“Çörəyimi Qara Qarayev verib

          

Oqtay Zülfüqarov: “Həyatımda onun rolu böyükdü”

 

Bu gün Azərbaycan musiqisi sahəsində bir çox xidmətlərinə görə xatırlanan görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti Qara Qarayevin doğum günüdür. Bəstəkarı doğum günündə yada salan tələbəsi xalq artisti, əməkdar incəsənət xadimi Oqtay Zülfüqarov müəllimi ilə bağlı xatirələrini “Üç nöqtə” ilə bölüşdü: “Mən sənətdə ilk addımlarımı Qara Qarayevin sinfində atmışam. Sovet məkanında hörməti olan, tanınmış bəstəkarlarımızdan idi. Bizim vaxtımızda dərsi evində keçirdi. Evlərinə gedən kimi deyirdi ki, bir stəkan çay iç, sonra dərsə başlayaq. Həyat yoldaşı Tanya xanım çayın yanında piroq da gətirirdi. Bundan sonra dərsə başlayırdıq. Müəllimlikdən əlavə həm də, çox mehriban, gözəl insan idi. Elə vaxt olurdu ki, tələbə təqaüdüm ayın sonuna qədər çatmırdı. Lazım olanda mənə borc da verirdi. Həyatımda onun rolu böyükdü, çörəyimi Qara Qarayev verib”.

Dahi bəstəkarın yaradıcılığına nəzər salan Oqtay Zülfüqarov bildirdi ki, Q.Qarayevin kinolar üçün yazdığı musiqilər çox böyük əhəmiyyətə malikdir: “Həmin kino musiqiləri bir əsər kimi hər yerdə səslənir. Q.QarayevinYeddi gözəl”, “İldırımlı yollarla” baletləri, Leyli və Məcnun", "Vyetnam süitası" əsərləri, kamera orkestri üçün yazdığı musiqilər Q.Qarayevin yaradıcılığının dəyərli səhifələridir. Üzeyir Hacıbəyli müasir yollaryeni texnika ilə Azərbaycan musiqisinin professional məktəbini yaradıb. Qara Qarayev, Cövdət Hacıyev Moskvada təhsil alıb gəldikdən sonra bizə tamam başqa cür dərs keçdilər. Bu dərs o idi ki, çox çətin üsullarla əsər yazılırdı. Allah ona rəhmət eləsin. Baxmayaraq ki, o dünyadan köçüb, amma hər zaman qəlbimdə yaşayacaq. Q.Qarayev adı mənim üçün dəyərdi”.

Dahi bəstəkarın yaradıcılığı haqda danışan sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı bildirdi ki, Azərbaycan musiqisinin dünyanı fəth etməsi peşəkar musiqiçilərimizin əməyinə söykənir: “Onlar milliprofessional musiqimizin inkişafında müstəsna xidmətlər göstərib, yeni yollar açıblar. Başda dahi Ü.Hacıbəyli olmaqla, milli musiqimizin inkişafında böyük rolları olan bir neçə bəstəkar nəslinin adını qeyd etmək olar. Bu korifey sənətkarlar sırasında Q.Qarayevin adı xüsusilə qeyd olunur. Q.Qarayev Ü.Hacıbəyli məktəbini keçsə də, həmin məktəbin ənənələri üzərində öz məktəbini yaradıb. Q.Qarayev Azərbaycan musiqisinin əsaslarını Ü.Hacıbəylidən öyrənib. Öz tələbəsinin istedadını görən Üzeyir bəy, onun daha mükəmməl yollarla təhsil almasına yollar açıb. Q.Qarayev ilk bəstəkarlıq dərsini Boris İsakoviç Zeydmandan alsa da, sonradan Üzeyir bəyin sayəsində Dmitri Şostakoviçin sinfində təhsilini davam etdirib. Bu təhsil illəri onun yaradıcılığı üçün daha səmərəli olub. Q.Qarayev yaradıcılığını neoklassizm ənənələri üzərində qursa da, milli musiqiyə söykənəcəyi daha çox idi. Bu da XX əsrin əvəllərindəki musiqi həyatı ilə bağlıdı. 1930-cu ildə Ü.Hacıbəylinin rəhbərliyi və Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi kabineti fəaliyyətə başladı. Bura cəlb olunan, musiqişünaslar, gənc bəstəkarlar respublikanın bölgələrində ekspedisiyalarda olurdular. Topladıqları xalq musiqi nümunələrini nota köçürürdülər. Lazım olan qədər əsərlərində xalq musiqisi intonasiyalarından istifadə edirdilər. Q.Qarayev milli musiqimizin köklərinə dərindən bələd olan sənətkar idi”.

Qeyd edək ki, Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakıda anadan olub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib, 1930–cu ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və xalq musiqisinin əsasları siniflərinin tələbəsi olub. Təhsilini Rusiyada davam etdirən bəstəkar 1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilib, 1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləyib. 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olub.

1982–ci il mayın 13-də Moskvada dünyasını dəyişən bəstəkar Bakıda dəfn olunub.

 

 

Aygün

 

Üç nöqtə.-2013.-5 fevral.-S.13.