“Odun-alovun içindən çıxıb bu sənətə gəlmişəm”

 

Mübariz Tağıyev: “Azərbaycan estrada musiqisi bu gün ya istiqamətini dəyişib, ya da axtarışdayıq”

 

Səsi, sənəti və səhnə mədəniyyəti olan biri tamaşaçı sevgisini qazana bilər. Amma tamaşaçı sevgisini qoruyub saxlamaq çox məsuliyyətli bir işdir. Əldə etdiyi məhəbbəti ömür boyu saxlamağı bacaran sənətkara xalq əsrlər boyu yaşamaq nəsib edir. Bu dəfə “Şənbə qonağı” rubrikasında qonağımız ömrünün 40 ildən çoxunu səhnədə keçirən xalq artisti Mübariz Tağıyevdir. Ötən il ürəyindən əməliyyat olunan xalq artisti hazırda özünü yaxşı hiss edir və iş başındadır. “Bu gün az da olsa xalqımıza gərəkli olmaq mənim üçün böyük şərəfdi” – deyən Mübariz müəllimin müsahibəsini sizlərə təqdim edirik.

- Ötən il ürəyinizdən əməliyyat olunmuşduz. İndi artıq iş başındasız. Səhhətiniz necədi?

- Şükür Allaha hər şey normaldı.

- Həkimlər əməliyyatdan sonra sizin səhnəyə gəlişinizi bir müddət ləngitmək istəsələr də siz səhnəyə qayıtmaq üçün tələsirdiz...

- Ləngitmək deməzdim. Belə deyək də ürək damarlarımda bağlı ağır əməliyyat keçirmişdim. Allaha şükür hər şey indi yaxşıdı.

- Hər zaman insan fasilə verib işə yenidən başlayanda yeni həvəslə, enerji ilə başlayır. Siz necə?

 - Buna yenidən başlamaq deməzdim. Sadəcə olaraq görmədiyim müəyyən işlər var ki, onları davam edirəm. Müəyyən bir yaş həddi var ki, yenidən nəyisə başlamaq sənət adamlarına yaddır. Müəyyən yol keçmiş deyəndə ki, 40 ildən çoxdur ki, səhnədəyəm. İndi tam gücümlə çalışıram. Az problemlər var ki, onlar da səhhətimlə bağlı deyil.

- Sizi daha çox vətənpərvər ifaçı olaraq tanıyırıq. Sizcə bu cür mahnılar vətənpərvərllik hissinin aşılanmasında hansı rola malikdir?

- Özümü vətənpərvər mahnıların ifaçısı adlandırmazdım. Sadəcə olaraq, hər millətin sevincli-qəmli günləri olur. Atam və anam II Dünya müharibəsini görmüş insanlardır. Mən təkcə filmlərdən yox onların söhbətlərindən də müharibənin nə olduğunu öyrənmişəm. 1988-ci ildə Qərbi Azərbaycandan yurdundan yuvasından qovulmuş insanların arasında mənim də yaxınlarım var idi. Bu cür hallara mənə elə gəlir heç bir Azərbaycanlı biganə qalmaz. Belə çıxmasın ki, yerlilərim olduğuna görədi. Bilmirəm nə ilə bağlıdır, amma bəstəkarların əksəriyyəti bu tipdə olan mahnıları mənə yönəldirlər. Yəqin ki, burda da bir bağlılıq var. Mahnı janrının ən çətin istiqamətlərindən biri də vətənpərvərlıik mövzusudur. Sevgi və bu kimi mövzularda olan mahnıları ürək varsa çatdırmaq olar. Vətənpərvər mövzulu mahnılar təkcə ürəklə tamamlanmır. Ürək ağlasa da hər mahnı çağırış olmalıdır. Mahnını ağlar istiqamətə aparmaq düz deyil. Düşünürsən ki, torpaq gedib və qayıdacaq. Əsirlikdə olan qızlarımız, oğlanlarımız, bacılarımız, qardaşlarımız var. Bu dərd, ağrı hər bir azərbaycanlının qəlbini ağladır. Yüzlərlə mahnı gəlir. mənə uyğun gəlməyən mahnını oxuya bilmirəm. Onu hansısa tanınmış bəstəkar yazsa belə. Əgər mahnı mənlik deyilsə, alınmayacaq. Vətənpərvər mövzulu mahnıların çətinliyi ondadır ki, aranjemançı, müğənni bütöv bir harmoniya təşkil etməlidir. Əgər hardasa boşluq varsa çətin alınar. Yaradıcı qrup da mahnı yazılmasında səmimi olmalıdır. Ona görə vətənpərvər mövzulu mahnılar həmişə bir yerdə yazılıb. Aranjemançı da, bəstəkar da yanımızda olur. Yeri gələndə dəyişdirilən nələrsə olur. Gənclik illərim rok qrupda başlanıb. Gənclik illərinin çılğınlığı məni o tərəfə çəkib apardı. Müəyyən vaxt keçəndən sonra peşəkar insanlardan bir neçəsi dedilər ki, sənin səs diapozonin daha genişdir. İstiqamətləndirdilər ki, bunu da edə bilərsən o birini də. Başlanğıc həmiş qalır və dəyişə bilməz. Digər bir məsələ də var ki, artıq yaratdığın musiqiyə peşəkar nöqteyi-nəzərdən yanaşırsan. Keçdiyim yollardan biri də Rəşid Behudov adına Mahnı Teatrıdır. Teatrın musiqi rəhbəri Rafiq Babayev kimi dahi sənətkar idi. Təsəvvür edin bir yandan Rəşid Behbudov, digər tərəfdən Rafiq Babayev. İki cəngavər sənətkarın yanında nə isə artıq  söz demək, istiqamət dəyişmək, fikir söyləmək çətin idi. Mən həmin o deyilənləri müsabiqədə iştirak edən uşaqlara irad tutanlara deyirəm ki, fikrinizi 16-17 yaşlı uşağa calamayın. Biz düşündüyümüzü o düşünmür. Yəni həmin sənətkarlar da mənim fikirləşdiyim bir dildə mənimlə danışırdılar. Onların böyüklükləri də bunda idi.

- Mahnı seçərkən ilk öncə nəyə diqqət edirsiz?

- Mahnıda ilk öncə mətnə diqqət edirəm. Mətn 3 dəqiqəlik mahnıda müğənninin nə demək istədiyini çatdırmalıdır. Əgər söz bolluğundan ibarət uydurma mətndirsə, bu cür musiqilər mənə çatmır. Bir də ki, mahının mətni şeir formasında oxunanda hərdən çox cılız səslənir. Sözlər olduğu kimi mahnının daxilində səslənməlidir. Çoxları bəzən bunu səhv salırlar ki, sadə bir mətndir də nə olar ki. Elə olmalıdır. İş onda deyil. Təkrar sözlər olmur, bir sətir digərinin mənasını açır. İntonasiyalar musiqi ilə dəyişir. Ona görə orda çətinliklər var. Hər mahnı mətni yazılan musiqi ilə uyğun gəlmir. Mətnə musizi yazılmalıdır. Ancaq estrada musiqisində cərəyan bütün dünyada dəyişdiyinə görə, istiqamətlər də dəyişir. İstər-istəməz şablon 7-lik, 8-lik, 11-lik məsələləri bugükü günü bir qədər artıq yerini dəyişib. Bir də görürsən birinci sətir olur 11-lik, ikinci sətir olur 7-lik. Musiqinin üzərində mətn yığıaq şair üçün çətinliklər yaranır.

- Estrada səhnəsi tək musiqidən ibarət deyil. Bu sahədə hansı qanunlar var ki, onlara mütləq əməl edilməldir?

- Səhnə mədəniyyəti, tamaşaçı auditoriyası ilə davranış, oturuş qaydaları var. Hərdən efirdə elə otururlar ki, sanki uzanıblar. Efirə minlərlə insan baxır. Rejissor bütün bunlara nəzarət eməyə çatdıra bilməz. Bütün bunlar bir-biri ilə bağlı məsələlərdir. Əgər bir yerdə boşluq varsa, tamaşaçı onu hiss edəcək. Müğənni başından böyük söhbətlər edəndə tamaşaçını qıcıqlandırır. Hərə öz sahəsindən danışsa daha yaxşı olar. Dediklərim səhnədə olduğum 40 ildən çox bir zamanda zərrə-zərrə yığılan məsələlədi. Onu eləmə, bunu eləmə demək olmaz. İnsan səhnədə formalaşır, peşəkarlığıa can atan insanın davranışı da, mahnı seçimi də bir-biri ilə bağlı məsələlərdi. Azərbaycan estrada musiqisi bu gün ya istiqamətini dəyişib, ya da axtarışdayıq. Bu axtarış çox uzun çəkir.

- Nə axtarılır ki?

- Biz axtarırıq. İş ondadır ki estrada musiqisinin dünyada kökü birdi. Hardansa bir qığılcım başlayır və bütün dünyaya yayılır. O ölkələr ki, bu sahədə peşəkardırlar həmin istiqaməti götürüb özülərinə uyğunlaşdırır. Kimlər ki, özfəaliyyətlə məşğuldurlar həmin musiqini yamsılamağa başlayırlar. Yamsılamaq indi dəbdə olsa da bir ildən sonra dəbdən düşəcək. Və bu da bədbəxtliyə aparır. Bir çox gənclər bu istiqaməti tutub, yamsılaya-yamsılaya gedirlər. Bir də görürsən ki, o istiqamət artıq yoxdu. Mahnı artıq notdan çıxıb və el arasında “bozbaş” deyilən bir səviyyəyə gəlib çıxıb. Ona görə ən yaxşısı odur ki, Azərbaycan estradasının kökü necə başlayıbsa, onunla köklənəsən. Oxuyanda bilinsin ki, bu Azərbaycan müğənnisidi, Azərbaycan bəstəkarının yazdığı musiqidi. Bax o tarazlıq bir qədər pozulub. Xanəndə məktəbinin çox istedadlı uşaqlarını estrada aləminə atırlar. Xanəndə məktəbi çətin məktəbdi. Mən bir neçə dəfə efirdə demişəm ki, bu istiqamətə xəyanət etməyin. Ancaq dəhşətlisi budur ki, bizim estarda məktəbimiz yoxdu. Mədəniyyət və İncəsənət Universitetində, Konservatoriyada bu sahəyə aid iş görülür. Ancaq akademik vokal sənəti ilə sərbəst ifa başqa-başqa şeylərdi. Estrda aləmi sərbəst oxu istiqaməti deməkdir. Uydurma səs burda qəbul olunmur. Allah verən səs nədirsə onun üzərində işləməlisən.

- Səsi olmayan biri maddiyat hesabına hara qədər gedə bilər?

- Belə insanlar həyatlarının ən çılğın vaxtlarında həyatdan atılmış olurlar. Mühit dəyişib, yaxşılar gəldikcə ələnib, sıradan çıxaracaqlar. Pul tükənəndə gözdən itəcəklər. İnsanlar var ki, böyük pullar qazanıblar və özləri üçün işlər görürlər. Keçid dövrü üçün bunlar normal hallardı. Əgər tamaşaçı qəbul edirsə ki, bu adam gəlib onun toyunda oxusun bu normaldı.

- Müğənniliyə niyə axın bu gün çoxdu?

- “Yeni ulduz”a gələn iştirakçılardan birinə dedim ki, səndən oxuyan olacaq. Dedi ay Mübariz müəllim bəs neyləyim. Dedim necə yəni neyləyəsən. Səndən oxuyan olmaz. Deməli işsizlikdi və yeganə yolu müğənni olmaqda görüb. Görün bu nə qədər asan bir yerdir ki, çox fikirləşib və deyib ki hamballıq mənə yaraşmır. Ən yaxşı yol elə budur, gedim oxuyum da.

- Hansı mahnılar bu gün oxunmalıdır?

- Hər tamaşaçının öz zövqü var. Mənə xoş gəlməyən mahnı digərinə xoş gəlir. Bayağı mahnılar isə insanların zövqünü korlayır. Bu məslə bir-iki günlə həll olunan deyil. SSRİ məkanında ardı kəsilmədən bu söbətlər gedirdi. Toy məclislərində gic-gic mahnılar oxuyurlar. Bu mahnıları səsyazma studiyalarından yığırdılar. Amma ürəyi istəyənlər bazarın tinlərində, orda burda alıb bağırlarına basırdılar. Bunu qadağan etmək senzuraya oxşayır. Zorla birini simfonik konsertə apasaq o orda ölə də bilər. 1 saat yarım ayıbdır deyə durub gedə bilməyəni sonda təcili yardmla aparacaqlar.

- Ürəyinizdən keçən elə musiqi varmı ki, onun bəstəkarlar tərəfindən sizə təqdim olunmasını istəmisiz?

- Məndə çox olub. Deyiəm ki, bax bu istiqamətdə mahnı istəyirəm. Təbii ki peşəkar insan bilir ki, həmin musiqini kim yaza bilər. Hətta elə mahnılar ifa etmişəm.

- 40 ildən çox bu sənətdə çalışan Mübariz Tağıyev ötən illərə nəzər salanda nələri görür?

- Bircə ona təəssüflənirəm ki, gənclik illərimdə çox şeylər edə bilərdim. Mən Qərbi Azərbaycanda doğulmuşam. Nə qədər desək də ki, İrəvan şəhəri bizim qədim şəhərlərimizdən biridi. Bu belədir. Amma mən qürbətdə idim. O illərdə mən arasıkəsilməyən müsabiqələrdə iştirak etməli idim. Bu illərə əfsuslanıram ki, o illərdə xalqımın içində olmadım. İtirdiyim də az deyil. Özümdən danışmağı sevmirəm. Odun-alovun içindən çıxıb bu sənətə gəlmişəm. Bugünkü gündə gənclərimiz öz evlərində müsabiqələrdən danışırlar. Müxtəlif xalqlardan olan vətəndaşlar burda məskunlaşıblar. Azərbaycan bu gün beynəlxalq şəhər olub. Ermənilər özlərindən başqa heç bir milləti qəbul etmirlər. O günlərdən sonra bu gün az da olsa xalqımıza gərəkli olmaq mənim üçün böyük şərəfdi. Bunlar əziyyət deyil, o illərdə sinəmə yığılan dağlar idi. Çətinliyə dözmək olur, amma haqsızlığıa baxa bilmirəm.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-23 fevral.-S.13.