“Aktyorun
yaratdığı bütün rollar şedevr ola bilməz”
Yasin Qarayev: “Dünən
oynadığım rola bu gün tənqidi yanaşıram”
Bu gün aktyor olub, filmlərdə,
seriallarda çəkilmək o qədər də çətin
iş deyil. Amma film və serialla yanaşı, canlı səhnə
hesab edilən teatrda bir-birindən fərqli obrazlar yaradıb,
tamaşaçı sevgisini qazanmaq hər bir aktyora qismət
olmur. Bunun üçün istedad və illərin təcrübəsi
lazımdır. Bu dəfə “Şənbə
qonağı”mız ömrünün 40 ilini teatra həsr edən
və bu illər ərzində yaratdığı müxtəlif
obrazlar sayəsində tamaşaçı sevgisini qazanan xalq
artisti Yasin Qarayevdi. Yasin müəllimin ilk rolundan tutmuş, bu
gün teatrda olan problemlərə qədər fikirlər
söylədiyi müsahibəsini sizlərə təqdim
edirik.
- Bəlkə elə ilk
olaraq bu il 140 yaşlı teatrımızdan danışaq?
-
İlk öncə onu qeyd edim ki, milli teatrımızın 140
ilinin 40 ili mənim payıma düşür. 40 ildir Gənc
Tamaşaçılar Teatrında işləyirəm. Bu
müddət ərzində çox böyük sənətkarlarla
işləmişəm. Bizim teatrın təməl
daşını qoyan insanlarla çiyin-çiyinə işləmişəm.
Məmmədağa Dadaşov, Süleyman Ələsgərov,
Hüseynağa Sadıqov, bu günləri yaşayıb
yaradan Firəngiz Şərifova və başqaları ilə
bir səhnədə rol almışam. Bir çox
tamaşalarda, iştrak eləmişəm. Ümumilikdə
götürəndə hesab edirəm ki, son 10 ildə Azərbaycan
teatrı və incəsənəti çiçəklənmə
dövrünü yaşayır. Ölkə
başçısının bu 10 il ərzində 300-dən
çox sərəncam və fərmanları Azərbaycan incəsənəti
və mədəniyyətinə dair olub. Bu sıradan ən
sonuncusu Azərbaycan teatrının bayramı rəsmi səviyyədə
təsdiqlənməsi oldu. Mirzə Fətəli Axundzadənin
“Lənkəran xanın vəziri” tamaşası ilə 140 il
bundan öncə martın 10-da Azərbaycan teatrının əsası
qoyulub. Biz həmişə bunu Azərbaycan teatrı
günü kimi qeyd edirdik. Bu qərardan sonra rəsmi şəkildə
təsdiq olundu. İyunun 25-də Heydər Əliyev
Sarayında teatrın 140 illik yubileyi qeyd olundu. Azərbaycan
teatrının inkişafında zəhməti keçənlər
qiymətləndirildi. 40 nəfər xidmətlərinə
görə müxtəlif fəxri nişanlarla
mükafatlandırıldı. Bu da ölkə
başçısının Azərbaycan mədəniyyətinə,
incəsənətinə diqqətinin sonsuz olduğunu göstərir.
- Teatrda
da həllini gözləyən problemlər var…
- Bəli teatrda da həllini gözlədiyimiz
problemlər var. Azərbaycan hazırda yeniləşmə
dövründə yaşayır. Bütün sahələrdə
respublikamız bərpa olunur. Bu yaxşılığa
doğru irəliləyişdi. Gözlənilən bəzi
işlər var ki, onların da yaxşı olacağına
inanırıq. Bu problemlərdən biri teatr işçilərinin
maaşlarının qənaətbəxş olmamasıdı.
Bu tək teatra deyil, tibb sahəsində
çalışanlara, müəllimlərə də aiddir. Hər
şey zamanla mərhələ-mərhələ həll olunur.
Bakı son 5 ildə xeyli gözəlləşib. Bunun
üçün aparlan işlər zamanı toz
yaranmasından və yaxud digər çətinliklərdən
narahat olan insanlar var. Amma bunlar da gözəllik
üçün edilir. Mədəniyyət sahəsində də
aktyorlara verilən maaşlar narazılıq doğurur. Aldığımız
maaş bu günümüzlə uzlaşmır.
Düşünürəm ki, mərhələ ilə həll
olunan problemlərin içində teatr işçilərini də
maaşlar nəzərə alınacaq.
- Yasin
müəllim teatrda ilk rolunuz hansı olub
- “Hacı Qəmbər” tamaşasında
Aşıq Vəli olub. Sonra həmin tamaşada Mahmud
oynamışam. Sonra “Tamahkar” tamaşasında baş rollardan
birini canlandırmışam. Belə düşünürəm
ki, o rol yaradıcılığımda bir mayak oldu. Onunla
tamaşaçı rəğbətini qazandım. Və beləliklə
davam elədim. Bir çox rollarda oynadım.
Tamaşaçılar tərəfindən çox sevilən
rollarım da olub, bir az orta səviyyəlisi də. Belə
hesab edirəm ki, aktyorun yaratdığı bütün rollar
şedevr ola bilməz. Əgər aktyor nə iş
gördüyünü başa düşürsə, elə
uğur da ordadı.
- İlk
rolunuza baxanda bu gün 40 ilin təcrübəlisi olaraq tənqidi
yanaşırsınızmı?
- 40 il bundan öncə qalsın bu tərəfə
dünən oynadığım rola bu gün tənqidi
yanaşıram. 3 gün öncə oynadığım
tamaşaya baxanda deyirəm ki, orda niyə filan yeri bu cür
etmişəm. Teatr canlı sənətdi. Kino elədir ki,
hansısa hissə alınana qədər onu dəfələrlə
təkrarlaya bilirlər. Amma tamaşada məsuliyyət aktyorun
üzərinə düşür. Aktyor bir dəfə
oynadığını gələn dəfə eyniliklə təkrar
etməyə bilər. Oynadığım bütün rollara tənqidi
yanaşıram. Bu Yasinin özündən
razılığı deyil. Məni müəllimlərim belə
öyrədib. Hüseynağa Sadıqov mənim müəllimim
olub. Teatrda çalışan hər kəs həyat təcrübəsi
keçmiş insanlar idilər. Biz universiteti bitirib gələndə
təhsilimizlə qürrələnirdik. O vaxtı teatrda
çalışan aktyorların çoxunun ali təhsili yox
idi, onlar Allahın vergili insanları idilər. Mən deyirdim
ki, 5-6 il universitet oxumuşam. Hüseynağa Sadıqov da
deyirdi ki, 40 ildir işləyirəm. 10 ali təhsil edir. O
vaxtı həmin sözlər mənə qəribə gəlirdi.
Hər işlədiyimiz 4-5 ildə bir ali təhsil
alırıq. Aktyor müxtəlif yazıçıların,
fərqli janrlarda olan əsərlərində obrazlar
oynadıqca daha da püxtələşir.
-
Özünü tənqidin aktyorun professionallığı
üçün rolu nə dərəcədə
böyükdü?
- Əgər aktyorun oynadığı rol
çəkilibsə və sonradan onu izləyəndə diqqətlə
fikir veririk. Əgər orda bizim nə isə xoşumuza gəlməsə,
nəyisə yaxşı etmədiyimizi fikirləşiriksə,
biz onu etməməyə çalışırıq.
İnsan ürəyindən keçən yaxşıları
etməyə can atdıqca yaxşılar öz yerini tutur. Hər
özünə tənqidi baxış aktyorun peşəkarlığa
doğru atdığı bir addımdı.
- Yasin
Qarayev teatrşünaslar tərəfindən tənqid olunurmu?
- Bu gün Azərbaycanda çox
istedadlı sənətşünaslar, teatrşünaslar olsa
da, təəssüf ki, yazılar çıxmır. O
vaxtı hansısa bir tamaşa ilk dəfə göstəriləndə
hər kəs gəlib baxırdı. Mədəniyyət
Nazirliyini nümayəndələri, sənət adamları
baxırdılar. Biz sanki bir imtahan verirdik. Çox məsuliyyət
hissi duya-duya o tamaşaları oynayırdıq.
Tamaşanın səhəri günü qəzet
alırdıq ki, tənqidi yazılar olacaq. Özünü təsdiqləmiş
bir şəxs teatr haqda fikir deyirdisə, bu hər kəs
üçün maraqlı idi. İndi elə-belə az-maz
yazılar, müsahibələr çıxır. Amma mən
aktyorun, rəssamın, rejissorun, bəstəkarın,
ümumilikdə tamaşanın ərsəyə gəlməsində
rolu olanların işlərinin təhlil olunmasının tərəfdarıyam.
Peşəkarlar var, amma nədənsə yazmırlar. Məryəm
Əlizadə, Aydın Dadaşov, Aydın Talıbov, İlham
Rəhimli niyə yazmırsız? Tamaşaya baxandan sonra
öz fikirlərini şifahi olaraq çatdırırlar. O
fikirləri qəzetlərdə yazsalar daha yaxşı olar.
- Aktyor
olmaq, yox doğulmaq lazımdı deyirlər. Aktyor dünyaya gələrkən
onda hansı keyfiyyətlər cəmləşməlidi?
- Allah bütün insanları bu dünyaya
bəxş edib. Mənə elə gəlir ki, aktyorların
ürəyində, beynində digərlərindən fərqli
nə isə əlavə edib. Əslində bu sualı şərh
etməyə mənim gücüm, ağlım, səlahiyyətim
də çatmaz. Bu yaradanın işidi. Hansısa nöqtədə
aktyorları digərlərindən fərqli yaradıb. Zaman
keçdikcə insanda həmin güclü tərəf
inkişaf etməyə başlayır. Allahın verdiyi bu
istedadı zəhmətlə inkişaf etdirmək
lazımdı. Bu sahədə illərdi fəaliyyət
göstərməsinə baxmayaraq, heç bir uğur əldə
edə bilməyənlər var. Demək Allah onlara bu
istedadı verməyib.
-
Tamaşanın uğuru tamaşaya gələn izləyicilərin
sayı ilə ölçülə bilərmi?
- Mənim belə bir şüarım var.
Dünyanın ən şah əsərini nə qədər
bacarıqlı, peşəkar rejissora versinlər. Əgər
onun yaxşı aktyoru yoxdusa uğurlu tamaşa heç vaxt
alınmaz. Tamaşanın uğurunun başında aktyor
dayanır. Bu fikirlərimə görə istəyirsiz məni
vurun öldürün (Gülür). Bu günlərdə bir
filmə baxıram. Xarici filmdi, 5 aktyor oynayır. Film qurtarandan
sonra titrlərdə 5 aktyordan başqa 100-150 adamın adı
yazıldı. Şofer, süpürgəçiyə kimi hər
kəsin adını yazırlar. 5 aktyordan başqa hər kəs
pərdə arxasında qaldı. O qədər insanın zəhmətinə
baxmayaraq, ortada görünən aktyordu.
- Teatrla
yanaşı, televiziya tamaşalarında, filmlərdə də
fəaliyyətinizi görürük…
- Mənim Aztv-də hardasa 30-a yaxın
film-tamaşalarım var. Çox şükür ki, onlar
qorunub saxlanılır. Mən orda çox yaxşı
rejissorlarla işləmişəm. Ümumiyyətlə
yaxşı rejissorla işləmək hər kəsə
zövq verir. Yaxşı iş ərsəyə gələndə
də insan gördüyü işdən zövq alır.
- Yasin
müəllim digər teatrların tamaşalarına
gedirsinizmi?
- Yeni tamaşalar olduqca
çalışıram hər birinə gedib baxım. Bəyəndiyim
də olur bəyənmədiyim də. Biz tamaşaya başqa
gözlə baxırıq, tamaşaçı başqa nəzərlə.
Bəzən elə olur ki, bizim bəyəndiyimizi
tamaşaçı bəyənmir. Bu yaxınlarda Bəhram
Osmanov xarici bir əsər əsasında “Müharibə”
adlı tamaşa hazırlamışdı. Tələsmədən
səliqə-səhmanla işlənmiş tamaşa idi. O
tamaşa mənə ləzzət elədi. Tamaşadan
çıxanda öz-özümə fikirləşdim ki, bu
tamaşaya bilet satıb tamaşaçı yığa biləcəklərmi?
Xeyir. Çünki bizim bu günkü
tamaşaçımız o tamaşaya mən
baxdığım kimi baxmayacaq. Amma o tamaşa hansı ölkəyə
istəyirsən respublikamız adından göndərilə
biləcək bir tamaşadı. Lakin bəzən elə
tamaşa da olur ki, elə alqışlayırlar ki, bir peşəkar
olaraq mən o tamaşanın o qədər alqışa layiq
olduğunu düşünmürəm. Bilmirəm
tamaşaçının səviyyəsi gəlib o
tamaşanın səviyyəsinə düşüb.
Hansısa digərini üstələməyi bacarıb. Belə
tamaşalar da var.
- Bu il 67
yaşınız tamam oldu. Bəzən aktyorlar nə qədər
yaşlı olsalar da özlərini o yaşda hiss etmədiklərini
deyirlər…
- Hər il öz gücünü göstərir.
İnsan maşın deyil. İnsanı idarə edən ürəkdi.
Bütün orqanlar istirahət etsə də, 67 ildir ürək
gecə-gündüz fasiləsiz işləyir. 67
yaşında birinin özümü 40 yaşına hiss edirəm
deməsi doğru deyil. Heç təbabət də bunu qəbul
etmir. Bu yaşın da öz gözəlliyi var. Bu
yaşımın da öz rolları var. Bu günlərdə
Azərbaycanfilm kinostudiyasında bir filmin sınaq çəkilişləri
gedir. O ssenari yaşlılardan bəhs edir. Hadisələr
Qocalar evində cərəyan edir. 60 yaşdan yuxarı
aktyorları çağırıb sınaq çəkilişləri
edirlər. Deməli bu filmdə biz yaşlı aktyorlara ehtiyac
var.
Aygün
Asimqızı
Üç
nöqtə.- 2013.- 13 iyul.- S.13.