Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları təqdim olundu

 

Əbülfəs Qarayev: “Başqa ölkələrdə də bu təşəbbüs maraqla qarşılanır”

 

 Muzey Mərkəzində 2013-cü il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirildi. Təqdimat məarsimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər mədəniyyət sahəsində uğurlu işlərin görüldüyünü dedi: “Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev Fondunun mədəniyətin inkişafı sahəsində gördüyü işlər də xüsusi qeyd edilməlidir. Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetinişüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir”.

Nazir bildirdi ki, Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları elan olunan rayonlarda il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulur”.

2013-cü il üçün Zaqatala şəhərinin “Azərbaycanın folklor paytaxtı”, Xaçmaz şəhərinin “Azərbaycanın əfsanələr paytaxtı” və  Göygöl şəhərinin “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunduğunu deyən nazir bu siyasətin regionlarımızın inkişafına böyük zəmin yaradacağını söylədi: “Düşünürəm ki, bu təşəbbüs artıq öz uğurlu nəticələrini verməkdədir. Başqa ölkələrdə də bu təşəbbüs maraqla qarşılanır. Hətta, onlar da bu layihədən bəhrələnərək, öz ölkələrində mədəniyyət paytaxlarının seçilməsinə başlayıblar”.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət nümayəndələri, ictimai və incəsənət xadimləri iştirak ediblər. Tədbirdə ötən ilki xalq yaradıcılığı paytaxtları olan Quba, Gədəbəy və Masallıya kuboklar verildi.

Qeyd edək ki, bu layihə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən həyata keçirilir.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-20 fevral.-S.13.