Qoçaq Əsgərov ölkəmizi Londonda təmsil edib

 

 Xanəndə Qoçaq Əsgərovun “BBC radio 3”-ün Londonda yaşayan etnik xalqlar üçün həyata keçirdiyi layihə çərçivəsində böyük konsert proqramı ilə çıxış edib. “BBC radio 3” konsert salonunda keçirilən tədbirə Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, Britaniya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Konsertdə ilk olaraq Qoçaq Əsgərov tamaşaçılara təqdim edilib, onun yaradıcılığı və qeyri-adi səs imkanlarından danışılıb. Xanəndə “Üç nöqtə”yə bildirib ki, bu layihə Londonda yaşayan etnik xalqlar arasında keçirilən tanıtım yarışmasıdır. Xanəndə bu layihə üçün Londondakı həmyerlimiz 16 yaşlı Fidan Hacıyevanı hazırlayıb: “Bu təklifi mənə edəndə bildirdilər ki, Londonda yaşayan azərbaycanlı ilə çıxış etməliyəm. Məqsəd Londonda doğulan azərbaycanlının öz ölkəsinin mədəniyyətini necə təbliğ etdiyini göstərməkdir. Fidan Hacıyevanı hazırladım və o, sentyabr ayında keçirilən yarışmada bir neçə ölkə arasında Azərbaycanı qalib etdi”.

Qoçaq Əsgərov bildirib ki, onların ifalarının səs yazıları iyul ayına kimi BBC-3 radiosunda səslənəcək. Bundan başqa yaxın günlərdə çəkiliş qrupu Azərbaycana gələcək: “Fidanı da özləri ilə Bakıya gətirəcəklər və burada çəkilişləri davam etdirəcəklər”.

Qeyd edək ki, xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, balabanda Şirzad Fətəliyev müşayiət edib. Layihə sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırovanın təşkilatçılığı ilə həyata keçirilib.

 

 

Aygün

 

Üç nöqtə.-2013.- 5 fevral.-S.-13.