Azərbaycan artıq kosmos ölkəsidir

 

  Peyk sənayesi ən innovativtexnoloji cəhətdən inkişaf edən rentabelli sənaye sahələrindən biri hesab edilir

 

 Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerspace-1» təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatıb. Mart ayının əvvəlinədək peykin orbitdəki sınaqları davam edəcək. Daha sonra peykin idarəetməsi tam olaraq «Azərkosmos» ASC-yə təhvil veriləcək. Bundan sonra peykin idarəsi «Azərkosmos» ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən «Azərkosmos»un mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir. Ölkəmizdə yüksək texnologiyaların tətbiqi istiqamətində kosmik sənayenin yaradılması mühüm bir məqsəd kimi qarşıya qoyulub ki, artıq addım-addım bu məqsəd həyata keçirilir. Bu gün telekommunikasiya peykinin uğurla orbitə çıxarılması 5 il ərzində aparılan işlərin son nəticəsidir. Bu dünyanın 10-dan çox inkişaf etmiş ölkəsi ilə beynəlxalq əməkdaşlıq nəticəsində, eyni zamanda yerli kadrların hazırlanması və aktiv iştirakı sayəsində mümkün olub. Bu isə o deməkdir ki, Azərbaycan artıq bir kosmos ölkəsidir, başqa sözlə desək, kosmik klubun üzvüdür. Bu mənada, peykin orbitə çıxarılması yaratdığı texniki imkanlarla yanaşı, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da səbəb olub.

Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusistrateji əhəmiyyəti ilə seçilir.

Telekommunikasiya peykinin orbitə çıxarılması və istismarının ölkəmizə gətirəcəyi faydaları bir neçə qrupda birləşdirmək mümkündür. Peykin əsas faydası ölkədə yüksək səviyyəli peyk rabitəsinin təmin edilməsidir. Məlumdur ki, respublikanın yarıdan çox sahəsi dağlıq ərazilərdən ibarətdir. Dağlıq ərazilərin, dağlarda yerləşən ucqar yaşayış məntəqələrinin yerüstü kabel şəbəkəsi vasitəsilə rabitə əlaqəsi ilə təmin edilməsi müəyyən çətinliklər yaradır ki, peyk rabitəsinin köməyi ilə ölkənin bütün ərazisi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla yüksək keyfiyyətli rabitə ilə təmin ediləcək. Həmçinin, peyk rabitəsi mövcud yerüstü fiber-optik kabel şəbəkəsinin alternativi kimi qiymətləndirilməlidir. Belə ki, peyk rabitəsi yerüstü şəbəkənin həddən artıq yüklənməsinin qarşısını alır, təbii fəlakətlər nəticəsində yerüstü şəbəkənin zədələnmələri zamanı onun əvəz edilməsini təmin edir. Bu məqsədlərlə xarici dövlətlərin deyil, öz milli peykimizdən istifadə edilməsi informasiya təhlükəsizliyi baxımından da vacib bir məqamdır.

İkinci bir tərəfdən, peykin istismara verilməsi bütün ölkə ərazisinin, xüsusilə ucqar yaşayış məntəqələrinin internet xidmətləri ilə təmin edilməsini, televiziya yayımının daha yüksək keyfiyyətlə təşkilini, həmçinin yaxın gələcəkdə yüksək dəqiqlikli televiziya (HD) yayımı ilə təmin edilməsini mümkün edəcək. Telekommunikasiya peyki ən ucqar məntəqələri belə əhatə etməklə, dövlət ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılmasına və “Elektron hökumət”in daha üstün keyfiyyətlə təşkilinə, həmçinin məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin genişləndirilməsinə əlavə dəstək verəcək.

 

AZƏRBAYCAN PEYKİNİ MİLLİ KADRLAR VASİTƏSİLƏ İDARƏ EDƏCƏK

 

Digər tərəfdən, telekommunikasiya peyki həmçinin mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha effektiv idarə edilməsinə töhfə verəcək. Göstərilənlərlə yanaşı, peyk sənayesi ən innovativtexnoloji cəhətdən inkişaf etmişdünya üzrə rentabelli sənaye sahələrindən biri hesab edilir. Bu baxımdan, Azərbaycanın peyk rabitəsinə olan daxili tələbatını təmin etməklə yanaşı, peykin istismara verilməsinin digər məqsədi dünya səviyyəsində peyk rabitə xidmətlərinə artan tələbatın ödənilməsi üzrə ixtisaslaşmış gəlirli bir biznesdə iştirak edərək qazanc əldə etməkdir. 230 milyon ABŞ dollarına başa gələn “Azərspace-1” peykinin ona yatırılan investisiyanı öz istismarının 7-ci ilində doğruldacağı nəzərdə tutulur. Yer səthindən 36 000 km hündürlükdə ekvator üzərində 46 dərəcə şərq uzunluğunda geostasionar orbitdə yerləşən “Azerspace-1” peykinin əhatə zonasına Mərkəzi Asiya, Avropa və əksər Afrika ölkələri daxildir. Azərbaycanın daxili tələbatı “Azərspace-1” peykinin tutumlarının təqribən 20 faizinə bərabərdir. Bu gün Azərbaycan televiziya kanallarının xarici ölkələrə məxsus peyklərdən yayımının təşkil edilməsi üçün ildə təxminən 5 milyon dollardan çox xərc çəkilir. Yaxın gələcəkdə bu xərcin azı 2 dəfə artması gözlənilir. Milli peykin istismara verilməsi, eyni zamanda həmin vəsaitin Azərbaycanın iqtisadiyyatına yönəldilərək son dövrlər davamlı inkişaf tempini təmin edən respublika üçün əlavə gəlir mənbəyinə çevriləcək. Tutumların digər hissəsinin isə beynəlxalq bazarda satışa çıxarılması nəzərdə tutulur. İlkin olaraq, tutumların 44 faizinin icarəsi ilə bağlı müqavilə artıq imzalanıb. Bu göstərici Azərbaycanın bu biznesə uğurlu girişini tərənnüm edən bir göstəricidir.

Nəhayət, qeyd etmək lazımdır ki, Azərbaycan öz peykini milli kadrlar vasitəsilə idarə edəcək. Belə ki, “Azərspace-1” peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərini həyata keçirən “Azərkosmos” ASC tərəfindən son 3 il ərzində yerli mütəxəssislər hazırlanıb.Həmin gənc kadrlar müxtəlif ölkələrdə yüksək səviyyəli təlimlərdə iştirak etmişlər və peykimizi müstəqil idarə etməyə qadirdirlər.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiyayeri müşahidə peyklərinin orbitə çıxarılması nəzərdə tutulub. 2-ci telekommunikasiya peyki – “Azərspace-2”-nin 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır. 2015-cı ildə isə ilk milli Yerin Müşahidə Peykinin istismara verilməsi gözlənilir. Qeyd edək ki, artıq adı çəkilən layihələr üzrə işlərə başlanıb. Bununla yanaşı, ölkədəki digər nazirlikstrukturlarla birlikdə kosmik sənayenin yaradılması istiqamətində də işlər həyata keçirilir. Kosmik aparatların, xüsusilə peyklərin ayrı-ayrı hissələrinin ölkə ərazisində istehsal edilməsi, yeni kosmik texnologiyaların öyrənilməsi və tətbiqi istiqamətlərində təkliflərin hazırlanması işləri davam etdirilir.

Azərbaycan kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq yaradıb. Habelə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) kimi bir sıra beynəlxalq təşkilatlarla kosmik sahə üzrə bir çox müstəvilərdə regional əməkdaşlıq istiqamətində mühüm işlər aparılıb. Bu kimi əməkdaşlıq tədbirləri təcrübə mübadiləsi ilə yanaşı kosmik fəaliyyətin ölkənin üzv olduğu beynəlxalq təşkilatın fəaliyyəti çərçivəsində həyata keçirilməsi, respublikanın regional və beynəlxalq əhəmiyyətli kosmik proqramlarda iştirakını hədəfləyir.

 

 

Üç nöqtə.-2013.-27 fevral.-S.9.