İnformasiya təhlükəsizliyinin
prioritetləri
İnformasiya
təhlükəsizliyinin təmin olunmaması cəmiyyət üçün böyük
fəsadlar törədə bilər
Müasir dövr sənaye cəmiyyətinin
informasiya cəmiyyətinə
transformasiyası ilə xarakterizə olunur.
İnformasiya cəmiyyətinin
qurulmasının əsas vəzifələrinə bu sahədə hüquqi əsaslarının
yaradılması, insan resurslarının
inkişafı, vətəndaşların məlumat almaq və istifadə etmək hüquqları,
elektron dövlətin, elektron ticarətin formalaşması daxildir. Xüsusən, ölkənin
intellektual potensialının möhkəmləndirilməsi,
informasiya və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması, müasir informasiya-kommunikasiya infrastrukturunun
yaradılması, milli elektron
informasiya fəzasının
formalaşdırılması və informasiya
təhlükəsizliyinin təmin edilməsi kimi
məsələlərinə diqqət yetirilir.
İnformasiya cəmiyyəti
sivilizasiyanın inkişafının müasir
mərhələsi kimi cəmiyyətdə
informasiya və biliyin
rolunun artması, ümumi
daxili məhsulun tərkibində informasiya sektorunun
payının artması, insanların səmərəli informasiya mübadiləsini və onların qlobal informasiya
resurslarına çıxışını təmin edən
qlobal informasiya fəzasının
yaradılması ilə xarakterizə olunur.
Hal-hazırda cəmiyyətin müxtəlif
sferalarında, o cümlədən, iqtisadi, enerji, ekologiya sahələrində informasiya-kommunikasiya
texnologiyalarının (İKT) geniş tətbiqi
informasiya təhlükəsizliyi məsələsini
ön plana
çıxarır. Ümumiyyətlə, cəmiyyətin bütün sahələrinin və
insanların İKT-dən asılılığı
gücləndikcə informasiya təhlükəsizliyinin
əhəmiyyəti özünü daha çox büruzə verir. İnformasiya cəmiyyətinin
qurulmasının əsas vəzifələrindən biri kimi informasiya
təhlükəsizliyi dövlətin, cəmiyyətin və
şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsinin
əsas istiqamətlərindən birinə çevrilir.
İnformasiya təhlükəsizliyinin təmin
olunmasına dair beynəlxalq təcrübə
cəmiyyət informasiyalaşdıqca insanlar informasiyadan daha artıq dərəcədə
asılı vəziyyətə düşürlər. İnformasiya təhlükəsizliyinin təmin
olunmaması isə cəmiyyət üçün
böyük fəsadlar törədə
bilər. Hər hansı ölkədə informasiya
təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin
və vətəndaşların maraqlarının balanslı
nisbəti əsasında müəyyənləşir.
İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ - CƏMİYYƏTİN TƏHLÜKƏSİZLİYİNİN
ƏSAS KOMPONENTLƏRİNDƏN BİRİ
Ölkədəki siyasi, hərbi, fövqəladə vəziyyətlərdən asılı olaraq bu nisbət dəyişə bilər. Cəmiyyətin təhlükəsizliyinin əsas komponentlərindən biri kimi informasiya təhlükəsizliyinin vəzifələri informasiyanın konfidensiallığı, tamlığı, əlyetərliliyi və ziyanlı kontentlərlə mübarizədir. İlk dəfə 1988-ci ilin noyabr ayının 30-da universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla, ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompyuter virusu meydana gəldi və böyük itkilərə səbəb oldu. Yaradıcısının adına uyğun olaraq “Morris soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində qiymətləndirildi. “Morris soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladı. Həmin vaxtdan bəri informasiya texnologiyaları, informasiya cəmiyyəti inkişaf etdikcə bu problem daha da aktuallaşır. Bunları əsas tutaraq, 1988- ci ildə Kompüter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq informasiya təhlükəsizliyi günü elan etdi. Ona görə ki, informasiya təhlükəsizliyi məsələsi bir ölkə üçün yox, bütün bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyır. İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə işlər aparılmalıdır. Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirlər kimi beynəlxalq hüquqi
mexanizmlərin ciddi
araşdırılması, milli normativ-hüquqi bazanın
formalaşdırılması, təhlükəsizlik siyasətinin
işlənilməsi və reallaşdırılması, xüsusi texnologiyaların tətbiqi, ölkə
və korporativ səviyyədə informasiya təhlükəsizliyinin monitorinqi və menecmentinin
aparılması, kadr
hazırlığı, əhalinin maarifləndirilməsi
və vətəndaşlarda informasiya
mədəniyyətinin tərkib hissəsi kimi
informasiya təhlükəsizliyi mədəniyyətinin
formalaşdırılması məsələləri
aktuallıq kəsb edir. Ümumiyyətlə,
informasiya təhlükəsizliyinin təmin
olunması istiqamətində zəruri tədbirlərin həyata
keçirilməsi üçün beynəlxalq üquqi mexanizmlərin,
milli normativ-hüquqi
bazanın formalaşdırılması mühüm
əhəmiyyət daşıyır və bu
məsələ ayrı-ayrı ölkələr kontekstində
deyil, beynəlxalq qlobal
informasiya təhlükəsizliyi kontekstində
nəzərdən keçirilməlidir.
ÖZ SİSTEMİNİ NORMAL
QORUYAN ÖLKƏLƏR NADİR HALLARDA ZƏRƏR ÇƏKİR
Beynəlxalq təcrübə göstərir ki, öz sistemini normal qoruyan ölkələr nadir hallarda zərər çəkir. Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün qənaətinə görə, informasiya cəmiyyətində dövlətin və vətəndaşların maraqlarının qorunması üçün ciddi addımlar atılmalıdır: «Azərbaycanın da kibercinayətkarlıqla bağlı beynəlxalq konvensiyaya qoşulması mühüm hadisədir. Mövcud qanunvericilikdə də dövlət qurumlarının istifadə etdiyi informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Milli Təhlükəsizlik Nazirliyinin, Xüsusi Dövlət Muhafizə İdarəsinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumu öz səlahiyyətləri çərçivəsində bu işlə məşğul olmalıdır. Amma bu sahədə qanunvericiliyin icrasında ciddi problemlər qalmaqdadır. İxtisaslı kadrların hazırlanması, müəyyən avadanlıqların alınması işi də yetərincə icra edilməyib. Lisenziyalaşdırma və sertifikatlaşdırma ilə bağlı işdə də problem var. Buna görə də bu sahəyə dövlət tərəfindən diqqətin artırılmasına ehtiyac böyükdür».
O.Gündüzün sözlərinə görə, bəzi informasiyalar qanunla qorunur: «Digər tərəfdən vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidir. Belə olanda həmin informasiyaların zərər çəkməsi ehtimalı aşağı düşür. Dünyanın əksər ölkələrində informasiya təhlükəsizliyinə qarşı ictimai mərkəz yaradılıb. Həmin mərkəz vətəndaşlar arasında maarifləndirmə işi ilə məşğul olur və metodiki köməklik göstərilir».
Ekspert Mahmud Hacıyev də hesab edir ki, dövlət qurumlarının, o cümlədən vətəndaşların şəxsi məlumatlarının qorunması üçün ən müasir üsullardan istifadə edilməlidir: “Respublikamız üçün bu cür əməlləri “pioner cinayətlər” adlandırardım. Belə cinayətlərin qarşısını ala biləcək peşəkar kadrların yetişməsi üçün müəyyən vaxt lazım olacaq. İndiyədək əldə edildiyi halda Azərbaycana ciddi zərər vura biləcək məlumat saytlara yerləşdirilməyib. Amma maliyyə, iqtisadiyyat sahəsində informasiyaların qorunması vacib məsələdir. Ən müasir üsullardan istifadə edib informasiya təhlükəsizliyni təmin etmək olar».
Qeyd edək ki, bu gün Azərbaycanda da informasiya təhlükəsizliyi məsələləri milli təhlükəsizliyin əsas tərkib hissələrindən biridir. Bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdən hesab olunur. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm konseptual sənədlər, normativ-hüquqi aktlar qəbul edilib. Bunlara misal olaraq 2007-ci ildə qəbul olunan “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nı, eləcə də, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Elektron sənəd və elektron imza haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haqqında” qanunlarını göstərmək olar.
Üç nöqtə.-2013.-6
fevral.-S.-9.