İnformasiya təhlükəsizliyi mədəniyyətinin
formalaşması zəruridir
Elektron dövlət proqramlarının
reallaşdırılması zamanı təhlükəsizlik məsələləri
təmin edilməlidir
İnformasiya
texnologiyalarının inkişafı və istifadəçilərinin
sayının sürətlə çoxalması kompyuter sistemlərinə olan
təhdidlərin daha geniş
xarakter almasına və onların
reallaşdırılmasının daha böyük fəsadlar törətməsi
ehtimallarının artmasına səbəb olur.
Qlobal informasiya cəmiyyətində
informasiya iqtisadiyyatın, elmin,
təhsilin, siyasi və ictimai
fəaliyyətin digər sahələrinin aparıcı amilinə
çevrilir. Bu baxımdan informasiya cəmiyyəti çox
mürəkkəb formada
qarşılıqlı münasibətdə olan
korporativ və açıq informasiya fəzalarının toplusundan
ibarətdir. Ümumiyyətlə,
informasiya cəmiyyətinin formalaşması
mərhələləri beş səviyyədən
ibarətdir: kommunikasiyalaşma, kompyuterləşmə,
şəbəkələşmə, informasiyalaşma və virtuallaşma. İnformasiya
təhlükəsizliyinə olan təhlükələrin
meydana çıxmasının əsas səbəblərindən
biri kimi isə beynəlxalq
səviyyədə İnternetin fəaliyyətini
tənzimləyən mexanizmlərin olmamasını göstərmək
olar. İnternetin
sürətli inkişafı və istifadəçilərinin
sayının kütləvi şəkildə artması ilə
kompyuter və kommunikasiya
sistemlərinə olan təhdidlər daha ehtimallı olur və
onların realizəsi nəticəsində yaranan
fəsadlar daha da geniş miqyas alır.
Müxtəlif səviyyələrdə təhlükələrin
olmasına baxmayaraq, istənilən halda, təhlükələrin mənbəyi
insandır. Hər bir insanın daxili dünyası, yaşadığı mühit, psixoloji durumundan asılı olaraq
cəmiyyət qarşısında məsuliyyətini itirməsi
başqalarının hüququnun
pozulması ilə nəticələnir.
KORPORATİV İNFORMASİYA FƏZASININ
TƏHLÜKƏSİZLİK SİYASƏTİ İŞLƏNİLMƏLİDİR
Statistik
hesabatlara görə, sistemin öz istifadəçilərinin
hərəkətləri nəticəsində vurulan ziyanın
həcmi artıq virusların vurduğu ziyanı üstələyir.
Təhlükəsizlik sahəsində bir çox problemlər
istifadəçilərin, sistem administratorlarının və
digər mütəxəssislərin informasiya təhlükəsizliyi
sahəsində biliklərinin lazımi səviyyədə
olmaması nəticəsində yaranır. Təbii ki, insan
amilinə bağlı olan bu problemlərin aradan
qaldırılması informasiya təhlükəsizliyi mədəniyyətinin
formalaşmasını zəruri edir. Vətəndaşlarda
informasiya mədəniyyətinin vacib hissəsi olan informasiya təhlükəsizliyi
mədəniyyətinin formalaşdırılması istiqamətində
davamlı və məqsədyönlü tədbirlərin
görülməsi də müasir dövrdə mühüm məsələyə
çevrilir. Belə ki, istifadəçilərə
informasiya-kommunikasiya sistemlərində iş zamanı gözlənilən
təhlükələr və onlarla mübarizə mexanizmləri
haqqında zəruri biliklər verilməlidir. İnternet şəbəkəsindən
istifadə mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə
qarşı “immunitet”in möhkəmləndirilməsi
üçün bu mədəniyyət normalarını
aşılamaq lazımdır. Cəmiyyətin informasiya təhlükəsizliyinin
təmin olunmasına məsuliyyət bölgüsü də qeyd
olunan bütün səviyyələr üzrə aparılmalıdır. Hər bir
korporativ informasiya fəzasının təhlükəsizlik
siyasəti işlənilməli və həyata keçirilməlidir.
Xüsusən, cəmiyyətin informasiya təhlükəsizliyinin
əsas komponenti sayılan enerji təhlükəsizliyi məsələsi
daim diqqət mərkəzində saxlanılmalıdır. Nəzərə
alınmalıdır ki, enerji təhlükəsizliyi hər
hansı bir dövlətin daxili məsələsi
olmadığı üçün istənilən ölkədə
olan serverin sıradan çıxması mövcud informasiya
resurslarına digər ölkələrdən də
çıxış imkanının məhdudlaşdırılmasına
gətirib çıxarır. İnformasiya təhlükəsizliyinin
mühüm vəzifələrindən biri də informasiya
azadlığının təmin olunmasıdır.
İnformasiya azadlığının təmin
olunmasının mühüm göstəricisi kimi fasiləsiz,
məhdudiyyətsiz informasiya resurslarına çıxış
imkanının (əlyetərliliyin) olmasıdır.
İnsanların İnternetə çıxış sürətinə
tələbatının çox yüksək templə
artması bəzi ölkələrdə informasiya
azadlığının təmin olunması üçün
vətəndaşların İnternetə
çıxış sürətinin minimum həddi
haqqında qanunlar qəbul olunmasını zəruri edib.
Qeyd
etmək lazımdır ki, 2005-ci ildə “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edilib. Bu qanundan irəli gələn vəzifələrin yerinə
yetirilməsi məqsədi ilə Xüsusi Dövlət
Mühafizə Xidməti ilə birgə AMEA İnformasiya
Texnologiyaları İnstitutu gov.az domen zonasında fəaliyyət
göstərən vebsaytların yaradılması və
istismarına dair qaydaları işləyib hazırlanıb.
Mühüm məsələlərdən biri də vətəndaşların
şəxsi və ailə həyatı ilə bağlı
toplanan, emal olunan və ötürülən məlumatların
mühafizə olunması ilə bağlıdır. Ölkəmizdə
2010-cu ildə “Fərdi məlumatlar haqqında” qanun qəbul
olunmuşdur və hal-hazırda qanundan irəli gələn vəzifələrin
yerinə yetirilməsi məqsədilə müvafiq işlər
aparılır. Bu sahədə dünyada olan mövcud təcrübəni
nəzərə alaraq ölkəmiz Avropa Şurasının
1981-ci il tarixli “Fərdi məlumatların
avtomatlaşdırılmış sistemlərdə emalı
vaxtı fiziki şəxslərin qorunması haqqında”
Konvensiyasına (108 saylı Konvensiya) qoşulub. Cəmiyyətin
təhlükəsizliyinin təmin olunmasında biometrik
informasiya texnologiyaları böyük imkanlara malikdir.
BİOMETRİK SERVİSLƏRİN
TƏTBİQİ CƏMİYYƏTİN TƏHLÜKƏSİZLİYİNİN
TƏMİN OLUNMASI ÜÇÜN İMKAN YARADACAQ
Təcrübədən
məlumdur ki, informasiya-kommunikasiya sistemlərində, xüsusən
də, İnternet mühitində baş verən cinayətlərin,
qeyri-etik davranışın əsas səbəblərindən
biri istifadəçilərin zəruri hallarda
identifikasiyası mexanizmlərinin mükəmməl
olmamasıdır. Ölkəmizdə
“Biometrik eyniləşdirmə sisteminin yaradılması
haqqında” Dövlət Proqramı qəbul olunub. Hesab etmək
olar ki, yaxın gələcəkdə on-layn biometrik servislərin
tətbiqi cəmiyyətin təhlükəsizliyinin yüksək
səviyyədə təmin olunması üçün
geniş imkanlar yaradacaq. Milli eyniləşdirmə sisteminin iki
vacib elementinin - biometrik eyniləşdirmə sisteminin və
elektron imza infrastrukturunun yaradılması, onların
imkanlarının səmərəli şəkildə birləşdirilməsi
və istifadəsi təkcə bu problemin həllində deyil,
ümumiyyətlə, informasiya məkanının təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayacaq. Cəmiyyətin
informasiya təhlükəsizliyinin təmin olunmasında
İnternet provayderlərinin də rolu böyükdür və
onların üzərinə mühüm vəzifələr
qoyulur. Bu gün ölkə üzrə 40-dan artıq provayder
tərəfindən İnternet xidmətləri göstərilir.
Cəmiyyətin informasiya təhlükəsizliyi, əsasən,
bu provayderlərdən və onların administratorlarından
asılıdır. Ona görə də İnternetprovayderlərin
və administratorların cəmiyyət qarşısında məsuliyyəti
hüquqi mexanizmlərlə təsbit olunmalıdır.
Mühüm məsələlərdən biri də elektron
dövlət proqramlarının reallaşdırılması
zamanı təhlükəsizlik məsələlərinin təmin
edilməsidir. Həyata keçirilən elektron dövlət
proqramlarının məqsədlərinə hakimiyyət
orqanlarının fəaliyyətində şəffaflığın
təmin olunması, səmərəliliyin yüksəldilməsi,
informasiya azadlığının, demokratiyanın
inkişafı və insan hüquqlarının təmin
olunmasını aid etmək olar. E-dövlət
proqramlarının həyata keçirilməsi
üçün texniki və inzibati-hüquqi xarakter
daşıyan bir sıra məsələlər həll
olunmalıdır. Bunların arasında idarələrarası
qarşılıqlı əlaqə reqlamentlərinin
hazırlanması, dövlət xidmətlərinin təsnifatının
yaradılması, eləcə də, vahid texniki arxitekturun
qurulmasını, proqram-aparat platformasının
reallaşdırılmasını və informasiya təhlükəsizliyinin
təmin olunmasını göstərmək olar. Bunun nəticəsində
Azərbaycan elmi qurumlarının Avropa və beynəlxalq elmi
şəbəkələrə inteqrasiyasının həyata
keçirilməsi üçün əlverişli zəmin
yaranıb.
Hal-hazırda
informasiya resurslarından və texnologiyalarından cinayət və
terror məqsədləri ilə istifadə etməyin
qarşısının alınması, insan
hüquqlarının qorunması, o cümlədən, fərdi
məlumatların toxunulmazlığı və söz
azadlığının təmin olunması da aktuallıq kəsb
edir. İnsan haqlarının qorunması ilə yanaşı,
İnternetdə terrorizmin bütün formaları və təzahürlərinə
qarşı mübarizə aparılmalı, rəqəmsal bərabərsizliyin
aradan qaldırılması üçün ciddi tədbirlər
görülməlidir. Eləcə də, gənc nəslin
şəxsiyyət kimi formalaşmasında, məhdud
imkanlı insanların problemlərinin, gender məsələsinin
həllində İKT-nin rolunun artırılması cəmiyyətin
inkişafında informasiya təhlükəsizliyinin təmin
olunmasını mühüm məsələ kimi ön plana
çıxarır. Bütün bunlar nəzərə
alınaraq Azərbaycanın hüquqi sistemi də beynəlxalq
səviyyədə virtual məkana dair qəbul olunan normativ sənədlərin
tələblərinə uyğunlaşdırılıb.
Üç nöqtə.-2013.-7
fevral.-S.-9.