Xocalı faciəsinin 21-ci ildönümü
Gənc Tamaşaçılar Teatrında anılıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımının 21-ci ildönümü anılıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş faciə teatrda yazıçı-publisist Vaqif Əlixanlının “Hardasan oğul” əsəri əsasında səhnələşdirilən “Əcəl atı” tamaşası ilə yad edilib. Tamaşadan əvvəl səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu çıxış edərək Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırım aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulayıb. Faciə haqqında statistik göstəriciləri xatırladan rejissor soyqırımın mənəvi zərərlərini diqqətə çatdırıb. Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra tamaşa nümayiş etdirilib. Yüksək vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın başına gətirilən müsibətləri əks etdirən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-27
fevral.-S.13.