Azərbaycanda televiziyanın
yaranmasından 57 il ötür
İlyas Adıgözəlli: “Qafqazda ilk televiziya
Azərbaycanda yaranıb”
Azərbaycanda ilk televiziya 57 il bundan öncə fevralın 14-də fəaliyyətə başlayıb. 1956-cı ilin məhz bu günü ilk verilişdə ekranda Nəcibə Məlikova görünür və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayır. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi. Və o zamandan bəri vaxt keçdikcə televiziyamız inkişaf etdi. İndi tək Bakımızda deyil, artıq regionlarımızda da televiziya kanalları fəaliyyət göstərir. 50 ildən çox Azərbaycan televiziya və radiosunda çalışan əməkdar jurnalist İlyas Adıgözəlli Azərbaycan televiziyasını milli radiomuzun varisi adlandırır: “Çünki, 1926-ci ilin 6 noyabrında Azərbaycan radiosunda “Danışır bakı” səsləri yayıldı. Azərbaycan milli televiziyasının yaranma tarixi isə, 14 fevral 1956-ci ildən hesablanır. Televiziya yarandıqdan sonra uğurlu addımlar atmağa başladı. Qabaqcıl dünya ölkələri təbii ki, bizdən illər öncə yayıma başlamışdılar. Qafqazda ilk televiziya Azərbaycanda yaranıb. Azərbaycan televiziya və radiosunun ən şərəfli addımlarından biri dilimizin saflığı yolunda gördüyü işlərdi. Çünki o dövrlərdə Bakıdan başqa digər bölgələrimizə yeganə çıxış yolu radio idi. Daha sonra televiziya oldu. Televiziyamız ilk illərdə ancaq Bakı ətrafında yayımlanırdı. Amma radiomuz bütün Qafqazda eşidilirdi. Hətta ermənilər paxılıq edirdilər ki, nəyə görə Yerevan erməniləri hər bazar günü saat 2-də Bakı radiosunu dinləyirdilər. Onların da çox sevdiyi muğam saatı məhz o saat yayımlanırdı. İkinci müstəqilliyimizdən sonra televiziyamız çox böyük sürətlə inkişaf etməyə başladı. Bu gün tək Bakımızda deyil, bölgələrimizdə də televiziya kanalları fəaliyyət göstərir. Bölgələrimizdə yerləşdirilən kanallar regionlarımızda yaşayan əhalinin daha tez informasiya əldə etməsinə yardımçı olur. Bunun üçün biz dövlətimizə minnətdar olmalıyıq. Çünki dövlət televiziyanın inkişafına daha çox maliyyə ayırır. İnanıram ki, televiziyamız bundan sonra daha böyük addımlar atacaq. İndi televiziyanı internet kanallar vasitəsilə də izləmək mümkündür. Bəzən deyirlər ki, internet yayıldıqca kitab oxumaq, televiziyaya baxmaq dəbdən düşəcək. Amma mən belə fikirləşirəm ki, bütün hallarda televiziya da, kitab da öz yerini hər zaman saxlayacaq. Çünki hər birinin öz özəlliyi və gözəlliyi var”.
Əməkdar jurnalist Fəridə
Aslanbəyova isə televiziya yaranan günlərdə işə qəbul olunub və ömrünün
50 ilini televiziya və
radioya həsr edib: “Mən
1956-cı ilin yanvar
ayında işə qəbul olundum. Bu zaman hələ televiziya yaranırdı. Televiziyada
fəaliyyətimin 50 ili tamam
olanda isə ərizə yazıb istirahətə
çıxmışam. Həm radioda, həm
də televiziyada
çalışmışam. Televiziyada ilk qadın baş redaktoru mən olmuşam. Mən işə qəbul olan zaman redaksiyada
bir qadın var idi. İkinci
mən oldum. Müxbirlikdən baş redaktora qədər yüksəlmişdim. İndi
iş yoldaşlarımızla
görüşmək üçün
arada televiziyaya gedirəm. Xəbərlər
redaksiyasında hər
müxbirin bir kompüteri var. O vaxtı
biz xəbər hazırlamaq
üçün ancaq
obyektlərə gedirdik.
Diktofonlar işə düşdükdən sonra
canlı səsləri
yazıb gətirirdik.
Amma indi televiziyalarda bir çox işi kompüter vasitəsilə
görmək mümkündür.
Verilişlər ilk əvvəl
15 dəqiqə olurdu.
Sonradan yavaş-yavaş
verilişlərin müddəti
artırıldı. Televiziyaya
ixtisaslı işçilər
qəbul olundu. İndi evdə oturmuşam. Çox mehriban kollektivimiz var idi. Daha
sonra mən radioya keçdim. Qızıl Qələm mükafatı laureatıyam,
prezident təqaüdü
alıram. İndi hazırlanan verilişlərə
baxanda ürəyim fərəhlənir ki, nə qədər inkişaf var”.
Qeyd edək ki, Bakı
televiziya mərkəzi
üçün binanın
inşasına 1954-cü ildə
başlanılıb və
telemərkəzin binası
1955-ci ilin sonunda təhvil verilib. 1956-cı
ilin fevralına qədər "Bakı studiyası"nın ara-sıra
sınaq verilişləri
yayımlanıb. "Bakı
studiyası" əvvəlcə
həftədə iki,
sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. 70-ci illərdən
etibarən "Azərbaycan
Televiziyası"nın gündəlik
veriliş və proqramlarının yayım
həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.
1956-cı ilin mayında
ekranda ilk diktorlar göründülər. Onların
arasında Tamara Gözəlova,
Gültəkin Cabbarlı,
Nizami Məmmədov var idi. Sonradan
televiziyada istedadlı
diktorlar nəsli meydana gəldi.
İlk illərdə "Azərbaycan
bəstəkarlarının portretləri", "Ədəbiyyat
və incəsənət",
"Azərbaycan ədəbiyyatının
klassikləri", "Görkəmli
səhnə ustaları",
"Bakının teatr
və konsert salonlarında", "Lenin mükafatı
laureatları", "Məktəb
və həyat",
"Xalq drujinaçısı",
"Bizim qonaqlarımız",
"Festival qarşısında" və s. bu kimi
verilişlər efirə
çıxırdı.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-14
fevral.-S.-13.