunu xüsusi qeyd etmək
lazımdır. Müasir dövrdə
İKT sahəsində yüksək bilik və
bacarıq nümayiş etdirən gənclərin
bu proseslərdə fəal iştirakı
təqdirəlayiq haldır. Bu gün gənc nəslin nümayəndələri
əsasən təbiət və dəqiq elmləri öyrənməkdə
maraqlıdırlar. Qlobal problemlərin həllində böyük
önəm kəsb edən sözügedən sahələrin,
əsasən də informatika elminin dərindən öyrənilməsi, bu istiqamətdə innovativ
biliyin əldə olunması isə çağdaş dövrün
başlıca şərtlərindəndir. Hazırda dünyada yüksək
elmi-texniki biliklərə malik
kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin
artırılması, məntiqi təfəkkürünün
inkişafı, müasir düşüncə
tərzi və dünyagörüşünün
formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında istedadlı gənclərin
bilik və bacarığının
aşkarlanması, intellektual
potensialının inkişafı məqsədlərinə
xidmət edən müxtəlif müsabiqə və olimpiadalar, festivallar, intellektual yarışlar, breyn-rinq
və televiktorinaların əhəmiyyətini də qeyd etməmək olmaz.
AZƏRBAYCANDA GƏNCLƏRİN
YÜKSƏK SƏVİYYƏDƏ TƏHSİL ALMASI
ÜÇÜN LAZIMİ ŞƏRAİT YARADILIB
Dünyada gedən bu proseslərdə ölkəmiz də yaxından iştirak edir. Bu gün Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, yaradıcılıq potensialının inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafına dair qəbul edilən Dövlət Proqramının başlıca hədəflərindən biri də gənclərimizin İKT hazırlığının daha da təkmilləşdirilməsi, kompyuter proqramlaşdırması sahəsində istedadının aşkara çıxarılması, müxtəlif fənlər üzrə olimpiadaların, layihələrin həyata keçirilməsi olub. Belə layihələrdən biri də informatika üzrə müxtəlif bilik yarışlarının təşkili ilə əlaqədardır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun və İctimai Televiziyanın birgə dəstəyi və təşkilatçılığı ilə reallaşdırılan “Virtual rinq” intellektual televiktorinası da bu qəbil layihələrdən olub. Layihənin həyata keçirilməsində məqsəd ictimaiyyətin, xüsusən də gənclərin İKT-biliklərini artırmaq, informasiya cəmiyyətinin başlıca tələbləri ilə tanış etmək, bu sahədə maarifləndirmə işləri aparmaq, həmçinin Azərbaycanda sosial-iqtisadi sferada müşahidə olunan tərəqqi, ölkəmizin tarixi, coğrafiyası, elm və mədəniyyəti, incəsənəti, məşhur insanları haqqında daha dolğun informasiya ilə məlumatlandırmaqdır. Ali və orta məktəb tələbələrindən ibarət komandalar arasında keçirilən yarış gənclərin ölkədə İKT sahəsinə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kimi layihələr informatika sahəsində yüksək bilik, geniş dünyagörüşü, orijinal və məntiqi düşünmə qabiliyyəti, həmçinin diqqət və müşahidəçilik bacarığı tələb edir. Bilik yarışında adətən geniş biliyə, yüksək intellektə sahib olan, mütaliə ilə daha çox məşğul olanlar qalib gəlirlər.
Ölkəmizdə gənc nəslin intellektinin yüksəldilməsi, İKT-biliklərinin
formalaşdırılması üçün
müxtəlif innovativ telelayihələrin
hazırlanması, intellektual
yarışların təşkili sahəsində ciddi işlər görülür.
Bu
işdə yüksək fəallıq nümayiş
etdirən AMEA İnformasiya
Texnologiyaları İnstitutunun
qarşısında duran başlıca vəzifələrdən
biri “Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının
inkişafı üzrə 2010-2012-ci illər üçün
Dövlət Proqramı (Elektron Azərbaycan)”na
müvafiq olaraq
İKT üzrə milli kadr hazırlığı siyasətini həyata
keçirmək və mütəxəssislərin cəmiyyətə
inteqrasiyası proseslərini təşkil etməkdir.
İSTEDADLI GƏNCLƏRİN
ÖLKƏMİZİ BEYNƏLXALQ YARIŞLARDA LAYİQİNCƏ
TƏMSİL ETMƏSİNƏ İMKAN YARADILIR
İnstitutdan verilən məlumata görə, bu sahədə yüksək elmi potensiala və böyük təcrübəyə malik olan İTİ-də ixtisaslaşmış mütəxəssislər, gənc kadrlar fəaliyyət göstərir. İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin tədqiqi, bu sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində məqsədyönlü işlər aparılır. Yüksək ixtisaslı mütəxəssislər tərəfindən İKT sahəsində biliklərin aşılanması, ölkə vətəndaşlarının bu sahədə keyfiyyətli təhsil almasının təmini və s. məqsədilə Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramlarına müvafiq olaraq respublika üzrə orta ümumtəhsil məktəblərinin “İnformatika” müəllimlərinə İKT-bilikləri tədris edilir. Azərbaycanın müxtəlif rayonlarında informasiya texnologiyalarının rolu və əhəmiyyəti, proqram təminatı, İnternet, elektron poçt, Microsoft Office proqramları haqqında nəzəri və praktiki dərslərin keçirilməsi, tədris və peşəkar fəaliyyətdə kompyuterdən istifadənin aşılanması, kompyuter texnikası və proqram təminatının inkişaf mərhələləri ilə tanışlıq xarakteri daşıyan müxtəlif kurslar təşkil olunur.
AMEA İTİ həm də informatika üzrə ümumrespublika olimpiadalarının təşkilatçılarından biridir. 2007-ci ildən etibarən ölkəmizdə keçirilən və Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası" informatika və proqramlaşdırma sahəsində istedadlı gənclərin sayının ildən-ilə artmasında böyük rol oynayır. Bu kimi tədbirlər həmçinin informatika üzrə beynəlxalq olimpiadalarda iştirak edən istedadlı gənclərin seçilməsinə və onların ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etməsinə imkan yaradır.
İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinə həsr olunmuş jurnallar, ekspress-informasiyalar da hazırlanaraq nəşr olunur. Həmin nəşrlərdə xüsusi aktuallıq kəsb edən müxtəlif problemlər, onların həlli yolları araşdırılır, beynəlxalq təcrübə tədqiq edilir, yeni təklif və tövsiyələr irəli sürülür. Bundan əlavə, ali məktəblərin magistratura pilləsində təhsil almaq istəyənlərin informatika üzrə yüksək səviyyədə hazırlaşması, bu sahədə lazımi biliklərin aşılanması üçün AMEA İTİ-nin mütəxəssisləri tərəfindən “İnformatika fənni üzrə magistraturaya hazırlıq testləri” hazırlanır.
Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən olan İKT-nin bütün fəaliyyət sahələrinə sürətlə nüfuz etməsi, İKT infrastrukturunun inkişaf etdirilməsi, gənc nəslin müasir dövrün tələblərinə müvafiq olaraq formalaşmasında İKT üzrə yüksək inkişaf göstəricilərinə malik dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, bilik və təcrübə mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Rusiya, Türkiyə, Belarus, Cənubi Koreya, ABŞ və s. ölkələrin akademik elmi-tədqiqat institutları, İKT üzrə tədris və təhsil mərkəzləri ilə sıx əməkdaşılıq əlaqələri mövcuddur. Bu əlaqələr gənclərə informasiya texnologiyalarının üstünlükləri, təhsil sistemində İT-nin tətbiqinin əhəmiyyəti, yaratdığı imkanlar haqqında ətraflı məlumatların verilməsi, informasiya texnologiyaları və informasiya cəmiyyətinin yeni istiqamətlərinə dair maarifləndirmə işlərinin aparılması, ölkəmizin beynəlxalq səviyyədə layiqincə təmsil edilməsi, o cümlədən müxtəlif innovativ telelayihələrin birgə təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün internet, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrildiyindən bu sahələrin inkişaf etdrilməsi zəruridir. Amma daha yaxşı olardı ki, Azərbaycan gəncliyi sosial şəbəkələrdə Azərbaycanın tarixinin, mədəniyyətinin beynəlxalq aləmə çatdırılması istiqamətində fəaliyyət göstərsin.
Üç nöqtə.-2013.-2
fevral.-S.-9.