“Səyavuş Aslan təkrarolunmaz sənətkardır”

 

Əliqismət Lalayev: “O, Musiqili Komediya Teatrı tarixində yadda qalacaq böyük aktyorlardandır”

 

İnsanlara sağlığında qiymət verib dəyərləndirmək lazımdı. Çünki nə qədər yenilər gəlsə də, nə zamansa onların yoxluğunu hiss olunur. Hələ söhbət incəsənət sahəsindən gedirsə, burda daha incə mətləblər nəzərə alınmalıdı.

 Bu günlərdə Azərbaycan mədəniyyətinə də rolları ilə yaddaşlarda qalacaq xalq artisti Səyavuş Aslanın dünyasını dəyişməyi ilə ağır itki üz verdi. Xalq artistinin dünyasını dəyişməyi ilə barışa bilmədiyini deyən Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev bildirdi ki, Səyavuş Aslan Musiqili Komediya Teatrı tarixində yadda qalacaq böyük aktyorlardandı: “Onun yaradıcılığı Musiqili Komediya Teatrından başladığına görə deyirəm. Bu teatrda tamaşaçılar tərəfindən sevilib, qəbul olunub, sənətkarklıq zirvəsinə çatıb. Səyavuş Aslan Azərbaycan teatrının korifey sənətkarı kimi tarixə düşüb. O öz rolları ilə tamaşaçıların qəlbinə yol tapıb, onları güldürüb, qəlblərinə sevinc bəxş edib.

Səyavuş Aslanın 1996-cı ildən sonrakı yaradıcılıq fəaliyyəti Akademik Milli Dram Teatrı ilə bağlı olub. Akademik Milli Dram Teatrında çalışdığı illərdə də Səyavuş Aslanı daha çox komik obrazlarda görə bilirdik. Görünür rejissorlar onun komedik tərəfindən daha çox bəhrələnməyə çalışırdılar. Amma Səyavuş ciddi obrazlar da oynayaraq sübut elədi ki, onun üçün rolun böyüyü kiçiyi və ya ampula deyilən bir məsələ yoxdur. O istər tragik, istər çox ciddi rollarda çox böyük məharətlə oynadı. 2008-ci mən Musiqili Komediya Teatrına təyin olunarkən Üzeyir Hacıbəylinin “Məşədi İbad” tamaşasını bərpa eləyirdik. Bu tamaşa bizim teatrın repertuarında olmuşdu. Hacıbaba Bağırov rəhmətə gedəndən sonra həmin tamaşa demək olar ki, repertuardan çıxarılmışdı. Rejissorla birlikdə qərara gəldik ki, bu tamaşanı bərpa edək və Səyavuş Aslanı yenidən bizim teatrın səhnəsinə qaytaraq. Bir neçə dəfə bizim görüşlərimiz oldu və Səyavuş Aslan söz verdi ki, gələcək. Bir gün o vaxt əməkdar artist olan Ramiz Məmmədovla birlikdə gəldi. Ramiz Məmmədov indi xalq artistidi. Dedi ki, mən Məşədi İbad rolunda Ramiz Məmmədovun oynamağını istəyirəm. Onu bu rolda sınayın. Mənim yenidən Musiqili Komediya Teatrına qayıtmağım mümkün deyil. Mən onun bu jestində sənətkara yaraşan bir böyüklük gördüm. O həm cavan bir aktyora yol açdı. Eyni zamanda o artıq bizim teatrdan çıxıb getmişdi. Səyavuş Aslan Nəsibə Zeynalova, Hacıbaba Bağırov kimi sənətkarlarla bu teatrda tərəf müqabili olub. Bəlkə yenidən Musiqili Komediya Teatrında səhnəyə qayıtmaq ona bu qədər ağır gəldi. Amma o aktyorlar artıq səhnədə yox idi. Münasibətlərindən asılı olmayaraq aktyor hər zaman istəyir ki, onun gözəl tərəf müqabili olsun”.Bəzən deyirlər ki, əvəzolunmaz adam yoxdu. Mən bu fikrilərlə şərikəm. İnsanlar bu dünyaya gəlir gedir. Bir-birlərini əvəz etsələr onların təkrarı ola bilmirlər. Səyavuş Aslan bir aktyor, bir insan kimi təkrar oluna bilinməyəcək sənətkardı. Düşünürəm ki, uzun illər tamaşaçılar Səyavuşun yerini daha da yüksəklərə qaldıracaqlar” – deyə Əliqismət Lalayev bildirdi.

 

Üç nöqtə.- 2013.- 10 iyul.- S.13.