Elektron ticarətin ölkə üçün bir çox üstünlükləri var

 

Bu zaman alıcı vaxtapula qənaət edir, dövlət isə vergi sistemində şəffaflığa nail olur

 

 Hazırda bütün dünyada elektron ticarətə böyük maraq yaranıb. Tələbin artdığı halda Azərbaycanda bu sahə hələ də öz inkişaf səviyyəsinə çatmayıb. Bir neçə gün əvvəl ölkə prezidentinin vətəndaşların nağdsız ödənişlərdən çox az istifadə etməsi barədə səsləndirdiyi iradlarbu sahədə inkişafın təmin edilməsi məqsədilə Vergilər Nazirliyi qarşısında məsələ qaldırması bu mövzunu yenidən aktuallaşdırıb. Azərbaycanda elektron ticarət haqqında qanun 2005-ci ildə qəbul olunsa da, internetdən istifadənin az olması səbəbindən bu sahədə ilkin addımlar 2008-ci ildən atılıb. Belə ki, Azərbaycanda ilk dəfə internetə çıxış imkanları yarananda istifadəçi sayı çox az idi. Bunun əsas səbəbi internet paketi qiymətlərinin çox baha olması idi. 2009-cu ildən etibarən isə qiymətlər kəskin şəkildə, bir neçə dəfə azaldı və beləliklə, internetdən istifadə edənlərin sayında da kəskin artımlar qeydə alındı. Bu isə e-ticarətlə tanışlığa və e-ticarətin istifadəsinə səbəb oldu. Lakin bu sahə Azərbaycanda öz təsdiqi tapmış, geniş yayılmış sahə deyil, çünki yeni yaranıb.

Son zamanlar bütün dünyada olduğu kimi respublikamızda da onlayn alış-veriş imkanlarının genişlənir. Azərbaycanda bu sahədə müəyyən irəliləyişlər olsa da, bunu inkişaf etmiş bir sahə kimi qələmə vermək hələ tezdir. Məsələyə münasibət bildirən İqtisadiSosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimovun sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayı 3.7 milyondan çoxdur: «Azərbaycanda internet istifadəçilərinin sayı 3.7 milyondan çoxdur. Əhalinin kənd və şəhər üzrə bölgüsünə əsasən, əhalinin 52.9 faizi şəhərdə, 47.1 faizi isə kəndlərdə məskunlaşıb. Şəhər əhalinin isə təxminən 50 faizi Abşeron yarımadasında yerləşir. Bu isə o deməkdir ki, internet istifadəçilərinin də böyük əksəriyyəti şəhər əhalisi, daha doğrusu, Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin əhalisinin payına düşür. Bu statistika isə onu deməyə əsas verir ki, ölkədə internet istifadəçilərinin şəhər və kənd əhalisi üzrə paylanmasında disproporsiya vardır. Regionlarda aktiv internet istifadəsinə ehtiyac duyulur. İnternet istifadəçiləri daha çox gənc nəslin nümayəndələridir və təbii ki, onlar alqı-satqı əməliyyatlarının aktiv istifadəçi təbəqəsi deyil. Elektron ticarət isə birbaşa internetdən asılı olduğu üçün regionlarda internetə olan marağın az olması bu sahənin inkişafına öz mənfi təsirini göstərir. Hazırda mobil telefon vasitəsilə də internetə çıxışın mümkünlüyü nəticəsində internet istifadəçilərinin  böyük bir qismini mobil telefon istifadəçiləri təşkil edir. Bu isə hələ e-ticarətə maraq yaradan səbəb deyil».

 

VƏRDİŞ YARATMAQ ÜÇÜN ELEKTRON TİCARƏTƏ MÜƏYYƏN GÜZƏŞTLƏR EDİLMƏLİDİR

 

Ekspertin sözlərinə görə, elektron ticarətin tam inkişaf etməməsinin digər səbəbi bazarda hakim olan elektron ticarət veb-saytlarının mövcud olmaması ilə bağlıdır: «Həmçinin, mövcud veb-saytlara əhali arasında inam yoxdur və internet üzərində ticarət əməliyyatları edən insanlar daha çox yuxarıda adları çəkilən xarici saytlara üstünlük verirlər. Belə ki, bəzi hallarda isə elektron ticarətlə məşğul olan şirkət qeyd edir ki, “Gətirilən mala biz məsuliyyət daşımırıq və əvvəlcədən sizi məlumatlandırırıq. Hər hansı bir problem yaranarsa biz məsuliyyət daşımırıq.”. Belə olan halda alıcının həmin şirkətə və başqa sözlə, elektron ticarətə olan marağı və inamı azalır. Elektron ticarətlə məşğul olan şirkətlərin bəziləri isə əhalinin elektron ticarətə insanlar arasında marağın az olmasından və insanların e-ticarətlə məşğul olan şirkətlərə inamın olmamasından şikayətlənirlər. İnamın olmaması isə aşkardır. Başqa bir səbəb isə insanlarda elektron ticarət vərdişinin olmamasıdır. İnsanlarda bu vərdişi yaratmaq üçün elektron ticarətə müəyyən güzəştlər edilməli və bu hal müəyyən müddət davam etməlidir. Ən azından e-ticarətdə qiymətlər ənənəvi ticarətdən aşağı olmalıdır ki, insanlarda elektron ticarət vasitəsilə alış-veriş etmək üçün maraq yaransın. Azərbaycanda elektron ticarətin inkişafının gecikməsinin əsas göstəricisindən biri də ölkə əhalisinin az qismində plastik kartların olmasıdır. Baxmayaraq ki, ölkədə 5 milyona qədər plastik kart var, bunlardan böyük bir qismi təxminən 80 faizi maaş və pensiyaların ödənilməsi məqsədi ilə vətəndaşlara verilən kartlardır. Digər tərəfdən  əhali plastik kartlardan əksər hallarda bankomatlardan nağd pulun çıxarılması məqsədi ilə istifadə edir. Buna səbəb isə plastik kartların istifadə edilməsi qaydalarının daha az qavranılması və marifləndirmə sahəsində işlərin demək olar ki, aparılmamasıdır. Halbuki, plastik kartlar müasir dövrdə nağd pul dövriyyəsinin məhdudlaşdırılması və elektron ticarət sferasına inteqrasiya aləti kimi anlaşılır. Məhz bu prizmadan yanaşdıqda e-ticarətin inkişaf etməsi və ümumi ticarət dövriyyəsində xüsusi çəkisinin artması bu sahədə aparılacaq maarifləndirmə işlərindən asılı olacaq».

 

ELEKTRON TİCARƏT SAHİBKAR ÜÇÜN DƏ SƏRFƏLİDİR

 

Ekspertin sözlərinə görə, elektron ticarətin alıcılar, şirkətlər və ölkə üçün bir çox üstünlükləri var: «Elektron ticarət zamanı alıcı vaxta və pula qənaət edir, dövlət isə vergi sistemində şəffaflığa nail olur. Belə ki, elektron ticarət zamanı ödəmələr onlayn üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur, nəticədə vergidən yayınma halları praktik olaraq mümkün olmur. Ölkədə elektron ticarətin inkişafı üçün ilk növbədə insanları bu sahəyə cəlb etmək lazımdır. Bunun üçün isə, müəyyən güzəştlər tətbiq edilməli və konkret addımlar atılmalıdır. Elektron ticarət sahibkar üçün də sərfəlidir. Təsəvvür edin ki, siz bir mağazanız var və satış həyata keçirirsinizsiz hər ay icarə haqqı, işçilərə maaş, kommunal xərclər ödəyirsiniz. Lakin bu işi elektron ticarət vasitəsilə etsəniz siz yalnız ayda cəmi 40 manathostinqpulu ödəyirsiniz. Dövlət büdcəsində vergilərin xüsusi çəkisinin az olmasını nəzərə alsaq, Azərbaycan hökuməti bu sahəni inkişaf etdirməkdə birbaşa maraqlı olmalıdır. Bununla da, vergidən yayınma halları minimuma enər və büdcədə vergilərin töhvəsi nəzərəçarpacaq dərəcədə artar. Neft sektorundan daxilolmalar hesabına formalaşan dövlət büdcəsi üçün xarakteristik hal olan fiskal-dayanıqlılıq riski kəskin şəkildə azalar. Təsəvvür edin ki, ticarət əməliyyatlarının 60 faizi elektron şəkildə aparılması, dövlət büdcəsində vergilərin payını necə artmış olar. İnsanlarda elektron ticarət vərdişi yaratmaq üçün müəyyən maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Məişət, ticarət obyektləri, restoranlar, əyləncə mərkəzlərində ödəmələrin onlayn həyata keçirilməsi üçün  xüsusi cihazların quraşdırılmalı, nəqliyyat sistemində isə “Smartkarttipli ödənişlərin həyata keçirilməsinə başlanılmalıdır».

Qeyd edək ki, elektron ticarətin inkişaf etdiyi Amerikada insanların gündəlik həyatını elektron ticarətsiz təsəvvür etmək mümkün deyil. Amerikalılar gündəlik həyatda mağazalarda, restoranlarda, ticarət mərkəzlərində nəğd pul ödənişləri əvəzinə plastik kartlardan istifadə edirlər. Amerika kimi Avropa ölkələrində də insanların cibində nəğd pulun olması kimi bir hal dəbdə deyil, bizim ölkədə isə əksinə. Bu isə həmin ölkələrdə elektron ticarətin insanların gündəlik həyatına necə daxil olmasının göstəricisidir. Azərbaycanda da elektron ticarətə müəyyən vergi güzəştləri tətbiq edilə bilər. Məsələn, bu e-ticarəti ƏDV-dən azad etmək ola bilər. Əgər dünya praktikasına nəzər salsaq, elektron ticarətin daha çox inkişaf etdiyi ABŞ və bir çox Avropa ölkələrində insanları elektron ticarətə cəlb etmək üçün müəyyən müddətdə bu ticarət növünü vergidən azad etdiklərini görərik və beləliklə, elektron ticarətlə alış-veriş ənənəvi ticarətdən daha ucuz başa gəlir. Bu siyasət, nəticədə insanlarda elektron ticarət vərdişlərinin yaranmasına və ölkədə bu sahənin inkişafına səbəb olur. Azərbaycanda elektron ticarət ənənəvi ticarət əməliyyatlarının cəmi 4 faizini təşkil edir. Müqayisə üçün qeyd edək, ABŞ-da ticarətin 80 faizi, Avropada isə 60 faizi elektron şəkildə aparılır.

 

 

Üç nöqtə.-2013.-14 fevral.-S.-9.