Ayların ən fəzilətlisi başlayır

 

Elşad Miri: «Ramazan ayında özünü müsəlman sayan hər kəs oruc tutmalıdır»

 

Bu il üçün Ramazan ayının təqvimi artıq elan edilib. Həmin təqvimə görə, Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 10-a təsadüf edir. İyulun 9-u niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan – fitrə bayramı miladi təqvimi ilə avqustun 8-i və ya 9-na düşür.

Qeyd edək ki bu müqəddəs ay ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət ayıdır. Ramazan ayında min aydan xeyirli olan Qədir gecəsi var. On bir ayın sultanı olan Ramazan müsəlmanın din və dünya işlərinin düzəldilməsinə köməkçidir. Duaların daha çox qəbul edildiyi bir aydır. Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər var.

Dinşünas alim Elşad Mirinin sözlərinə görə, «Oruc» sözü lüğətdə nədənsə uzaqlaşmaq, nədənsə özünü qorumaq mənalarına gəlir: «Oruc – oruc tutması vacib olan insanların niyyət edərək dan yeri söküləndən günəşin batmasına qədər orucu pozan işlərdən uzaq durmalaranı deyilir. Oruc ibadəti İslamdan əvvəlki dinlərdə də mövcud olub. Lakin o, ən mükəmməl səviyyəsini İslamda tapıb».

 

Sağlam olmaq istəyirsən – oruc tut

 

Müsahibimizin sözlərindən məlum olur ki, müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir. Bəzi xroniki xəstəliklər orucla müalicə edilir. Həkimlər reseptlə birlikdə xəstənin nə yeyib-içəcəyini, nə vaxt və nə qədər qidalacağını bildirirlər; demək ki, müasir tibb xəstəliklərin qidalanmaqla əlaqəli olduğunu qəbul edir. Peyğəmbərimizin “Oruc tutun, sağlam olun” hədisini tibb elmi “oruc tutun, rahat olun” şəklində deyir.

Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Buna görə də bəzi ölkələrdə orucla müalicə edən xəstəxanalar inşa edilib. Bunlardan biri dr. Henri Lahmanın Almaniyanın Drezden şəhərindəki xəstəxanasıdır. Oruc tutaraq da sağlam və gumrah bir vücuda sahib oluruq. Çünki oruc tutanda hüceyrələrimizin böyrək, mədə, qaraciyər, şəkər və ürək xəstəliklərinə qarşı müqaviməti artır. Vacib olan Ramazan orucundan başqa, nafilə, yəni məcburi olmayan oruclar insanın iş, idman kimi fiziki fəaliyyətlərində istifadə olunmayan enerjisini nizamlayaraq, dəliqanlılıq dövründə olan cavanları doğru istiqamətə yönəldir, ruhun azadlığını, inkişafını təmin edir. Amma bilmək lazımdır ki, hər kim sağlamlıq üçün oruc tutarsa, orucu məqbul olmaz. Oruc Allahın əmri olduğu üçün tutulmalıdır. Sağlamlığı verən isə Allahdır.

 

Toxun acdan xəbəri olsun!

 

E.Miri deyir ki, ictimai həyata nəzər salsaq, insanları maddi yöndən fərqli olduqlarını görərik: «Uca Allah buna görə varlıları kasıblara kömək etməyə dəvət edir. Tox acın halını bilmədiyinə, bunu sözlə də başa salmaq mümkün olmadığına görə, ancaq ac qalaraq bunu bilmək mümkündür. Aclığın ən uyğun forması da orucdur.

Oruc tutaraq Allahın əmrini sevərək yerinə yetirən möminlərin bağışlanacağını, günahlarının silinəcəyini müjdələyən Hz.Muhəmməd belə buyurub: «Kim inanaraq, mükafatını Allahdan istəyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar». Bundan da aydın olur ki, Uca Allah böyük səbr və fədakarlıqla tutulan ibadətdir. İnsanın ildə bir ay müddət ərzində gecənin ala qaranlığından günəş batana qədər ən təbii haqqı və zəruri ehtiyacı olan qidalarından, cinsi istəklərindən uzaq durması sağlam, iradəli inancın nümunəsidir. Allahın əmrlərinə təslim olmaqdır. Bu səbr və fədakarlıq ancaq Allah üçün yerinə yetirilir. Hətta heç bir insanın görmədiyi, vicdanıyla baş-başa qaldığı yerlərdə də orucunu tutan mömin, inancında səmimi olduğunu sübut edir. Böyük sınaqdan məharətlə keçdiyini göstərir. Mükafatı da buna görə böyük olacaq. Oruc ibadətini yerinə yetirənlər cənnətdə onlara ayrılan xüsusi qapıdan keçəcəklər».

 

Oruc tutmaqda sərbəst olanlar

 

Aşağıdakı səbəblərə görə oruc tutmamaq yaxud tutduğu orucu pozmağa icazə verilir:

1. Yolçuluq: Ramazan ayında 90 km və ya üç günlük səfərə çıxan adam oruc tutub-tutmamaqda sərbəstdir. Lakin dövrümüzdə təyyarələr, avtobuslar, qatarlar və s. rahat olduğuna görə oruc tutmaq çətin deyil.

2. Xəstəlik: Bir xəstə həlak olacağından, xəstəliyin çoxalacağından qorxarsa, oruc tutmaya bilər. Tutduğu orucu pozmağa da icazə verilir. Sağalandan sonra tutmadığı günlərin əvəzinə tutar. “Oruc tutsam xəstələnərəm” kimi qorxular yersizdir. Bu fikirdə olanlar müsəlman həkimin bildirməsi ilə oruc tutmaya bilər.

3. Müharibə dövrü: Ramazan ayında müharibədə düşmənlə qarşı-qarşıya gələn İslam mücahidi oruc tutmaqda sərbəstdir. Ancaq oruclu insanların savaşda daha gümrah olduğunu hərbçilərimiz daha yaxşı bilirlər.

4. Təhdit anında: Ölümlə təhdid edilən, bir üzvünə zərər veriləcəyi ilə qorxudulan oruc tutmaya bilər.

5. Şiddətli aclıq və susuzluq: Oruc tutan insan aclıqdan və ya susuzluqdan həlak olacaqsa, ağlına bir nöqsanlıq gələcəksə, bunu təcrübələrdən, müsəlman həkimin xəbər verməsi ilə bilərsə, orucunu sonra tutmaq şərti ilə poza bilər. 6. Hamiləlik: Ramazan ayında hamilə olan, uşağa süd verən qadın özünə yaxud uşağına zərər gələcəyindən qorxarsa, orucdan azaddır.

7. Qadının xəstə olması: Qadınlar onlara aid olan xəstəlik dövründə nə oruc tutarlar, nə də namaz qılarlar. Xəstəlikləri qurtaran qadınlar isə namazların qəzasını qılmaz, lakin orucun əvəzini tutarlar. Ramazan ayında sağalsalar qalan günlərin orucunu tutarlar.

8. Qonaqlıq: Qonaqlıq verən, qonaqlığa çağrılan kim olur-olsun Ramazan ayındakı orucunu heç bir bəhanə ilə poza bilməz. Lakin bu aydan başqa günlərdə tutulan orucu sonra tutmaq şərti ilə poza bilər.

9. Yetkinlik dövrünə çatmamaq: yetkinlik dövrünə çatmayan uşaqlara oruc tutmaq fərz deyil. Ancaq alışmaq üçün birinci dəfə günortaya qədər, sonra isə yavaş-yavaş çoxaldaraq tam oruc tutmalarına kömək edər. Bu onların həm iradələrinin möhkəmliyinə, həm də sağlamlığına səbəb olar.

10. Yaşın çoxluğu: Çox qoca insanlar oruc tutmaqda sərbəstdirlər. Ancaq Ramazan ayında tutmadığı hər orucun əvəzinə fidyə verilməlidir. Fidyə, kasıb bir adama səhər və axşam yeməyinə kifayət edəcək miqdarda verilən yemək, yaxud puldur.

Orucdan azad olan insanlar din qardaşlarına hörmət məqsədi ilə yediklərini ictimai yerlərdə yeməməyə çalışmalıdırlar.

 

Orucun şərtləri

 

Hər bir vəzifənin, ibadətin şərtləri olduğu kimi orucun da şərtləri var. Bu şərtlərə sahib olanlara oruc tutmaq fərzdir (fərz: Allah tərəfindən qəti olaraq müsəlmanlara əmr edilən və onların da yerinə yetirmələri vacib olan məsələlərdir).

1. Müsəlman olmaq: Müsəlman olmayanlara oruc tutmaq fərz deyil.

2. Ağıllı olmaq: “Mən tam ağıllı deyiləm” deyərək orucdan qaçmaq olmaz. Burada əsas məqsəd dəli olmayan insandır.

3. Yetkinlik dövründə olmaq: Uşaqlar yetkinlik dövrünə qədəm qoyandan sonra onlara oruc tutmaq fərz olur. Bu həddə çatmayan uşaqların tutduqları oruc isə daha çox savabdır.

 

Orucu pozan və pozmayan hallar

 

1 – Yeyib-içmək orucu pozur. 2 – Yuxulu halda yeyib-içmək orucu pozur. 3 – Səhvlə bir şey yeyib-içilsə, dəstəmaz alarkən boğaza su getsə, ağıza yağış suyu, qar dənəsi düşsə oruc pozulur. Ramazandan sonra bir qəza edər, yəni bu orucun əvəzinə bir gün oruc tutar. 4 – Oruclu yediyini geri qaytararsa: yəni qusarsa və bunu da bilmədən udarsa orucu pozulur. Qəsdən qusmaq da orucu pozur. 5 – Oruc tutan qüsl alarkən ağzını su ilə yaxaladıqda suyun boğaza keçməməsinə diqqət etməlidir. Əgər su boğazdan keçərsə oruc pozulur. 6 – Dərmanın buruna tökülməsi, qulağa damcıdılması orucu pozur. Lakin qulağa su girərsə oruc pozulmaz. 7 – Dərinin üstündən bədənə daxil olan şeylər orucu pozmur. Bədənə sürtülən yağın, kremin bədənə keçməsi də orucu pozmur, gözə tökülən dərman, sürtülən sürmə də orucu pozmur.

Yuxarıda qeyd edilənlərdən məlum olur ki, Ramazan ayında özünü müsəlman sayan hər kəs oruc tutmalıdır. Tutmayanlar isə tutanlara və aya hörmət məqsədilə açıq-aşkar yeyib-içməzlər. Əsas mübahisə doğuran məsələlərdən biri bu ayda toy edib-etməməkdir. Azərbaycanda içkisiz toy yox deyiləcək qədər azdır. Əgər içkisiz olacaqsa, toy etmək olar (içkili toy etmək olar demirik). Əks halda böyük günahlardan biri olan içkini həm də Ramazan ayında vermək kimi daha böyük günah işlənər. Bununla yanaşı Ramazan ayı əlini qolunu sallayıb, iş görməmək ayı deyil.

 

Əfsun

 

Üç nöqtə.- 2013.- 6 iyul.- S. 8.